KİM NƏ BİLİR BU ÜRƏKDƏ NƏLƏR VAR…
Dünyamızin bir az qayğılı, bir az çətin zamanında söz yukünü daşimaq çox çətin və məsuliyyətlidir. Bu baxımdan söz adamları daha yüklü, daha dərd əhli olduqlarından onların üzərinə məsuliyyət bir daha çox düşür. Söz adamı olmaq, sözün yükünü çəkmək hər insana qismət olmur.Ona görə də deyirlər şairlər Tanrıya yaxın olurlar. Onların duyğuları, ilhamı, butası Tanrıdan gəlir. Belə bir Tanrı adamı ilə oxucularımızı da tanış etmək üçün gəlin onun söz dünyasına səyahət edək.
Arzu Tahirqızı Xasayeva Oğuz rayonunun Sincan kəndində müəllim ailəsində doğulub. O 1992 – çi ildə Sumqayıt Politexnik Texnikumunu bitirib.Bir müddət sənaye sahəsində çalışsa da, sonralar tale onu məktəb kitabxanasına gətirib çıxarır. Kitabların arasında olmaq, mütaliə ona çox şeyləri əxz edib.Arzu həm də kiçik yaşlarından sözə, şeiriyyata bağlı ruhda olub. Yazdıqlarını gizlətməyə çalışsa da, düz 24 ildən sonra söz adlı sevgilisi onu axtarıb tapıb..
Arzu xanım şeirlərində özüdü, duyğularını tam şəkildə tərənnüm etməyi bacarır.İndiyədək kitab çap etməməyi onun səhvi deyil.Sözü uca bilib, özünü gizlətməyi bacarıb, amma bu sôz elə bir varlıqdır ki, gələndə heç nəyə məhəl qoymur. “Sevgilərdən dünya quraq” adlı şeirlər kitabı şairənin ilk kitabıdır.Bu kitabda onun ömür yolunu nurlandıracaq o qədər gözəl, mənalı, bir – birindən maraqlı, poeziya yüklü şeirləri var ki..
Ömrünün bu yaz çağında çapa hazırladığı “Sevgilərdən ömür quraq” adlı şeirlər kitabını vərəqləyirəm. Hər sətrindən insanlıq, hər bəndində mərhəmət, hər şeirindən səmimiyyət, etibar yağan şeirlər mənə onun haqqında çox şeyləri pıçıldadı:
Kaş rəssam olaydım, çəkə biləydim,
Ömrümün rəsmini olduğu kimi.
Fırçam ağlayaydı, boyam axaydı,
Hər gecə gözlərin dolduğu kimi.
Sanki sətirlər Arzunun ürəyinin rəsmi kimidi..
Yazdım bu dunyanın qeylü- qalından,
Bizi ovsunlayan xoş yalanından.
Bir dəfə çıxmadım haqqın yolundan,
Tanrımla bölüşdüm qayğılarımı.
-dedi Arzu.
Növbəti şeiri yenə Allahla bağlı olduğundan bəndlər bir – birini tamamlayır:
Namusla çalışıb qazandım ad, san,
Yolunda qurbandı bu bədən, bu can,
Bərk tut əllərimdən gen düşən zaman,
Qoyma uzaqlaşım, yadlaşım, Allah.
Dünyanın dərd – şərini ürəyinin süzgəcindən keçirən, arzularını, ümidlərini hər an Allahı ilə bölüşən şairənin qəmi də, kədəri də bəşəridir. O öz daxili dünyasının ülvi hisslərini bəşəriləsdirməyi bacarır:
Zülmətə dönəndə gecəm, şəhərim,
Bəlkə utanıbdır bəxtsiz qədərim.
Gözümdə gizlənib qəmim, kədərim,
Səssizcə ürəyə ötürmüşəm mən.
Arzunun şeirlərində torpaqlarımız uğrunda canlarından keçən igid oğullarımızın xatirəsinə çoxlu sayda şeirə rast gəldim. Onun Azərbaycanla, vətənlə, yurd, yuva, el, oba ilə bağlı şeirləri insanın qəlbini riqqətə gətirir. Düşünürsən ki, bu xırda ürəyində nə qədər vətən sevgisi varmış Arzunun:
Yaradan gətirsin yurduma nəzər,
Ürəklər görməsin qəm, qüssə, kədər,
Mehriban yaşasın qoy bütün bəşər.
Sonsuz arzum deyir, diləyim deyir-
Salam Azərbaycan, sabahın xeyir.
Ürəyinin vətən odunu hər bəndində hiss etmək olur şairənin. “Vətən” şeirində oxuyuruq:
Dağların cənnətdir, düzün tamaşa,
Təbimi dindirir, gətirir cuşa.
Adın anam ilə çəkilir qoşa,
Dostluğun, barışın fədası vətən,
Ruhumun yerdəki xudası vətən.
Şair həm də bir ana olaraq yer üzündə sülhün hökmran olmasını istəyir. Növbəti şeirində deyir:
Arzu istər arzuları gül açsın,
Bağışlansın, qoy silinsin günahlar.
Xoş arzular dünyamızda dil açsın,
Yer üzündə məhv edilsin silahlar.
Gözəl arzudur, Arzu Tahirqızı bütün dünyanın analarının arzusunu qələmə alıb. “Dünyamıza günəş doğsun” adlı şeirində isə:
Gəl ey səhər, xoş gəlirsən,
Şəfəqindən sevinc yağsın.
Bulud almış, qəmə batmış,
Dünyamıza günəş doğsun-
deyir.
Arzunun bu səpkili şeirləri çoxdur. “Mən belə dünyanın nəyindən yazım”, “Nəyi varmış bu dünyanın”, “Bəxti qara şəhərim”, “Qoşa şəhidim”, “Azərbaycan zəfəriylə seçildi”, “Torpağına qurbanam” kimi şeirləri onun vətən sevgisini bir daha oxucuya yönləndirir. Arzu bir yandan “Nəyi var ki, bu dünyanın” deyirsə də, bir tərəfdən də dünyanın xətrinə dəyəcəyindən ehtiyatlanıb “Nə düşmüsüz bu dünyanın üstünə” deyir:
Hey taladıq dövlətini, varını,
Viran qoyduq bağçasını, barını.
Qorumadıq qeyrətini, arını.
Toxunduqca hey toxunduq şəstinə,
Nə düşmüşük bu dünyanın üstünə!?
Arzunun elə şeirləri var ki, onun hər sətrindən ürəyinin döyüntüsünü hiss etmək olar. Bir qadının, bir ananın, bir şairənin şeirində çəkdiklərinin etirafıdı bu:
Oğrun-oğrun qəm daşıyıb, qəm yedim,
Soruşana çox xoşbəxtəm, çox, dedim.
Ürəkdə közərib od alır dərdim,
İçi məni, çölü məni yandırır.
Və yaxud:
Mən könül almaqda olmadım xəsis,
Heç vaxt insanlarda yaratmadım küs.
Qatıb ovqatlara bir az bəzək, süs,
Dadsız söhbətlərə duz gətirmişəm.
Özü boyda, sözü boyda səmimiyyətlə yoğrulan şairənin şəxsiyyəti ilə yaradıcılığı üst-üstə düşür. Bir şeirində isə belə deyir:
Varmı belə məhəbbət?
Bu qədər ülvi olsun.
Anam məni doğub ki,
Dərdin də evi olsun.
Qısa və lokanik dillə oxucusuna özünü dərdlərinin evi olduğunu göstərir. Bəzən yaşamaq suç olan yerdə, Arzu, hədiyyədir ölüm, yağışda ağlamaq nə gözəl imiş, sənin göz yaşını görən olmayır, boğazımda dar ağacı, inanın, ölə bilmirəm deyən şairə başqa bir şeirində ruhən doğulur, ilahi bir sıçrayış edir:
Bir ümidin çətrindən,
Bir şeirin sətrindən,
Mən dərdlərin bətnindən
Doğuluram ilahi-
deyir.
Ömür qatarı irəlilədikcə Arzu bu qatarın vaqonlarında öz həyat tarixçəsini, şeirlərini yazır. Relsində şütüdüyü bu qatar onu hara aparacağını bilməsə də, duyğuları onu aldada bilməz:
Həyat adlı bir qatara minmişəm,
Yol gedirəm hara belə bilmirəm.
Dayanacaq axtarıram düşməyə,
Ha baxıram, bir nişanə görmürəm.
Elə sürət götürüb ki, bu qatar,
Ümidlərim, xəyallarım boğulur.
Öncəkilər mənzilinə yetməmiş,
Ürəyimdə yeni arzu doğulur.
Bu şeiri oxuyanda mərhum şairimiz, Səməd Vurğun yadigarı Vaqif Səmədoğlunun “Dünya nəhəng gəmidir” şeirini xatırladım.
Bu qədər sirli-sehirli, ağrılı-acılı həyatının içində öz sevgisini, ona əzab-əziyyət verən, onu tənhalığa məhkum edən, yuxusunu ərşə çəkən, sevgisini hər şeydən, bütün qada-baladan qorumağa çalışır Arzu:
Könlün ala bilsən bir şirin sözlə,
Bir dünya bağışlar baxışla, gözlə.
İncik düşsən əgər qəlbində gizli,
Bağışlaya bilsən, məharətindir.
Təpər et, həyatın getməsin boşa,
Xoş gündə, dar gündə addımla qoşa.
Birgə vura bilsən bu ömrü başa,
Bil, sənin mərdliyin şücayətindir-
deyir.
Vərəqləri aşırdıqca onun söz dünyasına bələnirəm. Şeirləri bir birini tamamlayır. İçdən gələn xoş, səmimi duyğular məni ovsunlayır:
Satılmayıb saxta ada, tərifə,
İnsanlıqla yoğrulubdur mayası.
İnandığı, ədaləti bildiyi,
Bir dünya var, o da haqqın dünyası.
Haqqın dərgahında əli tanrısına uzanan, hər vaxt ürəyini göyə açan, qadın, şairə, ana:
Solğun baxışında kədər kölgəsi,
Dərdi gözlərindən oxunan qadın.
Halını soruşsan titrəyər səsi,
Suallar qəlbinə toxunan qadın.
Sevinci çox qısa, gülüşü qırıq,
Taleyi uzaqdan oxunan qadın.
Qəlbi param -parça, hey sarıq-sarıq,
Baxıslar ruhuna toxunan qadın.
Arzu Tahirqızının yaradıcılığında vətənpərvərlik daha üst qatdadır. Onun şəhidlərimizə, vətənə, yurda aid şeirləri bir daha torpağına bağlılığından xəbər verir:
Tariximə siz yazdınız zəfəri,
Məğrur, igid Azərbaycan əsgəri.
Qırx dörd gündə mat qoydunuz bəşəri,
Hünəriniz boyunuza biçildi,
Azərbaycan zəfəriylə seçildi!
Və yaxud onun “Torpağına qurbanam” şeirində:
Vətən, burdan Göyçəyədək sancılan,
Dalğalanan bayrağına qurbanam-
deyir.
Onun ürək dağlayan “Qoşa şəhidim” şeirində:
Yağılara qan udduran, qan tökən,
Sədləri dağıdıb istehkam sökən,
Düşmənləri qabağında diz çökən,
Bir cüt qoşa şəhidin var, a kəndim –
deyir Arzu.
Onun “Azərbaycan, and yerim”, “Zəfərin mübarək Azərbaycanım”, “Vətənlərin gözəlisən”, “Mənim şanlı bayrağım”, “Zəfər günüdür”, “Mənim ordum”, “Sülh istəyirəm”, “Şəhidlər”, “Qırmızı gecə”, “Generalım”, “Şəhidlər xiyabanında”, “Şəhid atası”, ”Şəhid anası”, “Xocalıya qərənfil düzün”, “Cəbrayıl”, “Oğuzum” və digər şəirlərində Arzunun torpaq yanğısını, yurd məhəbbətini, şəhidlərə canıyananlığını gördüm. Torpağı sevməyi Arzudan öyrənin sözünü yazmağı onun sevgisinə cavab kimi yazıram. Arzunun doğulduğu Oğuz torpağına yazdığı, ata yurdu Cəbrayıla ünvanladığı şeirlər bənzərsizdir. Arzu özü də bilmədən poetik yüklü misralarda metafora və peyzajlardan məharətlə istifadə etməyi bacarıb:
Hər daşına, hər qayana qurbanam,
Doğma elim, ata yurdum Cəbrayıl.
Səndən ayrı yaşadığım illəri,
Min həsrətlə başa vurdum, Cəbrayıl.
Və yaxud Oğuza ünvanladığı şeirində;
Qoy söz açım doğulduğum diyardan,
Başdan – başa əzəmətdir Oğuzum.
Yaradanım naxıs vurub hüsnünə,
Camalıyla bir cənnətdir Oğuzum.
deməklə ürəyi soyumur:
Mən bir dünya istəyirəm,
Sülh ətirli, gül – çiçəkli.
Mən bir dünya istəyirəm,
İnsanları xoş diləkli.
-deyir Arzu.
Arzular sonsuzdur Arzu xanım, bu qədər dərdlərin arasından çırpınıb çıxmaq, həyata işıqlı duyğularla baxmaq da hər adama nəsib ola bilmir.Arzu bu məharəti özündə tapmağı bacarır:
Dərdimə dil deyib, layla çalmağa,
“Sarıtel” üstündə fikrə dalmağa,
“Göyçə gülü” ilə könül almağa
Bir aşıq havası düşüb könlümə-
deyir.
Saz ruhun tərcumanıdır, saz ruhun qidasıdır, qəmin əlacıdır. Qoy bu könül duyğularından qopan yanğını sazda əridək, yaz küləklərinə verək. “Mixəyi” üstündə darıxan duyğularına sığal çəkək, Arzu.
Xəyalımda iz salıbdır yurd yeri,
O yerlərin barı üçün darıxdım.
Zirvələrdə qanad çalan qartalı,
Dağ başında qarı üçün darıxdım.
İnşallah ki, doğma yurd yerlərimiz artıq şanlı ordumuzun əsgərləri tərəfindən azad olundu. O yerlər ayaq izin üçün darıxıb, gedərsiniz o yerlərə və bir şeirində dediyin kimi səni axtararıq:
Həsrət qalsınlar səsimə,
Gülüşümə, nəfəsimə.
Yaxın, doğma hər kəsimə,
Əlvida, deyib gedəcəm,
Qoy məni axtarsınlar.
Qiymətli qızılı axtarmağına dəyər Arzu xanım, siz hələ ədəbiyyatımıza, poeziyamıza çox gərəksiniz. Heç yerə getməyin, elə burda, vətəndə qalın.
Arzu Tahirqızının şeirləri içində məni daha çox cəlb edən onun uşaq şeirləri oldu. Maraqlı süjet xətti ilə yazılan, qısa və lakonik şeirlərdə böyük bir hadisəni təsvir etməyi bacarmışdır. Bu şeirlər doğurdan da yetişən gənc nəslə, körpələrə, məktəblilərə çox gərəklidir. “Futbolçu məstan”, “Xoş gəlmisən bizə qış”, “Şəmsin dostları”, “Uşaqların bayramı”, “Nərminin ad günü”, “Axı gəlib yeni il”, “Şaxta baba”, “Fərəh qızim”, və ya”Yeni il gəldi” kimi şeirlər sadə və məzmunlu, maraqlı mövzu motivləri üzərində qurulmuşdur.
Arzunun şeirlərində elə misralara rast gəldim ki, o misralar deyərdim bir kitaba bərabər ola biləcək dəyərə malikdirlər.Ayrılsaq ruhumuz edər intihar, kədər öpüb, qəm oxşayib saçımı, gözümə doyüb adını, gəlməyini gözləyəcəm və sair. Arzunun sevgi şeirləri butöv bir sevgiyə,tam, heç bir sevgiyə bənzəməyən bir sevgidən danışılır. Onun əzabı da, əziyyəti də, qəmi də, kədəri də xoşdu:
Sevgimizi misralara çevirib,
Həsrətimi şeirlərə tökmüşəm.
Dərdlərimi divarlara danışıb,
Xatirəni ilmə-ilmə sökmüşəm,
deyən Arzu Tahirqızı “Kim nə bilir” adlı şeirində isə:
Həmdəm oldu ağrı, acı, dərd mənə,
Dəydi eşqin şilləsi də sərt mənə.
Yaman sıxdı həyat adlı məngənə,
Kim nə bilir, bu ürəkdə nələr var?
Taleyim hey qəm ələdi başıma,
Sərt qayalar yuvarladı qarşıma,
Mən çəkdikcə gəldi sandı xoşuma,
Ürəyimi döydü xəzri, gilavar,
Kim nə bilir, bu ürəkdə nələr var?
Ürəyinin söz atəşi, köz atəşi heç vaxt sönməsin Arzu xanım.O ürəkdə nələr yatdığını duydum, hiss etdim. Tanrı özü sənə bu ulu, poeziyanın çətin və şərəfli yollarında yardımçı olsun. “Sevgilərdən dünya quraq” adlı kitabının inanıram ki, oxucuları çox olacaq. Çağdaş Azərbaycan poeziyasında sənin hələ sözünü deməyə çox vaxtın var. Sənə bu yolda yaradıcılıq uğurları arzulayıram, söz qədər ömrün olsun.
Səmimiyyətlə …
Əzizə Ağahüseynqızı
şair AYB və AJB – nin
üzvü, “Qızıl qələm” və “İti qələm” media mükafatları laureatı, prezident mükafatçısı
13 may 2025-ci il.