“Masumiyet müzesi”
Incəsənət tarixinə məlum olduğu qədəri ilə, bir romandan yola çıxaraq muzeyinin yaradılması rast gəlinmiş bir şey deyildi və bu, ilk olaraq Nobel mükafatçısı Orhan Pamukun yaradıcılığında özünü göstərdi.
Lakin, müəllifin də qeyd etdiyi kimi, bu muzeyin yaranma səbəbi sadəcə romanın uğurlu olması deyildi. Pamuk, hələ romanı yazmamışdan əvvəl, 1999-cu ildə, romanda adı “Merhamet apartmanı” deyə keçən bir bina satın alır və bu binaya xəyali qəhrəmanlar yerləşdirir, bu kiçik ailəyə maraqlı, həssas, kövrək bir eşq hekayəsi uyduraraq roman və muzey ideyasını paralel həyata keçirdir.
2008-ci ildə romanın nəşri və çox oxunması Orhan Pamuku düşüncəsindəki muzey ideyasını gerçəkləşdirmək üçün tələsdirir. Nəhayət, 2012-ci ildə romanla eyni adı verdiyi muzey oxucuların və orijinal muzeysevərlərin ixtiyarına verilir.
5 mərtəbəli “Masumiyet müzesi” İstanbul, Çukurcumada, Bəyoğlunun qələbəlik küçələrindən keçərkən özünün orijinal quruluşu, format və üslubu ilə qarşınıza çıxacaq.
Muzeydə 8 minə yaxın eksponad 83 sərgi kabinəsində, romandakı 83 bölümlə eyni adı və sayı daşıyaraq sərgilənir. Hər qutu romanı təmsil edən gündəlik nəsnələrin simvolizəsindən ibarətdir.
Bu əşyaların bəziləri yazıçının şəxsi, və yaxud ailə yadigarı kolleksiyasından, bəziləri isə müxtəlif zamanlarda, fərqli məkanlardan, köhnə əşyalar satılan dükanlardan alınmış, və nəhayət, Pamukun başına topladığı yaradıcı heyət tərəfindən sıfırdan düzəldilmiş incəsənət nümunələridir.
Girişdə sizi romandakı o məşhur cümlə qarşılayır: “Həyatımın ən xoşbəxt günü imiş, bilmirdim…”
Daha sonra birinci mərtəbədə böyük divar boyunca siqaret kötükləri. Tam 4213 siqaret kötüyü. O siqaret kötükləri ki, hər biri bir əhvaldan, bir xatirədən xəbər verir, o siqaret kötükləri ki, söndürülüş şəklindən sahibinin ruh halı oxunur və bu 4213 siqaret kötüyü Füsunun boyalı dodaqlarına dəydiyinə görə Kemal üçün çox qiymətlidir, onların hər biri xüsusi diqqətlə öz guşəsində bir epiloqun, kitabdakı cümlələrlə olan qeydin müşayəti ilə sərgilənir. O qeydləri oxumaqla o gün qəhrəmanlarımız nə hiss edib, hansı duyğu burulğanında dumanlanıb – anlamaq çətin olmur…
Hər kötüyün alındığı bir gün Kemalın Füsunun evində keçirdiyi 9 ilin təqvimindən bir yarpaqdır..
Bu muzey kitabın özünü deyil, onun ruhunu əks etdirir…
Muzeyi gəzərkən kitabdakı hadisələri həqiqətən yaşamış, onun bir parçası olmuş kimi hiss edəcəksiniz. Sanki Kemalla Füsunun həsrətli baxışlarını kənardan görür, ehtiraslı mübahisələrini eşitmiş olursunuz.
Muzeyin bir kitabla əlaqəsinin olması və bu kitabın da nəsnələrlə, əşyalarla olan bağlılığı sizi təəccübləndirməməlidir. Çünki hər şeyin başlanğıcı məhz əşyalarla əlaqəli olaraq yaranır. Həm muzeyin, həm romanın qəhrəmanı Kemalın əşyalara olan qəribə həssaslığı məhz vitirində gördüyü bir əşyaya diqqət kəsilməsindən başlayır.
Nəticə etibarı ilə, “Masumiyet müzesi” ilə tanışlıq sadəcə bir ailənin və həmin insanların ətrafındakıların həyatı deyil, sadəcə bir eşq hekayəsi yox, həm də o hekayənin fonunda ümumiyyətlə, 60-90-cı illərdə İstanbul həyatını kiçik toxunuşlarla həssas və estetik formada, kövrəklik fonunda böyük ustalıqla əks etdirir.
Muzeyi gəzərkən mütəmadi olaraq divarlarda dövrün İstanbul görüntüləri ilə qarşılaşacaqsınız, bu baxımdan muzey son texnologiyanın bütün avantajlarından istifadə edib. Təsəvvür edin ki, bəzi guşələrdə Orhan Pamukun öz səsi ilə romandan parçaları dinləyə bilərsiniz, təbii ki, əlavə məbləğ ödəmk şərti ilə.
Fotoşəkillər, mənzərələr, köhnə türk filmləri, qəzet parçaları, məişət əşyaları, şəxsi əşyalar, balaca it heykəlləri, “Məltəm” qazozları, saç sancaqları, duz qabından bank vəsiqəsinə qədər daha nələr, nələr..
Bir guşədə Füsunun çiçəkli donu, bir guşədə krem rəngli çantası, bir guşədə “bekleme acısı” adlanan gözləmək simvolu olan saatın, qəhvənin fonunda həsrətin acısı sizi qarşılayacaq.
Muzeyin hər guşəsi üzərində xüsusi əmək verilmiş, özünün sirli aurasını yaratsın deyə, özəl gözəllik yaradılmışdır. Bir vaxt var olmuş, unudulmağa məhkum xatirələrin əbədi yaşaması üçün məsumiyyət muzeyi bütün ruhunu ortaya qoyub ki, solmuş, geridə qalmış kədərli xatirələr yenidən poetik nəfəs qazansın.
3-cü mərtəbədə Kemalın ömrünün sonuna qədər yaşadığı, otaq, yatdığı çarpayı yerləşir.
Bu muzey əlimizdə olan kiçik əşyalarla xoşbəxt olmağın yollarını xatırladır bizlərə. Kemal da məhz bu nüansı xüsusiylə vurğulamaq istəmişdi, onun həyatı ilə maraqlanan insanlara ən son bu mesajı əmanət etmişdi:
“Çox xoşbəxt bir ömür yaşadım mən, hər kəs bilsin…”
Şəfa Abdulla.