Təqvimdəki Qara Rəng
Uşaqlığımın qan yaddaşıdır – 20 Yanvar. Təqvimdə qara rəngdə işarələnmiş bu tarix sadəcə bir gün deyil; o, azadlıq uğrunda küçələrə axışan mücahidlərin əbədi olaraq tarixə həkk olunduğu gündür. Qəlbimizdə həmrəyliyin, mübarizliyin, milli şüurun bir nişanəsidir. Bu gün, sevginin ən uca zirvəsini göstərən Leyli ilə Məcnunun adını, Fərizə və İlhamla əvəz edən müqəddəs bir tarixdir.
20 Yanvar mənim yaddaşımda yalnız faciə deyil, azadlıq yolunda ilk zirvə, müstəqilliyimizin qanla yazılmış başlanğıcıdır. Valideynlərimin və müəllimlərimin danışdıqları həmin günün mənzərəsini, qəlbimə həkk olunan təsirini heç unutmadım. İnsanların matəm dolu baxışları, televizordan eşidilən ağılar, əllərdə qərənfillərlə Şəhidlər Xiyabanına axışan izdiham…
O vaxt cəmi ikinci sinif şagirdi idim. Böyüklərin danışdıqları məni düşündürürdü. Onlar deyirdilər ki, həmin gün Bakıda sovet ordusu dinc insanları qətlə yetirmişdi. Amma bu qırğın, bu dəhşət millətimizin iradəsini qıra bilməmişdi. O gün canlarından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəmanlar azadlıq toxumlarını öz qanları ilə əkmişdi:
İnsan insan olur öz hünəriylə,
Millət millət olur xeyri, şəriylə.
Torpağın bağrına cəsədləriylə,
Azadlıq toxumu əkdi Şəhidlər…
Uşaq qəlbimdə o zamandan belə anladım: Vətənin azadlığı üçün özünü fəda edənlərə Şəhid deyirlər.
Hər il 20 Yanvarı yad edərkən, o qanlı gecədə şəhid olanların bizə miras qoyduğu azadlığın dəyərini daha dərindən dərk etdim. Vətən sevgisi qəlbimdə ildən-ilə daha da böyüdü, onların xatirəsinə sonsuz ehtiram hissi ilə qarışdı.
O qanlı gecənin açdığı yara, sabahın işığına qovuşmuşdu. O gün canından keçən qəhrəmanların əmanətinə sahib çıxan yeni nəsil doğuldu, böyüdü, şəhidlərin yolunu davam etdirdi.
Bu gün torpağımız müqəddəsdir. Şəhidlərin qanı ilə sulanmış bu torpağa baş qoyub səcdə etmək hər birimizin borcudur. Qərənfilin kədərli boyunu Xarıbülbülün qələbə işığı dikəltdi, o işıqsa qəlbimizdə əbədi yandırdığınız mübariz alovdur.
Sizin ucalığınız bizim yolumuzdur,
Cənnət ətirli ruhlarınız bizim qürurumuz!
Sizi unutmadıq və unutmayacağıq. Qanı Vətəni müqəddəs edən Şəhidlər, ruhunuz şad olsun!