.....

.....

İranda şair Səadət Qəribin “YANIQLI BİR BAYATIYAM” adlı  şeirlər kitabı çap olundu

İranda şair Səadət Qəribin “YANIQLI BİR BAYATIYAM” adlı şeirlər kitabı çap olundu

Səadət QƏRİB – Rzayeva Səadət Arif qızı – Goranboy rayonunun Dəlməmmədli şəhərində 10 iyun 1970-ci ildə anadan olub. Orta məktəbi əla qiymətlərlə başa vuran Səadət xanım Gəncə şəhərində Qəmbər Hüseynli adına musiq məktəbində təhsilini davam etdirib. 3 kitab müəllifi, 2023-cü ildən AYB üzvüdür. Şeirləri Azərbaycan və Türkiyə saytlarında, qəzetlərdə, dərgilərdə mütəmadi olaraq dərc olunur. Şeirlərinə bəstələnmiş mahnılar Azərbaycanın titullu (Əməkdar, Xalq) artistlərinin repertuarına daxildir.Səadət QƏRİBin 4- cü kitabı Türkiyədə çapa hazırlanır. Türkiyə şeir yarışması qalibi, “Ziyadar” mükafatı laureatıdır.
3 kitabı Tehran şəhərində çap olunub. Və sadəcə azərbaycan dilində deyil, türk dilində yazdığı bir çox şeirə mahnı bəstələnib, və türk müğənniləri tərəfindən ifa edilir.

Həmçinin bu yaxınlarda İranda şair Səadət Qəribin “YANIQLI BİR BAYATIYAM” adlı yeni şeirlər kitabı çap olundu.Kitabın redaktoru Hüseyin Soytürkdür

Yanıqlı bir bayatıyam

Gecə yumub gözlərini
ulduzları sürükləyir.
Yuxum da bir himə bəndmiş,
o da məni silkələyir.

Ayrılığın vahiməsi
ləpələnir düşüncəmdə.
Ümidlərim çox titrəyib,
buz bağlayıb hər gecəmdə.

Təpikləyir addımbaşı
xatirələr yaddaşımı.
Sükut səsimə səs verir
İtirəndə mən başımı.

Qürurun qol-qanadını
bəzən qırmaq istəmişəm.
Vicdansız olan fələyin
saçın yolmaq istəmişəm.

Bəlkələrin tüstüsüylə
həsrət qoxubdur otağım.
Sənsiz qalan günlərimdə
şeir olur dərd ortağım.

İndi qərib ürəyimin
İçində qərib dünyayam.
Saz ruhunda zilə qalxan
yanıqlı bir bayatıyam.

Səadət Qərib