.....

.....

Səssiz çığırtı – Aysel Abbasova

Səssiz çığırtı – Aysel Abbasova

Səssiz çığırtı…
Səslər çoxdur. Səslər kəsilmir. Qəlbindəki kədər ruhundan böyük olsa da, hər gün günəş doğulur. Yeni gün başlayır. Bütün varlığını bürüyən hüznü yox edəcək səs isə eşitdiklərindən heç biri deyil.

Nə səni anlayan var, nə də bunun üçün cəhd edən. Elə bil dünya sənə bütünlüklə qarşıdır. Hər kəs qarşında birləşib, keçilməz bir sədd kimi dayanıb. Onlar bu birliyi ilə sanki bununla nə isə demək istəyir. Amma sən onları anlamırsan. Və sadəcə yerində dayanıb susursan…

Hamının həyatında belə bir an, çox yəqin ki, yaşanıb. Tam qaçmaq istəyərkən özündən və hər kəsdən bir addım da ata bilməmisən yeni bir həyata. Ya keçmişinə bağlı qalmısan, ya da olduğun dünyaya. Tanıdığın bildiyin, yad olmayan ömrə və insanlara… Ancaq içindəki ağrıya heç vaxt doğmalaşa bilməmisən. Bir bəhanəyə sarılmısan hər dəfə. “İndi olmaz. Bu dəfə yox. Onlar məni başa düşmür. Yenə bacarmadım. Bəlkə, gələn dəfə…” – sözləri ilə ovundurmusan qəlbini.

Əslində isə hər dəfə qorxaqlığını bir qəlibə sığışdırmağa çalışmısan. Və həqiqəti hamıdan gizlətməyə… Görünür, bacarmısan da. Qalib gələn cəsarətsizliyinin üsyanı ətrafındakı səslərdən eşidilməyib belə. Öz daxilindəki ziddiyyətə yad kimi davranmısan. Varlığındakı xaos sənin deyilmiş kimi sən də hər gün insanlarla birlikdə günəşi salamlamısan. Günlər beləcə keçib. Təbii, zaman da öz işini yaxşı görüb. Unutdurub sənə səssiz çığırtılarını. Ancaq sadəcə növbəti kədərə kimi…

Bir də necə düşünürsən ki? İçində boğub, yaşamağa cəsarət etmədiyin ağrılar sonsuz boşluğamı gedir? Sən heç kainatda nəyinsə yox olduğunu görmüsən? Çevrilmədən heç mi xəbərin yoxdur?

Kafkanın var idi. O da bacarmadı unutmağı. Bir gün bir qəhrəmanla içindəki üsyanı “Çevrilmə” ilə ölümsüzlüyə çevirdi. Bəlkə də, tək istədiyi varlığındakı əzablardan qurtulmaq idi. Görəsən, o bunu nə qədər bacardı? Heç olmasa, ruhu barışdımı kədərlə? Ya da yaşadıqlarıyla? Bitməyən ağrılarla? İçindəki adsız duyğularla?

Bariz olan tək gerçək odur ki, bu proses olmalıydı, hətta labüd idi. Və bu, həmişə, hər kəs üçün keçərlidir. Bayaq dediyimiz kimi, kainatda heç nə itmir. Çevrilir. Duyğulardan qurtulmağın da yolları var, deməli. Məsələn, ondan bəslənmək kimi. Onunla və ondan bəhrələnib yaratmaq kimi.

Van Qoq da “Ulduzlu gecə”sini belə yaratmadımı? Ruhi dispanserdə zehninin ona oynadığı oyunlarla savaşmaqdan yorulub, ruhu üçün bir sığınacaq axtarmadımı? Hər kəsin baxıb, anlamağa çalışdığı sanki insanı özünə çəkən o əsərlə ruhundakı ağrını ram edib, az da olsa, içindəki üsyandan qurtulmağa çalışmadımı?

Yaradıcılıq, bəlkə də, bunun üçün kodlanıb insan varlığına. Ya da əksinə, yaratmaq hiss etməkdən yaranan duyğuları əks etdirmə sənətidir.

Fərqi varmı? Hansı hansı üçün yaradılıb? Əsas olan budur ki, insanın bir qurtuluş şansı var. Ömürlük olmasa da, o ankı kədərini ömrünü aşan zamanlara ötürə bilirsən. Yaradıcılığın sonsuzluğuna varlığındakı ağrını əmanət edirsən. Və bunu edərkən minnətdar olursan dünyaya. Nə qəribədir? İnsan onu məhv edən duyğunu sevə bilərmi?

Əslində, bu, mümkündür. Hətta spiritual inanclara görə, dünyaya gəlməzdən öncə ruhumuz yaşayacağı həyat və təcrübələrlə tanış olur və hər anını bilərək, istəyərək ömür yolunu özü bəlirləyib, qəbul edir. Bu da o deməkdir ki, yaşadığımız həyatı özümüz seçmişik. Hər kədərdə bir işarə, bir mesaj var. Bunu imtahan kimi də düşünə bilərik. Ruhumuz bizi sınayır. Onu layiq olduğu həyata çatdıra biləcəyikmi maraqla gözləyir.

Deməli, bütün dünya və insanları qarşımızdakı sədd kimi görüb, sarsıldığımız o dözülməz zamanlar səbəbsiz yaşanmır. Çünki ən böyük çevrilmələr o anda baş verir.

“Ağlasığmaz səslənir. Bu necə bir oyundur. Həyata bax! Axı, insan necə belə bir ömrü seçə bilər?”-deyirsinizsə, həyatınıza bir də nəzər salın. Yolunuz sizə nə demək istəyir? Elə indi, bu anda nəyin fərqinə varmalısınız? Bəlkə, varlığınız və zehniniz ruhunuzun bildiyi gerçəklərə hələ oyanmayıb? İndi ətrafdakı səsləri susdurub içinizdəki səssiz çığırtını eşitmək vaxtıdır?!

Unutmayın, ruhunuzu danmaqdan vaz keçsəniz, növbəti kədəri daha çox sevgi ilə qarşılayacaqsınız.

Və o zaman anlayacaqsınız, insan yaşadığı kədərə niyə minnətdar olur…