.....

.....

QADIN  HƏYATIN NƏĞMƏSİDİR – Aynurə İnci

QADIN HƏYATIN NƏĞMƏSİDİR – Aynurə İnci

QADIN HƏYATIN NƏĞMƏSİDİR

Baharın nəfəsi ilə gələn 8 Mart – Beynəlxalq Qadınlar Günü təkcə sevginin, zərifliyin, gözəlliyin bayramı deyil, həm də sədaqətin, fədakarlığın, vəfa və qəhrəmanlığın təntənəsidir. Qadın – həyatın mayası, sevginin mənbəyi, ailənin çırağı, Vətənin ləyaqətidir. O, hər zaman sevginin simvolu olduğu qədər, həm də dözümlülüyün, qəhrəmanlığın rəmzidir.
Qadın – dünyanın işığı, ailənin sütunu, cəmiyyətin təməlidir. O, zərif görünsə də, içində bir dağ qədər möhkəm iradə daşıyır. Anadır – sevgisi ilə övladına dünyanı tanıdır, bacıdır – qayğısı ilə qəlbləri isidir, həyat yoldaşıdır – sədaqəti ilə ailəyə dayaq olur. O, bəzən evin ocağında istilik, bəzən isə cəmiyyətin aparıcı qüvvəsi, elmin, incəsənətin, siyasətin parlayan ulduzudur. Müəllim olaraq gələcəyin alimlərini yetişdirir, həkim olaraq insanlara şəfa verir, yazıçı olaraq xalqın düşüncəsini işıqlandırır, əsgər olaraq torpaqlarımızı qoruyurlar.
Ana kimi şəfqətli, ömür-gün yoldaşı kimi sədaqətli, bacı kimi mehriban olan qadınlar həyatın rəngini gözəlləşdirir, dünyanı daha yaşanılır edir.
Qadının varlığı cəmiyyətin inkişafına təkan verir, onun hər uğuru millətin qələbəsidir.
Azərbaycan qadını tarix boyu yalnız ailəsinin deyil, həm də xalqının, Vətəninin keşiyində dayanıb. O, torpaq üçün can verən igidlər yetişdirib, ocağının işığını söndürməyib, düşmənə qarşı mərd duruş sərgiləyib. Şəhid anaları, şəhid xanımları, şəhid bacıları – onlar fədakarlığın zirvəsidirlər. Qəlbində ana nisgili, ömür-gün yoldaşının yoxluğunun ağrısı, qardaş həsrəti daşıyan bu qadınlar başı dik, qəlbi dolu, gözləri yaşlı olsa da, ruhu əyilməzdir. Onlar təkcə ailələrinin deyil, bütöv bir xalqın qürur mənbəyidirlər.
Şəhid anaları, sizin göz yaşlarınız bu millətin şərəf kitabına yazılan hərflərdir! Sizin böyütdüyünüz oğullar bu torpağın azadlığı, bu millətin varlığı naminə can verdilər. Onların qanı ilə suvarılmış torpaqlarda bu gün bahar çiçəkləri açır. Bu çiçəklər sizin sevginizin, fədakarlığınızın, vətənpərvərliyinizin bəhrəsidir.
Siz, şəhid xanımları, bu torpağın mərd qızları, həyatın ən ağır yükünü daşısanız da, başınızı dik tutaraq yaşayırsınız. Sizin mərdliyiniz, sədaqətiniz, dözümünüz bir ana qədər müqəddəsdir.
Şəhid qızları – siz atalarınızın ən müqəddəs mirasısınız! Onlar bu torpaq üçün canlarını fəda edəndə, sizləri Vətənə əmanət qoydular. Siz atalarınızın yarımçıq qalan xəyallarını, arzularını yaşadan qəhrəman qızlarsınız. Bəlkə də bir ömür atasızlığın ağırlığını daşıyacaqsınız, amma bilin ki, siz tək deyilsiniz! Xalqın sevgisi, Vətənin qüruru sizinlədir. Siz təkcə bir ailənin deyil, bütöv Azərbaycanın ümidisiniz!
Və siz, şəhid bacıları – gözlərinizdə qardaş həsrəti, ürəyinizdə onun qəhrəmanlıq izi ilə yaşayan fədakar bacılar… Sizin qardaşlarınız bu torpağın əbədi qürur zirvələridir.
Bu gün, 8 Martda bütün qadınları təbrik edərək onlara tükənməz sevgi, səbr, xoşbəxtlik və sağlamlıq arzulayırıq. Qoy bu gün onlar üçün təkcə baharın deyil, həm də sevgi və ehtiramın ən gözəl təcəssümü olsun. Qoy hər zaman üzləri gülsün, qəlbləri sevgi ilə dolsun!
Bu gün biz təkcə baharı deyil, sizin varlığınızı da qeyd edirik! Sizlər həyatın təkcə bəzəyi deyil, həm də dayağı, mənası, gücüsünüz. Qoy hər gününüz sevgi, hörmət, ehtiram dolu olsun! Qoy bu bayram təkcə təqvimdə bir gün yox, sizin həyatınızın hər günündə bahar kimi yaşansın!
Bütün Azərbaycan qadınlarını 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edirik!
Sizin varlığınız bu dünyanı gözəlləşdirir, Vətənimizi ucaldır!


Aynurə İnci