.....

.....

Gülnarə Sadiq

Gülnarə Sadiq

Dünəndən bu günə…

Hər qulun cahanda bir pənahı var,
Hər əhli-halın bir qibləgahı var,
Hər kəsin bir eşqi, bir Allahı var,
Mənim Tanrım gözəllikdir, sevgidir. (H. Cavid)

Bəli, dünyanı gözəllik və sevgi xilas edəcək. Çünki bəşəriyyətin özülü təməli sevgidir. Ədəbiyyatımız qədim zamanlardan bu günə qədər sevginin aliliyini, müqəddəsliyini tərənnüm edib. Tarixə iz salmış insanlar haqqında oxuduqca yalnız bir qənaətə gəlmək olar – tarixdə yaşayan bütün insanların yaşama səbəbi dərin bir sevgiyə dayanır, dostluğa dayanır. Güclü dostu olanın düşməni daha diqqətli, daha qorxaq olar.  Bəzən yoxsulluq, talesizliklər, xəstəliklər zamanı insanlar dostluğu yeganə sığınacaq kimi görürlər. Bəzən də dostluq gəncləri səhv yola düşməkdən çəkindirir, yaşlıların da zəifliklərindən qaynaqlanan məhdud hərəkət imkanlarını və qayğıya ehtiyac duyduqlarını nəzərə alanda, dostluq onlar üçün də vacibdir; dostluq həmçinin ilk növbədə xeyirxah əməllər törədənlərə kömək edir, belə ki, “iki nəfər birlikdə” daha yaxşı düşünə və hərəkət edə bilər”. – bu fikirlər 2000 ildir ki, dünyaya dərs verən Aristotelə aiddir. Bəli, demək, dostluğun fəlsəfəsi hardasa dünya ilə həmyaşıddır. Aristotelin ən sonuncu dostluq forması belə görünür, seçimdə ən yaxşısıdır. Bu növ dostluq fayda və ya həzzdənsə, insanın əziz tutduğu fəzilətlərin qarşılıqlı qiymətləndirilməsinə əsaslanır. Bu cür dostluqda insanların özləri və təmsil etdikləri dəyərlər həyatda onlara stimul verir.

“Fəzilətə əsaslanan dostluq vaxt və etibar tələb edir. Onlar qarşılıqlı inkişafdan asılıdırlar”. Bu münasibət qısa deyil, uzun müddət ərzində sınaqdan çıxır və belə bir dostluğu qurmaq üçün isə bir qayda olaraq, hər bir insan daxili xeyirxahlığa, yüksək mənəvi keyfiyyətlərə malik olmalıdırlar. Yalnız bu zaman ortaya güclü dostluq və uğurlu bir həyat ortaya çıxır.

Yaradıcı düşüncələrin dostluğu isə bir başqa fərqli olur, onun ləzzəti, verdiyi qüruru sözlərə düzmək olmur. Empatiyadan və başqalarına qayğı göstərməkdən tutmuş, qəlbin incə siminə toxunmağı bacarmaq duyğu və düşüncələrinlə insanlara təsir etmək yaradıcı düşüncəni fərqli edir, onu daha da həssaslaşdırır. Bu hisslərdən məhrum insanlar nadir hallarda bu cür münasibətlər qura bilərlər, çünki onların seçimi əsasən faydaya əsaslanır. Ümumiyyətlə isə, fəzilətli dostluğun qurulması üçün vaxt və etibar tələb olunur. Onlar qarşılıqlı inkişafdan asılıdırlar.

Dostluq haqqında bir az çox danışdım, çünki bu gün yaşadıqlarım dünən qazandıqlarımın bir təcəssümüdür. Yaxşı yadımdadır, Aysel Nəsirzadə ilə birlikdə “Zərif Kölgələr” layihəsinə ilk dəfə başlayanda uzun-uzun müzakirələr edirdik, layihənin hər detalını tam dəqiqliklə həyata keçirməyə can atırdıq, çünki atdığımız addım ürəyimizcə idi, sevdiyimiz iş üçün gecə-gündüz çalışdıq və nəticə mükəmməl idi – “Zərif Kölgələr I” Azərbaycan xanım yazarlarının antologiyası – işıq üzü gördü. Eyni zamanda çox yaddaqalan və möhtəşəm bir təqdimatla oxucuların ixtiyarına verildi. Həmin təqdimat yaxşı yadımdadır, iştirak edən hər bir ziyalıdan aldığımız xeyir-dua, Azərbaycan xanımına verdiyimiz dəyər sanki bizim kiçik dünyamıza bir stimul oldu. Bundan sonra addımlarımızı daha imanla və qətiyyətlə atdıq. Bununla da kifayətlənmədik – layihəmizi gücümüz çatdıqca təbliğ etdik, respublikanın bir çox şəhər və rayonlarının dövlət kitabxanalarına, o cümlədən Asan Xidmət Mərkəzlərində təşkil olunan bir çox layihələrə təqdim etdik. Beləliklə, “Zərif Kölgələr” böyüdü, inkişaf etdi.

Qürurverici məqamlardan biri də ondan ibarətdir ki, “Zərif Kölgələr”də əsərləri nəşr olunan xanımların çoxunun ədəbi bir mühitə ilk addımları oldu və bu ilk addımlar zamanla həmin yazarların qələminin inkişafını gördükcə bizim qəlbimiz və ruhumuz qürur hissinin ən gözəlini yaşadı. O gündən bu günə xanımlarımızın bir çoxu dövrü mətbuatda çap olunmağa başladı, bir sıra birliklərə, o cümlədən, AYB-nin üzvü oldu, bəzilərinin kitabları nəşr edildi. Düşünürəm ki, ən böyük uğur elə budur – bizlər xanım yazarlarda özünə inam və inkişaf yolu ilə addımlamağın ilk pillələri olduq.

Beləcə uğurlarımızdan ilhamlanaraq “Zərif Kölgələr II”ni oxucuların ixtiyarına verdik. Bu illər ərzində xalqımız ən ağır sınaqlardan keçdi – ağır pandemiya dövrü, ardınca 44 günlük Zəfər savaşımız – bu illər zəriflərin dostluğunu daha da möhkəmləndirdi, daha da irəli apardı. Bu dostluğun bir sübutu isə “Zərif Kölgələr”in III buraxılışı oldu. Bu sayda biz vətən qəhrəmanları haqqında yazılmış əsərləri bir araya topladıq. Bu işdə bizim ən böyük dəstəkçimiz isə Həmidə Yaqubova oldu. Həmidə nəinki bu illər ərzində bizim ən yaxınımızda oldu, eyni zamanda maddi dəstəkçimiz də oldu.

Bu günlərdə artıq “Zərif Kölgələr”in IV sayı çap edildi. Bu illər ərzində əhatəmiz genişləndi, artıq biz Azərbaycan daxili yox, həm də vətənimizin hüdudlarından kənarlara çıxdıq, Turan dünyasının xanımlarını vəhdətdə toplamağı qarşımıza məqsəd qoyduq. İlk olaraq Cənub Azərbaycan xanımlarını cəlb etdik. Ardınca isə türk xalqlarının xanım yazarlarını ətrafımızda toplamağa qərarlıyıq – və biz bunun hər birini sırf dostluğa dayanan bir güclə etdik. Mənə görə bizim ən böyük uğurumuz da elə budur. Dünənimizdən bu günümüzə qədər yol alan güc mənbəyimiz birliyimizdir. “Zərif Kölgələr”imizi daha da irəlilərə aparmaq arzuları ilə, əziz ZƏRİFLƏRİMİZ yaxşı ki varsız…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *