Radio Layihəmdə Yaranan Etüdlər.
Yarım Portret
Sehran Allahverdi haqqında
Onu rəsmlərdən tanıyırdım, rənglərdən. Sonra şeirlərindən tanıdım — sözbəsöz.Sehran Allahverdi, gözəl rəssam və düşündürən şairlərimizdən biridir. Müsahibəni yazmaq qərarına gələndə əlimdə, yanımda cəmi bir kitabı var idi. Onu da radioya dəvət edəndə bağışlamışdı. Şeirlərində buludu anaya bənzədib, dünyanın üstünü örtən ayrılığı göyə sarı düşünən şair Sehran “mən insanam” deyir — hər gün alt-üst ola biləcək insan. (Şeirlərdən) Sonra da o, insanların rəsmini çəkir.
“Bu altı dağınıq, üstü rahat dünyanın harasında dayansaq, bizi görməyəcəklər – gözəgörünməyən ağrılar kimi insanlar da gəzir bu yer üzündə sağa-sola.” Hələ biz insanların ən xoşbəxtiyik, çünki fikrimizi izah edə bilirik —Ya bir şeir, bir rəsm, bir esse, hekayə…Axırı bir bəhanəylə dərdimizi püskürə bilirik.
Gərək heç olmasa biz, Allahın sevdikləri bir-birimizi görək.
Gördüyüm Sehran Allahverdi
Sehran müəllim, xoş gördük sizi. Məni düşündürən bir neçə sual var.
Maraqlı insansınız — xeyirxah, gülərüz. Bir az sirli, bir az gizli…Radioda müəllif verilişimə görə məni təbrik edir.danışmağa özü haqqında eşitməkdən sanki çəkinir. Sizi rəsmlərdən bir ayrı cür tanıyıram, şeirlərdən bir ayrı.Bəs siz necə, özünüzü rəssam hiss edirsiniz, yoxsa şair? Qısacası, özümü tam olaraq şair də bilsəm, rəssam olmuşam. Çünki yaşadığım torpaqdan da asılıdır bu. Məsələn, mən Tovuzda, Qazaxda yaşayıb böyüsəydim — orda hamı şeir yazır. Bizim kəndimizdə şeir yazana qəribə baxırdılar. Şeir yazmağı sevsəm belə, hamıdan gizli yazıb heç kimə bildirməzdim. Beləliklə, rəssam oldum. Amma şeirlər də yazmağa davam etdim. Sehran Allahverdi — rəssamlar içində şair, şairlər içində rəssam deyilən yaxşı bir insan obrazıdır. Dostlarını çox sevir və bu dostlar içində şairlər çoxdur. Onun emalatxanasına kimlər qonaq getməyib ki?! O emalatxanaya hətta şeirlər də yazılıb.Bu yaxınlarda belə bir şeirə rast gəldim. Bu birlik, bu dostluq sizi daha da digərlərindən fərqli edir
Rəssam Sehran Allahverdi
Sehran Allahverdinin portretləri — onun rəssamlıq fəaliyyətində digər rəssamlardan tam fərqlənir.Sehran, ürəyini tanıya bilmədiyi insanın rəsmini çəkə bilmir.
Məni həyatda görüb tanısa da belə, heç bir zaman rəsmimi çəkə bilmədi.
Yalnız həyatda bir dəfə də təmasda olmadığı atam Fikrət Sadığın portretini çəkə bildi.
Bu portret evimə elə bir istiqllik gətirdi ki…
Mən atamın daxili aləmini — buludlardan buxarlanan kədərli surətini
gördükdə Sehran Allahverdinin necə gözəl bir rəssam olduğunu anladım.
Sizin rəsm sərginizdə olmuşam. Yadımdadır, çəkdiyiniz vətən sevgili rəsmlər qalıb — bir də qardaşınızın yarım qalmış portreti… Bilirəm ki, o, birinci Qarabağ savaşında şəhid olub. Elə istəyirdim deyim ki, bəs 44 günlük müharibədən sonra torpaqlarımız azad olduqdan sonra şəkli tamamlamaq fikriniz olmayıb ki? Yaxşı ki soruşmadım.sanki sualı duyub sakitliklə cavab verdi: Mən o rəsmi heç vaxt tamamlamayacam.
Çünki onun həyatı yarım qaldı… Yarımçıq portret ürəyimi çox ağrıtdı. Davam edir. Rəssamlığa hazırlaşanda heç kimin hövsələsi çatmırdı.
Amma həmin qardaşım elə səbirli idi… saatlarla tərpənmədən otura bilirdi. Mən də onu çəkirdim. Onun məndə o qədər yarımçıq rəsmləri var ki…Bu söhbət mənə digər sualları verməyə qoymadı. Gerisi yalan dedim.
Qardaş dərdinin ağırlığını bütün ruhumla duyuram.Bu acının, bu dərdin sərhədsiz əzabı daima səhər-axşam mənimlə olub.həyatın işkəncəsi. Bu yaraya toxunduğum üçün həm öz həm Sehran müəllimin xatirələri içimi üşütdü.çox pis oldum və davam edə bilmədim. Düşündüm ki, qardaşını rəssam olsun deyə səssiz oturan,saatlarla keçik çəkən qardaş, onun rəsm çəkməyinə kömək edən, çox sevən şəhidimizin gözəl ürəyi ona vətəni müqəddəs edib.Vətəni də doğması kimi sevib vətənə dönüb, torpaq olub.Ruhu şad olsun. Müsahibəni yarım saxlamaq qərarı aldım.
Bir dərd ki, bu qədər doğma və çarəsizdir… Bu qədər uzaq, canın içi qədər ağrılıdır…Mən daha susdum.
Sehran Allahverdinin yarımçıq portretini mütləq tapıb izləyin.
Şair Sehran Allahverdi
Sehran Allahverdi, son çap olunmuş kitabı “Sarı kitab” ilə son illərdə çox sevilən şairlərimizdən birinə çevrilib.Onun öz oxucusu var — həssas, dünyəvi, bəşəri mövzularda düşünən, sevə bilən, hələ də sevgiyə inanan oxucusu.Sehran Allahverdi — şeirlə rəsm çəkən, rəsmlə şeir yazan
dövrümüzün ən maraqlı insanlarından biridir.Onun şeirləri insan ruhuna tez yol tapa bilir.
Sevdiyim şeiri ilə bitirirəm:
Partalar
Ürəyimi ağrıdır,
hara yazım, hara cızım adını?
Daşa, divara, quma,
hara cızım adını?
Xəyal məni aparır…
nolar indi müəllimlər gələ,
qulağımdan dartalar…
üstünə “səni sevirəm”
sözünü cızdığım o partalar
necə oldu görəsən…?
O göyçək qız, o yanmış?
O gün çərşənbə tonqalından
bir parta taxtasını
güclə xilas elədim –
parası odda yanmış.
Yanıq yarası olanlar anlar məni…
Bir gün ürəyimin üstünə dağ basdım,
dişlərimi bir-birinə sıxa-sıxa…
o qızın adının axırına çıxa-çıxa.
İndi mən bir evin kişisi,
sən bir evin qadını,
hara yazım adını?
Çoxdan anlamışam ki,
dəriyə döymələr ziyan,
ağacı cızmaq olmaz,
partanı yazmaq olmaz,
şeirdən hamı duyar,
qumu ləpələr yuyar,
buludlar daşları,
divarları çimizdirər yağışla…
Hara yazım adını,
hara yazım adını
yer tapmadım,
bağışla!
Aysel Fikrət