.....

.....

Həyat, yoxsa motivasiya? – Vüsal Hicran

Həyat, yoxsa motivasiya? – Vüsal Hicran

Həyat, yoxsa motivasiya?
Hamı psixoloq,sosioloq kimi danışır,özü kimi danışan adamlar həyatımızda az olduğu üçün bu həyatı təsvir edən ədəbiyyatdakı obrazlar da mühakimə üslubunda danışırlar. Motivasiya kitablarını oxumaqla özümüzü,varlığımızı,təbii insan hisslərimizi başqalaşdırmaqla məşğuluq və təəssüff ki, bununla da fəxr edirik.Biz az kitab oxuyan bir xalq kimi əbəbi-bədii üslubda cümlələr qurmaqda çətinlik çəkirik,amma elə ki,psixoloji travmalardan dəm vururuq,bax onda oluruq dil pəhləvanı. Bəzi insanların düşdüyü aciz vəziyyət(boğulan birinin saman çöpündən yapışması kimi) psixoloqları öz gözlərində dühaya çevirir və onların məsləhət gördüyü motivasiyaedici kitabların əksəriyyəti bu yaraları hardasa sağaltmaq əvəzinə daha da dərinləşdirir.
İki kitabdan nümunə:
Motivasiyaedici kitabdan:”Arzu və imkanlarını,dünənini və sabahını,itki və mənfəətlərini analiz edərək planlarını gerçəkləşdirə bilərsən”.
Bu cümlələri oxuyanda xalqın cibinə girən və yüksək faizlə borc içində boğulan bir ailənin olan-olmazımı əlindən alan bəzi bankçıların hədə-qorxu ritorikasını xatırlayırsan.
Bədii əsərdən:
-Qızım,sənin adın nədir?
-Kozetta..
-Sənin anan var?
-Bilmirəm,cənab,bəlkə də,heç vaxt olmayıb.
-Bəs səni bu ağır işin dalınca kim göndərib?
-Tenardye qarı.
-Məgər onun başqa uşaqları yoxdur?
-Var,cənab.Onların gözəl kuklaları var…

Burada da faizlə xalqın cibinə girənlərdən daha amansızı var-Tenardye qarı və hətta yuxarıdakı parçadan daha hüznlü və ağrılıdır. Pul əvəzində girov qoyulan və həmin amansız-zamansız kimsəsizliyin oyuncağa çevirdiyi Kozetta var! Böyük Hüqonun lirizmlə yoğurduğu bu ürəkyandıran epizodu ruhuna içirdən hər kəs həyatda yoxsulluğun nə oluduğunu hiss edir və hər dəfə elə uşaqları görəndə Kozetta kimi yoxsulluğa yuvarlanır.Bədii əsərin fövqəltəbii gücü budur.Bədii əsər motivasiya kitablarından fərqli olaraq ,bizim onsuz da tarım çəkilmiş əsəblərimizlə oynamır,bədii əsər ruhun dərmanı,tunelin o başındakı işığın varlığına bizi zorla deyil,bütün səmimiyyət və məsumiyyəti ilə inandıra bilir, inandırıb dəyişir,sevdirir,həyatın dibsizliyindən tutub çıxmaq istədiyimiz bağların qırılmaz olduğuna əminlik yaradır.
Gəncə! Xan bağı!Havası şeir qoxuyan sisli,tutqun və üzgün payız! Bu antidepressant ortamda skamyaların birində oturub kitab oxuyan gənc!
Ömrünün aprel ayını yaşayan bir gəncin əlində qalın bir kitab gördüm: “Vicdanlı ol!” Aristoteldən Dekarta,qədim mətnlərdən postmodernizmə qədər bütün fəlsəfi,bədii və elmi mənbələrdən vicdan haqqında qiymətli aforizmləri seçib bu kitaba toplayıblar:
-Tələbəsən?
-Bəli!
-Adın nədir?
-Ömür!
-“Vicdan susanda” əsərini oxumusan?
-Xeyr.
“Cinayət və cəza”nı oxumusan?
-Xeyr.
-“Aclıq”romanını oxumusan?
-O kimindir?
-Knut Hamsunun?
-Oxumamışam.
-Əziz tələbə,bəs “Məni itirməyin” hekayəsini?
-Xeyr. Oxumamışam,amma müəlifinin İsmayıl Şıxlı oludğunu bilirəm.
-Oxu,bu əsərləri oxuyanda vicdan hissinin nə zaman dilə gəlib bizi sorğu-sual etdiyini görəcəksən.Orada vicdanı və vicdansızlığı təlqin edən həyatın özü var.
Tələbə kitabı bağladı və telefonda “Məni itirməyin” hekayəsini oxumağa başladı:
-Ucadan oxu,mən də dinləyim.
(hekayənin sonu)
-Su gülə-gülə dilləndi:
– Harada çəmənlik, yaşıllıq görsəniz, məni orada axtarın.
Od dedi:
– Harada ocaq, bacalardan burulub çıxan tüstü görsəniz, bilin ki, oradayam.
-Bəs səni itirsək, necə tapaq, ay Vicdan?
Vicdan köksünü ötürüb üfüqlərə baxdı və titrək səslə dilləndi:
– Amanın bir günüdür, məni itirməyin, itirsəniz, tapa bilməzsiniz.
Qayıdaq motivasiya olunub gerçək həyatından olanlara.
Bu gün sosial şəbəkələrdə aşağıdakı xoşagəlməz hallardan danışan məqalələr yetərincədir:
-milyonçu olmağın sirlərindən bəhs edən kitab müəllifinin dilənçi vəziyyətində küçələrdə dolaşmasından;
-dostluğun qanunauyğunluqlarından bəhs edən bestseller müəllifinin dostlarının xəyanəti nəticəsində öldürülməsindən;
-motivasiya kitabında sağlam olmağın faydalarını aləmə car çəkən həkimin adicə sətəlcəmdən vəfat etməsindən və s.
Cəmiyyətin mənəvi-əxlaqi kodekslərini bədii əsərə gətirən sənətkarların əsərləri təkcə aforizmlərdən ibarət olsaydı,bir yığın sözdən,quru nəsihətçilikdən ibarət olardı.Biz Nizami,Servantes,Şekspir,Tolstoy,Dostoyevski kimi müdriklərin aforizmlərini onların yaratdığı obrazların yaşantıları ilə iç-içə olduğu üçün bu qədər uca tuturuq.
Mən motivasiya kitablarını insansız evlərə,tərk edilmiş kəndlərə bənzədirəm. Orada yaşantının hekayələri var, adı yoxdur. Ora heç bir yol başlamır,ora bir adam da gəlmir. Dünya şöhrətli Lev Tolstoy deyirdi: “Bütün möhtəşəm hekayələr iki cür başlayır: Ya bir insan bir yola çıxır, ya da bir şəhərə yad bir adam gəlir”.
Sevgi və nifrət mövzusunda nə qədər sxematik cümlələr,motivasiyaedici parçalar var,amma “nifrətə sevgidən çox inanıram,çünki onun saxtası olmur” isterikası ilə yaşayan və fiziki cinayətdən mənəvi cəzaya qədər upuzun yol gedən Raskolnikovun yaşantıları elə həyatın motivasiyasıdır.İstənilən motivasiyalar ədəbi həqiqətlərə söykənmədikcə unudulmağa məhkum olur.
“Yaxşılıq və pislik” mövzusunda yazılmış motivasiyaedici kitabdan:
-Pilslikləri unudun,yaxşılıqlar gec-tez qələbə çalır…(bu cümlələrlə başlayan yüz səhifəlik kitab)…
Sevdiyim yazıçı Borxesin “Mif” adlı balaca hekayəsini bu yüz səhifəlik yüz kitaba dəyişmərəm:
Hekayəni birlikdə oxuyaq:
Habil və Qabil, Habilin ölümündən sonra təzədən görüşdülər.Səhralıqla yol gedirdilər və uzaqdan bir-birlərini tanıdılar, çünki ikisinin də boyu uzun idi.
İki qardaş yerdə əyləşdilər, bir ocaq da qalayıb yemək yedilər. Qürub çağı yorğunluqdan üzülmüş insanlar kimi sükutu pozamadan dayandılar.
Göy üzündə hələ ki adı qoyulmayan bir neçə ulduz görünməyə başladı. Qabil ocağın gur işığında Habilin alnındakı daşın izini gördü və ağzına aparmalı olduğu çörəyi qırağa atıb günahının bağışlanması üçün yalvardı.
Habil cavabladı:
– Sənmi məni öldürdün, yoxsa mənmi səni? Xatırlamıram; burada əvvəlkitək yenə bir yerdəyik.

– İndi bildim məni həqiqətən bağışladığını, dedi Qabil, çünki unutmaq, bağışlamaqdır! Mən də unutmağa çalışacağam!
Habil yavaşca danışdı:
– Doğrudur. Peşmanlıq qaldıqca, günah da qalar.(Tərc.M.Tanhu).
Tələbə demişkən,sonda bir xatirəni də bölüşmək istədim:
Tələbəm Ucal məndən Dostoyevskinin “Cinayət və cəza”romanını istəmişdi.
Kitabı ona verməzdən öncə kitabın
arasına bir qarış ip qoydum və
dedim ki,bu ipi itirməzsən.
O da kitabı oxuyub özümə qaytardı və dedi ki, ipi gətirəsi olmadım,yelləncəyin
ipini bir az da uzatdım.
Əsəri başa düşdüyünü anladım.
Dostoyevski deyir:Bir ipdən özünü asmaq üçün də istifadə edə bilərsən,yelləncək düzəldib əylənə də bilərsən!
Sayğılarımla!