AKİF ŞAHVERDİYEV
2 aprel 1959 – 13 iyun 2018
Hərbi jurnalist, ədib, pedaqoq, ictimai xadim Akif Bəşir oğlu Şahverdiyevin həyat və yaradıcılığını özündə əks etdirən “Akif Şahverdiyev” (monoqrafiya) kitabını bir daha nəzərdən keçirirəm. Giriş, XII fəsil, Nəticə hissələrindən ibarət 402 səhifəlik kitabda əsasən vətənpərvərlik mövzusu geniş yer alıb. “Onun publisistikasında hərbi vətənpərvərlik məsələləri” fəslində jurnalistin 1990-cı illərdə Qarabağda gedən döyüşlərdə şahidi olduğu ürəkağrıdıcı mənzərələr, zabit və əsgərlərlə müsahibə, eləcə də müstəqillik dövrünə qədəm basmış xalqımızın ağır günləri öz əksini tapıb. Vətənpərvərlik mövzusunda yazılan məqalələrdə Azərbaycanın hərbi mətbu orqanı olan “Xalq Ordusu” qəzetinin tarixi (sonradan “Azərbaycan ordusu”), uzun illərdən sonra doğma vətəninin hərbi hissəsində keçirilən “Andiçmə” mərasiminin həyəcanı, 1990-ci il qanlı 20 yanvar gecəsində xalqın birliyi, Azərbaycanın ilk hərbi operatoru, Hərbi Hava Qüvvələrinin tarixi, Hərbi Dəniz Qüvvələrinin tarixi, Nargin adasına səfəri, Ağdamdan köçkün düşən insanların aqibəti, Laçın dəhlizində “Baş tutmayan əməliyyat”, Ağdərə istiqamətində baş verən gərginlik və qədim Şuşa şəhərinin nisgilindən söhbət gedir.

Döyüş bölgələrinin birinə (Tərtər-Ağdərə istiqaməti) ezam olunan jurnalist ətraf gözəlliyi seyr edərək “Kaş bu yerlərə ezamiyyətə yox, məzuniyyətə gələydim” – deyə köksünü ötürüb…
“Səslədim ötən illəri” adlı məqalədə (“Ziyalı” qəzeti, 21-27 fevral 2002-ci il) qədim Şuşa şəhəri ilə bağlı xatirələrindən yazıb. 1980-ci ildə qonaq kimi getdiyi Şuşa şəhərini bir daha görə bilməyəcəyini düşünəndə az qalır ki, bağrı yarılsın: “Bəzən keçən günləri xatırlayanda adam qeyri-ixtiyari gülür, üzü nurlanır, bəzən “gəmisi dəryada qərq olmuş” kimi görünür, bəzənsə keçən günlər yada düşəndə adam göyüm-göyüm göynəyir”… “Şuşaya bir günlük səyahətimdən sonra fikirləşirdim ki, Şuşa mənimdir, nə vaxt istəsəm gedib gəzə bilərəm. Körpə balalarımın bir az böyüməyini gözləyirdim ki, onları da aparım Şuşaya. Qoy mən gəzən, mən görən yerləri onlar da görsün. Apara bilmədim…”
“Ən yaxşı müdafiə hücumdur” məqaləsində (“And” qəzeti, 21-28 noyabr, 1998-ci il) “Döyüş oldu-olmadı, hərbçi həmişə döyüşə hazır olmalı, hərb elmini bilməli, fiziki, texniki hazırlığını artırmalıdır” fikrinə əsaslanaraq sonda bir neçə qəhrəman oğulların adlarını qeyd edərək daha məntiqli bir mövzuya toxunur:
“İgidlik və qəhrəmanlıq göstərmək üçün Azərbaycanın oğulları çoxdur. Lakin adlarını çəkdiyim və çəkmədiyim yüzlərlə zabitin hər birinə meydan verilsə, fədəkarlığı düzgün qiymətləndirilsə, necə deyim, hərə öz layiqli yerində olsa, onda Qarabağı döyüşlə almaq bizim üçün heçnədir. Əlbəttə, unutmayaq ki, ordu quruculuğu prinsiplərinə əməl edilməsi, qüdrətli sərkərdə əsas və başlıca şərtdir”.
Bəli, bu gün yüzlərlə zabit və əsgərlərimizin qəhrəmanlığı, fədakar Azərbaycan xalqının birliyi və ən əsası şəhidlərimizin qanı bahasına Qarabağ torpaqları işğaldan azad olundu. Akif Şahverdiyevin Şuşa şəhərinə övladları ilə birlikdə səyahət etmək arzusu Qarabağ uğrunda döyüşlərdə iştirak edən oğlu Qorqud Akif oğlu Şahverdiyevə nəsib oldu. O, çiçəklənən arzulara fəxr edərək: “Qarabağ bizimdir!”, “Qarabağ Azərbaycandır!” – deyə dünyaya hayqırdı.
Ruhun şad olsun, Ustad! Qələbə nümayişinin gerçəkləşdiyi bir gündə zəfər müjdəsi ilə dalğalanan Azərbaycan bayrağının xəfif küləyindən titrəyən nəmli al-qırmızı qərənfillər, ruhuna hədiyyə olsun!
Gülər Eldarqızı