17 may üçün – yubiley yazısı
Əziz dostlarım və məni oxuyanlar!
Bu gün bir azca sevinirəm də..
Ömrümdən getsə də, yaşım üstünə yaş gəlsə də, hər il bu günün huzurunu yaşayıram. Uşaqlıqdan bu yana naz-nemət içində bəslənmək, hər çağırışına „can“ kəlməsini eşitmək, dünyanın saf duyğularını dönə-dönə yaşamaq həyatımın unudulmaz çağları olub…
Keçmişin xatirələrində yaxşı və xoş olan nə varsa, onlar mütləq ki, arzuladığın, dilədiyin ən xeyirli şəkildə gələcəyinə də yansıyar. Bəlkə sıxıntı, kədər, bir sıra çatışmazlıqlara təbəssümlə göz yumdum deyə, onlar məndən adətən çox uzaq oldular. Sevinclə, sevgi ilə yaşamağı üstün tutdum. Həyatı öyrəndim. Nə qədər çox öyrəndimsə, o qədər də az bildiyimin qənaətinə vardım.
Hələ də öyrənməyə davam edirəm…
Daha yaxşı məziyyətləri xarakterimdə inşa edə-edə ruhumun şəklini yenidən qurdum. Özümdə – daxilimdə ikinci mən yaratdım. Onu cismin ağrılarından, ağlın uydurmalarından, qəlbin sıxıntılarından uzaq tutdum. Qayğılı -şirin ümidlərlə bu çağıma gətirdim. Peşimanlıq hissini uzaqlardan izlətdim. O da yaxın gələ bilmədi…
İndi ömrün müdrik yaşına doğru gedirəm…
Üç övladımın anasıyam. Onlara bildiyim yaxşı və vacib olanları öyrətməkdən yorulmuram. Bu haqqı məzaracan ödəməyə borcum və sözüm var. Sonluğun yaxşı olacağına çox inanıram. Torpağa əkilən hər toxumdan mütləq ki, bir nemət cücərəcəyinə əmin olduğum kimi…
Yaşamağı, həyatı sevirəm. Ədəbiyyata şahmata, xüsusilə də musiqiyə vurğunam! Dua etmək, azan səsini yorulmadan dinləmək ruhumu heç vaxt tərk etməz!
Xoş avazın heyranıyam… Bəzən bütün mənalarda SƏSin enerjisi mənim üçün HƏR ŞEYdir!
Uşaqların dünyası ilə təmasda hədsiz xoşbəxt oluram. Bərabər oyunlara qoşulanda onlardan bəzən heç seçilmərəm.
Maraqlı obsessiyam var; zamanın içində cüt və qoşa rəqəmlərlə oynamağı sevirəm.
Bunu müşahidə edən yaxın dostlar və doğmalar da hiss edib. Yemək masasında istifadə etdiklərimdən dairə düzəldərəm… İpin üstünə asdıqlarımın sancaqlarını öz rəngində seçməyi sevərəm və sr…
Bunlar Mehmet Nuri Parmaksız təbiri ilə desək, az olan çoxlarımdır!
Özüm üçün qurduğum bu mexanizm nə zaman parçalansa, yalnız özüm qurula bilərəm…
Yalnız ÖZÜMÜN təkrarı ola bilərəm…
Dərin hörmət və ehtiramla: sizin Gülər!