.....

.....

“TUM BÜKÜLƏN VƏRƏQLƏR” – YEGANƏ Əhmədova

“TUM BÜKÜLƏN VƏRƏQLƏR” – YEGANƏ Əhmədova


“TUM BÜKÜLƏN VƏRƏQLƏR”
(Yaxın günlərdə ədəbiyyatımızın itirdiyi Xalq yazıçısı Elçinin ruhuna sayğılarla)
Yazıb yaradan, ilahidən gələn misraları ürəyinin odu ilə isidən, xalqların tarixini yaranışından bu günədək yerbəyer araşdıran, həyatın sərt üzünü sərt şəkildə açan şəxsiyyətlər həmişə xalqın taleyində çıraq rolunu oynamışdılar. Hər kəsdən fikirləri, ağılları, fəlsəfələri, hökmləri ilə fərqlənən bu dühalar həyatları boyu daim narahat olmuş, düşünmüş və çalışmışdılar. Onlar özləri üçün yox, xalq üçün, bəşəriyyət üçün, insanlıq üçün yaradılmışdır…
Milyonları oyatmaqdan ötrü qələmə güc vermişdilər, sözə sığınmışdılar. Bu yolda həyatlarını qoymuşdular ki, millət oyansın, savadlansın, düşünsün, irəli getsin. Həyatları boyu millətə xidmət etməyə çalışan bu şəxsiyyətlər özlərindən sonra da özləri qədər qiymətli əsərlərini qoyub getmişdilər. Bəs insanlar? İnsanlar o dahilərə və bu əsərlərə necə yanaşdılar..?
Məni bu düşüncələr girdabına salan, fikrimi çox uzaqlara çəkib aparan, həyatın təzadlı məqamları ilə qarşı-qarşıya qoyan illər öncə qarşılaşdığım bir hadisə oldu.
Gəncə şəhərindəki avtomobil dayanacaqlarından birinin yanında bir qadın tum satırdı. Tumla dolu səbətin yanında isə üst-üstə yığılmış 10-15 təzə kitab vardı. Necə deyərlər heç qatı da açılmamışdı. Kitabların da satıldığını güman edib ora yaxınlaşdım. Bir neçəsini qaldırdım, hamısı eyni əsər idi – Elçinin “Ölüm hökmü”.
Sizdə bunlardan başqa kitab yoxdur?
Bu kitablar satılmır, onlara tum bükürəm.
Bəli, bu da cavab. Həmin vaxt qəlbimdə nəyinsə qırıldığını hiss etdim. Pərəstiş etdiyim ilahi bir aləm, dahilər aləmi təhqir olunmuşdu. Heyrətlə başımı qaldırıb qadına baxdım, amma..! Onun elə yazıq, elə yoxsul görkəmi vardı ki. Soyuqdan titrəyən əllərini cılız bədəninə keçirdiyi nimdaş jiletinin qoynunda isitməyə çalışırdı.
Evinin xanımı ola biləcək bu qadını mühitinmi, taleyinmi sürüklədiyi səfalət elə bürümüşdü ki, onu nə yazanlar maraqlandırırdı, nə də yazılanlar. Onun çox güman ki bircə arzusu vardı – daha çox tum satmaq. Həmin pula isə bəlkə də soyuq damın altında ac-susuz anasının yolunu gözləyən balalarına bir parça çörək almaq. O, fərqinə və mahiyyətinə varmadan, tanımadan, düşünmədən, onu tum satıb dolanmağa sürükləyən taleyin hökmü ilə təsadüfən Elçinin “Ölüm hökmü”nü hədəf seçmişdi. Yəqin ki başqa bir tum satan da tumun yanına oxşar təsadüflə Füzulinin, Mirzə Cəlilin, Şekspirin, daha nə bilim kimlərin əsərlərini yığıb… Fransız yazıçısı Viktor Hüqo məşhur “Səfillər” əsərində yazırdı: “İnsan ruhu bir parça çörəyə satılır. Səfalət təklif edir, cəmiyyət isə bu təklifi qəbul edir.” Bəli, bu hadisə o fikirlərin bariz təsdiqi və gerçək üzü idi. Müasirimiz, şair, tənqidçi Sevinc Mürvətqızı tələbəlik illərində birlikdə üzvü olduğumuz “Gəncliyin səsi” şeir dərnəyində şahidi olduğu bir hadisənin təsiri ilə yazdığı “Sazını satan kişi” adlı çox təsirli bir şeir oxumuşdu. O şeirdə bir aşıq illər uzunu onunla yoldaş olan sazını əlacsızlıqdan və imkansızlıqdan satırdı. Tum satan qadından ayrılandan sonra Sevinc Mürvətqızının şeirindəki “Utansın bu günə salanlar onu” misrasından başqa heç nə düşünə bilmirdim…
Nəhayət bir etirafım da olacaq. Həmin hadisəyə qədər mən Elçini sadəcə “Mahmud və Məryəm” əsəri ilə tanıyırdım. “Ölüm hökmü”nü o hadisədən sonra oxudum. Tum satan qadının sayəsində diqqətimi çəkdi o əsər. Sovet rejiminin, repressiya dövrünün əsl mahiyyəti ilə ilk dəfə “Ölüm hökmü”ndə tanış oldum. O əsərdən sonra Elçin yazıçı və yaradıcı olaraq təsəvvürümdə çox böyüdü. Bir daha qarşılaşmadığım tum satan qadına isə uzaqdan-uzağa duaçı olmaqdan başqa əlimdən heç nə gəlmədi.