Simon de Bovuar “İkinci cins” əsərində yazır ki, qadın — qadın kimi doğulmur, onu cəmiyyət qadın edir. Danılmaz faktdır ki, tarixən bütün sahələrdə kişilər qadınlara nisbətən bir addım öndə olublar, ən önəmli işlərdə kişilərin rolu aparıcı və həlledici hesab edilib. Ədəbiyyat sahəsində də durum fərqli deyil. Dünya ədəbiyyatı tarixinə adını qızıl hərflərlə yazdırmış qadın müəlliflərin mövcudluğuna rəğmən onlar hər zaman kölgədə qalıb, əməyi, istedadı kifayət qədər dəyərləndirilməyib. Təbii ki, istisnalar var, lakin bu, qaydaları dəyişmək üçün yetərli deyil.
Yəqin elə bu münasibətin nəticəsidir ki, az-çox savadı, dünyagörüşü artan qadınlar daim kişi həmkarları ilə mübarizə aparmaq məcburiyyətində qalıblar (və təkcə həmkarları ilə yox). Təsadüfi deyil ki, feminizm qadına heç də birmənalı olmayan münasibətin nəticəsində meydana gəlmiş, başqa sözlə, qadın hüququnu müdafiə etmək, özünü təsdiq etmək məcburiyyətndə qalmışdır. Hələ indi də qadına yalnız ev işlərini, ailəsinə, uşağına qulluq etməyi daha çox yaraşdıranlar üstünlük təşkil edir. Qadının ictimai mövqeyinin vacibliyini anlayıb qəbul edənlər isə nisbətdə xeyli azdır.
Təəssüf ki, bəzən hətta qadınlar da özlərinin missiyasını yalnız dünyaya övlad gətirmək, ər və uşaq qulluğunda durmaqla bitmiş hesab edir, qızlarını da bu düşüncələrinə əsasən tərbiyə edirlər. Güman ki, kişilərin qadınlara ikinci dərəcəli adamlar kimi yanaşmasının əsas səbəbkarı elə özlərini onlardan asılı vəziyyətə salmağı sevən qadınlardır. Bəzən hətta kişilərin də qadın hüquqları uğrunda mübarizə apardığı halda, özünü və həmcinslərini bu hüquqa layiq görməyən qadınların mövcudluğu məyusedicidir.
Müasir dövrdə bu hallarla çox rastlaşsaq da, əsrlər öncə qadının hüquq və səlahiyyətləri mövzusunda vəziyyət daha ürəkağrıdan idi. Orta əsrlərdə Avropanın ali və orta sinfə mənsub cəmiyyətlərində kişilər qadınların hətta ev işləri ilə məşğul olmasını da lazımsız bir şey hesab edirdi; onların nə fiziki, nə də zehni əməyinə gərək var idi. Qadın yalnız baxımlı olmalı, bəzənib-düzənib cəmiyyət arasına çıxarkən ailəsinə mənsub olduğu kişinin fəxarət yerinə çevrilməli idi. Belədə qadınların manekendən fərqi olmurdu. Yaradıcı qabiliyyətə malik, istedadlı və savadlı qadınlar isə özlərini təsdiq etmək üçün çox vaxt xeyli əziyyət çəkməli olurdular. Lakin bu ağır işin zəhmətinə qatılmağa hər bir qadının gücü yetmədiyindən onların bir qismi cəmiyyətdən qaçaraq monastıra sığınır, kimisi durumu ilə barışır, kimisi dözə bilməyib intihar yolunu seçirdi. Mübarizə apararaq yüksək mövqe qazanmağı bacaran qadınlar isə öz dövründə necə qarşılanmasından asılı olmayaraq, imzasını tarixə yazdırmağı bacarmışlar.
Belə qadınlardan biri təxminən 1364-cü ildə Venetsiyada doğulmuş italyan əsilli fransız yazıçı Kristin de Pizandır (Christine de Pizan). Atası Tommazo di Banvenutto Pidzano məşhur həkim və astroloq olduğundan Fransa kralı tərəfindən saraya dəvət olunur və Kristinin 4-5 yaşı olanda onlar Luvra köçürlər. Beləliklə, hələ uşaqlıqdan kral ailəsinə yaxın olan, sarayda yaşayan qızcığazın kral kitabxanası ilə tanışlığı başlayır. O, kiçik yaşlarından Petrarka, Bokkaço, Dante kimi müəlliflərin əsərlərini oxuyurdu. Maraqlıdır ki, Kristinin atası onun təhsil almasının tərəfdarı olduğu halda, anası gələcək həyat yoldaşı və ana üçün təhsili, mütaliəni lazımsız hesab edirdi. Buna baxmayaraq, Kristin 14 yaşında artıq fransız dilində şeirlər yazırdı.
O, orta əsrlərin ali cəmiyyətlərində qəbul olunmuş qaydalara uyğun olaraq, 15 yaşında ailə həyatı qurur. Həyat yoldaşı Etyen de Qastel saray katibi idi. Evləndiklərindən on il sonra həyat yoldaşı vəbadan dünyasını dəyişir və 25 yaşlı Kristin üç uşaqla tək qalır. Üstəlik, həmin vaxt artıq atası da həyatda olmadığından anası və kiçik qardaşları da onun himayəsində idi. Kristin üçün çətin günlər başlayır. Bununla belə, o, ənənəyə uyğun olaraq ailə qurmağı deyil, həyatını yaradıcılığa sərf etməyi seçir. 1390-cı ildən başlayaraq xeyli sevgi balladası yazır və qadının şairliyi böyük heyrətlə qarşılanır. Bununla belə, öz istedadı ilə qadının yazmağı kişilərdən heç də pis bacarmadığını sübut edir. Bütün başına gələnlərdən sonra “Beləliklə, mən kişiyə çevrildim” yazan Kristin yaradıcılığı boyunca qadın hüquqlarını və şərəfini qorumağın vacibliyini diqqət önünə çəkirdi: “Qadın, ya kişi olmasından asılı olmayaraq, kim daha xeyirxahdırsa, üstün olan da odur. İnsanın aliliyi, yaxud alçaqlığı heç vaxt onun bədəni, ya da cinsi ilə müəyyənləşmir; bu, onun ədəb qaydaları və davranışının mükəmməliyindən asılı olan bir məsələdir.” Onun “Yüz ballada” kitabının üzü onlarla nüsxədə köçürülüb əldən-ələ gəzərək müəllifinə çox böyük şöhrət qazandırdı. Lakin Kristin poeziyaya elə də ciddi yanaşmırdı, onun üçün nəsr daha əhəmiyyətli idi.
Kristinin əsərləri kəmiyyətinə, janr və mövzu müxtəlifliyinə görə adamı heyran edir: o, vətəndaş müharibəsi haqqında düşüncələrini, kilsə və iqtidar arasındakı ədavətin səbəblərini qələmə alır, hərbdə reformlar təklif edir, cəngavərlər və xanımlar üçün nəsihətamiz əsərlər yazır, ədəbi tənqidi mətnlərdən tutmuş, fəlsəfi traktata qədər bütün janrlarda qələmini sınayır və elə ilk dəfədən uğur qazanırdı. Eyni zamanda kitablara illüstrasiyalar çəkən Kristin əsərlərini həm nəsr, həm də nəzmlə yazır və onlara görə pul qazanırdı. Çünki yazdığı əsərləri kral ailəsinə və onlara yaxın olan zadəganlara təqdim edirdi.
Kristin de Pizan Fransa ədəbiyyatında öz yaradıcılığı ilə gəlir əldə edən ilk peşəkar qadın yazar kimi tarixə düşüb. Qısa bir müddət sonra onun yazarlıq şöhrəti elə artır ki, hətta Fransa kralı V Karl avtobioqrafiyasını ona yazdırır. 1399-1405-ci illəri onlarla poema, fəlsəfi traktat və romanın müəllifi olan Kristin de Pizanın yaradıcılığında intibah dövrü hesab etmək olar. Bu qısa müddət ərzində o, “Sevgi tanrısına məktub” (1399), “Ofey Hektora məktub” (1399-1400), “Qızılgül haqqında söhbətlər” (1402), “Uzunmüddətli təhsilin yolu” (1403), “Pastor” (1403) və s. kimi xeyli əsərləri ərsəyə gətirib. Ona ən böyük şöhrət qazandıran əsəri isə 1405-ci ildə yazdığı “Qadın şəhəri haqqında kitab”dır.
Adətən, belə fikir irəli sürülür ki, qadınlar yalnız öz dövrlərinə xas həyat tərzini təsvir etməklə kifayətlənirlər. Əslində isə əsrlər öncə yazılanları oxuduqca qadının yaradıcı təfəkkürünün necə təşəkkül tapdığının, cəmiyyətdə öz yerini tutmaq uğrunda mübarizələrinin şahidi oluruq. Kristin de Pizanın yaradıcılığını, xüsusən “Qadın şəhəri haqqında kitab” traktatını feminizm hərəkatının ilk nümunələrindən hesab edirlər. Demək olmaz ki, bu əsərdə müəllif sırf feminist kimi çıxış edir, lakin qadın və kişi məsələləri ilə bağlı ilk fikirlər başlanğıcını bu kitabdan götürürdü.
Yeri gəlmişkən, qeyd edək ki, bu bədii əsərdən əvvəl Kristin hələ “Qızılgül haqqında söhbətlər” adlı ədəbi tənqidi əsərində də feminist düşüncələrlə çıxış edirdi. Belə ki, o, bu əsəri dövrünün çox məşhur şairi olan Jan de Myonun “Qızılgül haqqında roman” poemasının II hissəsi ilə bağlı yazmışdı. Poema müəllifi qadını sırf nəsli davam etdirmək vasitəsi kimi dəyərləndirir, məşğul olduğu bütün digər işləri lazımsız və günah hesab edir, onu “hiyləgər, şöhrətpərəst, yüngülməcaz” adlandırırdı. Kristin öz kitabında müəllifin qadına qarşı tutduğu bu mövqeyi tənqid edir, sərt arqumentlərlə sübut edir ki, qadın da kişi kimi bir insandır və onun da başqa işlərlə məşğul olmağa bacarığı və səlahiyyəti çatır. Eyni zamanda şairin qadına qarşı təhqir hesab etdiyi kobud yazı dilini tənqid edirdi. Onun bu tutarlı arqumentləri kifayət qədər böyük marağa səbəb oldu və bundan sonra dövrün bir neçə böyük ziyalısı, filosofu Kristinin tərəfini tutdu və onu himayə edənlər də tapıldı.
“Qadın şəhəri haqqında kitab”la Y.L.Bessmertnının 1991-ci ildə tərtib etdiyi “Nikahın bəxş etdiyi 15 sevinc” və XIV-XV əsrlər fransız müəlliflərinin digər əsərləri” kitabında tanış oldum. Məncə, bu kitab dilimizə tərcümə edilsə, dünya ədəbiyyatında qadın nəsrinin tarixinə bələd olmaq baxımından əhəmiyyətli addım olar. Əsərdə qadının ünvanına olan əsassız ittihamları müəllif alleqorik formada inkar edir, onun istedad və bacarığını, zəhmət hesabına əldə etdiyi uğurlarını göz önünə çəkərək hər hansı bir sahədə qadının heç də kişidən geri qalmadığı barədə arqumentlər gətirir.
Zəka, Xeyirxahlıq və Həqiqət ilə müəllif arasındakı dialoq üzərində qurulan “Qadın şəhəri haqqında kitab” belə bir fikirlə başlayır ki, qadın Zəka pərisinin göstərişi ilə torpağı qazıb Qadın şəhərinin əsasını qoyur: “Və Zəka pərisi dedi: “Qalx, mənim qızım! Gəl daha yubanmadan Təhsil tarlasına qədəm qoyaq. Şəffaf sulu çaylar axan, bərəkətli torpaqlarında hər cür nemətlər yetişən bütün gözəlliklərə məskən olan bir yerdə Qadın şəhərinin təməli qoyulacaq. Mənim göstərdiyim kimi böyük təməl qazmaq üçün öz zəkanın belini əlinə götür, mən isə sənə çiyinlərində torpaqdan çıxan qumu daşımağa yardım edəcəyəm.” Mən dərhal ona itaət edərək ayağa qalxdım və onun hüzurunda özümü əvvəllər olduğumdan daha inamlı və rahat hiss etdim. O, irəlidə, mənsə onun arxasınca hərəkət etdik, dediyi tarlaya gəlib çıxanda onun göstərişi ilə yeri qazmağa və sual beli ilə torpağı atmağa başladım.”
Bu kitab məşhurluq qazanmaqla yanaşı, həm də qalmaqala səbəb oldu. Çünki əsərdə nəinki dövləti, hətta bütün dünyanı 3 qadın idarə edir və bu fikir yazarın müasirlərini razı sala bilməzdi. Bu əsərin, bir növ, davamı olaraq, Kristin elə həmin ildəcə “Üç xeyirxah haqqında kitab, yaxud Qadın şəhərinin xəzinəsi”ni yazdı və daha böyük qalmaqal üçün səbəb verdi. Belə ki, burada qadınlar 3 qrupa ayrılır: müəllif birincilərə kral ailəsindən olan xanımları və digər alimənsəbləri, ikinciyə orta sinfə mənsub burjua qadınlarını, sonuncu qrupa isə kəndli və əməkçi qadınları aid edir. Onların hər birinə pulsuz qalmamağın, “çoxluq təşkil edən şərəfsiz kişilər”dən asılı olmamağın yollarını, ailə münasibətlərindən zövq almağın üsullarını öyrədir, hansı sinfə mənsubluğundan asılı olmayaraq bütün qadınları “xəzinə” adlandırır.
Bu əsər ətrafında qalmaqallar əvvəlcə sarayı, sonra ölkəni, qısa müddətdə isə bütün mütaliəli Avropanı sardı. Bu fikirləri həzm edə bilməyən müasirləri müəllifdən qisas almaq üçün onun haqqında şayiələr yaymağa, Fransa kralının qardaşı ilə eşq macərası yaşadığı haqda söhbətləri, onların qeyri-qanuni münasibətlərini qabartmağa başladılar. Baxmayaraq ki, kralın qardaşı artıq çoxdandır ölkəni tərk etmişdi, söhbətlər səngimək bilmirdi. Saraya yaxın adam olduğundan Kristinin qarşısına iki seçim qoyuldu: ya ailə qurmalı, ya da monastıra getməli idi.
Sevgilisi onu İngiltərədəki sarayına dəvət etsə də, Kristin ikincini seçdi: qızının artıq uzun müddətdir yerləşdiyi Puassi monastrına getdi. Onun bu seçimini daha çox kimsədən asılı olmamaq istəyi, qürur və azadlıq arzusu ilə əlaqələndirirlər. Burada yaşadığı 11 il ərzində də mütaliəyə və yaradıcılığa fasilə verməyən Kristinin son əsəri isə ölümünə lap az qalmış yazdığı “Janna Dark haqqında söz” oldu. Orta əsrlərin ənənəsinə əsasən, kralı mədh etmək əvəzinə, müəllif bu poemada Jannanı vəsf edir, qadın cinsinə mənsubluğunu xüsusi olaraq vurğulayır və ona qarşı hörmət izhar edilməsini tələb edirdi.
Nəzərə almaq lazımdır ki, Kristin heç də tamamilə feminist deyildi, onun 30-dan çox nəsr əsərindən əksəriyyəti kişilərə, yalnız az bir qismi qadınlara həsr olunub. Üstəlik, XV əsrdə hələ feminizm yaranmamışdı. Feministlər qəsdən bu hərəkatın tarixini qədimləşdirmək üçün onu bu dövrlə bağlayırlar. Kristin de Pizanın yaradıcılığını protofeminizm nümunələri hesab etmək olar. Çünki o, qadınların kişilərlə hüquq bərabərliyini tələb etmir, qadınların üzərinə qoyulan vəzifələrin əksinə çıxmırdı; sadəcə onlara da insan kimi hörmət edilməsini, təhqir olunmamasını, alçaldılmamasını tələb edirdi. “Qızılgül haqqında söhbətlər”də o deyirdi: “…qadın olaraq mən qadınlara qahmar çıxıram… Və məhz qadın olduğum üçün bu mübahisələrdə təcrübəmə əsaslanaraq mən daha çox haqlıyam, nəinki təcrübəsi olmayanlar…”
Kristin de Pizan 1430-cu ildə vəfat edib, onun yaradıcılığı sonrakı əsrlərdə Fransada Mari Madlen de Lafayet, Marqarita de Valua, Madam de Sevinye, Madlen de Skyuderi, Mari Dyudeffan, Jorj Sand, Sofi Kotten, Kolett, Simona de Bovuar, Fransuaza Saqan kimi onlarla qadın yazarın yetişməsi, formalaşması yolunda atılmış ilk addım olub.