.....

.....

“Mən Ovodu sevirəm” – Yeganə Əhmədova

“Mən Ovodu sevirəm” – Yeganə Əhmədova

“Mən Ovodu sevirəm”

Onlar məni ona görə öldürürlər ki, məndən qorxurlar. İnsan bundan artıq daha nə arzu edə bilər?
Ovod

I
E.L.Voyniçin “Ovod” romanı hər şeydən əvvəl insan iztirablarının, insan səbrinin və dözümünün kəskin bir reallıqla təsvir olunduğu sənət əsəridir. Yazıçı qəhrəmanı Arturun iradəsinin və qətiyyətinin dəmir kimi möhkəmliyini, istər fiziki, istərsə də mənəvi zərbələrə mətinliklə tab gətirməsini əsərin əsas predmetinə çevirmişdir.
Əsərdəki hadisələr müəyyən bir süjet xətti əsasında qurularaq inkişaf edir: Cemmanın səhv olaraq Arturun “Gənc İtaliya” təşkilatına xəyanət etdiyini düşünərək onu vurması, Arturun vəfat etmiş anasının etiraf məktubundan atasının din xadimi Montanelli olduğunu öyrənməsi və evdən qaçması əsərin bir növ ekspozisiya hissəsini təşkil edir. Hər kəsin özünü dənizə atıb öldürdüyünü güman etdiyi Arturun 13 il sonra “Ovod” adı altında meydana çıxması ilə hadisələr mürəkkəbləşməyə başlayır. Oxucu ilk səhifələrdən sol ayağı axsaq, sol əli şikəst, beli donqar və üzündə qılınc yarası olan Ovodun Artur olduğunu qəti şəkildə ağlına gətirmir. Bu düyün hadisələrin inkişafı zamanı tədricən açılmağa başlayır. Bu mərhələdə Cemmanın şübhələri mühüm rol oynayır və olduqca ağlabatan görünür. Bundan başqa Ovodun Montanelliyə öz satiraları ilə düşməncəsinə hücuma keçməsi onun dinə qarşı mübarizəsindən daha çox şəxsi ədavət xarakteri daşıyır. Bu da oxucunu düşünməyə vadar edir. Nəhayət qaraçı rəqqasəsinin bu düşmənçiliyə baxmayaraq Ovodun Montanellini hamıdan çox sevdiyini dərk etməsi ilə hadisələrin gərginliyi artır. Əhvalatlar sürətlə zirvə nöqtəsinə doğru inkişaf edir. Bundan sonra obrazlar arasındakı konfliktlər də kəskinləşməyə başlayır. Ovodla Cemma arasında və Ovodla Montanelli arasında mübahisələr gərgin bir vəziyyət alır.
Montanellinin onu öz pamflektlərində dönə-dönə təhqir edən Ovodla zindanda görüşü isə oxucunun həyəcanını və intizarını son həddə çatdırır. Ovodun yüksək gərginlik və əsəb içində özünün Artur olduğunu etiraf etməsi isə əsərin kulminasiya nöqtəsini təşkil edir. Bundan sonra əhvalatlar enən xətlə aşağı doğru istiqamət alır. Ovodun güllələnməsi, Montanellinin əvvəl dəli olub, sonra ürəyinin partlaması və Cemmanın Arturu təzədən itirdiyini dərk etməsi ilə hadisələr final nöqtəsinə çatır.
II

Əsərin mərkəzində Ovoddan başqa iki əsas surət də dayanır: Montanelli və Cemma.
Lakin Ovoda nisbətən Montanelli və Cemma surətləri passiv şəkildə verilmişdir. Onlar daha çox Arturun ölməsində özlərini günahkar bilmələri və buna görə də daim vicdan əzabı çəkmələri ilə yadda qalır.
Cemma Arturun onun şilləsindən sonra özünü dənizə atdığını düşünür. Bu fikir ona ömrü boyu əzab verir. Sonralar Ovodla tanış olanda Cemmada bəzi şübhələr meydana çıxır. Amma o, bu şübhələrdən dəhşətə gəlir. Xəyalında saf, təmiz və müqəddəs bir varlığa çevrilən “Arturun sağ qalıb, qəşəng, qalstuklu, acıdilli, şübhəli sözlər danışan Ovoda çevrilməsindənsə yox olmasını” üstün tutur.
Montanelli də Arturun onun yalanından sonra özünü dənizə atdığını düşünür. O da Arturun ölümünə bu yalanın bais olduğunu zənn edir. Sevimli oğlu üçün həmişə göz yaşı tökür. İllər keçməsinə baxmayaraq onun yarası sağalmır, iniltiləri kəsilmir.
Amma Montanelli ata olmaqla bərabər, həm də Allaha bütün varlığı ilə bağlı olan din xadimidir. O, sözsüz ki, Arturu sevir. Amma Allahı da sevir. Ovod ona dindən və Allahdan əl çəkib, onunla bir yerdə qaçıb getməsini təklif edərkən, o, bundan dəhşətə gəlir. Montanelli son dərəcə ağır və amansız seçim qarşısında qalır: Allah və Artur. O, Allahı seçir. Bununla da ömrü boyu həsrətilə için-için qovrulduğu sevimli oğlunun ölümünə qol çəkir.
Əsərin bu hissəsində bir növ insanla dinin mübarizəsi gedir. Bu mübarizədə din üstünlük təşkil etsə də, nəticədə insan qalib gəlir.
III

Ovod əsər boyu inkişafda verilmişdi. Digər hadisələr onunla bağlı olaraq cərəyan edir. Əsərdəki surətlərin xarakteri və digər bu kimi cəhətləri də Ovoda olan münasibət və onunla söhbət əsnasında meydana çıxır. Məsələn; əsərin əvvəlində Montanellinin Arturu həddən artıq çox sevməsi, onun həyatı üçün daim narahat olması oxucuya adi bir din xadiminin himayə etdiyi bir gəncə olan rəğbət hissindən daha artıq görünür. Nəticədə Montanellinin Arturun atası olduğu aydınlaşır. Əsərin digər bir yerində, yenə də Ovodla bağlı məqamda özlərini vətənpərvər kimi qələmə verən Qrassinilərin əslində ağılca dayaz, təbiətcə şöhrətpərəst olması meydana çıxır. Həmçinin özünü Cemmanın dostu kimi göstərən Martinin əslində ona məhəbbət bəslədiyi də Ovodla münasibətində aşkarlanır.
Əsərdə müəllifin daha çox diqqət yetirdiyi məqam Ovodun həm fiziki, həm də mənəvi iztirablarıdır. Yazıçı Ovodun simasında olmazın əzablara düçar olan, lakin bu əzablar qarşısında əyilməyən, bədənində salamat yer qalmasa da, ruhən sarsılmayan möhkəm iradəli bir insan obrazı yaratmışdır.
Dünya ədəbiyyatında bəlkə də Ovod qədər əzab-əziyyətlə qarşılaşan və Ovod qədər dözüm göstərən ikinci bir qəhrəman obrazı yoxdur. Sonralar N.A.Ostrovskinin ədəbi qəhrəmanı Paveldən düçar olduğu fiziki ağrılara mətinliklə dözməyinin səbəbini soruşanda o, “Ovodu oxuyun, onda bilərsiniz!” – deyə cavab vermişdir.
Ovod “insanın çəkə biləcəyi bütün əzabları çəkmişdir”. O, “əzablar ümmanı içindən keçib gəlmişdir”. Yazıçı Ovodun 13 illik həyatını onun öz dili ilə təsvir və təqdim edir. Bu təsvirdə Arturun günlərlə kimsəsiz daxmada qızdırma içində yanması, sərxoş bir matros tərəfindən ölüncəyədək döyülməsi, şəkər plantasiyalarında qul kimi işləməsi, köçəri sirkdə ən alçaldıcı vəzifələri yerinə yetirməsi heyrət doğuran lövhələrlə verilmişdir. Ovod bu əzablardan sonra sağalmaz bir xəstəliyə tutulur. Hər dəfə bu xəstəlik onu tutanda dözülməz ağrılar verir. Amma o, bu ağrılara qarşı heyrət doğuracaq qədər dözüm göstərir. Onun güllələnərkən nümayiş etdirdiyi mətinlik isə öz əzəməti ilə oxucunu dəhşətə gətirir. Ovod gözlərinin və əllərinin bağlanmasına etiraz edir. Özü onu nişan almaları üçün sıraya düzülən soldatlara komanda verir. “Bu insan qüvvəsi xaricində bir hərəkət idi. Adamın öz edamına komanda verməsi ağıla sığan bir şey deyildi”. V.Hüqo vaxtı ilə öz “Səfillər”ində demişdi ki, “Ölüm qarşısında göstərilən şücaət insanı həmişə valeh edir”. Amma heç bir ədəbi qəhrəman Ovod qədər ölümün gözlərinə dik baxmamışdır. Onun tək varlığı deyil, ölümü də düşmənlərini dəhşətə gətirib sarsıtmışdı. Ovod öz cəsarətli atmacaları, istehzalı təbəssümü və dəlik-deşik olan qanlı cəsədi ilə nəinki insanlara, ölümün özünə meydan oxumuşdu.

IV

Əsərin həm bədii cəhətdən, həm də mövzu baxımından digər iki hissəsi birinci hissəsinə nisbətən daha qüvvətli görünür. Bəzən elə təsəvvür yaranır ki, əsər birinci hissə olmadan ikinci hissədən də başlaya bilərdi. Amma yazıçı Arturun Ovod oluncaya qədər yetişdiyi mühiti və onun xarakterini oxucuya daha aydın çatdırmaq üçün birinci hissənin üstə geniş dayanır. Bununla da birinci hissədəki Artur ilə ikinci və üçüncü hissələrdəki Ovodun müqayisəsi üçün imkan yaradır. Bu müqayisə isə təsəvvürə gəlməz dərəcədə mürəkkəb və heyrət doğuran idi:

Artur hələ həyatla üz-üzə gəlməyib. Buna görə də həyatın ilk zərbələrindən sarsılır və ümidsizliyə qapılır. Amma Ovod həyatın sərt üzünü görmüş, dözülməz sınaqlarından keçmiş mətin bir insandı. O, istənilən zərbəyə tab gətirməyi bacarır.
Bu müqayisə ilə yazıçı bir növ mühitin və cəmiyyətin insan həyatındakı roluna diqqət yetirmişdi. Mühitin sərtliyi və cəmiyyətin şəxsiyyətə laqeydliyi nəticəsində insanın hansı dərəcəyə qədər gəlib çıxacağını göstərmişdir.
Lakin Arturla Ovod arasında dəyişilməz olan bir oxşarlıq da var: İnsana məhəbbət. Artur da Montanellini və Cemmanı çox sevir, Ovod da. Artur da insanların faciəsinə yanır, Ovod da. Bunu Ovodun bir gecə kimsəsiz bir uşağın al-qan içində küçədə gecələməli olduğunu görərkən necə ürəyi yandığından və canfəşanlıqla həmin uşağa necə kömək etdiyindən görmək olar. Fransız realisti P.Merime bir əsərində demişdir ki, “İnsanlığını itirmiş adamlar belə qəlbində səmimi duyğular saxlayır, bu duyğular müəyyən dövrdə üzə çıxıb qələbə çalır”.
Beləcə, həyat Arturu nə qədər tanınmaz vəziyyətə salsa da, onun ürəyinə və ürəyindəki məhəbbətinə təsir edə bilmir.
E.L.Voyniçin “Ovod” romanına dünya şöhrəti qazandıran da elə qəhrəmanının heç kəsdə təsadüf olunmayan dözümü və yenilməz məğrurluğu olmuşdur. Əsərdə bir sıra başqa məqamlara – siyasətə, dinə və məhəbbətə yer ayrıldığına baxmayaraq, “Ovod” hər şeydən əvvəl əzablara meydan sulayan insan mətinliyinin, insan iradəsinin və insan əzəmətinin nümayiş olunduğunu bədii sənət əsəridir.

1.Artur sadəlövhdü, hər şeyə çox tez inanır. Amma Ovod həyata və cəmiyyətə kinayə ilə yanaşır.

2.Artur dindardı, İsa təliminə ürəkdən bağlıdır. Amma Ovod dinə istehzalı münasibət bəsləyən amansız bir ateistdir.

3Artur hələ həyatla üz-üzə gəlməyib. Buna görə də həyatın ilk zərbələrindən sarsılır və ümidsizliyə qapılır. Amma Ovod həyatın sərt üzünü görmüş, dözülməz sınaqlarından keçmiş mətin bir insandı. O, istənilən zərbəyə tab gətirməyi bacarır.
Bu müqayisə ilə yazıçı bir növ mühitin və cəmiyyətin insan həyatındakı roluna diqqət yetirmişdi. Mühitin sərtliyi və cəmiyyətin şəxsiyyətə laqeydliyi nəticəsində insanın hansı dərəcəyə qədər gəlib çıxacağını göstərmişdir.
Lakin Arturla Ovod arasında dəyişilməz olan bir oxşarlıq da var: İnsana məhəbbət. Artur da Montanellini və Cemmanı çox sevir, Ovod da. Artur da insanların faciəsinə yanır, Ovod da. Bunu Ovodun bir gecə kimsəsiz bir uşağın al-qan içində küçədə gecələməli olduğunu görərkən necə ürəyi yandığından və canfəşanlıqla həmin uşağa necə kömək etdiyindən görmək olar. Fransız realisti P.Merime bir əsərində demişdir ki, “İnsanlığını itirmiş adamlar belə qəlbində səmimi duyğular saxlayır, bu duyğular müəyyən dövrdə üzə çıxıb qələbə çalır”.
Beləcə, həyat Arturu nə qədər tanınmaz vəziyyətə salsa da, onun ürəyinə və ürəyindəki məhəbbətinə təsir edə bilmir.
E.L.Voyniçin “Ovod” romanına dünya şöhrəti qazandıran da elə qəhrəmanının heç kəsdə təsadüf olunmayan dözümü və yenilməz məğrurluğu olmuşdur. Əsərdə bir sıra başqa məqamlara – siyasətə, dinə və məhəbbətə yer ayrıldığına baxmayaraq, “Ovod” hər şeydən əvvəl əzablara meydan sulayan insan mətinliyinin, insan iradəsinin və insan əzəmətinin nümayiş olunduğunu bədii sənət əsəridir.