Məmməd Əmin Rəsulzadə obrazı Bəxtiyar Vahabzadə poeziyasında.
B.Vahabzadənin vətən motivli əsərlərinə hər şeydən öncə inqilabi bir ruh hakimdir. Vətəni sevməklə məhdudlaşmayan şair ədəbi və siyasi mübarizələrin ön cəbhəsində dayanır. Bu da ondan irəli gəlir ki, B.Vahabzadənin nəzərində Vətən məfhumu adi bir anlayış olmayıb, daha geniş məna daşıyır. Şair üçün Vətən xalqın mənəviyyatının və əxlaqının ifadəsidir. Vətəni qorumaq yalnız müəyyən hüdudlar daxilində olan hər hansı bir ərazini qorumaq deyil, həm də xalqın ruhunun və tarixi köklərinin təəssübkeşi olmaq deməkdir.
B.Vahabzadə şəxsiyyət və ədəbi qəhrəman anlayışlarına da bu prizmadan yanaşır. Şairə görə insan yalnız vətənin azadlığı və səadəti uğrunda mübarizə aparıb, həyatını qurban edəndə böyük olur: “Bu zaman o, bir insan kimi özü vətənləşib amala çevrilir. Vətənin timsalına dönür. Bu nöqtədə o, şəxsiyyət səviyyəsinə yüksəlir.”
B.Vahabzadənin M.Ə.Rəsulzadəyə həsr etdiyi əsərlərdə şair bir tərəfdən Vətənin timsalına dönən ideal bir qəhrəmanı məhəbbətlə yad edirsə, digər tərəfdən də SSRİ-nin Azərbaycan xalqının düşünən və Vətən üçün yanan oğullarına qarşı haqsız münasibətini göstərir.
Şərqin ilk demokratik respublikasının qurucusu M.Ə.Rəsulzadənin ölümü XX əsr Azərbaycan tarixinin böyük itkisi idi. Xalqın bu talesiz lideri Azərbaycandan uzaqlarda, ikinci vətəni Türkiyədə “Azərbaycan” deyə-deyə gözlərini əbədi yumdu.
B.Vahabzadənin “Təzadlar” poemasında yazdığı-
Həmişə zindana dönübdür Vətən,
Vətənin ən böyük oğullarına-
misraları daha çox M.Ə.Rəsulzadəyə aid edilə bilər.
Rəsulzadənin ölümündən sonra onun məzarı xalqımız üçün müqəddəs bir ziyarətgaha çevrildi. Türkiyəyə yolu düşən hər bir sənətkar bu şanlı məzarın görüşünə tələsdi. Bu kiçik qəbir daşı B.Vahabzadə, N.Həsənzadə, Z.Yaqub və bir sıra sənətkarların fəlsəfi və poetik misraları ilə əbədiləşdi.
Xalq yazıçısı Elçin bir qrup ziyalıların M.Ə.Rəsulzadənin məzarı ilə görüşlərindən birini belə xatırlayır: “Vətən Cəmiyyətinin üç nəfərdən ibarət rəsmi nümayəndəliyi Bəxtiyar Vahabzadə, professor Nürəddin Rzasoy və mən M.Ə.Rəsulzadənin qəbrini ziyarətə getmişdik.
B.Vahabzadə, N.Rzasoy və mən, Azərbaycan Milli Mərkəzinin, Ankaradakı Azərbaycan Kültür Dərnəyinin liderləri Məhəmməd Kəngərli, Feyzi Aküzüm, Əhməd Qaraca… Bir də o iddiasız, o sadə qəbir daşı…”
B.Vahabzadə M.Ə.Rəsulzadənin xatirəsinə iki şeir həsr etmişdir – “Bir ulu məzar” və “Məmməd Əmin Rəsulzadənin xatirəsinə”.
Şair birinci şeiri 1987-ci ildə Ankarada M.Ə.Rəsulzadənin məzarı ilə görüşdən sonra, ikinci şeiri isə 1990-cı ildə N.Həsənzadənin M.Ə.Rəsulzadəyə yazdığı “Ankarada Məmməd Əmin Rəsulzadənin məzarı” adlı şeirinin təsiri ilə qələmə almışdır.
Hər iki şeirdə B.Vahabzadə öz ədəbi qəhrəmanını, sadəcə, böyük bir şəxsiyyət deyil, həm də azadlığın və hürriyyətin daşıyıcısı kimi görür. Çünki yalnız o, 1813-cü ildən bəri əsarət zəncirini boynuna keçirən bir xalqın ilk demokratik respublikasını yaratmışdır, yaratdığı milli respublikanı dünyaya tanıtmışdır, xalqı kütlə olmaqdan xilas edib, onu millət zirvəsinə yüksəltmişdir:
Gəldim ziyarətə bir ulu qəbri,
Arzumla, fikrimlə dopdolu qəbri.
Kimdir burada yatan? – şanlı dünənim.
Məkkəmin içində Məkkəmdir mənim.
Məlumdur ki, ADR-nin süqutu və M.Ə.Rəsulzadənin vətəndən uzaqlaşdırılması ilə ölkənin iki illik azadlığına son qoyuldu. Onun varlığı ilə qurulan dövlət, onun yoxluğu ilə bərbad edildi. Ona görə də bu məzar Vətənin azadlıq simvolu kimi xatirələrə həkk olundu:
Mənimçün bu məzar bir məzar deyil,
Dünənki qüdrətim, fərasətimdir,
İki il ya.ayan, yalnız iki il,
Qundaqda boğulan hürriyyətimdir.
Göründüyü kimi şair şeirin hər bir misrasında bir-birindən dərin ümumiləşmələr aparır. Əvvəldən də qeyd etdiyimiz kimi insanın necə vətənləşib amala çevrildiyini M.Ə.Rəsulzadənin timsalında nümayiş etdirir:
Dəydi bir- birinə əvvəl də, son da,
Yatır bu məzarda eşqim, vicdanım.
Qədim türk elinin ana qoynunda,
Yatır bəxti yatan Azərbaycanım.
M.Ə.Rəsulzadə Azərbaycanın müstəqilliyini görmədən dünyadan köçdü. B.Vahabzadə şair həssaslığı ilə duyurdu ki, Vətənin taleyi üçün narahatlıq M.Ə.Rəsulzadəni məzarında belə rahat buraxmayacaqdır. Buna hörə də şair, qəhrəmanın rahat uyuması üçün onu gələcəyin qalibiyyətinə inandırmağa çalışır:
Atam, azadlığın nə olduğunu,
Onun ləzzətini dərk etdi xalqın.
Sabah, ya biri gün, bilirəm bunu,
Yenə qalxacaqdır enən bayrağın.
M.Ə.Rəsulzadə bəşər tarixinin elə şəxsiyyətlərindən idi ki, onun yalnız varlığı, həyatda cismən mövcudluğu deyil, dəfn olunduğu məzarın bir ovuc torpağı belə azadlıq və şanlı gələcək göyərtməyə qadir idi. Necə? Hansı yolla? Bunu ən yaxşı B.Vahabzadə izah edib:
Qəbrindən aldığım tütyə torpağı
Sənin qaldırdığın şanlı bayrağın
Dibinə qürürla tökəcəyəm mən,