.....

.....

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin ev-muzeyində Milli Musiqi Günü ilə bağlı tədbir keçirilib

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin ev-muzeyində Milli Musiqi Günü ilə bağlı tədbir keçirilib

“Zərif Kölgələr” xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni tereminvoks musiqi alətində səsləndirilib.

Tədbirdə ədəbiyyat və mədəniyyət xadimləri, ziyalılar iştirak ediblər. Onlar Üzeyir Hacıbəylinin yaradıcılığından maraqlı faktları bölüşüblər.

Muzeyin direktoru, Xalq artisti Sərdar Fərəcov çıxış edərək, dahi bəstəkarın həyat və yaradıcılığından söz açıb. Bildirib ki, Üzeyir bəyin musiqi mədəniyyətimizin inkişafında misilsiz xidmətləri olub. Onun yaradıcılığı bütün dövrlər üçün dəyişməz və bənzərsizdir. “Üzeyir Hacıbəylinin ən böyük xidmətlərindən biri məktəb yaradaraq, öz davamçılarını yetişdirməsidir. Dahi bəstəkarın tələbələri onun sənətini layiqincə davam etdiriblər. Üzeyir bəyin xatirəsi həmişə xalqımız üçün əziz qalacaq”, – deyə o əlavə edib.

Tədbirdə söz və musiqisi bəstəkar İlhamə Adilqızıya məxsus olan
“Üzeyirin dünyası” mahnısı da ifa olunub. Mahnını müəllifin çalışdığı Rafiq Babayev adına 25 saylı Musiqi məktəbinin şagirdləri Qədirli Nurlan və Məmmədova Aylin ifa ediblər. İ. Adilqızı “Zərif Kölgələr” ə öz təsüratlarını bölüşüb: “Xalqımız bu günü Milli Musiqi Günü kimi qeyd edir. Milli musiqimiz və mədəniyyətimiz öz inkşaf səviyyəsinə görə Ü. Hacıbəyova borcludur. Mən də özümə borc bilib dahi bəstəkara sözü və musiqisi mənə aid olan” Üzeyirin Dünyası” əsərini yazdım.
Və çalışdığım Rafiq Babayev adına 25 saylı Musiqi məktəbinin şagirdləri ilə birlikdə bu əsəri bəstəkarın ev muzeyində keçrilən tədbirdə ifa etdik. Həqiqətən çox həyəcanlı anlar yaşadıq. Sənətkarın ocağında bu əsəri ifa etmək bizim üçün çox qürur verici bir hiss idi. Çox xoşbəxt bəstəkaram ki, belə bir günü yaşamaq mənə də qismət oldu”.

Qeyd edək ki, Konsert proqramı ilə davam edən tədbirdə şagird və tələbələr “Sevgili canan”, “Arazbari”, “Muğamsayağı” əsərlərini, həmçinin “Şah İsmayıl” operasından Aslan Şahın ariyasını və “Arşın mal alan” operettasından Vəli və Tellinin duetini ifa ediblər.

Havar Şəfiyeva