Dünyanın çalxalandığı, yerin-göyün qaynadğı, əslində elə dünyamızın yeni düzənə keçidinin hazırlığına şahidlik etdiyimiz günləri yaşayırıq. İnsanlığın öz həqiqətinə oyandığı çox qiymətli sürəcdəyik.
Bir çoxları hələ də dünyanın oyunlarına mat-mat baxaraq, gücə-yumruğa pərəstiş edir, bəziləri maddi-mənəvi basqıların təsirindən çapalayır, bir qism isə artıq nəyin niyə baş verdiyinin fərqindədirlər. Fərqində olanlar ruhsal oyanışın, təkamülünün bir üst səviyyəsinə atlamış olanlardır.
Dünya dəyişir. Dəyişim mütləqdir. Toplum olaraq, insanın şüur səviyyəsinin cəmi üç faizi ilə dünyanı dərk edənlərin (mütəxəssislərə görə məntiq dünyanı yalnız 3-5 faiz aralığında qavrayır) dəyişimə olan bilərək və ya bilməyərək göstərdikləri dirənclər sayəsində kainat dəyişimə bizləri məcbur edəcək hadisələrlə üz-üzə qoyur. Sosial-siyasi partlayışlar, maddi və maddəylə bağlı olaylar, insan alveri, uşaq qaçaqçılığı, tük ürpədən daha nələr…
Sistemdə (dünyada, yerdə və göydə) baş verən hər bir şey bütünə xidmət amaclıdır. Anlamaq çətindir, razıyam…
Dönəm isə Allahın sənə lütf etdiklərinə sahib çıxmaq dönəmidir. Özgürlük, haqq, ədalət, ictimai məsuliyyət və xalqların, millətlərin özünüdərkinin bərpası üçündür, qarışıqlıq kimi alqıladığımız hər bir şey.
Ruhsal və kainat bilgilərinə görə 2027-ci ildən artıq daha böyük sürprizlərin şahidi olacayıq. 2030-dan dünya məktəbinin sonlarına doğru imtahanlar daha ağır, daha çətin ola bilər. Dərsi oxuyub, öyrənənlərin kəsilmə ehtimalı çoz azdır. İyerarxiya qanunlarını pozmadığımız hallarda müvəffəqiyyətlə məzun olma şansımız var. Addımlar atılıb, nəticə isə bizim dönüşəcəyimiz qədər olacaq. Yəni, nə qədər dönüşdüyümüzə bağlıdır gələcəyimiz və gələcək nəsillər. İnsan və insanlıq İki böyük enerjinin təsirində təkamül edir: sevgi və qorxu. Hər ikisi ərdəmdir. Seçim isə bizimdir…
Dünya məktəbini müvəffəqiyyətlə başa vurub, yeni sistemə-düzənə keçid üçün hələ gec deyil. Çox da deyil vaxtımız. Hansı tərəfdə olduğu barədə düşünsün artıq insan. Yaradana yoxsa şeytana xidmət?! Seçim insanındır.
Oxuduğumuz mistik nağıllar isə sən demə gerçək imiş…
Sənətşünaslıq üzrə fəlsəfə doktoru
Nigar Sultanlı