ƏN AĞILLI POEZİYA – “NƏFƏS”
Poeziya duyğuların dərinliklərinə nüfuz edən, ruhun gözəgörünməz məqamlarını sözə çevirən, idrakın böyüklüyünə dəlalət edən təkrarsız və əvəzolunmaz vasitədir. Poeziya tanrının bəndələrinə lütf etdiyi ilahi ifadə qabiliyyətidir. Və təsadüfən deyilməyib ki, yer üzündə sonuncu insan qalana qədər poeziya yaranacaqdır.
Müxtəlif mövzuları əhatə edən poeziya nümunələri arasında milli özünəməxsusluğu və xəlqi motivləri ilə seçiləni də var, üsyankar ruhlu və çağırış haraylı olanı da var, insan qəlbinin istəklərini və ümidlərini lirik misralara çevirəni də var. Və bir də ağlın və təfəkkürün yaratdığı bədii misralar da var ki, bu misralar oxucunu düşünməyə, düşünməyə və sadəcə düşünməyə vadar edir – Ramiz Rövşənin poeziyası kimi.
***
R.Rövşənin 2006-cı ildə dərc olunan “Nəfəs” adlı şeirlər, hekayələr və esselər toplusu müasir ədəbiyyatımızın son illərdə nail olduğu ən böyük uğuru sayıla bilər.
Özündə 5 kitabı cəmləşdirən “Nəfəs”in birinci kitabı Ramiz Rövşən dühasının bütün dərinliyi ilə əks olunduğu ən mükəmməl və əhatəli şeirlərdən ibarətdir. İkinci kitabda dolğunluğu baxımından birincidən heç də geri qalmayan, lakin nisbətən yumşaq deyim tərzi ilə seçilən lirik nəğmələr cəmlənib. Üçüncü kitabda isə şairin gənclik illərinin məhsulu olan ilk şeirləri əhatələnib. Bu hissə üçün önəmli məqam odur ki, şairin çox gənc yaşlarında yazmasına baxmayaraq bu şeirlərin özü də kifayət qədər gözəlliyə və bütövlüyə malikdir.
“Nəfəs” toplusunun son 2 hissəsində isə müəllifin hekayələri, povestləri və esseləri özünə yer alıb.
***
Ramiz Rövşən sözün əsl mənasında realistdir. Onun bütün şeirləri reallıqdan qaynaqlanır. Bu baxımdan həqiqəti bütün açıqlığı ilə üzə çıxarmağı bacaran R.Rövşənin şeirləri daha çox ictimai və psixoloji önəm kəsb edir. Bir şair təxəyyülünün məhsulu olmaqdan daha çox həqiqətin inikası kimi diqqəti çəkən bu şeirlər bir tərəfdən müəllifin mənən və ruhən zənginliyindən xəbər verirsə, digər tərəfdən də ümumiyyətlə insan zəkasının bariz göstəricisidir.
R.Rövşən ictimai məzmunlu şeirlərində sətir-sətir zəmanənin şəklini çəkir. Belə şeirlərdə R.Rövşənin haqlı narazılığı və şikayət dolu ittihamları səslənməkdədir. Bu şeirlərin istər aşkar, istərsə də mətnaltı şəkildə kəsb etdiyi mənalar dövrün və cəmiyyətin mahiyyətini açmaq və dərk etmək baxımından son dərəcə əhəmiyyətli əsərlərdir. Çünki zəmanəni və insanları müşahidə edən R.Rövşən belə bir nəticəyə gəlir ki:
Bu bazarda tərəzinin,
Dilini bilən qazanır.
və bu yolla da
Ən hündürə çıxan adam,
Hamımıza yiyə çıxır.
yerdə qalanlara gəlincə isə
Ölənəcən belimizə
Taleyin təpiyi yağır.
R.Rövşən insan ruhunun mahir bilicisidir. R.Rövşən insan dərdinin ilahi dərinliyini dərketmə böyüklüyünə malik olan bir dühadır. Ən ağıllı bir filosofun gəldiyi nəticədir R.Rövşənin şeirləri:
Təkcə gücsüzlüyündən
yıxılmır, atam balası,
Arabir gücündən yıxılır adam.
Başını dik tutub gəzdiyi yerdə
içindən yıxılır adam.
İllər boyu neçə dərdə
dözüb dayanır,
Qəfil sevincindən yıxılır adam.
Beləcə, izahata gəlməyən, təhlilə sığmayan bu fikirlər, əslində, R.Rövşən idrakının və məntiqinin təsdiqi idi. Adi insan ağlının qarşısında gücsüz qaldığı bu düşüncələr R.Rövşənin insan təbiətinə bələd olmasından xəbər verirdi.
***
Nədən və necə yazmasından asılı olmayaraq Ramiz Rövşənin şeirlərində vahid bir obraz var – İnsan. Və bir də İnsan böyüklüyü –
Doğulursa insan hələ
İnsan allahdan böyükdü.
Mövcud olan başqa nə varsa hamısı ya birbaşa, ya da dolayısı ilə insana bağlıdır. Bu bağlılıq isə özünü üç istiqamətdə daha qabarıq göstərir – Allaha münasibətdə, Qəmə münasibətdə və Sözə münasibətdə.
I. Allaha münasibətdə:
R.Rövşənin əsərlərində Allahın adına dönə-dönə rast gəlirik. Bu əsərlərdə onun Allaha qarşı sınmaz bağlılığını, xüsusi rəğbətini və dəyişməz məhəbbətini görməmək mümkün deyil.
Ramiz Rövşən bəzən özünü Allahla müqayisə edir. Həm özünün, həm də Allahın dərdini çəkir. Bu müqayisənin ardınca isə dərhal Ramiz Rövşənsayağı bir nəticəyə gəlir:
Sən göydə, mən yerdə düşürük heydən,
Sən göydə, mən yerdə – tək qalmışıq, tək,
Son şair boğulub öləndə – göydən
Ölü Allah düşəcək…
Bəzən Allahdan incik düşür:
İlahi, səndən də sındı ürəyim,
Məni küsdürənin yekəsi sənsən,
Dünyanın ən uzaq, ələ gəlməyən,
Boğazdan keçməyən tikəsi sənsən.
Bəzən isə Allahın böyüklüyünə şübhə edir:
Nə qədər ki, göy üzü var,
Göydə hamının gözü var,
Sən də bax, bəlkə nəsə var,
Səndən yuxarı, Allah.
Amma yenə də axır nəticədə Allaha qayıdır:
İlahi, gəlirəm, eşit səsimi,
Kimsəyə ümid yox, sən ovut məni.
Bu nəhəng boşluğa atdım özümü,
Sənə arxayınam, özün tut məni.
II. Qəmə münasibətdə:
İstənilən sənətkarın yaradıcılığı üçün xarakterik olan, dünyanın ən qiymətli əsərlərinin yaranmasına təkan verən, adi insanlarda yaratdığı təlaşdan fərqli olaraq, dahilərin nəzərində ali xarakter daşıyan və dəyişməz olan bir mövzu da var – İnsan qəmi, İnsan dərdi.
Köynəyə çıxan qan kimi
Kədərim varağa çıxır –
deyən R.Rövşənin etirafından da göründüyü kimi bu mövzu yaradıcılığı boyu onun da əsərlərindən yan keçməmişdi.
Şairin belə şeirlərində nikbinlik yoxdu, bədbinlik və ən acı həqiqət var. Həqiqətin ən amansız məqamlarının çatdırılma məharəti var. Və bir də bu yaşantılar müəllifinin yaşadıqlarını misra-misra qarşıdakına yaşatma qabiliyyətinin yaratdığı heyranlıq var. Bir də o var ki, R.Rövşənin dərdləri də adi dərdlərdən deyil, şairin özü kimi böyükdür:
Dünyada çox şeyə əlim çatmadı,
Dərdin yekəsindən yapışa bildim.
bəzən təəssüfedicidir:
Yüz yol ah çək, dərd azalmaz,
Bir dərd yüz ahdan böyükdür.
bəzən isə təsəllivericidir:
Bu dünyada dərdsiz ürək,
Susuz dəyirman kimidir.
ən əsası isə Fizulisayağıdır:
Mən çəkdiyim ahdan indi,
Dünyanın üzü tərpənir.
III. Sözə münasibətdə:
Söz insanlar arasında sadəcə olaraq danışıq vasitəsi deyil. Söz Allahla ünsiyyətdir. Söz insan ruhunu göynədən dərdlərin ifadəsidir. Söz məhəbbətin və həsrətin misralara çevrilişidir.
R.Rövşən sözə və sözlərin ilahi rəsmi, ilahi görüntüsü və ilahi səsləntisi olan şeirlərə və nəğmələrə çox bağlıdır – Allaha bağlı olduğu kimi. Sözdən ayrılmazdır – dərddən ayrılmadığı kimi. Amma bəzən:
Divara hörülən daş kimi
Hörüldüm, suvandım sənə –
- deyən şair, bəzən də
Şair olmaq istəmirəm,
Bu sözləri çırpın məndən
- deyərək qaçmaq istəyir sözün əlindən. Amma bu da bir anlıq çəkir. Sözlərlə birləşən və bütövləşən R.Rövşən sözlərlə təmizlənir, sözlərlə durulur:
İçimin-çölümün yuyulur pası,
Sətirlər göyərir bu ağ varaqda.
R.Rövşən sözlə yaşayır, sözlə böyüyür və sözlə də qocalır:
Kiriyir, yumşalır şeirlərimdə,
Qocalır misralar, sözlər mənimlə.
***
R.Rövşən məhəbbət şairi deyil. Lakin onun “Nəfəs” toplusunda ara-sıra qarşıya çıxan məhəbbət mövzulu şeirləri özünün xüsusi gözəlliyi və təravəti ilə göz oxşayır. Sevən bir ürəyin həsrəti ilə köklənən bu misralar saf qəlbli şairin ən səmimi etiraflarıdır. Böyük bir məhəbbətin sözbəsöz bədii misralara düzülüşüdür:
Şeirimdə saçının ətri,
Ətir qoxuyur hər sətrim.
Gecə-gündüz səndən ötrü,
Xeyir-dua qılan mənəm.
Bəzən heyrət nidası səslənir R.Rövşənin sətirlərindən, bəzən həsrətlər boy verir, bəzən də təəssüflərin çəkib gətirdiyi təəssüratların qopardığı ahlar duyulur:
Aradan nə qədər il keçib görən –
Tanıya bilmədim, məni bağışla.
Mən elə bilirdim sənsiz ölərəm,
Mən sənsiz ölmədim, məni bağışla.
İllərin “xatirə” adlı geridə qoyulan yaşanmış və yaşanmamış günlərinə qayıdır R.Rövşən:
Köhnə məhəbbətlər, köhnə nağıllar,
Sıyrılır illərin dumanlarından.
Batmış gəmilər tək üzə çıxırlar,
Qəlbimin ən uzaq limanlarında.
Amma nədən yazırsa yazsın – istər sevinclə-sevgiylə cilalanmış sətirlər olsun, istərsə də xəyalların qopa bilmədiyi küskün xatirələrin göynəyi – bütün şeirlərində özünəməxsusdu R.Rövşən.
***
R.Rövşənin bütün əsərləri gözəldir və misilsizdir. Onun seçdiyi mövzular da müxtəlif və təkrarsızdır. O, öz şeirlərində ən dərin mətləblərə toxunur və həyatın ən mürəkkəb məqamlarını izah etməyə çalışır.
“Başı kəsik gözəl kötük” şeirində həssas ruhlu şair kötüyün halına yansa da bu yanğı içində təsəlli verməyi də bacarır. Digər tərəfdən isə realist yazar olmasına baxmayaraq R.Rövşən bir gün hər şeyin yaxşı olacağına və haqqın öz yerini alacağına da əmindir:
Gözəl kötük, sızıldama, göynəmə,
Nə baltalar, nə bıçaqlar qalacaq.
Ucaqlıqdan yıxılsan da, qəm yemə,
Sən yıxılan ucalıqlar qalacaq.
“Göy üzü daş saxlamaz” şeiri insan övladının keçdiyi həyat yolunu əks etdirir. Şair doğulandan qocalana qədər həyatla insan arasındakı münasibətləri ən xırda məqamlarına qədər şərh etməyə çalışır:
Hələ ki, başına-gözünə qıymaz,
atdığın daşları saxlar göz üzü.
Atdığın daşları tutub əlində
səni illər boyu yoxlar göy üzü.
“Dünya qəfil işıqlansa” şeirində zahirən təmiz görünən, əslində isə çirkaba bulaşmış cəmiyyətin iç üzü, əsl siması və pərdələnmiş mahiyyəti açılır:
Görərik kimlərin əli
kimlərin cibindən çıxır.
Kimlər əyilə-əyilə
kimlərin evindən çıxır.
Lakin şair dünyanın qəfil işıqlanmasının və bunun nəticəsində də “min-min gizli günahların” aşkara çıxmasının əsla tərəfdarı deyil. Əgər belə olarsa “başımıza hava gələcəyindən” qorxur. Buna görə də düşünür ki:
Nə yaxşı ki, bu dünyamız
Yavaş-yavaş işıqlanır…
Şairin nisbətən iri həcmli şeirlərindən sayılan “Çarmıxdakı İsa” əsəri əvvəldən axıradək İsa Peyğəmbərin Allaha müraciəti əsasında qurulub. R.Rövşən şeirlərinin ümumi ruhuna xas olan kövrək bir lirizm burada daha qabarıq şəkildə meydana çıxmışdır. Əsər İsa Peyğəmbərdən bəhs etsə də şeirdəki daxili yanğı və Allah oğlunun canındakı və ruhundakı ağrılar o qədər təbii bir gerçəkliklə təsvir edilir ki, sanki bu hissləri şairin özü yaşayıbmış kimi görünür:
Ölüm deyilən şey son yuxudursa,
əgər yatmışamsa –
yuxum ağrıyır.
Çarmıxa çəkilən quru canımdı,
Bəs niyə görəsən ruhum ağrıyır?!
Bunun təsdiqi olaraq şeirin başqa bir bəndi də daim Allahı düşünən, Allahla yaşayan və Allaha can atan şairin öz sözləri kimi səslənir:
Qəflətən gün batdı, dünya qaraldı,
amma səni gördüm birdən-birə mən.
Əllərin ruhumu çarmıxdan aldı,
tapşırdım ruhumu o əllərə mən.
Nəhayət mükəmməl bədii misralar üzərində qurulan əsər heyrət doğuran bir sonluqla, başqa sözlə desək, məhz R.Rövşən düşüncəsinə məxsus olan fəlsəfi bir dərinliklə tamamlanır:
Daha bu çarmıxdan azaddı ruhum,
daha bu canım da ağrımır, Allah.
Ovcunda gör necə rahatdı ruhum,
Bəs niyə ovcundan qan damır, Allah?!..
R.Rövşənin yaradıcılığında Vətən mövzulu şeirlərə, demək olar ki, rast gəlinmir. O, milli ruhlu şeirlər yazmır. Amma onun “Qarğış” adlı bir şeiri də var ki, elə təkcə bu şeir onu deməyə əsas verir ki, Vətəndən yazmaya-yazmaya ən böyük Vətən şairidir R.Rövşən:
Lap beşikdə, bələkdə
Eşitdik bu qarğışı:
“Gəzməyə qürbət ölkə,
Ölməyə Vətən yaxşı”. –
kimi məlum bir atalar sözü ilə başlayan şeirin sonrakı bəndində:
Bir qürbət ölkə gəzmək,
Düşmədi payımıza.
Bu Vətəni kəfən tək
Ölçdülər boyumuza –
deyən şairin zaman-zaman Vətən torpağının işğal edilərək kiçildilməsi ilə bağlı keçirdiyi dərin təəssüf hissi duyulur. Amma müəllifi getdikcə daha da narahat edən odur ki, bu bəs deyilmiş kimi:
Qayçıtək Arazı da
Aralığa atdılar.
Bu kəfəni bir az da
Kəsdilər, qısaltdılar.
Şair bununla “Türkmənçay” müqaviləsinin gətirdiyi fəsadları, yəni yurdumuzun Şimala və Cənuba bölünərək təkrar parçalandığını ürəkağrısı ilə qələmə alır. Ən dəhşətlisi də odur ki:
Kimin əli cıxdısa,
Kimin dili çıxdısa
bu kəfənin altından
Əlini də kəsdilər,
Dilini də kəsdilər
Bu Vətənin adından.
Kifayət qədər sadə və axıcı bir şəkildə yazılan şeirdə şairin həsrəti elə bir dərinliklə verilmişdir ki, bu hisslər sezilmədən dərhal oxucuya da sirayət edir və onu da öz qaçılmaz təsirinə salır:
Biz də bəndənik axı,
Bizə nə dərd, nə qəm ver.
Ölməyə yox, ilahi,
Yaşamağa Vətən ver!
Bu bir neçə bəndlik şeir hər şeydən əvvəl onu göstərir ki, R.Rövşənin Vətən həsrəti şeirə sığmayacaq qədər böyükdür. Bu həsrətin ağırlığını daşımağa şeirin gücü çatmaz. Kim bilir, bəlkə də buna görə (şeirin qəddini əyməmək üçün) R.Rövşən Vətən mövzusunda yazmır.
***
Hər bir sənətkarın yaradıcılığı onun istedadının göstəricisi olmaqla yanaşı həm də onun təbiətinin və ruhunun əsərləri vasitəsilə əks olunmasıdır. Məlum məsələdir ki, sənətkar ilk növbədə özünü – həyata və cəmiyyətə baxışını qələmə alır. İstənilən sənət əsəri isə o zaman təsirli olur və qarşıdakını da öz təsirinə salır ki, o səmimi fikirlərin və münasibətlərin daşıyıcısı olaraq meydana çıxır.
Mən R.Rövşənin əsərlərində hər şeydən öncə səmimiyyət gördüm. Sənətkar böyüklüyü və böyük sənətkarlıq gördüm. Ən əsası isə İnsan gördüm – duymağı və duydurmağı, düşünməyi və düşündürməyi, yanmağı və yandırmağı bacaran İnsan. Nəticədə isə belə qərara gəldim ki:
Tanrıdan özgə bir ad var:
Adam, Adam, Adam, Adam!