.....

.....

SEVGİNİN, HƏSRƏTİN VƏ VƏTƏNİN SƏSİ – Günel Balakişi…

SEVGİNİN, HƏSRƏTİN VƏ VƏTƏNİN SƏSİ – Günel Balakişi…

SEVGİNİN, HƏSRƏTİN VƏ VƏTƏNİN SƏSİ – Günel Balakişi…
Ad günü təbriki….

Hər bir şairin doğum günü sadəcə təqvimdə bir tarix deyil. Həmin gün ədəbiyyat da yenidən doğulur, poeziya da nəfəs alır. Bu gün mənim əziz dostum, şeiriylə könülləri fəth edən, sözün işığında addımlayan şair Günel Balakişinin doğum günüdür.

Onun poeziyası təkcə bədii zövq üçün yazılmır. Hər misrasında həyatın özü danışır: sevgi ilə üsyan, həsrətlə ümid, xəyanətlə sədaqət, Vətənlə qürbət bir-birinə qarışır. Günel xanım sözə yalnız forma kimi yanaşmır, onu yaşadır, ona nəfəs verir.

“Sərsəri” şeirində sevgini sərhədsiz, ağlın belə hesablaya bilməyəcəyi qədər dərin təqdim edir. Burada sevmək – bir insanı dəlilik həddində yaşamaq deməkdir. Bu əsər göstərir ki, Günel Balakişi üçün sevgi insan həyatının ən güclü varlıq səbəbidir.

“Vətən sağ olsun!” isə oxucunu başqa aləmə aparır. Burada sevgi və həsrət Vətənlə eyniləşir. Şairin göz yaşları torpağa qarışır, onun ürəyindəki yanğı bütün millətin dərdinə çevrilir. Bu şeir bir qadın qəlbinin deyil, bütöv bir xalqın fəryadıdır.

“Kağız yarası” dost xəyanətinin acısını dilə gətirir. Kağız kəsiyi qədər incə, amma bir ömür unudulmayacaq yara… Günel xanım bu əsərində sanki oxucuya xəbərdarlıq edir: düşməndən qorunmaq asandır, bəzən dostun vurduğu zərbə daha betərdir.

“Bir qadın vardı” şeirində isə tək bir insanın deyil, bütöv bir qadın ömrünün dramı canlanır. Uşaqlıqdan bəri başqasının donunda, başqasının həyatında yaşamağa məhkum qadın obrazı – bu, həm poetik bir etirafdır, həm də publisistik bir hayqırtı.

“Ən çoxum” sevginin saflığını, uşaq təmizliyini ifadə edir. Bir uşağın qolları qədər geniş, göy üzü qədər əngin bir eşq – Günel Balakişinin şeirində sevgi həm ən sadə, həm də ən uca hiss kimi təqdim olunur.

“Cəllad” və “İmkansız sevgi” əsərləri isə sevginin işgəncə tərəfini göstərir. Burada oxucu yalnız bir aşiqin sızıltısını deyil, həm də insanın öz vicdanı ilə savaşını görür. Günel xanım eşqi həm xilas, həm də əzab kimi təqdim edir.

“Bizim üçün darıxmışam” – sanki onun həyat fəlsəfəsidir. Burada tənhalıq da var, yorğunluq da, qocalıq da, xəstəlik də… Amma bütün bu kədərin içində bir işıq qalır: “Şeir yazsam, gələrsənmi?” – bu sual həm sevgiliyə, həm dostlara, həm də biz oxuculara ünvanlanıb.

Günel Balakişinin yaradıcılığı çağdaş poeziyamızda qadın qəlbinin ən səmimi etirafı, ən açıq pəncərəsidir. Onun misralarında həyatın bütün rəngləri var: qara kədərdən ümid işığına, sevgi çılğınlığından vətən yanğısına qədər.

Mən – Vüsal Ağa olaraq, bu gün dəyərli dostumu təbrik edirəm. Arzu edirəm ki, onun ömrü şeirləri kimi zəngin, qəlbi misraları kimi saf, həyat yolu poeziyası kimi işıqlı olsun.

Ad günün mübarək, Günel Balakişi!
Sən sözün qanadında doğulan, sözlə yaşayan və sözlə ölümsüzlüyə gedən bir şairsən.

Hörmətlə: Vüsal Ağa
Şair, publisist