Tarixi romanlar müəllifinə kitab hədiyyəsi…
Əməkdar mədəniyyət işçisi, yazıçı, jurnalist, tarixi romanlar müəllifi
Yunus Oğuzun həyat və yaradıcılığından bəhs edən “Munis yazılar – 1”
adlı yeni kitab işıq üzü görüb.
Qeyd edək ki, kitab müstəqil ədəbi qurum olan “Yazarlar” jurnalı
tərəfindən həyata keçirilmiş “Yunus Oğuz – 65” layihəsinin yekunu
olaraq, bu müddət ərzində müxtəlif mətbu orqanlarda, eyni zamnda
“olaylar.az”, “yazarlar.az”, “zefernews.az” və digər saytlarda
yayımlanmış Yunus Oğuzun 65 illik yubileyi münasibətilə ölkənin
tanınmış ziyalılarının məqalələri – ürək sözləri, səmimi dost arzuları
əsasında ərsəyə gətirilib.
Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədlinin
“Jurnalistika və ədəbiyyatda iz qoyan sənətkar” adlı giriş məqaləsində
yubilyarın jurnalist və yazıçı kimi yaradıcılıq fəaliyyəti barədə tam
dolğun məlumat verilib.
Kitabda Yunus Oğuz haqqında uzun illərdir onu yaxından tanıyan,
çoxşaxəli fəaliyyətinə yaxşı bələd olan Rəşad Məcid, Nizami Cəfərov,
Fazil Mustafa, Əkbər Qoşalı, Aydın Mirzəzadə, Vüqar İskəndərov, Zahid
Oruc, Səyyad Aran, Təranə Dəmi, Asif Mərzili, Zaur Ustac və digər
qələm adamlarının yazıları yer alıb.
“Yazarlar” jurnalının ədəbi tənqid məsələləri üzrə meneceri Günnur
Ağayeva tərəfindən tərtib olunmuş “Munis yazılar – 1” kitabının
redaktoru Zaur Ustac, naşiri isə Tuncay Şəhrilidir.
Kitab yaxın günlərdə yubilyara və geniş oxucu kütləsinə təqdim
olunacaq.
Hazırladı: Mina RƏŞİD