.....

.....

Əzizə Ağahüseyn qızının “Payız yağışı”  adlı şeirlər kitabı çapdan çıxmışdır. – Rüfət Lətif oğlu Hüseynzadə

Əzizə Ağahüseyn qızının “Payız yağışı”  adlı şeirlər kitabı çapdan çıxmışdır. – Rüfət Lətif oğlu Hüseynzadə

PAYIZ YAĞIŞI

                                                                                      Necə də durudu, pakdı,
                                                                                      Ağdı bu payiz yağışı,
                                                                                      Qəlbimin qurax yerinə
                                                                                      Yağdı bu payız yağışı.

      Görkəmli şairə Əzizə Ağahüseyn qızının “Payız yağışı”  adlı şeirlər kitabı bu günlərdə çapdan çıxmışdır. Bu dəyərli  və nəfis şəkildə nəşr olunmuş şeirlər kitabı müəllifin  özü  dediyi kimi 20-ci kitabı ola bilərdi. Çap olunacaq şeirlərim, hekayələrim və nəsr əsərlərim çoxdur. Zaman keçdikcə yaşımın müəyyən mərhələsində duşundum ki, yazılarımın bir hissəsini sevimli oxucularımla bölüşməliyəm. Budur  “Payız yağışı” şeirlər  kitabı sizin qarşınızdadır.

Əzizə Ağahüseyn qızı bir çox Ədəbi məclislərin üzvü olaraq onların çoxsaylı diplom və mükafatlarına layiq görülmüşdür.  O «Qızıl qələm» media mükafatı laureatıdır. Azərbaycan Jurnalistlər və Yazıçılar birliyinin üzvüdür.

      07 iyun 2016 cı il tarixdə, saat 14- də  AYB-nin Natəvan klubunda kitabın təqdimat mərasimi,  “İmza günü”  olacaq. Ədəbiyyat həvəskarları, şeir sevərlər,  oxucular bu tədbirdə  iştirak  edə bilərlər, fikir və rəylərini bildirə bilərlər və əlbəttə ki,  kitabdan da  əldə  edə bilərlər.   Sizi Natəvan klubuna dəvət  edirik.

      Şairə Əzizə xanım özü təvazökarlıqla deyir ki, mən sözün ağırlığından, sözün hikmətindən, sözün qüdrətindən həmişə çəkinmişəm. Klassikləri yetərincə oxuyub öyrəndiyimdən öz yazdıqlarıma bir qədər ögey yanaşmışam. Qeyd  edək ki, Əzizə xanım klassiklərimizdən öyrənərək yazıb, yaratmış, onların layiqli  davamçısı olaraq, Mücirəddin Beyləqani kimi böyük ustadın varisi kimi yaradıcılığını bu gün də uğurla  davam etdirir.

     Əzizə xanımın şeirlərini başdan  sonadək oxuyaraq heç şişirtmədən deyə bilərik ki, o bir  dünya şairidir. Onun şeirləri dünyaya   humanist çağırışlardır. O dünyada gedən müharibələrə, işgəngələrə, soyqırımlara , ədalətsizliyə qarşıdır.  O şeirlərində  demək istəyir ki, ey dünya  sən hara  gedirsən belə, bəlkə yolunu itirmisən, bəlkə çarxından çıxmısan. 

      Ey dünya insanı sülhə, barışa, xoşgörüyə   gəl. Bu fikrilər onun “Dünya”, Dünya, səndən niyə küsüm”, “Görəsən dünyanın harasındayam”, “A dünya”  və s. Şairə dünyadan gileylənərək yazır:

Cavan palıdlar doğrandı
Kötüyündə sənin, dünya
Əli baltalı cəlladsan,
Qanla dolu təni, dünya .

        “Gəl səninlə nərd oynayaq a dünya” adlı şeirində,  şairin humanist düşüncələri ifadə olunur, o sanki dünyanı  bu oyunda udacağın və dünyanı istədiyi kimi quracağına inanır və deyir : 

Bax, sinəmdə nəğmə dolu ürək var,
Hey çağlayan, aşıb-daşan dilək var,
Şeirimdə bir sehirli lelek var,
Yaşadacaq min illərlə sinəndə,
Gel səninlə nərd oynayaq, a dünya..

         Şairə şeirlərində bildirir ki, millətimin gücü  var, dünyaya səslənəcək səsi  var, düşməni əzəcək qüdrəti var. Şairə bildirir ki, – indi məni düşündürən Qarabağ problemidir ki o da çözüldükcə çözülür. Torpaq mövzusu məni həmişə özünə çəkib. Doğulduğum o balaca Beyləqan rayonunun Dünyamalılar kəndi, illərlə ayrı düşdüyüm, o yaylaq yerləri məni yuxularımda da narahat edir. Əzizə xanım  “Kəndim” şeirində belə deyir:

Ezizəyəm nə söyləyim de, sənə,
İnsaf versin Tanrı səndən küsənə, 
Vətən boyda Vətən olan küçənə,
Bucağına qurban olum, a kəndim.

Qaçqınlar, köçgünlər şairəni narahat  edir, Bayatı janrında onlara həsr etdiyi  şeiri yaddaşalrda tarixi iz  qoyur: 

Əzizim vətənsizlər,
Köçgündü Vətənsizlər,
Söylə  hara  üz tutsun
Vətəndə Vətənsizlər.

       “Payız yağışı”nda torpaq, vətən, ana, ata, övlad, yurd, sevgi, dünya haqqında səmimi hisslər, duyğular  ürəyin yağı ilə qələmin ucuna süzülərək ağ kağıza köçürülür.  Müəllif ürəyi, qəlbi ilə danışır, insanları torpağı sevməyə, ataya-anaya vəfalı olmağa, sevgidə sədaqətli olmağa, vətənin müdafiəsində fədakarlığa səsləyir: 

     Əzizə xanım şeirlərində sözlərin seçiminə xüsusi diqqətlə yanaşır, sözlərdə ahəngdarığın olmasına diqqət yetirir.   Sözün sevincini canında, qanında hiss edən, məsuliyyətini dərk edən şairə “Söz” şeirində belə yazır:

Başıma dolanıb pərvanə kimi,
Ağlımı başımdan alırsan ay söz.
Sinəmdə çırpınan odlu qəlbimi,
Alıb əllərində çalırsan ay söz.
Sinəmə çırpılan dalğasan, nəsən?
Qeybdən ruhuma qonan nəğməsən.
Bəlkə söyləyəsən hardan gəlmisən?
Bəlkə biyabanda bir tütək səsi,
Bəlkə də çiynimə qonan mələksən?! 

        Şair olmağın çətinliyindən, əzabından, şairlərin keçdiyi yolların keşməkeşli olduğundan anasının duyuq düşəcəyindən ehtiyat edən Əzizə xanım “Anama deməyin şeir yazıram” şeirində yazır:

Düyünlü alnının qırışı artar,
Bu ani xəbərdən narahat yatar,
Hər gecə səksənib yuxusun qatar,
Anama deməyin şeir yazıram.
Bu həyat belədir, gör ağacı var,
Edam kötüyü var, dor ağacı var,
Şairi gözləyən dar ağacı var,
Anama deməyin şeir yazıram…

        Əzizə  xanımın şeirlərinin mayası onun ilhamından, sevgisindən , qəlbinin məhəbbətindən yoğrulub. Ona görə deyir : “Mən şeir yazanda xoşbəxt oluram”:

Duyğular könlümün həmdəmi olur,
Mən şeir yazanda xoşbəxt oluram.
Payız buludu tək ürəyim dolur,
Mən şeir yazanda xoşbəxt oluram.
Bilmirəm sevgidən ya nədən gəlir, 
Elə müqəddəsdir səmadan gəlir,
Tanrı dərgahından xanadan gəlir,
Mən şeir yazanda xoşbəxt oluram.

   Şairənin fikirlərində bir müdriklik fəlsəfəsi vardır. O bildirir ki,  insan bihude yaşamamalıdır. Bu gün kitab çap etdirmək də, şeir yazmaq da çətindir. İnsan həyatında bir iz qoyub getməlidir. Şeirlərim, əsərlərim mənim bu həyatda qoyduğum izlərdir.   Mən bu yaradıcı işlərdən zövq alaraq, könlümün rahatlığını onda tapıram. Gözəl bir şeir yazanda elə bilirəm dünyanı mənə hədiyyə ediblər. Ancaq biz bu dünyada qonaq olduğumuzu bilməli, ömrün çox az olduğunu,onun vəfasız olub bizi tərk etdiyini bilərəkdən özümüzdən sonra yaddaşlarda qalacaq sənət əsərləri yadigar qoyub getməliyik.

Rüfət Lətif oğlu Hüseynzadə
Pedaqoji  elmlər doktoru, professor, Əməkdar müəllim.