.....

.....

Əzizə Cəfərzadənin hekayələrində qadınların sosial vəziyyəti, hüquqları və konflikti məsələsi – Şəfa Abdulla

Əzizə Cəfərzadənin hekayələrində qadınların sosial vəziyyəti, hüquqları və konflikti məsələsi – Şəfa Abdulla

Əzizə Cəfərzadənin hekayələrində qadınların sosial vəziyyəti, hüquqları və konflikti məsələsi.
Azərbaycan yazıçısı, dramaturq və tədqiqatçı, ictimai xadim, filologiya elmləri doktoru, professor, Yazıçılar Birliyinin üzvü Əzizə Cəfərzadə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olaraq, əsərlərində cəmiyyətin müxtəlif sosial və mədəni məsələlərini işıqlandırmışdır. Xüsusilə qadınların sosial vəziyyəti və hüquqları onun yaradıcılığında mühüm yer tutmuşdur. Bu məqalədə Əzizə Cəfərzadənin hekayələrində məhz bu xüsisiyyətləri araşdırmaq niyyətindəyəm.
Azərbaycan ədəbiyyatında Əzizə Cəfərzadə (1921-2003) qədər yaradıcılığında tarixi hadisələrə və surətlərə yer verən ikinci yazıçı tapmaq hardasa mümkünsüzdür. Bütün məişət xırdalıqlarının fövqündə, onlardan uzaq, daha bəşəri, daha qlobal və bioqrafik əsərlər yaradan Cəfərzadə bu əsərlərdə tutduğu mövqedən, milliyətindən, yaşından və statusundan aslı olmayaraq bir-birindən dolğun, araşdırılmağa müsait, mənəvi dünyası zəngin, mübariz ruhu güclü qadın obrazları yaratmışdır. O, tarixi və sosial mövzulara fokuslanan əsərlərində qadınların yerini və rolunu dərindən təhlil etmiş, qadınların cəmiyyətdəki mövqeyini və onların hüquq mübarizəsini əks etdirmişdir.
Bu mübarizə fərqli əsərlərdə fərqli istiqamətlərdə, qadınların sosial vəziyyəti müxtəlif dövrlərdə və fərqli kontekstlərdə təsvir edilmişdir.
Hekayə janrı isə Ə. Cəfərzadənin yaradıcılığında xüsusi yer tutur. Təsadüfi deyil ki, müəllif, mətbuatda ilk çıxışını da məhz hekayə ilə etmişdir. İllər keçdikcə bir-birindən dəyərli hekayələr yazaraq bu janrda qələmini daha da püxtələşdirmişdir.
Hələ yaradıcılığa ilk addım atdığı illərdə, “Ədəbiyyat” qəzetində 1937-ci ildə dərc etdirdiyi “Əzrail” hekayəsində 16 yaşlı Əzizənin savadsızlıqdan yaranan fanatizmin qurbanına çevrilmiş azərbaycanlı qadın obrazını yaratmağı onun gələcək fəaliyyətində də bu məsələləri hər zaman diqqətində saxlayacağından xəbər verir.
“Sahibsiz ev” hekayəsində ikinci dünya müharibəsinin Azərbaycan qadınlarının taleyində yaratdığı zəlzələ təsirini kövrək notlarla verərkən qadın surətlərin o kövrəkliyin içində məcburiyyətdən möhkəmlənib sərtləşdiyini qadın empatiyası ilə təsvir etmişdir. Müəllif həm Salehənin nakam taleyinə, məhv olmuş gəncliyinə təəssüflənir, həm də şərq qadınına məxsus sadiqliyini, geri dönməyəcəyinə əmin olsa da sevdiyi adamın yolunu bir ömür gözləməyini təqdir edir. Bu, əslində, bütün cəmiyyətin yanaşmasının güzgüsüdür. Salehənin ətrafındakı qadınlar ona məsləhətlər verir, özünə yeni qismət seçməsini tövsiyyə etsələr də, gənc qızın bu addımı özbaşına atacağı təqdirdə bütün kəndin dilinə düşəcəyi, hamının ona tənə edəcəyi həqiqəti də hər kəsə məlumdur.
Əzizə Cəfarzadə qadınlara ikitərəfli münasibət bəsləyir, həm onların çətin həyatlarından, fədakar ömürlərindən, qurban vermələrindən mütəəssir olur, bunu demək olar ki, bütün qadın obrazlarının simasında qəhrəmanlıq nümunəsi kimi göstərir, eyni zamanda bu keşməkeşlərin qadını zəiflətməməli olduğunu, onun güclü olmaqdan heç vaxt vaz keçməməli olduğunu, müdrik, mehriban, yeri gələndə başqalarına təbəssüm bəxş etməli olduğunu təqdir edir. “Sahildə bir qadın oturub” hekayəsində adını bilmədiyimiz qəhrəmanın formasından, tənhalığından çətin ömür yolu keçdiyi, həyatın sərt şillələri ilə üzləşdiyi, mübarizə apardığı bəllidir amma bütün bunlar ona ətrafı üçün yararlı insan olmağına mane olmamalıdır.
“Sahildə bir qadın oturub… Əynində qara paltar varsa da matəmli deyil… Saçları qar kimi ağarsa da, ürəyi buz deyil, nəcib üzündə qırışlar iz salsa da, kədərli deyil… O indi də dolğun — məzmunlu həyatının təcrübəsini insanlara verir… Qızğın ürəyinin məhəbbətini qızırğanmadan gəncliyə paylayır…” (Ə.Cəfərzadə seçilmiş əsərləri. “Elm və təhsil” 2021)
Ə. Cəfərzadənin hekayələrində ana və qız qarşılaşdırmaları timsalında köhnəliylə müasirliyin, azadlıqla əsarətin, dinə təslim olanlarla onu sorğulayanların toqquşmasını vermişdir. Hələ ilk hekayəsi “Əzrail”də dinə, Allahın “göndərdiyi” əzrailə sözsüz, müzakirəsiz inanan ananın əksinə məktəbli qızı məsələnin hökümət işçilərinin əli ilə həlli olduğuna inanır, bunu anasına təbliğ etməyə çalışır. Bu xətt zaman-zaman yazıçının digər əsərlərində özünü müxtəlif formalarda da göstərir. Məsələn, “Gülüş” hekayəsində (yeri gəlmişkən bu hekayə ilk dəfə müəllifin 2021-ci ildə nəşr olunan seçilmiş əsərlərində yer alıb. ) ana qızının doğulduğu vaxt ona göbəkkəsdi seçir və övladının gələcək həyatını o oğlana etibar etməyə hazır olur. Qızından da bunu etirazsız qəbul etməsini gözləyir. Lakin nəsillər arasındakı uçurum uzun il fərqi olmamasına baxmayaraq, bəlkə də heç vaxt bu dövrdəki qədər dərin olmamışdı.
“Mən anamı çox sevirəm. Onun gözlərindən bir damla yaş axmaması üçün bütün varlığımı verərəm. Mənim ona yazığım gəlir. O özünü hələ də dinin məşum pəncəsindən qurtara bilməmişdir.“ (Ə. Cəfərzadə seçilmiş əsərləri “Elm və təhsil” 2021.)
Hekayədə hadisələr irəlilədikcə ana və qız arasındakı konflikt daha da dərinləşir.
“Sən məni ələ salırsan, nədir? Ağlın başındadırmı, qız? Vallah sənin üçün cadu etmişlər.
— Bəsdir, ana! Sən qarışma. Bütün bunları başıma gətirən sən və sənin inandığın din; onun adətləridi. Mən qəti deyirəm: Rəhimə getməyəcəyəm!… Vəssalam! (Ə. Cəfərzadə seçilmiş əsərləri “Elm və təhsil” 2021.)
Hekayənin davamında anasının təhdidlərinə boyun əyməyən qız evi tərk edib öz həyatının məsuliyyətinin altına özü girir.
Ə. Cəfərzadənin hekayələrindəki qadınların əksəriyyəti zəhmətkeş, əməksevər, çətinlikdən qorxmayan, müharibə vaxtı lazım gələndə kişilərlə çiyin-çiyinə mübarizə aparan fədakar qadınlardır.
“İntizar” hekayəsində baş qəhrəman qadın hekayə boyu inkişafda verilir. Gəncliyi Sovet quruluşunun yaranma və formalaşma illərinə düşən İntizar əri ilə birlikdə kolxozun aktiv iştirakçılarından olub, fəal sosial həyata atılır. Lakin özündən əmin, ayaqları yerə möhkəm basan İntizar ömür yoldaşını itirdikdən sonra hər nə qədər güclü durmağa çalışıb, kolxozun qabaqcıl rəhbərlərindən biri olsa da, Qaragöz Hacı ilə üzləşəndən sonra ağlını itirir. Beləliklə müəllif, həyatda dik durmağın, sağlam dayanmağın sadəcə sevdiklərimiz yanımızda olarkən, onların dəstəyi ilə mümkün ola biləcəyini ifadə edir. İntizar hər nə qədər yenilikçi, aktiv olsa da, ərinin qatili ilə üzləşdikdən sonra o sadəcə ömür-gün yoldaşını itirmiş bir azərbaycanlı qadındır.
Əzizə Cəfərzadə qadınların ailə içindəki vəziyyətini də dərinləşmiş şəkildə təsvir edir. O, qadınların ailə içində qarşılaşdığı gender bərabərsizliyini və onların hüquqlarının pozulmasını vurğulayır. Onun əsərlərində qadınların cəmiyyətdə qəbul edilmək üçün göstərdiyi səylər və ailə daxilindəki mübarizələri geniş yer alır.
“Din dirəyim” adlı kiçik hekayədə surətlərin xarakter açılımına çox geniş yer ayrılmasa da, yazıçı az hadisə ilə dövrün bürokratik quruluşunun insan ayrı-seçkiliyinə səbəb olduğunu çox sərt və çılpaq şəkildə ifadə edir.
Bu hekayədə Gülmisalı mübarizə aparan, boyun əyməyən yox, təslim olan, çarəsiz qadın kimi görürük. Yüzbaşı tərəfindən qaçırılan qadın intihar edir. Müəllif bu hekayədə də böyük faciələrə səbəb kimi dini qaydaların hökm sürdüyü bürokratiyanı günahlandırır.
Yazıçı bir çox hekayəsində qəhrəmanın təhsil almaq arzusu və bununla bağlı çəkdiyi çətinlikləri, iş və ailə həyatı sahələrində qarşılaşdıqları maneələri və onların bu çətinliklərlə mübarizə aparmalarını təsvir edir.
“Araz qızı” hekayəsində qadınların çətin həyatı, hüquqsuz olmaları, söz haqqından məhrumiyyətləri, sevmədiyi insan tərəfindən qaçırılıb istəmədiyi həyata məhkum olmaları ürək ağrısı və dərin kədərlə ifadə olunur.
Cəfərzadənin hekayələridə qadınların iş həyatı və iqtisadi müstəqillik məsələləri də geniş yer alır. O, qadınların işləyərək iqtisadi müstəqillik qazanmaq üçün necə mübarizə apardıqlarını və bu yolda qarşılaşdıqları sosial və mədəni maneələri təsvir edir. Demək olar ki, bütün hekayələrində qadın qəhrəmanının iş həyatı və qarşılaşdığı çətinliklər bu məsələni əks etdirir.
İllər keçdikcə Əzizə Cəfarzadənin hekayələrindəki qadınlar, onların mübarizə məqsədi fərqlənib daha bəşəri və vətənpərvər olurdu. 40-cı illərdə və daha sonralar yazdığı hekayələrdə Cənubi Azərbaycan mövzusu müəllifin bu məsələni diqqətlə izləyib mütəəssir olduğundan xəbər verir. “İynə dərdi”, “Birə”, “Samovar” və b. hekayələrini buna misal göstərmək olar.
Cəfərzadənin əsərləri qadınların hüquq və azadlıq mübarizəsinin güclü bir ifadəsidir və onun yaradıcılığı bu mövzuda tədqiqat üçün zəngin bir mənbədir.
Əzizə Cəfərzadənin əsərləri zəngin və rəngarəngdir, həm tarixi, həm də sosial mövzuları əhatə edir. Onun yaradıcılığı Azərbaycan ədəbiyyatının müxtəlif aspektlərini öyrənmək üçün geniş imkanlar yaradır.