.....

.....

İllərin əlindən başqa nə gəlir – Rəfiqə Abbasova

İllərin əlindən başqa nə gəlir – Rəfiqə Abbasova

İllərin əlindən başqa nə gəlir…

İllər insan ömrünə güzgü tuturmuş. Yaşadığın həyatda birər-birər özünü diqtə edirmiş.
Fırtınalara sinə gərib həyata gülümsəyən adam!
Dəniz kimi sakit, dalğalar kimi çılğın kapitan!
Sözün sehrini duyan, insanlığa aşılayan narahat şair!
Nəhayət dostlarına tən gələn insan!
Bütün bu məziyyətləri ilə istər dənizçilikdə, istər ədəbi aləmdə, istər insanlıqda sözünü deməyi bacaran FAİQ BALABƏYLİ…
Cəmiyyətdə sözünün ağası kimi tanınan, şərəfli bir tarixi salnamənin mərkəzində özünə layiqli yer tutan, Vətən sevdalısı, Vətən oğlu !
Ədəbiyyatda, publisistikada, dənizçilikdə, cəmiyyətdə öz sözünü demiş tanınmış bir imza!
Sizin haqqınızda o qədər xoş sözlər söyləmək, yazmaq olar ki…
Vətənini, torpağını, xalqını dərin məhəbbətlə sevən Faiq Balabəylinin obrazında bir vətən fədaisinin haqqında yazmaq, danışmaq asan olduğu qədər də çətindir.
20 yanvar 1990-cı il “Qanlı yanvar” gecəsində dənizçi dostlarınızla birlikdə göstərdiyiniz şücaət özü həyatınızda yaranan və yaddaqalan tarixin möhtəşəm bir hissəsidir:

Sıyrıldım, qınımdan çıxdım bu gecə,
Qaynadım, qanımdan axdım bu gecə.
deyən şair bir qəhrəmanlıq mücəssəməsi kimi gözümüzün önündə mətin bir insan surəti yaradır.
Hörmətli Faiq müəllimin şeirlərini oxuduqca, onun həyatı və yaradıcılığı ilə daha yaxından tanış oluram.
Onun sözü də, şeiri də, ruhu da vicdanından doğan bir səsin, azadlığın notlarının improvizisiyasıdır. Ləpələrin şıltaqlığına gülümsəyən adamın həm ruhu, həm sözü, saflığı, dürüstlüyü, səmimiyyəti o qədər ürəyəyatımlıdır ki, başqa şərhə ehtiyac qalmır. Əvvəlcə şeirlərinin ruhu ilə tanışlığım bu yaradıcı şəxsiyyətin haqqında maraqlı bir görüşün tarixçəsinin meydana gəlməsi ilə özünü tamamladı, desəm yanılmaram. Nə yaxşı ki, tanıdım sizi, hörmətli Faiq Balabəyli.
Sizinlə tanışlıq bu çətin zamanlarda hələ insanlığın ölmədiyini, mənəviyyatın deqradasiya olmadığını bir daha sübut etdi. Müxtəlif dönəmlərdə yazılan müxtəlif səpgili şeirlərinizi oxuduqca dünən, bu gün və gələcək gözlərim önündə canlanır. Sanki bu şeirlər dünyaya, cəmiyyətə, insanlığa başqa rakursdan yanaşmağı insana təlqin edir. Şeirlərinizin sadə dili oxucunu özünə çəkir, mütləq oxumağa, düşüncə dənizində şahə qalxan dalğalar kimi öz burulğanına salmağa, içərisindən üzü ağ çıxmağa sövq edir. Və elə sizin dilinizin sadəliyi, insanlığınızın səmimiyyəti, böyüklüyünüzü, sözə sevginizi, ədəbiyyatda layiqli biri olmağınızı büruzə verir.

Sizin məndən xəbəriniz olmadı,
Harda idim, necə bir gün yaşadım.
Üz-gözümdə sevinc vardı, amma ki,
Ürəyimdə necə küsgün yaşadım,
Sizin məndən xəbəriniz olmadı…
Hörmətli Faiq müəllim, yaşadığımız şair ömründən heç kimin xəbəri olmur, bəlkə də elə olmasa yaxşıdır. Şair ruhu, şair ömrü özünəməxsus dəsti-xətti ilə maraqlı olur, özününkü olur, bu cür sevilir, könüllülərə yansıyır.
Ömrünüz uzun, günləriniz xoş, əhvalınız gözəl olsun. Sizə bundan sonra da bol yaradıcılıq uğurları, müvəffəqiyyətlər arzulayıram. Hələ sizi qarşıda yazmadığınız şeirlər, macəralarla dolu dəniz səyahətləri gözləyir. Həyat eşqiniz sönməz olsun, çox uzun illər firavan yaşayın, yazın, yaradın. Oxucularınızın zövqünü yazdığınız gözəl kəlamlarla oxşayın. Öz ömrünüz də, söz ömrünüz də uzun olsun. Ömrünüzü bəzəyən sanballı illər həyat amalınız olsun.

Rəfiqə Abbasova
şair