.....

.....

ŞEİRİYYƏTİN ÖVLADI VƏ YAXUD DAŞ ÜSTÜNDƏ ÇİÇƏK

ŞEİRİYYƏTİN ÖVLADI VƏ YAXUD DAŞ ÜSTÜNDƏ ÇİÇƏK

ŞEİRİYYƏTİN ÖVLADI VƏ YAXUD DAŞ ÜSTÜNDƏ ÇİÇƏK

Onu ilk dəfə gördüyüm anda təpədən dırnağa şair olduğunu anladım. Gözlərindən atəşlər yağan, çılğın ruhlu, kədəri də sevinci kimi coşqun, küsməsi də sevgisi kimi gözəl, nəhayət, həyatın, sevginin, şeirin tam mənası ilə özü! İlk kitabını açanda oxuduğum bir misra yaman diksindirdi məni:

Mən Yer kürəsinin üstündə deyil,

Sözümün üstündə durmuşam, Allah!

Bu misranın, bu duyğunun açması nədir deyə, günlərlə düşündüm. Çünki zamanımızın şairləri sözlərinin arxasınca qaçırdılar. Yaxud, sözlərini kürəklərində daşıyırdılar. Amma heç biri sözlərinin üzərində durmaq kimi bir fikri ağlına da gətirməmişdi. Mənim tanıdığım Rəsmiyyə həqiqətən də özgüvənli, sözünə, qələminə və özünə inanan qız idi. Amma belə bir sözü demək şair üçün həqiqtən də hetyrətamiz bir cəsarətdir. Həm də zamana üsyandır, məhz zamanla kəllə-kəlləyə gəlməkdir. “Sözləri güllələnən, sözlərinin başı, əl-ayağı parça-parça olan, amma hər parçası insanlığa qəh-qəhə ilə gülən”, “dünyadan doyan” şairin hiddətidir, hətta yer kürəsinə təhdidi, ona meydan oxumasıdır. 

Rəsmiyyənin xarakteri ilə şeirlərinin arasında təbii bağlılıqla birlikdə, oxucunu çaşdıran, diskindirən bir təzad, toqquşma da var. Həyatdakı Rəsmiyyə şən, nikbin, özgüvənlidir, gülüşündən, baxışından bir həyat sevgisi şaçılar. Amma şeirlərindəki Rəsmiyyənin “poetik mən”i bir o qədər kədərli, küskün, bəzən də çarəsiz və pessimistdir. Amma bütün bunların içərisindən bütün paralelləşən, çarpazlaşan və toqquşan tərəfləri ilə okean dalğası kimi coşub qalxan bir üsyankarlıq da var. Bütün bunlar Rəsmiyyə Sabir şəxsiyyəti ilə poeziyasını birləşdirən önəmli bir xüsusiyyəti-səmimiyyəti ortaya çıxarır. “Dünyaya naşı uşaq” kimi gəldiyini deyən şair, bu dünyada axtara-axtara əslində böyük eşqi tapır. Tapır və itirir. Bu eşq yalnız insani eşq deyildir, duyğulara, sözə, daşa, torpağa, hətta “Tanriya el açıb yalvaran ağaclara” həyatı özündə birləşdirən “ikicə rəqəmə”, “dərdlərin soyunduğu yolayrıcına”, “Uçuq yer kürəsini saxlayan ata əllərinə”, yalnız “bir sirrini öyrəndiyi İlahiyə” olan eşqdir, bir də üstəgəl-Vətən eşqi. 

Rəsmiyyənin ilk şeirlərində Vətən mövzusu ana xətt kimi keçmir, amma birdən elə püskürüb qalxır ki, bütün şeirlərinin, bütün mövzularının və xətlərinin üzərinə kölgə salmağı bacarır, dillər əzbəri olur. “Bağışlama bizi, Vətən” şeirində olduğu kimi. Ya da digər mövzuların içərisindən dərddən, kədərdən adlı duyğudan qıvrıla-qıvrlıa yana-yana keçır, “Yanız bir sirrini bildim” şeirində olduğu kimi. 

Rəsmiyyə Sabir şeiriyyəti haqqında düşünərkən gözümün önünə “həbs olunmuş sükut” gəlmir nədənsə, daş üstündəki bir çiçək gəlir. Daşın daş qəlbini parçalayıb həyat sevgisi ilə partlayaraq çıxan bir çiçək. O çiçək diqqət istəyir, sevgi istəyir, daha da çox ləçəklənmək istəyir. Rəsmiyyə şeirlərinin gözəlliyi də bundadır: onlar fəqrlidir! Nə yalancı fəlsəfə ilə yüklənib, nə başqalarından qoparılmış yamaq sözlərlə, nə də saxta boyalarla. Bu şeirlər nədən bəhs edirsə etsin, səmimidir, özünəməxsusdur, heyrətləndiricidir, hətta çaşdırıcıdır. Bu şeirləri oxuduqdan sonra əvvəlcə susaraq düşünmək, sonra isə mübahisə etmək istəyirsən.

“Vaxt məni ömrümdən yeyir,

Üstümə ölüm yeriyir”

Bu misraların ağırlığını duymaq üçün o ölümü görmək, hiss etmək, hətta qoxusunu hiss etmək lazımdır. Rəsmiyyənin həyat saçılan gözlərinə baxanda onun bunu hiss etdiyinə inanmıram, amma elə bununla da Rəsmiyyənin fitri istedadını təsdiq etməli oluram. Əsl istedad budur: Yaşamadığını yaşamağı bacarmaq, keçirmədiyin hissləri keçirdiyinə inandırmaq. Rəsmiyyə şeirlərində inandırmağı bacarır və maraqlıdır ki, insan Rəsmiyyə ilə qarşı-qarşya olanda yox, onun şeirləri ilə təklikdə qarşı-qarşıya qalanda ona inanır, hətta onu daha çox hiss edir. Çünki o, insanın gizli duyğularına xitab etməyi bacarır.  

Rəsmiyyənin ilk kitabı çıxanda çox sevinmişdim, hətta öz ilk kitabımın çıxmasından da çox. Çünki mən onda ədəbiyyata, şeirə elə böyük sevgi görmüşdüm ki, bu sevginin yaşamasını, qorunmasını istəyirdim. Məhz Rəsmiyyənin şeirlərini oxuduqda da onun ədəbiyyata olan sevgisinə heyran qalmışam. Etiraf edirəm ki, bu duyğu məndə olmayıb, mən həmişə ədəbiyyata çiyinlərimdən atmaq istədiyim bir yük kimi baxmışam. Amma Rəsmiyyə poeziyanı  sevir və bu sevgisinə həmişə sadiq qalacaq. Rəsmiyyə təkcə istedadlı olduğu üçün deyil, həm də bu sevgisi üçün yazacaq, yaradacaq. Onun şeirlərində heç bir vaxt insanları, xalqı, Vətəni, hansısa duyğunu alçatmaq, təhqir etmək, əzmək kimi bir fikir olmayacaq. Çünki Rəsmiyyə Sabir poeziyası sevgidən yoğrulub, ondan həqiqi sevgi ətri gəlir. Mən onun ən gözəl şeirlərinin hələ irəlidə olduğunu düşünürəm. Amma məhz misal gətirdiyim bu misralar da həmişə məni həyəcanladıracaq, diksindirəcək, yaddaşımda qalacaq.

Rəsmiyyə Sabir 2000-ci illər ədəbi mühitində meydana çıxmış və özünü təsdiq etmiş şairdir. Müharibənin od-alovundan yorğun düşmüş bir xalqın içərisində şeir yazmaq da, onu tanıtmaq da çətin məsələdir. Amma Rəsmiyyə bunu bacardı. Öz ədəbi nəslinin içərisində yerini tutmağı, sözünü sevdirməyi də bacardı. Bu gün yaşadığım Türkiyədə Azərbaycan Bəxtiyar Vahabzadədən sonraki ədəbi nəsildən Rəsmiyyə Sabirin “Bağışlama bizi, Vətən” şeiri qədər tanınan, sevilən ikinci bir şeir yoxdur. 

Məhz buna görə də Rəsmiyyə Sabiri və Azərbaycan ədəbiyyatını təbrik edirəm. İstedadlı şairimiz, gözəl iqtisadçı, yorulmaz ictimaiyyətçi, Dünya Gənc Türk Yazarlar Birliyinin qurucularından biri və bu təşkilatın günümüzədək ən ağır yükünü zərif çiyinlərində daşıyan, Azərbaycan Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun şöbə müdiri, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, sədaqətli dostum və hər şeydən əvvəl-gözəl insan!

Rəsmiyyə Sabirə böyük yaradıclıq uğurları arzulayram.

Əziz Rəsmiyyə xanım! Yaz, yarat, qələmindən göz yaşları deyil, sevgi çiçəkləri səpilsin. Çünki sənin sözün-həm də bir dünyadır və o dünyanın sevgi səpən sözlərinə ehtiyacı var.

AYGÜN HƏSƏNOĞLU
filologiya üzrə fəlsəfə doktoru, yazar