.....

.....

ELÇİNin ardından…

ELÇİNin ardından…

ELÇİNin ardından…

Xalq yazıçısı ELÇİN Əfəndiyev haqqın rəhmətinə qovuşdu…

Bu xəbər az öncə yayıldı və mənim yaddaşımda bir neçə dəyərli xatirə canlandı… Elçin müəllim Baş nazirin müavini, mən Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı olan vaxtlarıydı; Türk ölkə və topluluqlarından qonaqlarımız gələndə – bəzən cəmi bir-iki gün öncədən zəng etməyimiz yetirdi ki, Elçin müəllim bizi Nazirlər Kabinetində qəbul etsin. Qonaqlarımızı bir masa arxasında dinləsin, onlara kitablarını bağışlasın, ədəbiyyat, mədəniyyət, Türk dünyası haqqında söhbətlər etsin. Elçin müəllimin yüksək vəzifədə ola-ola belə çevik reaksiya göstərməsi, sözü, fikri, bizlərə verdiyi dəyər yaddaşımda yaşayır.

Şəxsi müraciətim olmayıb; amma bir dəfə, Elçin müəllimin kurasiyasındakı hökumət üzvlərindən birinin ictimai-siyasi məzmunlu ədalətsizliyi ilə bağlı zəng etdiyimi və məni heç bir sutka keçmədən qəbul etdiyini yaxşı xatırlayıram. O görüşdən konkret nəticə çıxmasa da, onun kübar qarşılaması, diqqətlə dinləməsi, haqqa yönələn mövqeyi – mənim üçün yetərliydi. Açıq görünürdü, bu, sadəcə bir kabinet sahibi yox, ədəbiyyatçı Elçinin münasibətidir…

Elə həmin görüşdə mənə imzalı kitabını bağışladı. Kitab uzun illər sanki qeybə çəkilmişdi – kitabı kimə verdiyim yadımda qalmamışdı. Və nə qəribə təsadüf: cəmi bir neçə həftə öncə gənc alim və yazar dostumuz Yeqzar Cəfərli həmin kitabı mənə qaytardı: “Siz oxumaq üçün vermişdiniz”, – dedi. Təqribən 9-10 ildən sonra o kitabı başqa cür vərəqlədim… və “İki Çal Papağın və bir Qara Kepkanın nağılı” hekayəsini də bu günlərdə oxudum.

Sonralar – 2019-cu ilin payızında “LiFFt Festivallar festival”ında – Heydər Əliyev Mərkəzində,
ötən ilin payızında İstanbulda Uluslararası Kitab Fuarında qarşılaşdıq və görüşümüz atüstü olsa da, yenə özünəxas iltifat göstərdiyini, ovqatlaşdığını deməliyəm.

Ruhu şad olsun!

Əkbər Qoşalı