Sosial medianın psixoloji manipulyasiyası: görünənlər, gizlənənlər və “bəyənilmək” aclığı
Müasir dövrdə sosial media təkcə bir platforma deyil o, artıq həyat tərzinə çevrilib. İnsanlar yatmazdan əvvəl son baxışlarını ora salır, səhər oyananda ilk baxışı yenə ora yönəlir. Artıq xəbər, dost, sevgi, kədər hamısı bir ekranın içindədir. Amma sosial media sadəcə bir “ünsiyyət vasitəsi” deyil. O, hissləri, düşüncələri və davranışları yönləndirən bir psixoloji manipulyasiya mexanizmidir.
Virtual təsdiqin cazibəsi: Bəyənilmək aclığı
Bu günlərdə bir çox insan sosial mediada “bəyənilmək” üçün yaşayır.
Bir paylaşım, bir video, bir şəkil hər biri sanki “Məni görün, məni bəyənin, məni təsdiq edin!” deməyin fərqli formasıdır.
Artıq bəzi insanlar real xoşbəxtliyi yaşamaqdan çox, xoşbəxt görünməyə çalışır. Onlar sanki həyatlarını yaşamaq üçün deyil, paylaşmaq üçün yaşayırlar.
Bir anlıq düşünək:
İnsan bir videonu paylaşır, bir şəkli yerləşdirir, sonra saatlarla ekranı izləyir neçə nəfər baxdı, kim bəyəndi, kim şərh yazdı?
Əgər baxış sayı çoxdursa sevinc, əgər azdırsa məyusluq.
Beləcə, insan öz dəyərini “bəyənmə” sayında axtarmağa başlayır.
Bu, sosial medianın ən təhlükəli manipulyasiyasıdır: o, insanı öz dəyərindən uzaqlaşdırır və başqalarının fikrindən asılı hala salır.
Süni xoşbəxtlik: Reallığın saxta versiyası
Sosial mediada hər şey parlaq, gözəl və qüsursuz görünür. Amma bu parıltının arxasında çox vaxt tənha ruhlar, yorğun zehinlər və gizli kədərlər gizlənir.
Kamera qarşısında gülən insan, bəzən ekran sönəndə ağlayır.
Çünki sosial medianın “görünən xoşbəxtlikləri” çox vaxt “görünməyən ağrıları” gizlədir.
Biz artıq “yaşadıqlarımızla” deyil, “paylaşdıqlarımızla” qiymətləndirilirik.
Kimin həyatı daha rənglidir, kim daha çox gəzib, kim daha çox gülür…
Bu, sanki bir yarışa çevrilib xoşbəxtlik yarışı, amma qalibi olmayan bir yarış.
Psixoloji tələlər: Beynin manipulyasiyası
Sosial media insan beyninin dopamin sisteminə birbaşa təsir edir.
Hər “like”, hər “baxış” beyində kiçik bir sevinc siqnalı yaradır.
Bu siqnal isə insanı daha çox paylaşmağa, daha çox baxmağa, daha çox qarşılıq gözləməyə vadar edir.
Beləcə, asılılıq səssizcə formalaşır.
Artıq bir çox insan sosial mediaya girmədiyi zaman özünü “boşluqda” hiss edir. Halbuki bu, real boşluq deyil bu, virtual dünyanın psixoloji tələsidir.
Sosial əlaqələrin itməsi: yaxın, amma uzaq
Sosial media paradoksu budur: insanlara yaxınlaşdırmaq üçün yaradıldı, amma nəticədə bizi bir-birimizdən uzaqlaşdırdı.
Artıq biz dostlarımızla baxışaraq yox, “story”lərdə danışırıq.
Valideynlər övladlarını “like”lar vasitəsilə tanıyır, sevgililər bir-birinə baxmaq yerinə mesaj yazır.
Ünsiyyət sanki ruhunu itirib, “emosiya” yerini “emoji”yə verib.
Xeyirli tərəflər: Düzgün istifadə balansın açarı
Bütün bunlara baxmayaraq, sosial media düzgün istiqamətdə istifadə edildikdə çox güclü bir maarifləndirmə vasitəsinə çevrilə bilər.
O, istedadları üzə çıxarır, gəncləri birləşdirir, fərqli düşüncələri paylaşmaq imkanı yaradır.
Ancaq əsas məsələ odur ki, sosial media səni idarə etməsin sən onu idarə et.Sosial medianın köləliyindən azad olmağın yeganə yolu şüurlu istifadədir.
Paylaş, amma özünü itirmə.
İzlə, amma dəyərlərindən uzaqlaşma.
Xoşbəxt ol, amma süni şəkildə yox, səmimi şəkildə.
Nəticə: Reallığı unutma
Sosial media həyatın güzgüsü deyil, yalnız əksidir.Orada hər şey var, amma “sən” yoxsan, əgər özünü itirmisənsə.Unutma ki, bəyənilmək bir anlıqdı, amma dəyərli olmaq bir ömürlük.
Əsl xoşbəxtlik “nə qədər bəyəni aldığın”da deyil, nə qədər insanın qəlbinə toxunduğundadır