Azərbaycan ziyalıları azad, tamhüquqlu və savadlı qadın olmadan mütərəqqi cəmiyyət yaratmağın, ümumiyyətlə, xalqın problemlərinin həllinin mümkün olmadığını anlayır və dini təəssübkeşlərin hücumlarından çəkinmədən cəmiyyətin diqqətini qadın problemlərinə yönəltməyə çalışır, qızların çox erkən yaşda zorla evləndirilməsini, qadınların hüquqi və ictimai vəziyyətinin çox aşağı olduğunu tənqid atəşinə tutur və ən əsası, qadınlar üçün təhsil ocaqlarının yaradılmasının vacibliyini vurğulayırdılar. Ziyalılar, maarifçi və xeyriyyəçilər çox yaxşı anlayırdılar ki, qadın istər ailədə, istərsə də cəmiyyətdə özünü ifadə etmək üçün mütləq təhsil almalı, iqtisadi cəhətdən təmin olunmalıdır.
Bu fikirlərin geniş ictimaiyyətə çatdırılmasında, qadın hüquqları uğrunda, savadsızlıqla və ictimai həyatdan təcrid olunma ilə mübarizədə, şübhəsiz, ən böyük rolu Azərbaycanın dövri mətbuatı oynayırdı. Azərbaycan milli mətbuatında bu məsələ ilk öncə 1903-cü ildə görkəmli maarifçi, publisist, alim Məhəmməd Ağa Şahtaxtılı tərəfindən “Şərqi-Rus”qəzetində qaldırılır, daha sonra “Həyat”, “İrşad”, “Yeni İrşad”, “Tərəqqi” kimi qəzetlərdə də qadın savadsızlığı haqqında məqalələr dərc olunur, problemin həlli yolları araşdırılırdı. “Molla Nəsrəddin” jurnalı isə qadın azadlığı məsələlərində çox cəsarətlə dini təəssübkeşlərə qarşı çıxır, çadranın götürülməsi və qadınların kişilərlə tam bərabərliyi uğrunda mübarizə aparır, bu ağrılı mövzuda satirik yazılar və karikaturalar nəşr edirdi.
Azərbaycan mətbuatında qadın məsələsində ən əlamətdar hadisə dövrünün ziyalı xanımlarını öz ətrafında birləşdirən “İşıq” adlı qadın qəzetinin nəşri oldu.
İlk sayı 22 yanvar 1911-ci ildə çıxan “İşıq” qəzetinin naşiri publisist və hüquqşünas Mustafa bəy Əlibəyov, redaktoru isə Mustafa bəyin həyat yoldaşı, Zaqafqaziya Olginski Mamalıq və Ginekologiya İnstitutunun məzunu Xədicə xanım Əlibəyova idi. “İşiq” qəzetinin nəşri Azərbaycan mətbuatının qadın azadlığı uğrunda apardığı mübarizənin təsirsiz ötüşmədiyini, qadın azadlığı tərəfdarlarının və qadınların özlərinin artıq ciddi bir ictimai gücə çevrildiyini göstərdi.
Qəzetin üz qabığında uşağın əlindən tutaraq günəşin doğmasına işarə edən çadralı bir qadın təsvir edilmişdi. Bununla qəzet naşiri insanların xoşbəxt gələcəyi üçün elm və təhsilin vacibliyinə işarə edirdi.
Amma ömrü qısa oldu… Material və abunəçi azlığı “İşıq” qəzetinin yeganə problemi deyildi. 1912-ci ilin yanvar ayında “İşıq” qəzetini radikal dindarlardan qoruyan Axund Molla Ruhulla Məhəmmədzadənin namaz qılarkən faciəvi şəkildə qətlə yetirilməsilə qəzet öz hamisini itirir və bu hadisədən üç ay sonra öz nəşrini dayandırmağa məcbur olur. Beləliklə, Azərbaycan qadınının ilk mətbu orqanı olan “İşıq” qəzeti 21 aprel 1912-ci ildə son nömrəsi ilə mətbuat aləminə əlvida deyir.
2012-ci ilin 11 yanvarında Azərbaycan mətbuatının ilk qadın mətbu orqanı olan “İşıq” yenidən nəşr olunmağa başlandı. MİMTA Fondunun milli irsimizi mühafizəsi istiqamətində fəaliyyətinin bir parçası olaraq jurnal formatında bərpa etdiyi “İşıq” 1 əsrin tamamında yenidən oxucularla görüşdü. Artıq ikinci ömrünün 14-cü ilində olan “İşıq” jurnalı bu illər ərzində 52 sayı ilə Azərbaycan qadınına, ailə ənənələrimizə, milli dəyərlərimizə böyük ehtiramın ifadəçisinə çevrilib.
