.....

.....

DUYĞULARI DÜNYAYA SIĞMAYAN ŞAİR – Prof.Dr. GREGORY ELAYADOM

DUYĞULARI DÜNYAYA SIĞMAYAN ŞAİR – Prof.Dr. GREGORY ELAYADOM

Prof.Dr. GREGORY ELAYADOM,
Hindistan

DUYĞULARI DÜNYAYA SIĞMAYAN ŞAİR

(Təranə Turan Rəhimli poeziyası haqqında)

Çağdaş Azərbaycan şairi Təranə Turan Rəhimli poeziyası ilə dünya oxucularının bədii zövqünün inkişafına xidmət edən söz adamıdır. Oxuduğum şeirləri məndə dərin hisslər yaratdığı üçün onun dörd şeirini təhlil mərkəzinə çəkdim. Bu şeirlərdən üçü mövzusu və ifadə etdiyi hisslərin yaxınlığı baxımından bütöv bir kompozisiya təsiri bağışlayır. Və onların hər birində şairin qadın kimliyinin və milli varlığının səsi güclü eşidilir.
Təranə Turan Rəhimlinin Sevil Gültən tərəfindən tərcümə edilən bu dörd şeiri emosionallığı və fəlsəfi dərinliyinə görə bir-biri ilə bağlıdır. Şeirlərində qadınların həyat təcrübəsinə xüsusi diqqət yetirən şair kədər, mənəvi əzab fonunda şəxsiyyət axtarışı mövzusunu diqqət mərkəzinə çəkir, bədii tədqiq obyekti seçir. Qadın duygularının bu poetik kolleksiyası bütövlükdə dərin kədər hissini və fərqli, daha azad həyat arzusunu ifadə edir.
“Sən mənə oxşama, qızım!” nidasının qüvvətli səsləndiyi şeir bir ananın qızına ürək ağrısı ilə yalvarışıdır. Ana öz əzablı, ağrı-acılı həyat tarixçəsinin övladının da taleyində əks olunmasını istəmir. Zahirən özünə bənzəyən qızının həyat yolunu fərqli görmək istəyir. Onu daha hamar yolla getməsi üçün xəbərdar edir:

Oxşadırlar səni mənə,
Sən mənə oxşama, qızım.
Bax başımda duman-çənə,
Sən mənə oxşama, qızım.

Lirik “mən”in – Ananın həyatı kədər və dərdlə doludur, onun daxili səsi “şeytanlarla” dolu bir dünya tərəfindən susdurulur, mənəviyyatı əzilir. “Cin-şeytandır sağım, solum…. ” Ananın övladına sözü xəbərdarlıqla əmrin qarışığıdır. O, qızının güclü və özünəinamlı, həyatda hər bir maneəyə qarşı mübariz olmasını, “içində dözümü gizlətməsini”, “alov olub zülməti yaxmasını” istəyir. Şeirin sonuncu misrasında “Özünü tap , qurban olum” fikri şeirin əsasını təşkil edir, qüvvətli leytmotiv kimi dərin təsir yaradır. Bu, öz mənliyini qorumaq üçün əzablı yollardan keçən bir qadının radikal ümid səslənişidir, qızını daim öz şəxsiyyətinə sahib çıxmağa çağırır. Şeir qadın əzablarının dövri təbiətini vurğulayır, eyni zamanda bu dövriyyəni qırmaq üçün güclü bir ümidlə çıxış edir, anoloji yol təklif edir.
Təranə Turan Rəhimlinin “Elə susdum, daş bildilər şeiri də dərin ağrıdan doğulub. Bu, dibsiz bir qəriblik hissi ilə tükənmiş bir həyatın kəskin təsviridir. Lirik “mən” özünü yad, qərib, hər şeyini itirmiş və yersiz-yurdsuz hiss edir, hara gəlib düşdüyünü soruşur:

Bu nə yerdir, bu nə dövran,
Kim göndərdi bura məni?
Bir yol gördü div adamlar,
Yüz yol çəkdi dara məni.

Burada səhv başa düşülmək və eşidilməmək, səsi, həniri duyulmamaq kimi ağrılı bir hiss mərkəzi mövzudur. “Duyduqlarım duymadılar” misrası lirik qəhrəmanın yaşadığı dərin daxili emosional əlaqəni əks etdirir. Şeirin adı lirik “mən”in vəziyyəti üçün güclü bir metaforadır. O, öz əzabları içində o qədər sakit qalıb, o qədər susmağa məcbur olub ki, insanlıqdan çıxıb bir obyektə – daşa çevrilib. “Elə susdum, daş bildilər, Hördülər divara məni”. Şeirin bu son misraları xüsusilə faciəvidir, lirik “mən”in öz sükutundan tələyə düşdüyünü və unudulduğunu, başqaları tərəfindən tikilmiş divarın kiçik parçası kimi öz səssiz ümidsizliyinə bir abidə olduğunu göstərir.
“Hər axşam içində bir ümid öldü” şeirində isə şair evli bir qadının özünəməxsus tənhalığına diqqət yetirir. Xoşbəxtlik vəd edən, ancaq boşluq gətirən həyatın qaranlıq mənzərəsini təsvir edir. “Hər axşam”ın monoton təkrarı davamlı və bitməyən məyusluq ritmini yaradır. Qadın öz göz yaşlarında boğulur, böyük bir kədərin qüdrətli obrazı kimi dolğun təəssürat yaradır.. Şeir qadının həyatının reallığını xəyalları ilə qarşı-qarşıya qoyur, burada yatmayıb ərinin yolunu gözləyən, bu tənha saatlarda, yuxusuz gözləriylə evliliyində çatışmayan məhəbbəti və dolğunluğu axtarır. Son bənd qadının faciəvi vəziyyətini ümumiləşdirir: onun adı “evlidir”, ancaq ürəyində tənhadır:

Qorudun ətirli xatirələri,
Bir dünya sevgidən sənə bu qaldı.
Qəribə taledir, nigahdan sonra
Adın evli oldu, sən tənha qadın.

O, “pəncərədəki heykəl”ə, yanından ötüb keçən həyatın passiv müşahidəçisinə çevrilib. Şeir bəziləri üçün evliliyin qurtuluş deyil, onları sevgi və xoşbəxtlikdən təcrid edən bir qəfəs olduğunu göstərir. Ümumilikdə bu üç şeir qadın əzabının faciəli, lakin son dərəcə güclü və yaddaqalan portretini yaratmaq baxımından ciddi bir vəhdətdədir. Bu şeirlər qadın həyatının müxtəlif tərəflərini – bir qız, bir fərd və bir həyat yoldaşı kimi – araşdırır, ortaq kədər, səssizlik və özünü axtarış təcrübəsini ortaya qoyur. Şeirlər dərin pessimizm, ümidsizlik hissi ilə dolu olsa da, həm də dünyaya, həyata meydan oxuyan mübariz bir ruhu ehtiva edir. Birinci şeirdəki ana qızının “alov” olmasını istəyirsə, ikinci şeirdəki obraz isə onun dərdinin əbədi abidəsinə çevrilir.
Bu poetik kolleksiya onları görünməz və səssiz edən mədəniyyətin bir parçası olan qadınların daxili aləminə, mənəvi həyatlarına təsirli və sarsılmaz bir baxışdır.
Təranə Turan Rəhimlinin “Mən bu cahana sığmayan bir millətin şairiyəm” adlı şeiri də güclü və dərin fəlsəfi şeirdir. Şeirin başlığındakı “Mən bu dünyaya sığmıram” kimi qavranılan fikrin özü dərhal şeirin əsas mövzusunu transsendental, mahiyyətində hər şeyi əhatə edən şəxsiyyəti müəyyənləşdirir. Şair Azərbaycan xalqının tarixini, ağrısını, dəyanətini, ümidini ifadə etmək üçün kollektiv “mən” obrazından istifadə edir. Poetik vasitələrin məharətlə seçilməsi, sözün, ifadənin gücü, düşündürücü mövzuların bədii təhlili ilə seçilən şeirdə Kollektiv Şəxsiyyət və Tarixi Yaddaş lirik “mən”in fərdi keyfiyyəti yox, bütöv Azərbaycan xalqının təcəssümüdür. “Mən”dən istifadə millətin ruhunun güclü təcəssümüdür. Şair bu şəxsiyyəti Azərbaycan ədəbiyyatının iki nəhəngi Şeyx Nizami və Füzuli kimi tarix və mədəniyyət xadimlərinə, əqidəsinə görə edam edilmiş mötəbər Azərbaycan şairi Nəsimiyə bağlayır. Öz xalqının soy-köklərini zəngin intellektual və mənəvi ənənəylə əsaslandırır. Hər bəndin sonunda qüvvətli bir nida kimi səslənən “Mən bu cahana sığmayan bir millətin şairiyəm” misrası fiziki sərhədləri və dünyəvi məhdudiyyətləri aşan əzəmətli, güclü, əbədi və az qala ilahi bir varlığa işarə edir. Ağrı və dözümlülükdən, mətanətdən dayaqlar üzərində ucalan şeir tarixi mübarizə və mətinlik motivləri ilə zəngindir.
Şair Azərbaycan tarixinin mərkəzində olan qanlı hadisələrə, ağır yaralara və münaqişələrə istinad edir. “Tarix boyu dosta, yada açılı qalıb qollarım”: Bu misra bir qədər sonra haqqında bəhs edilən xəyanət və münaqişə ilə kəskin ziddiyyət təşkil edən qonaqpərvərlik və açıq ürəkliliyi qarşılaşdırır. “Vurulmuşam kürəyimdən, saxlayıb məni vüqarım”: bu məcaz onu göstərir ki, millət xəyanətlə üz-üzə gələndə belə, öz birliyi və əzəmətli keçmişi daxilində güc və müdafiə əzmi tapır.
“Açıq qalıb yaraları Xocalımın, Şuşamın da” misrası birbaşa Xocalı qətliamına və Birinci Dağlıq Qarabağ müharibəsi zamanı Şuşa şəhərinin işğalına işarədir. Bunlar azərbaycanlılar üçün dərin emosional, ağrılı hadisələrdir və şair bu motivlərdən xalqının davamlı sarsıntısını şeirdə işıqlandırmaq üçün istifadə edir. “Xəyalımda Xarıbülbül, o xiffətin şairiyəm”: Qarabağ bölgəsində bitən bənzərsiz gül Xarıbülbül vətən torpağının gözəlliyi və o torpaqlara qayıdış həsrətinin rəmzidir. Şair bu rəmzi yada salmaqla oxucunun düşüncəsini itirilmiş ərazilərə çəkir. Təbiət və coğrafiya baxımından şeirdə müxtəlif yer adları diqqəti cəlb edir. Şair millətin kimliyini xatırladan təbii elementlərdən və coğrafi adlardan istifadə edir: Kür, Araz və Xəzər: Bunlar böyük çayların (Kür və Araz) və dənizin (Xəzər) adlarıdır.

Yüz illərdi dolub-daşır səbir kasam bir az-bir az,
Qəzəbim kükrəyib-coşur yenə Kür-Kür, Araz-Araz,
Sahillərim ayrı düşüb neçənci qış, neçənci yaz,
Güney, Quzey Vətən adlı bir həsrətin şairiyəm.

Burada şair millətin güclü duyğularını onun coğrafiyası ilə əlaqələndirir. “Güney, Quzey Vətən” ifadəsi Azərbaycanın tarixi bölgüsündən bəhs edir, cənub hissəsi İranda qalan böyük ərazi, şimal hissəsi isə müasir Azərbaycan Respublikasıdır. Şairin vahid xalq, bütöv vətən həsrəti Azərbaycan ədəbiyyatında güclü və uzun zaman təkrarlanan mövzudur.
Tematik tərəqqi və struktura görə şeir şanlı keçmişdə kök salmış şəxsiyyət bəyanından indiki ağrının dərin ifadəsinə, gələcəyə qətiyyətli baxışa doğru irəliləyir.
Şeirin birinci və ikinci bəndləri lirik “mən”in şəxsiyyətini tarixə köklənmiş və xəyanətlərə dözümlü, əbədi millətinə bağlı bir ruh olaraq təyin edir. Üçüncü və dördüncü bəndlər isə milli-tarixi mənzərəni və davamlı mübarizələri əks etdirir. Ayrılığın rəmzi atributu kimi çayların və konkret yerlərin adlarını xüsusi qeyd edərək, bölünmə və tarixi münaqişənin ağrısını bədii tədqiq mərkəzinə çəkir. Beşinci, altıncı bəndlərdə Xocalı və Şuşa kimi şəhərlərlə bağlı ağrılı xatirələrə, ədalət və qisas üçün sarsılmaz ümidə diqqət yetirilir. Şeirin yeddinci bəndi Vahid Azərbaycan haqqında düşüncələrin qətiyyətli, hökm kimi güclü səslənən güclü nidası ilə yekunlaşır:

Bilsən necə inanıram, o böyük zəfər gələcək,
Birləşəcək Azərbaycan, qara daşlar göyərəcək.

Azərbaycanın bir olması, öz torpağına sahib çıxması, millətin təntənəsinin metaforik ifadəsidir. Şeir, bütöv bir millətin varlığını özündə ehtiva etmək üçün böyük daxili gücə malik bir şəxsiyyətin dünyaya meydan oxuyan qürur notu ilə bitir. Nəticə etibarı ilə “Mən bu cahana sığmayan bir millətin şairiyəm” şeiri Azərbaycan xalqının mətin ruhunun göstəricisidir. Bu, qürur, inam, dərd və şiddətli ümidin şeiridir. Burada tarixi çətinliklərlə taleyi müəyyən edilməkdən və ya məhdudlaşdırılmaqdan imtina edən bütöv bir xalqın ruhunu bir şəxsiyyət ifadə edir. Şeir həm tarixi yaddaşı təzələmək cəhdi, həm də milli birlik və ədalət üçün güclü çağırış kimi səslənir.
Qeyd edim ki, ölkənin tarixini və coğrafiyasını yaxşı bilmədiyim üçün bu, həqiqətən də mənim üçün çətin bir şeir idi. Ona görə də ara-sıra mənbələrə müraciət etməli oldum. Şairin milli təfəkkür tərzinə müəyyən qədər nabələdlikdən doğan çətinlik və mövzuya yaxın olmamaq təhlil prosesinə təsir edə, şeirin əsaslarını yetərincə açıqlamamağıma səbəb ola bilər, belədirsə, əlahəzrət oxucu bağışlasın.

Avqust, 2025