.....

.....

MODERN ƏDƏBİYYATIN YOLU – Dalğa Xatınoğlu

MODERN ƏDƏBİYYATIN YOLU – Dalğa Xatınoğlu

MODERN ƏDƏBİYYATIN YOLU

Tarix boyu qeyri-ciddi yanaşılan və təxminən, modern dövrə qədər, ədəbiyyata keçməsinə icazə verilməyən satira və yumor bu gün sənətin ən parlaq elementlərindəndir. Klassik ədəbiyyatda biz bunu qəti görə bilmirik, hətta Homerdə də bir nümunə belə yoxdur.

Zənnimcə, satira və yumor modern sənətkarların ixtirasıdır. Çağdaş demirəm, ona görə ki, intibah dövründən 18-ci əsrə qədər dörd yazarda bu elementləri aydın görürük: Fransua Rable, Migel de Servantes, Uilyam Şekspir və Deni Didro.

Şeir sənəti də eynən belədir. İstər Şərq, istərsə Qərbdə, İntibah dövründən bəri özəlliklə lirik şeirlərdə yumor və satira öz yerini sənətdə tapıb. Elə yaxın örnəyi Füzulinin qəzəlləridir. İnsan nə qədər zövqsüz olmalıdır ki, Füzulinin simasını dodağında bir gülüş olmadan beynində canlandırsın?

Rable, Servantes və Didro ilkin romancılar olaraq, daha təbii şəkildə hadisələrə və hisslərə yanaşırdılar. Milan Kunderanın dili ilə desək, tamamilə macəra romançılarıdırlar.

Onlar sənət texnikaları ilə duyğu və düşüncələri təhrif etmədən, sistem yaratmaq üçün götür-qoy eləmədən ildırım kimi üstlərinə şığıyan duyğuları və düşüncələri olduğu kimi təsvir ediblər. Nitsşe filosoflar haqda da eyni fikirdədir: “Can verə-verə, uzun-uzadı düşünüb sistem qurmaq yerinə, vəcd ilə çevik düşünüb yazanlar…”

Fikrimi bir qısa örnəklə açıqlayım: Rable və adını çəkdiyim yazarlar yalnız vəcdə gəldikləri düşüncələrdən və hisslərdən yazıblar. Heç nəyi vəsf etmirlər, sistem yaratmırlar, sadəcə, üstlərinə ildırım kimi şığıyan düşüncələri, təsvirləri və hissləri olduğu kimi köçürür, yazıları bir xeyli yumor və vəcdlə bəzəyirdilər…

Rable “Qarqantüa və Pantaqrüel” əsərində bir neçə səhifə çox dərin və fəlsəfi məsələlərdən danışdıqdan sonra birdən dərhal körpə Qarqantüanın tualetdən sonra özünü silmək üçün kəşf, ya da icad etdiyi bir xeyli vasitə və yolların siyahısını açıqlayır. Eyni məqamları “Don Kixot” əsərində də görürük. Didro, “Fatalist Jak” əsərində Jakın soyadının nə olduğunu yazmır, onun ustadının da nə adı var, nə də soyadı. O qədər maraqlı hadisələr və macəralar var ki, bunlar yada da düşmür. Bu özü-özlüyündə bir yumordur.

Sistem yaratmaq çabasını biz Balzak, Tolstoy, Dostoyevski və bir çoxlarında görürük. Bunlar səhnə və xarakter yaratmaq ustalarıdırlar. Hissləri və hadisələri əsas götürmək yenidən Floberlə roman dünyasına qayıtdı və indi dünya ədəbiyyatında ən çox diqqət mərkəzində olan bir elementdir.

Ən azı iki modern yazar, yəni Kafka ilə Edqar Allan Po əsərlərini qəhqəhə ilə yazdıqlarını deyirdilər. Onsuz da sağlam zövqü olan birisi onları oxuyanda bunu dərhal hiss edir.

Söz çeşidli yazarlardan getməsin deyə, yalnız Milan Kunderanın yazılarına diqqətinizi çəkmək istəyirəm.

Kunderanın variantları

Qısa desəm, durumun dəyişkənliyinin insan xarakterində buraxdığı izləri ustalıqla göstərən bir yazardır. Başqa sözlə, bir az bəsit desəm, Milan Kunderanın yaratdığı xarakterlərin vücudu, situasiyadan yaranan və ondan asılı olan variantlardır, sırf bir variant.

Onların heç biri xarakter deyil, yalnız variantdır. O, insanların vücudu haqda deyil, sırf varlığı haqda danışır. Xarakterləri haqqında da çox cüzi məlumat verir. Onun üçün xarakterlərin özü yox, varlıqları maraqlıdır. Bir neçə məqaləsini, müsahibəsini və iki tənqidi əsərini oxumuşam. Özüylə də romanlarındakı xarakterlər kimi davranır, yəni özü, keçmişi ilə bağlı danışmaqdan boyun qaçırır. Yəqin, Kundera da Qüstav Floberin ideyasını qulağına sırğa edib: “Yazar yaratdığı xarakterinin arxasında mənliyini gizlətməlidir”.

Bioqrafiyası ilə əsərlərindəki xarakterləri qarşılaşdırsaq, xarakterlərin hamısı Kunderanın vücudunun bir variantıdır, təkcə durumlar fərqli olduğu üçün çeşidli xarakterlər ortaya çıxıb. Buna görə Kundera heç vaxt həqiqəti göstərməyə və incələməyə çalışmır, çünki durum dəyişdikcə insanlar da dəyişilir və insan dəyişdikcə həqiqət də dəyişilir.

“Zarafat” (“The Joke”) romanında açıq görürük ki, bir insanın faciəsi, nəinki başqasının zarafatından yarana bilər, hətta başqalarına zarafat kimi də görünə bilər.

Alman filosofu Fridrix Nitsşe demişkən, hər kəsin öz həqiqəti varsa, demək, sonsuz həqiqətlər var, yəni mütləq həqiqət yoxdur.

Bu növ baxış bu gün, sadə və çoxlarına bəlli bir mövzu kimi görünür, ancaq dərin baxanda Kunderanın bu baxımdan yazıya yanaşması, bütünlüklə özündən öncəki modern ədəbiyyatın söykəndiyi təməlləri dağıdır.

Modern ədəbiyyatda insan mərkəzdədir, onun keçmişi, nə hiss etdiyi və nə düşündüyü (bir daha vurğulamaq istəyirəm: necə hiss etdiyi yox, nə hiss etdiyi), onun çatdığı həqiqətlər, əzabı və sevinci olduqca incələnib çözülür, ancaq Kunderanın əsərlərində hər bir xaratker sırf hansısa bir durumdan yaranan və asılı variantdır.

Kunderanın keçmişinin detalları haqda danışmaq səmərəsizdir, qısa desəm, Çexiyada doğulub, kommunist partiyasından qovulub və canını götürüb Fransaya qaçıb, onun həyatı haqda bu qədər bilmək kifayət edər.

Baxmayaraq ki, bütün əsərləri, təxminən, SSRİ-nin Çexiyanı işğal etməsi ilə bağlıdır, ən az həmin günlərdən bəhs edir. Onun özü ilə bağlı, məncə, ən əsas məqam budur ki, atası musiqiçi olub, özü də yeniyetmə yaşlarınadək musiqi ilə məşğul olub, sonra şeir yazıb və nəhayət, roman yazmağa başlayıb.

Kunderanın əsərlərinin çoxu 7 hissəyə bölünür, hər hissə bir musiqi notu kimidir, musiqi dili ilə desək, hər roman bir polifonik (çoxsəsli) əsərdir.

Romanlarının dili tamamilə şairanə, hətta musiqi dilidir.

Misal üçün, onun birinci yazdığı roman, “Zarafat” (“The Joke”) yeddi hissədən ibarətdir, hər hissədə bir xarakter danışır(bütövlüklə 4 xarakter var), ikinci hissədə ikinci xarakter danışanda görürük ki, həqiqət başqa şey imiş, digəri danışanda görürük, əslində həqiqətin hamısı öncə danışan xarakterlərin sözlərində deyilmiş və nəhayət, oxucu başa düşür ki, həqiqət bunların heç birinin dediklərində deyil, özünün gəldiyi qənaətdədir.

Postmodern romanlarda oxucu da yazar qədər romanın yazılışında iştirak edir.

32 yaşında Çexiyada yazdığı bu romanın qısa mesajını Kunderanın öz dilindən desək: “Bizi həyata bağlayan ən güclü ip zamanla əriyib məhv olur və adama qalan yalnız bir bəlirsiz nostalgiyadır”. Onun son romanı “Varlığın dözülməz yüngüllüyü” də yeddi hissədən ibarətdir. Həmçinin “Ölməzlik”, “Gülüş və unutmaq” romanları da 7 hissədən ibarətdir. Onun, hətta “Roman yazmaq sənəti” və “Sənət və unutmaq” ədəbi tənqidi əsərləri də, “Gülməli sevgilər” adlı qısa hekayələr toplusu da 7 hekayədən ibarətdir. Dediyim kimi, Kundera romana bir musiqi bəstəsi kimi baxır: vəcdlə, ildırım kimi üstünə şığıyan hisslər və düşüncələr…

Musiqi həqiqəti izah etmir, yəni bir musiqiyə qulaq asıb, onu arqumentlər və fəlsəfi düşüncəyə çevirmək olmaz, ancaq musiqi adamı düşündürür, adam hiss edir ki, hansısa həqiqətə çatıb və öz həqiqətini yaratmağa başlayır.

Musiqi onsuz da yumoristik və şəndir.

Təxminən, bütün əsərləri üzdə siyasi və ictimai yükə malikdir, ancaq dərindən baxanda onun əsərləri sırf bir zarafatdır, acı bir yumor.

“Zarafat” əsərində qız dostu ilə ideoloji bir zarafat üstündə oğlanın həyatı məhv olur, həbsə düşür, yaxud rəsmi iclasda ciddilik nümayiş etdirən bir insan tualetə getmək üçün iclası tərk etməyən, axıra kimi iştirak etməyə qərar verən birisinin sidikliyi partlayıb ölür. Ciddiliyin bu qədər rüsvayçı, gülünc vəziyyətlə qurtaracağını, yaxud adi bir zarafatın faciə ilə bitəcəyini Kundera qədər yaxşı göstərən yazıçı çətin tapmaq olar. Onun ən əsas əsəri “Varlığın dözülməz yüngüllüyü”dür.

Roman yüngüllük və ağırlıqla başlayır, həyat laqeydliklə keçirsə, insan yerdən və özündən uzaqlaşır, yüngülləşir, ancaq nəyəsə bağlı bir insan yük kimidir, ağırlaşır, yerə daha yaxın olur və daha da öz qınına çəkilir. Hekayənin gedişi ardıcıl hadisələr deyil, bəzən Kundera şəxsən ortaya çıxıb, oxucu ilə birbaşa monoloqa başlayır, fəlsəfi məqamlara varır. Kitabın yarısında əsas xarakterlərinin öləcəyini əvvəlcədən danışır. İt öldüyü an yiyəsinə (Tumanın qadını Trezaya) elə baxır ki, qadın ömründə heç kimin bir daha ona belə baxmayacağını hiss edir. O bir baxış növünün sonuncu dəfə olaraq şahidi olur.

İtin ölüm səhnəsi insanların acı taleyindən daha acı təsvir olunub. Həmişə bu fraqment yadıma düşəndə bir tərəfdən Nitşsenin şallaqlanan atın boynunu qucaqlayıb ağlamasını xatırlayıram, digər tərəfdən də Dekartın heyvanları “təbiətin canlı maşınları” adlandırması ağlıma gəlir. Kundera Dekartın qənaətinə daha qalın qələmlə qırmızı xətt çəkə bilib.

Kundera romandakı itə ad da verib: Karenin. Heç vaxt dəyişilməyən, müxtəlif durumlara düşərkən xarakterində dəyişiklik yaranmayan bir it, ümumiyyətlə, dəyişilməyi istəməyən bir it. Karenin sözü Tolstoyun “Anna Karenina” əsərində Aleksis Aleksandroviç Karenini yadınıza salmırmı? Necə də məzəlidir!

Bu romanın sonu musiqi ilə bitir, həqiqətən, musiqi ilə bitir. Sonuncu cümlə belədir: “Aşağıdan piano və skripka səsi uzaqdan gəlirmiş kimi eşidilirdi”.