.....

.....

“FƏLƏKLƏR YANDI AHINDAN…” – YEGANƏ Əhmədova

“FƏLƏKLƏR YANDI AHINDAN…” – YEGANƏ Əhmədova

“FƏLƏKLƏR YANDI AHINDAN…”
(Azərbaycan Respublikasının əməkdar müəllimi Dilarə Qazıyevanın ruhuna sevgi və minnətdarlıqla)


Adam var evdən gedir, adam var eldən. O isə elmdən getdi. Kim bilir daha neçə gəncin həyat yolunu nurlandırıb, arzularına uzanan cığırları aydınladacaqdı. Kim bilir mənim kimi daha neçə adamın həyatına günəş kimi doğacaq, minnətdarlıq duyğularının zirvəsində dayanacaqdır. Amma olmadı. Həyat hökmünü çox sərt verdi… Telefona gələn bir neçə kəlməlik səs yazısı, amma ağırlığı sarsıdıcı və tükəndirici…
-Dilarə müəllim həyata vida elədi..!
Elə bil xatirələrimdən güllələndim, duyğularımdan yaralandım. Həyat dayandı sanki. İllərin təkəri geri döndü… Məktəbli bir qız düşünün. Tək arzusu oxumaq olan. Amma pərakəndə bir vəziyyətdə qalan. Nə etmək? Necə etmək? Necə olacaq? – suallarının əlində əsir qalan məktəbli bir qız…
Və təsadüfən qarşısına günəş üzlü bir adam çıxır. Pərakəndə düşüncələr nizama düşür, bütün sualların cavabı tapılır. Üstəlik əminlik, güvən, qətiyyət və təbəssüm…

Mənim qaranlıqla dolu dünyamda
Gələcəyə ümid çırağı idin.
İnamı puç olmuş xəyallarımda
Xoş ümidlərimin dayağı idin.

Kədər verdi tale mənə hər zaman,
Könlümü ovudub alan sən oldun.
Çox idi həyatda sevdiyim insan,
Amma ürəyimdə qalan sən oldun.

Cəmi bir il kifayət etdi ki, həyatıma öz möhürünü vursun. Hər kəs kimi məktəbdə çox müəllimim oldu, universitetdə professorlardan dərs aldım, aspiranturada elmi rəhbərlərim akademiklər oldu. Amma Dilarə müəlliməmin bir il verdiyi həm məktəb, həm də həyat dərsindən iyirmi ildən çoxdur ki, istifadə edirəm.

Sənə söyləyirdim bütün sözümü,
Tanrının özünə bərabər idin.
Üzünə dikəndə bəzən gözümü
Ruhuma ən böyük bir təpər idin.

Ondan sonra arzularımın istiqaməti də müəyyənləşmişdi artıq. Ona qədər əsla ədəbiyyat müəllimi olacağımı düşünmürdüm. Ümumiyyətlə nə olacağımı, necə olacağımı bilmirdim. Onun ixtisasını seçməklə minnətdarlığımı ifadə etmək istədim. Digər tərəfdən isə onun bitirdiyi universitetdə oxuyub, onun dərs aldığı müəllimlərin mühazirələrini dinləməyi arzulayırdım. Çünki maraq mənə güc gəlirdi. Ona elə heyran, elə vurğun idim ki… Bilmək istəyirdim, necə bir həyat yolu keçmək lazımdır ki, belə mükəmməl olasan, belə bir ləyaqətə sahiblənəsən, belə bir şərəfli ömür yaşayasan..? Bəli, o, vicdanın özü idi. Qəlbinin nuru təbəssümündə oynayan günəş üzlü adam idi. “Mən mən olmazdım, qarşıma sən çıxmasaydın”

Gözümün önünə gələndə hərdən
Simanı günəşdən seçə bilmirəm.
Həyəcan keçirib təsirlənmədən
Evinin önündən keçə bilmirəm.

Ürəyim doludur, boşaltmaq üçün
Kaş ki şair olub dinə biləydim.
Sənə bu sevgimi anlatmaq üçün
Bir dəstə çiçəyə dönə biləydim.

Bu şeiri 2003-cü ildə yazmışdım və universitetin “Yüksəliş” qəzetində dərc olunmuşdur. Cəsarət edib özünə göstərə bilmirdim. Zəng edib təkidlə və həm də zarafatla şeiri istədi. Universitetdən qayıdarkən yolum küçələrindən keçirdi. Gələcəyimi bilib məni qapıda qarşıladı. Tərəddüd etdim, bükülmüş qəzeti əlimdə sıxıb saxladım. Gülə-gülə dartıb əlimdən aldı. Elə gözəl təbəssümü vardı ki. Güləndə siması işıqlanırdı.
Barlı-bağçalı bağban idi. Bəhrəsi hamıya çatırdı. Ölkəmizin bütün universitetlərində onun yetişdirdiyi şagirdlər təhsil alıb. Amma daha olmayacaq. Bitdi o möcüzə, qapandı o səhifə…
Xəzər Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Sevinc Qəmbərlinin paylaşımı: “Məktəb illərindən çox sevdiyim müəllimim, mənə inanan, dəstək olan, qoruyan, mənim adımda qızı olmasına baxmayaraq, məni övladı kimi sevən, həyatımın çox önəmli anlarında yanımda olan, mənəvi olaraq heç ayrılmadığımız, sonralar da həmişə görüşünü, özünü, sözünü axtardığım gözəl müəllimim. Sizin sevginiz, sizin dəstəyiniz bizi yaratdı, bizi özümüzə inandırdı. Siz bizə müəllimdən çox oldunuz, mənəvi ana ola bildiniz bizə. Siz istəyirdiniz və inanırdınız ki, mən yaxşı jurnalist olacağam, amma mən müəllim oldum. Sizə olan sevgim ilə peşənizə və ixtisasınıza yiyələndim. Ömrünüz o qədər barlı-bərəkətlidir ki. Ürəyimizdə olan yeriniz əbədidir, əziz Dilarə müəllimə!”

Həyat yoldaşını itirəndən sonra həyatdan küsmüşdü onsuz da. Daim qüssəli və fikirli idi. Səhhətindəki hələ yoldaşından əvvəl başlayan ağrılar da dözülməz həddə çatmışdı bəlkə də. Kim bilir daha nə kimi problemlər üstələmişdi. Ruhu möhkəm olsa da, zəif vücudu tab gətirə bilmədi.
Köhnə nəslin məktəbliləri bilər – o zamanlar məktəb ilinin yekunu, son zəng 25 may idi. O da bu tarixi seçdi. Həyatının son zəngi mayın 25-də çalındı.

“Fələklər yandı ahimdən, muradım-şəmi yanmazmı” şeiri ilə yola salındı Tanrı dərgahına. Arxasınca çiçəklər deyil, ürəklər atıldı.
Dilarə müəllimənin qızı Sevinc Rəsulqızı: “-İnsanın da saçları ağrıyarmı..? Saçlarım ağrıyır..!” Cavab vermədim. Amma bilirdim o saçlar niyə ağrıyır. Çünki sığalsız qalacaqdır.
-Anamı neçə bəndə sığışdıra bilərsən?
-Bu dünyaya sığışmayan adamı bəndlərə necə sığışdırım?
-Yox, sən yenə də yazarsan. Mən özüm yazmaq istədim, amma beynim donub, heç nə düşünə bilmirəm. Sən onu yaxşı tanıyırsan. Mənim yerimə yazarsan.
Sükut… Daş ağırlığında sükut… Bu sükutu pozan hıçqırıq…
Və birinci şeirdən 22 il sonra ona həsr etdiyim bu son şeir. Dilarə müəllimənin dilindən qızı Sevinc üçün…

***

Taleyin mənimlə nə idi dərdi?
Bilmədim ömrümdə bahardı, qışdı.
Elə ağır oldu həyatın yükü,
Yox, çəkə bilmədim, gücümü aşdı.
Sən çəkərsən, qızım, mənim yerimə.

Eh, bu necə sondur, bu necə axır?
Əl atdım, tutmağa budaq tapmadım.
Göylərdə mənimçün kimsə darıxır,
Gedirəm ona doğru mən addım-addım.

İntizar gözlərin baxır yollara,
Surətim canlanır hər baxışında.
Bax o mənəm, göydə ildırım çaxır,
Görərsən üzümü son işığında.

Tale susdu, həyat durdu üzümə.
Yerimdə, yurdumda yaxşı ki varsan.
Ömür çırağımı qara yel vurdu,
Sən dan yerim, sən günəşim olarsan,
Zülmətimin üstə çökərsən, qızım.