.....

.....

Sözün işığında doğulan gün – Milli Mətbuat Günü – Aynurə İnci

Sözün işığında doğulan gün – Milli Mətbuat Günü – Aynurə İnci

Sözün işığında doğulan gün – Milli Mətbuat Günü

Söz – bir millətin ruhudur. Tarix isə onu yaşadan, yazıya çevirən, gələcəyə daşıyan qüvvədir. Azərbaycan xalqının b gücə sahib çıxması isə 1875-ci ilin isti bir iyul günündə – 22 iyulda, Həsən bəy Zərdabinin iradəsi ilə gerçəyə çevrildi. Həmin gün işıq üzü görən “Əkinçi” qəzeti, yalnız bir mətbu orqan deyildi. Bu, maarifin, aydınlığın, söz azadlığının, milli özünüdərkin səsi idi
“Əkinçi” – adına bənzər möhtəşəm bir missiyanı çiynində daşıyırdı. O, torpaq əkən deyil, fikir əkən, təfəkkür biçən, cəmiyyətin zəmilərinə maarif toxumları səpən bir qəzet idi. Onun başında isə həm ziyalı, həm də əsl xalq adamı olan təbiətşünas-alim Həsən bəy Zərdabi dayanırdı. O, redaktor idi, korrektor idi, yazıçı idi, eyni zamanda millətinin gələcəyinə inanan bir aydın idi.

“Əkinçi”nin ömrü uzun olmadı – cəmi 56 sayı. Amma bu az ömür içində, millətin təfəkküründə qığılcım yaratdı. Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani və daha neçə-neçə böyük şəxsiyyət bu mətbuat ocağının alovunu daha da gücləndirdilər.m
Çar Rusiyasının bu qəzetdən narahatlığı, onun əslində nə qədər doğru yolda olduğunu sübut edirdi. Həmin dövrdə mətbuatın ictimai və siyasi düşüncəyə təsiri mombelə onu susturmağa məcbur qaldı. Amma “Əkinçi”nin ruhu susturulmadı. O ruh zamanla “Kaspi”, “Ziya”, “İrşad”, “Molla Nəsrəddin” kimi mətbuat orqanlarında yenidən doğuldu və bu gün də yaşamaqdadır.

1991-ci ildən etibarən 22 iyul Azərbaycan Milli Mətbuat Günü kimi qeyd olunur. Bu, təkcə bir qəzetin nəşr tarixini deyil, həm də milli maarifçiliyin, azad sözün, jurnalistikanın təməl gününü ifadə edir.

Bu gün Azərbaycanın mətbuat aləmi çətinliklərə baxmayaraq, öz yolunu davam etdirir. Müasir informasiya çağında mətbuat daha çox məsuliyyət, daha çox prinsipiallıq, daha çox vicdan tələb edir. Çünki bu gün də cəmiyyətin aynası olmaq, həqiqəti qorumaq, xalqı doğru yönə yönəltmək mətbuatın üzərinə düşən ən ağır, amma ən şərəfli yükdür.
…Və söz yenə səngərə çevrildi…
2020-ci ilin payızında, torpağın harayına qalxan igidlərimiz düşmən üzərinə yeriyəndə, səngərlə yanaşı söz də səngərə çevrildi. Qələm sahibləri ön cəbhədə olmasalar da, informasiyanın ön xəttində, xəyanətlə həqiqət arasında görünməyən bir savaşda idilər. Müharibənin təkcə döyüş meydanı yox idi – virtual aləm, beynəlxalq informasiya məkanları da azadlıq savaşının səhnəsinə çevrilirdi.
Azərbaycan mətbuatı həmin günlərdə öz missiyasının nə qədər müqəddəs və məsuliyyətli olduğunu bir daha sübut etdi. Hərbi sirri qoruyaraq, eyni zamanda xalqı maarifləndirən, düşmənin informasiya yalanlarını ifşa edən, şəhidlərimizin ruhunu ucaldan, mübarizənin ruhunu alovlandıran mətbuat əsgərləri – əsl qəhrəman oldular.
Müharibə dövründə aparılan mediya savaşı da Zərdabinin əkinçiliyinin yeni bir mərhələsi idi. Amma bu dəfə qələm yalnız təbliğ etmədi – qorudu, ifadə etdi, şəhidin dilinə çevrildi, səngərdəki igidin səsini dünyaya yaydı.
Və biz bir daha anladıq:
Söz torpaq qədər müqəddəsdir,
Həqiqət bayraq qədər ucaldır,
Qələm isə səngər qədər müqavimətlidir.
Zaman keçəcək, amma 22 iyul – mətbuatın doğum günü – həm də Vətən müharibəsinin informasiya qəhrəmanlarını xatırladacaq. Onlar susmadılar. Çünki susmaq, gerçəyə xəyanət idi…
Həqiqətin izində, qürurun sədasıyla yazan – Aynurə İnci