Müəllim – Zamanı işıqla yazan insan
5 oktyabr…
Bu gün lövhəyə yalnız hərflər yox, ömürlər yazan insanların bayramıdır.
Bu gün qələm tutan əllərin, işıq saçan baxışların, sabaha ümid yandıran qəlblərin günüdür — Müəllimlər Günü!
Müəllim olmaq – sadəcə bir peşə deyil.
Müəllim olmaq – qaranlığa işıq tutmaq, bir baxışla ruhları oyatmaq, bir kəlmə ilə gələcəyi dəyişməkdir.
Müəllim – sükut içində səslənən bir himndir, zamanın tozunda itmək əvəzinə, yaddaşlarda iz qoyandır.
O, sinif otağında deyil, zamanın öz yaddaşında dərs deyir.
Hər şagird bir ulduzdur onun göy üzündə, hər uğur bir dua kimi qayıdar o müqəddəs müəllimin ömrünə.
Bəzən tənəffüslərdə bir gülüşdə, bəzən də səssiz bir təşəkkürdə tapar həyatın mənasını.
Müəllim — bir ömrü başqasının ömrünə çevirmək hünəridir.
O, həyatını günbəgün paylayır, öz ömründən illər qoparıb gələcəyə verər.
Gözlərinin dərinliyində yuxusuz gecələrin izləri, qəlbində isə yüzlərlə uşağın gülüşü gizlənər.
Bir baxışla təsəlli, bir sözlə ümid, bir toxunuşla inam verər.
Müəllimlik – ən saf məhəbbətin adıdır: qarşılıq gözləmədən sevmək, tanımadan bağlanmaq, hər gün bir ürəyə yol tapmaq.
O, həm həyatın müəllimidir, həm səbrin, həm də şəfqətin rəmzidir…
Müəllim — torpaq kimidir, içində minlərlə toxum gizlənər.
O, bilməz hansı gün, hansı toxum cücərəcək, amma səpər… səpər sevgini, mərhəməti, bilik və işığı.
Hər yetkin insanın, hər kamil düşüncənin kökündə bir müəllim nəfəsi var.
Və bu gün bir daha qürurla deyirik:
Müəllim vətənpərvər qəhrəmanlar yetişdirir.
Onun dərs dediyi siniflərdən Vətənin müdafiəsinə qalxan igidlər doğulur.
O igidlər ki, sinif lövhəsini səngər divarına dəyişib, torpaq üçün can verən şəhidlərimizə çevriliblər.
Bu gün biz yalnız müəllimlik missiyasını deyil, həm də şəhid müəllimlərimizi ehtiramla yad edirik.
Onlar təkcə öyrətmədilər, həm də öyrətdiklərini öz canları ilə sübut etdilər.
Dərs dedikləri lövhələrdə indi Vətən sevgisi yazılıb — onların ruhu ilə, onların izi ilə.
Bu səssiz qəhrəmanların qarşısında baş əyirik —
çünki onların ömrü rütbə deyil, missiyadır.
Müəllimlik əmr deyil, vəzifə deyil — amaldır, anddır, yanmaqdır.
Bu gün bir daha anlayırıq:
Qələmin ucu nur saçırsa, demək, o qələm bir müəllimin əlindən keçib…
Müəllimlər Gününüz mübarək!
Elm işığında yanıb, ruhlara nur saçan bütün müəllimlərə —
vətənpərvər müəllimlərə,
şəhid müəllimlərimizin əziz xatirəsinə sonsuz ehtiramla…
— Aynurə İnci