Xarı Bülbül dastanı
44 günlük Vətən müharibəsindən və müzəffər Azərbaycan ordusunun işğalçı erməni hərbi
qüvvələri üzərində tarixi qələbəsindən sonra Xarı Bülbül dastanı yenidən kiçikdən böyüyə qədər
hər kəsin dilinin əzbəri oldu. Bu dastan bir yumruq kimi birləşmiş Azərbaycan xalqının səyi, üç
min civarında şəhidimizin qanı, yüzlərlə sağlamlığını itirmiş qazilərimizin canı bahasına yenidən
yazıldı.
Çox zərif və görünüşünün orijinallığı ilə seçilən Xarıbülbül (elmi adı latınca – Ophrys
Caucasicadır, yəni Qafqaz Qaş Səhləbi) səhləb çiçəyi fəsiləsinə, Ofris cinsinə aiddir. Onun 50-
dən çox növü var və bunların əksəriyyəti Qafqazda və Zaqafqaziyada, özəlliklə də Azərbaycanın
bir sıra bölgələrində, əsasən dağlıq ərazilərdə bitir. Bülbülə bənzədiyinə görə Azərbaycanda
bitən səhləb çiçəyi növlərinə Xarıbülbül (tikanlı bülbül) adı verilmişdir. Mənim doğulduğum
Tovuz bölgəsinin dağlıq ərazilərində də bu gül bitir. Bəlkə də bir zamanlar ulu dədələrim
Şuşadan köç edərkən Tovuzun Xarıbülbül bitən dağlıq ərazilərini Qarabağın təbiətinə oxşadığına
görə özlərinə məskən seçmişdilər – demək çətindir.
Xarıbülbülün nə zamandan Şuşanın və ümumilikdə Qarabağın rəmzinə çevrilməsi və buradan
da bu gülün yalnız Qarabağda bitməsi fikrinin formalaşması haqqında dəqiq fikir demək çətindir.
Ola bilsin ki, Qarabağ xanı İbrahimxəlil Cavanşirin qızı Ağabəyim Ağanın qürbətdə, Vətən və
torpaq həsrəti, nakam sevgi nisgili ilə keçən həyat hekayəsi bu məsələyə aydınlıq gətirə bilər.
Gözəlliyi və istedadı ilə seçilən Ağabəyim ağa Qarabağ xanlığının o dönəmlərdəki vəziri, böyük
Azərbaycan şairi Molla Pənah Vaqifdən dərs almış, gəncliyinin ilk çağlarından özü də şeirlər
yazmağa başlamışdır. Lakin fələk gənc Ağabəyim Ağanın gələcək həyatının üzərinə qara kədər
pərdəsi çəkir. Belə ki, Şuşanı işğal etmiş Ağa Məhəmməd şah Qacar 1797-ci ildə burada
öldürüldükdən sonra İbrahimxəlil xan arada mülayimlik yaratmaq üçün onun cənazəsini böyük
ehtiramla Tehrana göndərir. Qacarların yeni hökmdarı Fətəli şah İbrahim xanın bu hərəkətindən
razı qalır və onun adamlarını hədiyyələrlə geri qaytarmaqla bərabər İbrahimxəlil xanla qohum
olmaq niyyətini bildirir. Ürəyindən olmasa da İbrahimxəlil xan bu təkliflə razılaşmalı olur və
gənc və gözəl qızı Ağabəyim Ağanı 200-dən çox xidmətçisiylə birlikdə Tehrana şah sarayına
göndərir. Ağabəyim Ağa sarayda cah-cəlal içərisində yaşasa da, qəlbi Vətən həsrəti ilə
göynəyirdi. Ağabəyim ağanın könlünü şad etmək, onu sevindirmək üçün Fətəli şah Tehranda
möhtəşəm bir bağ saldırır. Qarabağdan, Şuşadan ağac, gül-çiçək gətizdirib əkdirir ki, Ağabəyim
Ağa doğma yerlərin havasını bu bağdan ala bilsin. Hətta bağbanı da Şuşadan gətirirlər. Bu
gülüstanın da adını “Vətən bağı” qoyurlar. Əkilən hər şey bitir, təkcə Xarıbülbül adlı güldən
başqa. Şuşada bitən bu gülü dəfələrlə gətirib əksələr, nə qədər qulluq etsələr də, solub məhv
olur. Ağabəyim həmin bağa seyrə çıxarkən çox qəmlənir. Dərindən ah çəkərək ağlayır. Saray
əhli onun bu halını başa düşmür. Çünki “Vətən bağı” elə Qarabağın bir parçası idi. Onda
Ağabəyim Ağa Qarabağla bağlı üzüntüsünü Azərbaycanda indi də populyar olan nəğmə-ağı ilə
ifadə edir:
“Vətən bağı” al-əlvandır,
Yox içində Xarıbülbül.
Nədən hər yerin əlvandır,
Köksün altı sarı, bülbül…
Bəlkə də bu hekayətdən sonra Xarı bülbül rəvayətlərə mövzu, şair və musiqiçilərə isə ilham
mənbəyi olmuşdur…
Bu zərif çiçəyin niyə Xarı bülbül adlanması haqqında rəvayətlər çoxdur. Amma mən burada
xalq arasında daha çox yayılmış rəvayətlərdən birini nəql edəcəm. Rəvayətdə deyilir ki, gözəl
səsli bülbül bir zərif gülə aşiq olubmuş. O gülü əzizləyir, onun üçün cəh-cəh vurur, nəğmələr
oxuyurmuş. Bir gün bülbül öz sevgilisi gülün görüşünə getmək istədiyi vaxt güclü külək əsməyə
başlayır. Külək elə güclü idi ki, zərif otlardan tutmuş nəhəng ağaclara qədər hər şey küləyin gücü
qarşısında tab gətirə bilmir, ikiqat əyilir, qırılıb param-parça olurdular. Yalnız bülbülün sevdiyi
zərif və gözəl gül küləyin azğınlığına baş əymir, dik dayanırdı. Öz gücü ilə qürrələnən külək
bunu görərək heyrətə gəlir:
-Ay zərif, ay zəif gül, sən hansı cəsarətlə mənə baş əymirsən? Sən bu gücü haradan alırsan?
Gül cavab verir:
-Məhəbbətdən! Məhəbbətin gücü yenilməz olur. Mən bülbülü sevirəm. Mənə güc-qüvvət verən
onun saf məhəbbətidir.
– Baxarıq! Sən məhəbbətini sına, mən də gücümü, – deyən külək daha da qüvvətlə uğuldayır,
onun qəzəbi yerə-göyə sığmır. Küləyin bu azğınlığı qarşısında artıq gülün müqaviməti
tükənməyə başlayır, o son qüvvəsini toplayır. Elə bu zaman bülbül özünü gülün harayına çatdırır.
O, sinəsini gülün köksünə söykəyib onun əyilən qamətini düzəldir. Ancaq gülün xarı (yəni
tikanı) bülbülün sinəsinə sancılır. Bülbül məhv olur, amma gülü əyilməyə qoymur. Və bülbüllə
əbədi birləşən gül həmin vaxtdan bülbül görkəmində çiçəklər açır, adı da olur xarıbülbül, yəni
tikanlı bülbül…
…Və 44 günlük müharibədə Xarı bülbül dastanı yenidən yazıldı: qəhrəman Azərbaycan əsgəri
rəvayətdəki bülbül misalı sinəsini qabağa verərək Qarabağı, gözəl Şuşanı erməni işğalçılarının
və onların havadarlarının “qara küləyi”ndən qorudu, qanı-canı bahasına Xarı bülbülü qələbənin
simvoluna, rəmzinə çevirdi. Rəvayətdəki bülbül sevdiyi gülə qovuşduğu kimi üç min civarında
şəhidin qanı da Qarabağın torpağına qarışdı; şəhidlərimiz Xarı Bülbül oldular…
Azərbaycan Respublikasının sərhədlərini bərpa edən şəhidlərimizi sayğı və minnətlə anıram.
Ruhları şad olsun
Dos.Dr. Qəmər C.Mürşüdlü