Qadın Ədəbiyyatının İnadkar Səsləri : Bronte Bacıları
19-cu əsr İngiltərə ədəbiyyatına öz möhürünü vurmuş Şarlotta, Emili və Anne Bronte bacıları, zəngin təsəvvürləri və cəsur qələmləri ilə qadın yazarlar arasında ədəbiyyatda öz sözünü demiş möhtəşəm yazıçılardır. Yorkshire çöllərində, sadə bir ailədə dünyaya gələn bacılar həyatın çətinliklərinə baxmayaraq özlərini ədəbiyyata həsr etmişdilər.
Bronte ailəsinin atası olan keşiş Patrick Bronte, zəngin kitabxanasını uşaqlarına açaraq, onların erkən yaşlardan intellektual maraqlarını inkişaf etməsinə kömək olmuşdur. Analarını erkən yaşda itirən bacılar özləri üçün kiçik bir dünya yaratmışdır. Gözəgörünməz ölkələr və təxəyyül oyunları ilə dolu bu dünya, demək olar ki, onlara gələcək əsərlərinin əsasını qoymaqda kömək etmişdir. Lakin 19-cu əsrin ictimai- sosial reallıqları onların yazıçı kimi tanınmasına mane olmuşdu. Bacılar əsərlərini ilk olaraq kişi təxəllüsləri ilə – Currer, Ellis və Acton Bell adları altında nəşr etmişdilər. Yalnız bu şəkildə kişilərə aid edilən bir sahədə öz səslərini eşitdirməyə nail oldular.
Şarlottanın “Ceyn Eyr” (“Jane Eyre”), Emilinin “Uğultulu Təpələr”(“Wuthering Heights”) və Anne-in “Wuldfell Holl kirayəçisi” (“The Tenant of Wildfell Hall”) əsərləri yalnız ədəbiyyat aləmində deyil, həm də sosial məsələlərdə inqilabi dəyişikliklərə işıq tutmuşdur. Onların həyatı belə, qadınların təzyiqlərə qarşı mübarizəsinin canlı nümunəsi kimidir.
Charlotte Bronte: Azad Ruhun Hekayəsi
Yorkshire çöllərində, küləyin sərt və azad bir melodiya ilə oxuduğu bir evdə, Şarlotta adlı bir qız böyüyürdü. Gözləri kitablarla, xəyalı isə geniş çöllərin sonsuzluğu ilə dolu idi. Kiçik yaşlardan o, həyatın ona qoyduğu sərhədləri aşıb keçmək istəyirdi. Şarlotta sakit, amma güclü xarakterə sahib idi. Onun qəlbində böyük arzuları vardı: “dünyaya öz hekayəsini danışmaq”. Həyatın çətinliklərinə rəğmən, bacılarını da arxasınca sürükləyərək kiçik bir stolun ətrafında oturur və böyük xəyallar qururdular.
O, həyatını dəyişən əsəri “Ceyn Eyr” üzərində çalışmağa başlayanda artıq həyatın qaranlıq tərəflərini görmüşdü. Əsərdəki Ceyn Eyr, güclü, müstəqil və öz seçimlərini edən bir qadın idi. Bu xarakter Şarlottanın öz güzgüsü idi. “Ceyn Eyr” nəşr olunanda oxucular bu hekayəni çox sevdilər, lakin bir neçə nəfər xaric, əsərin müəllifi bir qadın olduğunu bilmədilər. O dövrün qərəzləri ucbatından əsər “Currer Bell” adlı bir kişi təxəllüsü ilə yayımlanmağa başladı. Ancaq bu Şarlottanın başqa əsərləri yazmağına mane olmadı. Onun digər əsərləri – “Shirley” və “Villette” də qadınların cəmiyyətdəki yerini, sevgini və itkilərini təsvir edən, dərin mövzulardan bəhs edən sevilən əsərlərdən olmuşdur. Şarlottanın yazılarında qadının güclü və müstəqil bir varlıq kimi təsviri, o dövrdə böyük bir yenilik və bir çox qadına həyatda qalmaq üçün ilham mənbəyi olmuşdur.
“Ceyn Eyr”
Şarlotta Brontenin şah əsəri olan “Ceyn Eyr”, sadəcə bir roman deyil, həm də qadın azadlığı, özünüdərk və sevgi uğrunda mübarizənin incə bir təsviridir.19-cu əsrin patriarxal cəmiyyətində yazılmış bu əsər, bir qadının daxili gücü və müstəqillik uğrunda apardığı mübarizənin ən bariz nümunələrindən biridir.
Ceyn Eyr, sadə bir yetim qız olaraq başladığı həyatında çox çətinliklərlə üzləşir. Buna görə də, onun ruhunda hər zaman bir üsyan, bir azadlıq arzusu olur. O, sevilmədiyi bir evdə böyüyür, sərt qaydaları olan bir internat məktəbində təhsil alır və nəhayət, öz ayaqları üstündə durmaq üçün qətiyyətli addımlar atır. Ceyn sadəcə sevgi axtarmır, o, dəyər verildiyi bir həyat da istəyir. Əsərdə onun məşhur sözləri bu mübarizəni gözəl əks etdirir: “Mən yoxsul, çirkin və kiçik ola bilərəm, amma sizinlə bərabərəm.”
Ceyn Eyr, Thornfield malikanəsində cənab Rochesterin yanında işləməyə başlayır. Bir müddətdən sonra bir-birini sevdiklərinin fərqinə varırlar. Ancaq onların sevgisi, ənənəvi romantik nağıllardan çox fərqli olur. Rochester sirrli, qaranlıq və ziddiyyətli bir obrazdır və keçmişində sirlərlə dolu bir həyatı vardır. Ceyn isə bu sirləri aşkar etdikdə öz seçimləri və sevgisi arasında qalır. Bu sevgi yalnız romantik bir bağ deyil, həm də əxlaqi suallar və daxili mübarizələrlə dolu bir sevgi olur. Ceyn, Rochester-i sevsə də, onunla yalnız bərabər mövqedə olmaq istəyir. Əsərdə sevginin yalnız emosional deyil, həm də mənəvi tərəfləri möhtəşəm bir dillə təsvir olunur.
Ceyn obrazının,o dövrə görə zəif deyil güclü bir qadın olması, milyonlarla qadın oxucuya ilham mənbəyi olmuşdur. Ədəbiyyatda qadın qəhrəmanların gücü bu əsərlə ortaya qoyuldu. Şarlotta Bronte, “Ceyn Eyr” vasitəsilə yalnız bir qadının hekayəsini deyil, həm də cəmiyyətin qadınlara baxışına meydan oxuyan bir manifest yazmışdır. Bu əsər, dövrünün sərt reallıqlarında belə, hər kəsin öz azadlığını tapmaq üçün mübarizə apara biləcəyini göstərmişdir. Lakin həyat Charlotte üçün hər zaman mərhəmətli olmadı. O, bacılarının – Emili və Annenin itkisindən sonra yazmağa davam etsə də, qəlbindəki boşluğu doldura bilmədi. Çox keçmədən o da bu dünyanı tərk etdi, amma arxasında bir “xəzinə” – insanlığı dərk edən əsərlər buraxaraq.
Emili Bronte: Təbiət Kimi Azad və Sirli
Emili Bronte bacılarının ən sirli və azad ruhlu üzvü idi. Təbiətin sərt, lakin saf gözəlliyi onun qələmində canlanırdı. Onun həyatı Yorkshire çöllərinin vəhşi və sakitliyi ilə birləşmişdi. Çox danışmaz, çox insana yaxınlaşmazdı. Buna baxmayaraq yazdığı tək bir roman “Tufanlı Yoxuşlar” dünya ədəbiyyatına təkrarı olmayan bir əbədi əsər kimi tarixdə qalmağı bacarmışdır.
Emilinin əsərləri onun daxili dünyasının güzgüsü idi. Təbiət onun həm ilham mənbəyi, həm də dostu olmuşdur. Onun hekayələri yalnız insanlar arasındakı əlaqələri deyil, həm də insan və təbiət arasındakı güclü bağları əks etmişdir.
Emili Brontenin yeganə romanı olan “Tufanlı Yoxuşlar”, ölümsüz bir sevgi hekayəsi ilə yanaşı, insan təbiətinin ən qaranlıq və ziddiyyətli tərəflərinin də tədqiqidir.
Roman Hindley Ernşolar ailəsinin evində – “Wuthering Heights” adlı malikanədə başlayır. Bu evdə Hitsklif adında yetim bir uşaq yaşayırdı. Bu uşaq atası – anası olmadığı üçün ailə onu evlərində qalmasına icazə vermişdi. Ev sahibi Hitsklifə çox yaxşı davranır, hər sözünə inanır, onu əzizləyib ərköyünlüyə alışdırır, bu da Hitsklif get-gedə o evdə onlardan biri kimi yaşamasına imkan verir. Böyüdükcə evin qızı Ketrinin gözəlliyinin fərqinə varır və ona vurulur. Fəqət günlərin bir günü Ketrinin Hitsklifi sevməsinə baxmayaraq, kübar əsilli birisinə ərə getməyə hazırlaşdığını eşidir. Bundan sonra Hitsklifin malikanədən qaçır və bir də üç il sonra zahirən əsilzadəyə çevrilmiş halda geri qayıdır. Əsərdəki xarakterlər həm təbiət qədər gözəl, həm də fırtına qədər dağıdıcıdır. Hitsklifin qisas arzusu onu tamamilə məhv edir. Onun hərəkətləri, küsgünlüyü sevgi ilə başlayan, lakin nifrətlə nəticələnən bir həyatın faciəsinə çevrilir. Roman qeyri-adi bir hekayə formatında yazılıb: hadisələr geriyə dönərək, müxtəlif personajların danışdıqları ilə oxucuya təqdim olunur. Bu struktur əsərə həm sirli bir hava, həm də dərinlik qatır.
Emili Bronte, sevgi və nifrət kimi ziddiyyətli hissləri təbiət qədər sərt və azad bir dillə təsvir etməyi bacaran bu əsəri, onun yaradıcılıq gücünü göstərdiyi tək şah əsərdir. Emili Bronte, bu əsər vasitəsilə insan hisslərinin ən qaranlıq tərəflərini araşdıran nadir yazıçılardandır. Onun vəhşi və sirli ruhu əsərdə canlanır. Bu əsər təkcə ədəbiyyat tarixi üçün deyil, həm də insan ruhunun tədqiqi üçün dəyərli bir mirasdır.
Emili Brontenin ölümü də, həyat hekayəsi kimi, kədərli və dramatik idi. O, çox erkən, cəmi 30 yaşında dünyasını dəyişmişdi. Ölüm səbəbi ehtimal ki, vərəm idi. Bu xəstəlik, o dövrdə olduqca yayılmış və ölümcül xəstəliklərdən biri sayılırdı. Emili, 1848-ci ilin dekabrında ağır xəstələnir, ancaq o, xəstəliyini uzun müddət ciddiyə almır, həkim çağırılmasına icazə vermir və müalicəyə ehtiyac olmadığını deyir. O, öz sağlamlığına diqqət yetirmədən gündəlik işlərini davam etdir. Xəstəliyi irəlilədikcə vəziyyəti daha da pisləşdi. Nəhayət, 19 dekabr 1848-ci ildə, Haworth’dakı ailə evində, bacılarının və atasının yanında vəfat edir. Ölümündən əvvəl xəstəlikdən zəifləsə də, son ana qədər özünü güclü göstərməyə çalışır. Emilinin ölümü, artıq bacılarının vəailəsinin üzləşdiyi digər itkilərlə birlikdə Bronte ailəsi üçün böyük bir faciə olur. Ondan əvvəl böyük qardaşı Branwell vəfat etmişdi. Emili Bronte, qısa ömrünə baxmayaraq, “Tufanlı Yoxuşlar” kimi əbədi bir əsər yazaraq ədəbiyyat tarixinə dərin iz qoyur. Onun həyatı və ölümü, həssas bir ruhun təbiətlə harmoniyası kimi xatırlanır…
Anne Bronte: Sakit Ruhun Gücü
Anne , Bronte bacılarının ən kiçiyi və bəlkə də ən az tanınanı idi. Lakin onun yazıları incə bir güc və dərin müşahidə qabiliyyəti ilə dolub daşırdı. Digər bacılarının möhtəşəm təxəyyülü və güclü ehtiraslarının əksinə, Anne daha realist və sakit bir yazıçı idi. O, cəmiyyətin problemlərini, xüsusilə qadınların çətinliklərini incəlikləqələmə almışdır.
Anne 1820-ci ildə Yorkshire, Thornton’da doğulmuşdu. O, kiçik yaşlarından etibarən böyük bir təxəyyül dünyasına sahib idi. Anasını erkən yaşlarında itirməsi
onun xarakterində dərin təsir buraxmışdır. Anne, təbiətə və dinə olan yaxınlığı ilə hər zaman bacılarından seçilmişdir.
İlk olaraq Anne Bronte, bacıları Şarlotta və Emili ilə birlikdə uşaqlıq illərindən qısa hekayələr və şeirlər yazmağa başlamışdır. Bu təcrübələr onun özünəməxsus üslubunu formalaşdırmasına çox kömək olmuşdur.
Annenin ilk romanı olan “Agnes Grey” (1847), onun öz şəxsi həyat təcrübəsindən ilham alınaraq yazılmışdır. Gənc bir müəllimənin çətinliklərlə dolu həyatını təsvir edən bu əsər, dövrünün cəmiyyəti və qadınların üzləşdiyi problemləri açıq şəkildə göstərən realist bir əsərdir. Anne burada müəllimənin özünü təsdiq etməsi vəmüstəqillik qazanması kimi mövzulara mümkün qədər diqqət çəkmişdir.
İkinci romanı isə “The Tenant of Wildfell Hall” (1848) olmuşdur. Bu roman, Anne- nin cəsarətini və bənzərsiz yanaşmasını nümayiş etdirən maraqlı bir əsərdir. Əsər, Helen adlı bir qadının spirtli içki asılılığı olan bir ərdən ayrılmasından və bu zaman Helenin başına gələn hadisələrdən bəhs edir. Dövrünün qadınlarına verilən rollara meydan oxuyan bu əsər, ilk feminist romanlardan biri kimi qəbul edilə bilər.
Annenin əsərləri öz dərin reallığı və insan təbiətinə olan obyektiv yanaşması ilə fərqlənir. O, idealizmdən uzaq, amma qətiyyən pessimist olmayan bir yazıçı idi. Onun əsas mövzuları qadınların müstəqilliyi, cəmiyyətin əxlaqi standartları və qadınların azadlıq uğrunda mübarizəsi idi. Anne bütün əsərlərində qadınların yalnız səssiz vəitaətkar bir həyat yaşamaq məcburiyyətində olmadığını göstərməyə çalışmışdır.
Anne Brontenin də bacısı Emili kimi həyatı çox qısa oldu. 29 yaşında, 1849-cu ilin may ayında vərəmdən dünyasını dəyişdi. O, bacılarının kölgəsində qalsa da, onun əsərləri qadın azadlığını müdafiə edən və cəmiyyətin problemlərinə işıq salan, səs- küylü inqilabçı kimi yox, qələmiylə dəyişiklik yaratmağa çalışan bir insan olmuşdur. Anne-nin səmimi və realist yazı üslubu, onu Viktoriya dövrünün ən əhəmiyyətli yazıçılarından birinə çevirmişdir. Onun həyatı və əsərləri, incə gücün və qətiyyətin necə böyük təsir yarada biləcəyini hamıya göstərmişdir.
Şarlotta, Emili və Anne Bronte – üç fərqli şəxsiyyət, eyni məqsəd: insan təbiətini və qadınların mübarizəsini dünyaya çatdırmaq. Onların həyatı və yaradıcılığı, qısa bir ömürdə belə böyük təsir buraxmağın mümkün olduğunu hər kəsə sübut etmişdir.