.....

.....

Fələstin şeirinin anası – Fədva Tukan

Fələstin şeirinin anası – Fədva Tukan

Fələstin şeirinin anası – Fədva Tukan
Dünya var olandan bəri istisnasız olaraq keçdikləri bütün yollarda özlərinə xas, bənzəri olmayan rəng, iz qoyan qadınlar, heç şübhəsiz, ədəbiyyat sahəsində də öz işıqları ilə yadda qalıblar. Belə ziyalı simalardan biri də qadınların təzyiq altında kimlikləri və azadlıqları uğrunda mübarizə apardığı dönəmdə Fələstin ədəbiyyatında bərq vuran günəş – Fədva Tukandır.
​“Fələstin şeirinin anası” kimi tanınan Fədva Tukan 1917-ci ildə zəngin, əsil-nəcabətli və mühafizəkar bir ailədə dünyaya göz açmışdır. On uşaqlı ailənin beşinci uşağı olan Fədvanın soyu tukan qəbiləsinə gedib çıxır. Ana tərəfi isə türkdür.
İctimai həyatda qadınlara dəyərsiz varlıq kimi yanaşıldığı dönəmdə Fədva sadəcə ibtidai təhsilini tamamlaya bilmiş, arzusunda olduğu təhsildən uzaq qalmışdır. Xatirələrində qeyd etdiyinə görə, məktəbdən qayıdarkən qardaşı bir gəncin ona çiçək verdiyini görmüş və nəticədə, ailəsi ölənəcən evdən çıxmağı ona qadağan etmişdir. Bu qərarla bütün həyatı qaralan Fədva bundan sonra bir növ “həbs həyatı” keçirmişdir.
Ailə üzvlərindən sadəcə qardaşı – dönəmin məşhur şairlərindən olan İbrahim Tukan ona dəstək olmuş, ədəbiyyata, şeirə olan marağının yaranmasında xüsusi rol oynamışdır. O, hələ kiçik yaşlarından şeirə böyük maraq duysa da, qardaşının onunla müntəzəm məşğul olması yaradıcılığına təkan vermişdir. Belə ki, o, daim bacısına baş çəkər, onunla uzun-uzun söhbətlər edərdi. Gətirdiyi kitablarla Fədvanın yaşadığı “həbsxana”nı kitabxanaya çevirən İbrahim Tukan onun ən yaxın yoldaşı, dostu olmuşdur.
Təkcə Fələstinin deyil, ərəb dünyasının da ilk qadın şairi olan Fədva Tukan heç vaxt ailə qurmamış, 86 illik ömrünü şeirə, ədəbiyyata həsr etmişdir. Şeirlərinin üslubu, dilinin gözəlliyi, seçdiyi ifadələrin zərifliyi Fədvanın şeirlərinin təsirliliyini daha da artırmış, toxunduğu məsələlərdə fikirlərini daha duyğulu şəkildə ifadə etməsində əsas rol oynamışdır. Hisslərini özünəxas incəliklə qələmə alan Fədva Tukan yaradıcılığının ilk illərində klassik şeir formalarına müraciət etsə də, daha sonra sərbəst vəzndə yazıb-yaratmışdır. O, sərbəst şeirin nümayəndəsi olsa da, ərəb şeirinin qafiyəsiz, vəznsiz ola bilməyəcəyi fikrini müdafiə etmiş, vəznsizliyin şeirdə tamamilə sərbəstliyə gətirib çıxaracağı qənaətində olmuşdur.
Ayrılıq, ölüm, hüzn Fədva Tukan yaradıcılığının ana xəttini təşkil edir. Yaşadığı çətin anlarda daim qələmə sarılan Fədva duyğularını səmimi şəkildə misralara tökür. Yaşadığı dörd divar arasında qələmi ona həmdəm, sirdaş, yoldaş olur; onu dinləyir, anlayır, yükünü yüngülləşdirir…
Fədvanın yaradıcılığında ölüm xətti, əsasən, qardaşı ilə bağlıdır. “Günlərdir yalnızam” adlı divanda topladığı şeirlər Fədvanın hüznlü ruhunun təzahürüdür. Bu həyatda özünə ən doğma, ən yaxın bildiyi qardaşı İbrahim Tukanın vəfatı onda elə dərin izlər qoyur ki, bu acı həqiqəti dərk etməkdə çətinlik çəkir, qardaşının yoxluğu ilə barışa bilmir:
Varlığım səndən ayrı əsarət altında…
Nə qəm…sən ki varsan ruhumda…
Hər an, hər yerdə dayaqsan mənə,
Varlığını hiss edib güvənirəm sənə…
Həmçinin şeirlərdə duyulan Fələstinə bağlılıq, dərin məhəbbət də Fədvaya xasdır. “Torpağında ölüm qoy” dediyi Fələstin torpaqlarında dünyasını dəyişən Fədva Tukanın məzarı üstündə də bu sevginin həzin ifadəsi ilə qarşılaşırıq:
Torpağında ölüm qoy, bəsdir mənə…
Ölkəmin böyütdüyü uşağın ovucu dəysin ona,
Təki olum bu qoynunda diyarın.
Bir torpaq,
Bir ot,
Bir çiçək təki..
​Fədva Tukan şeirlərində ağrı-acı, ayrılıq, ölüm, yalnızlıq kimi hissləri ifadə etməklə bərabər, səmimi duyğuları, həssas qəlbi olan bir qadındır. Min-min duyğunu həsrətə sığdıran bir könlün nəğməsi də ancaq bu qədər dərin ola bilərdi.
Qəlbim bir qadın qəlbi,
Bu həsrətdən ötrü… ölənəcən aşiq,
Sevgisinin qandallarda olduğuna inanar.
Ona görə belə olduğuna inanır ki, bu qandallar sıxıldıqca sevgisinin daha da çoxaldığını, artacağını düşünür.
Fədva Tukan “Keşməkeşli bir yolçuluq” adlı avtobioqrafiyasında öz həyatını qələmə alma səbəbindən bəhs edərkən həyatından məmnun, razı olmadığını bildirir, bunu toxuma bənzədir: “Toxum da dar bir yerdə, qaranlıq içərisindədir. İşıqdan uzaqdır. Fəqət gün gələcək, çətinliklə də olsa, torpaqda özünə bir yol tapacaqdır”.
Xəstəliklərlə, sıxıntılarla dolu ömrünü şeirlə çıxdığı səyahətdə keçirən Fədva Tukanın isə belə bir işıq axtarması əbəsdir. Bu işığın mənbəyi onun duyan qəlbində, köksündədir. Fələstin ədəbiyyatına adını azadlıq carçısı, eşq və hüzn şairi kimi işıqlı hərflərlə yazdıran da məhz xilqətindəki nurdur, ziyadır…

Zərifə Məhsəti

Mənbə İşıq Jurnalı