İnsan ruhunun umudsuz xəstələndiyi yerdə Yer qanunlarının qüvvəsi də “yuvuşayırmış”,qanunun “vuran qolu “qəfil iflic vurmuş kimi “boşalırmış.”
“İnsan Allaha inandığı kimi, Allah da insana inanıb.
Allahın bizi çox sınamağı da bəndəsinə daha çox inanmaq istəyindən doğur.”
“Rəqibin gücünü hesablamadan öz gücünə arxalanma, yoxsa gücdən düşüb arxaya qalarsan.”
Bu fikirlərin müəllifi nə Platon, nə Balzak, nə də ki, Aristoteldir.
Bu fikirlərin müəllifi kökü kökümüzdən, qanı qanımızdan, sözü sözümüzdən olan yazıçı Bahəddin Həzidir.
Kimdir Bahəddin Həzi?
Mənim üçün insanların daşıdığı yüksək titulların, tutduğu vəzifənin, sahib olduğu adların heç bir əhəmiyyəti yoxdur. Əgər o insanın özünəməxsus düşüncələri yoxdursa.
Əslində insanın aradığı hər nəsnə, hər şəkil, hər surət düşüncədən asılıdır.
Dəyərli yazıçımız Seyran Səxavət Bahəddin Həzi haqqında deyir:
“Qələminin qüdrətinə, yazısının mükəmməlliyinə heyran qalmışam. Bu, Allahın Bahəddinə verdiyi, hər bəndəsinə “qıymadığı”, bəlkə də etibar etmədiyi səmavi bir xasiyyətdir.
Sözün halına zərrə qədər acımadan onu, yəni Sözü quldarlıq dövrünün qəddar qanunları ilə “qul kimi”, özü də “qara qul” kimi işlədir. “
Mən isə deyirəm:
Bahəddin Həzi sözləri sıravi əsgər kimi sətirlərə düzməyi bacaran mükəmməl Söz Adamıdır!
Sanki sözlər qələmin ucunda Onun hücum əmrini gözləyirlər, savaşmağı gözləyən əsgərlər kimi…
Qalibiyyət yalnız müharibələrdə olmur.
Bu dünyada SÖZlə qalib olanlar da var – Bahəddin Həzi kimi!
“Mahayana təlimi deyir ki, fikir gücümüz hara cəmləşibsə, həmin an dünya ordadır. Başqa sözlə biz daxili gücümüzlə dünyanı istədiyimiz nöqtəyə daşıyırıq.
Məsələn Şuşa azad olunan gün bizim üçün dünya Şuşa boyda idi.”
Bu cümlələri oxuyarkən sanki dünyanın Şuşa boyda olduğunu deyil də, Şuşanın dünya boyda olduğunu hiss etdim.
“Ayıq intellektualların öz milləti qarşısında, hətta İnsanlıq qarşısında həqqiqət öhdəliyi var.
Və bu həqiqəti çığırmadan, bağırmadan, isterikasız, aqressiyasız…ifadə etmək öhdəliyi də həmçinin.
Təhlükəsiz və firavan bir cəmiyyətə çatmaq ücün səlahiyyətli idarəçilərin və həqiqətə borclu intellektualların bir-birinə ehtiyacı var. Dünyanı yüksək ( həm də ortaq) ağıl ayaqda tutar. Deməli, bizi də İQ(ay-kü) xilas edəcək, HAY-KÜY yox!..”
Ağılı kamilləşdirmək üçün öyrənməkdən daha çox, düşünmək lazımdır. Düşündükcə ağıl daha çox qidalanır.
“Göyün cazibə qüvvəsi” inin də əsas mahiyyəti budur, oxuduqca daha çox düşünürsən.
Elə bir zamanda yaşayırıq ki, yeni sözlər söyləmək, yeni sözlər yazmaq o qədər də asan iş deyil.
Bahəddin Həzi “Göyün cazibə qüvvəsi ” ilə bunu bir daha sübut etdi.
Düşüncələrinin əlbisəsi olan sözləri o qədər gözəl geyindirib ki, oxuduqca hər cümlə yeniliklərə yelkən açır.
“Ömür beşiklə məzar arasında zaman yolçuluğudursa, zamanı tələsdirməyək. Zamanı tələsdirsək, həyata gecikərik.
Həyata gecikməmək ümidi ilə…”
Kitabda müəllifin son sözləri bu cümlələrlə bitir.
Kitabı sevə-sevə, həvəslə oxuyan bir oxucu olaraq demək istəyirəm ki, Sizlər də kitabı oxumağa gecikməmək ümidi ilə…