.....

.....

DUYĞULARA ÇEVRİLMİŞ İNSAN – Yeganə Əhmədova

DUYĞULARA ÇEVRİLMİŞ İNSAN – Yeganə Əhmədova

DUYĞULARA ÇEVRİLMİŞ  İNSAN

 Bu yazımın Bəxtiyar Vahabzadə lirikası haqqında yazdığım neçənci məqalə olduğunu heç özüm də dəqiq bilmirəm. Dəfələrlə yazmışam və hər dəfə də cırıb atmışam ki – hələ tamamilə dərk edə bilmirəm onun şeiriyyətinin mahiyyətini. Qoy bir az da.., bir az da keçsin. Nəhayət dərk etdim. Yox.., onun şeiriyyətinin mahiyyətini deyil. Əslində dərk etdiyim və əmin olduğum o oldu ki, bu poeziyanın mahiyyətini və bu hisslərin əlçatmazlığını dərk etməyin özü belə hər kəsə müyəssər olacaq bir səadət deyil. Çünki bu dərk üçün ya Məcnun olmaq lazımdır, ya da ki, Bəxtiyar Vahabzadə:

Həyat çırpıntıymış… onun hər günü 
İllərin yükünü çəksə nə dərdim…
Mən Qorqud olsaydım sevgi sözünü
Yaşamaq sözünə cinas edərdim.

Təxminən on il bundan əvvəl hardansa onun yaşıl üzlü lirik şeirlər kitabı keçmişdi əlimə. O vaxtdan indiyədək hələ də oxuyuram onun lirikasını – bitirə bilmirəm. Və görünür bitirə bilməyəcəm də. Bu kitab kimi nə qədər kitab gəlib-gedib yazı masamın üstünə. Hər birinin ömrü bir müddət olub. Oxunub, dəyişdirilib… və beləcə biri digərini əvəz edib – tək Bəxtiyar Vahabzadə lirikasından başqa. On ilə yaxındır ki, həmin kitabı oxuyuram – hər dəfəsində də yeni bir mətləb açılır mənim üçün. Bəzən bir misrasının, hətta bircə kəlmə sözünün üstündə düşünürəm saatlarla.., günlərlə… Beləcə, bitib tükənmək bilmir B.Vahabzadə sehri, B. Vahabzadə tutqusu. İllərdən illərə daşımışam bu ruhsallığı. Onun poeziyasından öyrənmişəm məhəbbəti də, həsrəti də. Hər dəfə bu kitabı səhifələyəndən sonra elə bilmişəm ki, göylərdən yağış əvəzinə həsrət yağır.., günəş şəfəq əvəzinə eşq saçır.., dənizlərdəki dalğalar isə əslində duyğuların təlatümüdür. 

Bu şeiriyyətin təsiri ilə düşünmüşəm ki, onun müəllifi də adi insan deyil, göylərin övladı olan, simasındakı qırışların hər biri duyğusal məna ifadə edən, bəyaz saçları işıq saçan bir övliyadır. Bu isə məni zaman-zaman ona daha da çox bağlayıb. İllərlə ona qarşı bəslədiyim məhəbbətimin ötüb keçməməsinin də səbəbi bu olub. Baxmayaraq ki, o:

Neçin sevdiyini bilməz sevənlər.
Neçin sevdiyini bilirsə bir ürək,
Sevməyir demək. 
Sevməyir demək! –

deyərək, sevgisinin səbəbi olanlara ittihamedici bir irad tutub…

​Beləliklə, bu yazımda B. Vahabzadə lirikasının mənim üçün ən doğma və təsiredici məqamlarını açıqlamağa çalışacağam. Könlümün və ruhumun pıçıldadığı misralarının ecazkarlığının sirrindən danışacağam. Bu lirikaya ağlasığmaz vurğunluğumun və heyranlığımın səbəbsiz olmadığını göstərəcəyəm. “Səbəb” dedim, yenə də onun haqlı bir misrası yadıma düşdü…

                 Səbəbi axtarma, o səbəb mənəm!

Və beləcə…

                                       ***    

Duyğuların nə qədər çalarları varıymış. Məhəbbətin ifadə etdiyi anlam əslində nə qədər təmiz və müqəddəs imiş. Bütün hisslərin ən böyüyü isə həsrət imiş, sən demə. Həsrət insanlığın “məhəng daşı”ymış əslində. Hələ üstəlik dərdi də sevmək olarmış, dərd üçün də darıxmaq olarmış…

Haçan tək olmuşam mən?

Mənim düşüncələrim məgər 

                sən deyilmisən?

-deyən aşiq nə qədər böyük qəlbə və dərin duyğulara malikdir. Bu duyğular ümmanının girdabında itib – batan kəs necə yaşaya bilib, adi insanların əhatəsində və bəsit həyatın mənasızlığında?

  Can atmaq, ucalmaq, çata bilməmək-       

  Budur sevgimizin ölməməzliyi.

Bu eşq isə artıq Məcnun eşqi, Məcnun ilahiyyatıdır. Çünki yalnız Məcnun böyüklüyü və ucalığı ilə sevənlər:

Həsrət – dərdin dili, idrakın gözü,

Həsrət- sevginin də kamal yaşıymış.

deyə bilər. Bunu da yalnız Məcnun kimi Kəbənin həlqəsindən yapışıb ağıl əvəzinə “bəlayi-eşq” istəyənlər deyə bilər ki:

     Mənə əzab verin, əzab hər zaman.

     Əzabın qədrini nə bilir nadan?

Bu poeziyanın anlatdığı qədəriylə – görünür sevməyi bacarmağın özü də bir istedad imiş:

Könlümdə, ruhumda yenə, yenə sən,

Möhürlü, kilidli bir xəzinəsən.

deyən aşiq üçün məhəbbətdən daha böyük hiss, daha böyük anlam yoxdur. Nə olursa olsun, bircə bu məhəbbət yaşasın:

   Məndən sonra yaşanacaq öz eşqim,

   Aman allah, məndən əvvəl ölməsin.

​Çünki başdan-ayağadək hisslərdən ibarət olan, duyğulara çevrilən bir İNSAN üçün istər məhəbbət olsun, istərsə də həsrət – hər ikisi də eyni yüksəkliyi paylaşır – hisslərin, duyğuların yüksəkliyini:

   Dirilib yaşanır sənli günlərim

   Sənsiz günlərimin xatirəsində.

​Beləcə, göstərilən və göstərilməyən bu kimi bir çox şeirlərin təsiri ilə illər boyu B.Vahabzadə poeziyasının məsumiyyətindən və səmimiyyətindən uzaqlaşa bilməmişəm. Əksinə, zaman keçdikcə bu təsir və ilgi daha da dərinə nüfuz edib və sarsılmaz qüdrəti ilə bütün varlığımı mənən və ruhən öz kamına çəkib. B. Vahabzadə şeiriyyətindəki saf və tərtəmiz duyğuların könüllü bir əsirinə çevrilmişəm. Bir şair məsumiyyətinin və şəxsiyyət ucalığının əlçatmaz yüksəkliyini heyranlıqla seyr etmişəm:

Yarpaqlar tökülür… 

Tökülsün nə qəm!

Ağlama torpağın ahu-zarına.

Könül budağından qırılıb düşən 

Sapsarı məhəbbət yarpaqlarına 

                      ağla, ağla sən!           

Əlbəttə, tökülən yarpaqların yerinə yenisi göyərəcək, qarşısını topa buludların kəsdiyi günəş yenidən sıyrılıb çıxacaq.., üstünü qar-boran alan torpaq bahar təravəti ilə yenidən oyanacaq. Amma “Könül budağından qırılıb düşən” yarpaqların yerinə yenisi göyərməyəcək.., soyuyub buza çevrilən istəklər və arzular yenidən gülümsəməyəcək.., insan ömründən keçib gedən bahar təkrar qayıtmayacaq. Xatirəyə çevriləcək – hərarəti belə soyuqluq saçan bir xatirəyə… 

Hardasa gizlincə əllər görüşür, 

Tanıya bilmirəm özümü hərdən.

Çiynimə nə yaman kölgələr düşür, 

Ağlın hürkütdüyü xatirələrdən. 

​Nə isə… görürəm ki, çox cəhd etməyimə baxmayaraq, yenə də B.Vahabzadə poeziyasından duyduqlarımı və hiss etdiklərimi tamamilə ifadə edə bilmirəm. Həmin şeiriyyətin təsiri ilə keçirdiyim mənəvi təkmilləşmənin əhəmiyyətini izah etmək üçün lazım olacaq sözləri tapmaqda yenə də aciz qalıram. Görünür, yenə də tələsmişəm. Və görünür B.Vahabzadə şeiriyyətinin açılmamış qatlarının və sahili görünməz sonsuzluğunun içində hələ çox itib-batmalı olacağam. Buna görə də sonda nöqtə deyil, nöqtəli vergül qoyuram – çünki bu mövzuya təkrar qayıdacağam. Qoy hələ bir az da keçsin… 

Sən bir mahnısan ki, ömrüm boyunca 

Mənim qulağımda səslənəcəksən!