İtirilmiş taleyin min tapıntı dərdi var.
Dərd içindən gülənin
gülüşü də dərd dadar.
Gülüşümü itirdim,
Dəyişdi yanağıma çuxur açan qəmzənin cığırı başqa yola.
Unutdu öz yolunu, unutdu yaddaşın da.
Sonra qara gözlərim
düşdü dərin quyuya,
nə bir karvan yetişdi,
nə qardaş çəkdi ordan,
boğuldu öz yaşında.
Saçlarımı itirdim…
Parıldayan günəşin işığında sevinən o gözəl saçlarımı.
Hər səhər yastığımdan yığdığım qara tellər ovucumda qıvrıldı,
utandı göz yaşımdan.
Ümidimi itirdim,
Daha “yaxşı olacaq” olanları itirdim,
Ömrün çoxu getmişdi, qalanları itirdim.
Bilsəydim, bu yolları təkcə geri dönmək var,
Yapışardım başımdan.
Saxta duyğularına min çalarda don geyən,
İtirdiyim nə varsa,
o rənglərdə boğuldu.
Mən xınalı qəlbimdə səadəti bəslərkən
İçimdə mərdi qovub bir namərdi doğurdu.
Nə sevgi, nə məhəbbət… Hamısı boş yalanlar…
Sağ ol ki, insanlara
güvənimi itirdim…
Müşfiqə Baladdinqızı
TƏHLİLİ:
Müşfiqə Baladdinqızının yaradıcılığı insan psixologiyasının dərin qatlarına toxunan, səmimi və realist bir poetik təcrübənin ifadəsidir. Onun bir çox şeirlərində həyatın ziddiyyətli tərəfləri – sevinc və kədər, ümidsizlik və gözlənti, sükut və fəryad bir araya gəlir.
Təhlil etdiyimiz bu şeirində isə müəllif “itirilmək” anlayışını həm məcazi, həm də gerçək çalarlarda təqdim edir. Bu itkilər təkcə fiziki yox, daha çox mənəvi itkilərdir – özünü, hisslərini, ümidini və ən ağırı, insanlara olan inamını itirmək…
Şeirin strukturunda hiss olunur ki, poetik “mən” zamanla öz həyatında bir-birinin ardınca müxtəlif dəyərləri, duyğuları və ümumiyyətlə, yaşamaq eşqini itirib. Gülüş kimi kiçik, lakin həyatın mənasını dəyişdirə bilən bir ifadədən tutmuş, ümumiyyətlə, yaşamağa ümid verən sözlərə qədər bir çox şey artıq onun üçün keçmişin bir parçasına çevrilib. Burada gülüş – təbii bir duyğu olmasına baxmayaraq, artıq içdən gəlmədiyi üçün dəyərini itirib. Bu, ruhun yükləndiyini, kədərin insanın təbii halına çevrildiyini göstərir.
Digər tərəfdən, fiziki görünüşdəki dəyişiklik, xüsusilə saçların tökülməsi – həm daxili psixoloji gərginliyin, həm də həyatın ona verdiyi zərbələrin bir metaforasına çevrilir. Şair bu məqamda qadın duyarlığını, özünə olan baxışını, zamanın keçməsi ilə həyatın gətirdiyi dəyişiklikləri ustalıqla ifadə edir. Saçların tökülməsi ilə birlikdə, sanki bir dönəm də sona çatır.
Ən təsirli hissələrdən biri isə ümidsizliyin poetik ifadəsidir. Əgər insan “yaxşı olacaq” sözünə artıq inanmırsa, bu o deməkdir ki, gələcəyə yönəlik bütün istinad nöqtələri yoxa çıxmışdır. İnsan keçmişdə ilişib qalır, gələcək isə bulanıq və boş görünür. Bu düşüncə xətti oxucunu dərin bir tənhalığa aparır.
Bütün bu hisslər fonunda əsərin əsas qayəsi insanlara olan inamın itirilməsidir. Əgər bir insan ətrafına, yaxınlarına, bütövlükdə insanlara güvənini itiribsə, artıq o içindəki insani dəyərləri də qorumaqda çətinlik çəkir. Bu məqamda müəllif açıq şəkildə bildirir ki, onu ən çox yaralayan və dəyişdirən də məhz insanların saxtalığı, ikiüzlülüyü və vəfasızlığıdır. Bu xəyanət yalnız bir münasibətin bitməsi deyil, insan ruhunun öz köklərindən qopması kimi təqdim olunur.
Şeirdəki poetik mən əvvəllər ümidlə yaşayan, içində səadət yetişdirən bir varlıqdır. Ancaq zaman keçdikcə bu ümidlərin yerini kədər, xəyanət və inamsızlıq tutur. Saflıq və mərdlik kimi dəyərlər yavaş-yavaş yerini məyusluğa və qaranlıq duyğulara verir. Bu daxili qırılmalar insanın xarakterində dönüş yaradır və onu əvvəlkindən fərqli bir şəxsiyyətə çevirir.
Nəticə etibarilə, Müşfiqə Baladdinqızının bu əsəri bir insanın həyatın amansızlığı qarşısında təkbaşına mübarizəsinin poetik hekayəsidir. Bu hekayə hər bir oxucuda öz iç dünyasına dönmək, öz itkilərinə nəzər salmaq və bəlkə də uzun zamandır susan duyğularını yenidən dinləmək ehtiyacı yaradır. Şair itkilərin səsi ilə yox, onların yaratdığı sükutla danışır. Və bu sükut bəzən yüzlərlə sözün ifadə edə bilmədiyi həqiqətləri göz önünə sərir.
✍ Sevil Azadqızı
Azərbaycan dill və ədəbiyyatı müəllimi. Filoloq. Ədəbi təhlil və tənqidçi. Şair.