Zərif Kölgələrin növbəti müsahibi AYB-nin üzvü , Şair Gündüz Sevindik
– Xoş gördük, Gündüz bəy! Təklifimi qəbul edib müsahibim olduğunuz üçün sizə minnətdaram.
Gecənin qaranlığında doğulan Gündüzün günəşi nə zaman isitdi küçələri?
– Xoş gördük, Arzu xanım! Mənim üçün də xoş oldu. Düzdür, anamın dediyinə görə mən gecə saatlarında doğulmuşam, amma adımı Gündüz qoyublar. Şeirim də var belə:
Dünyaya gecə gəldim mən,
Adımı Gündüz qoydular…
Sualınıza cavab olaraq deyim ki, küçə mövzusu məni həmişə düşündürüb. Küçələri müşahidə eləmişəm daim. “Gecələr küçədə qalan küçədən heç kimin xəbəri olmaz” – qənaətim məni bu mövzuya bir qədər də yaxınlaşdırdı. Küçə mövzusunda silsilə şeirlər yazdıqca dərk edirdim ki, bu ən çətin, həm də ən ağır mövzudur əslində. Həyatımın elə illəri var ki, həmin illəri ancaq küçə şeirlərinə həsr etmişəm. İkinci kitabımın adı da “Yorğun küçə” oldu. Mənə görə küçə canlıdır… Hər gün minlərlə insanın ayaqları altında torpaq-torpaq soyulan küçə, axşam bişən yeməklərin qoxusundan doyan küçə… və daim küçədə baş verənlərin canlı şahidi olan küçə…
Baxdı neçə-neçə şeirlərimə,
İstədi don biçə şeirlərimə,
Köçdü küçə-küçə şeirlərimə,
Mənim küçələrim üşümür daha.
Bu yükə toxunma, daşıyan mənəm,
Bax, ölən-dirilən, yaşıyan mənəm,
Nə yaxşı elə tək üşüyən mənəm,
Mənim küçələrim üşümür daha – Sözüm küçələri nə qədər isidə bildi, bunu deyə bilmərəm. Amma bu şeir bir qədər təsəllim oldu.
–Başı şeirlərinin dizi üstündə olan Gündüzün yuxusu nə qədər dərin oldu?…
Uçar səmalara, itər dərində,
“Alar qadasını” xeyrin, şərin də,
Yatıb gecələyər öz şeirində,
Şairlərin evi yoxdu…
Düzü, bu misraları necə demişəm, özüm də bilmirəm. Amma dəqiq bildiyim budur ki, ciddi Söz arxasına düşən, bütün həyatını sözə qurban verən insanlar SÖZdən başqa heç nəyi düşünməzlər. Olduqca ciddi ehtiyac içində yaşayan bir şair qələmə aldığı gözəl bir şeirin təsirində özünü dünyanın ən varlı, ən bəxtiyar insanı hesab edər. Başımı dizinin üstə qoyub yuxuya gedəcək şeirimi isə yaza bilməmişəm hələ ki. Əgər seçim etmək olardısa “Başdaşı” şeirimin dizinə baş qoymaq olar…
– Dövrümüzdə aktual olan “meyxanaçılar”ın meyidir sizi narahat edən, yoxsa xanası?
Yaralı yerə toxundunuz. Xana əslində ciddi məqamdır. Hazırkı bir çox meyxanaçıların xanası boş, meyləri isə çoxdur. Yarı rus, yarı Azərbaycan dilində kriminal aləmi, narkomaniyanı təbliğ edən meyxananın “meyi” təəssüflər olsun ki, gəncliyin ədəbi zövqünü zədələməkdə davam edir. Həqiqət isə budur ki, bu gün ən gözəl meyxana nümunəsini dünya və Avropa ədəbiyyatına təqdim edib deyə bilmərik ki, buyurun dinləyin, bu Azərbaycan poeziyasıdır. Çünki hazırkı meyxananın başını “mey” elə qatıb ki, meyxanamız “xana”ya çıxmaqda çox çətinlik çəkir.
– Bugünkü ədəbiyyatımız sizi nə qədər qane edir?
Çağdaş ədəbiyyatın işıqlı tərəflərini əlbəttə, daha çox görürəm. İstedadlı yazarlarımız var. Mənim üçün istedadlı şair təkcə gözəl şeirlər yazan şair deyil, həm də ədəbiyyatı formalaşdıran şairdir. O cümlədən də yazıçılarımız. Düşünürəm ki, ədəbiyyatımızın əsas gücləri, “uzaqvuran topları” hazırda nəsrimizdə daha çox yer alır. Şeirimizdə də ciddi, ən əsası gənc imzalar az deyil. Bütün dövrlərdə ədəbiyyatın qolundan tutub onu işıqlı tərəfə çıxaran istedadlar olub, bundan sonra da olacaq.
– Axı, “şair elə şair doğulur” deyirlər. Bəs indiki yazarlar kütləsi necə? Onlara şair adı vermək doğrudurmu?
Şairliyin universiteti, akademiyası olmur. Əlinə qələm götürüb bu meydana atılan insan bilməlidir ki, şairlik sənət, peşə, maraq deyil. Şairlik tale işidir. Sualınızdakı “yazarlar kütləsi” buna yaxşı misaldır. Harda “kütlə” sözü varsa, vay o ədəbiyyatın halına… Rəhmətlik Baba Pünhan demişkən: “Qələm ucuz, varaq ucuz, yazan yazana söykənib”… Həqiqət isə budur ki, əsl şair, ciddi söz adamı möhtəşəm sənət əsərləri yaratdıca Sözün ucalığı həmin insana daha da əlçatmaz görünür. Ciddi söz adamı üçün iddia deyilən bir şey yoxdur. Min həvəskar yazarın arasından bir ciddi imza çıxarsa, bu da bəs edir.
– Gündüz Sevindik imzası sizə nəyi qazandırdı?
Düşünürəm ki, ədəbi mühitdə heç nə. Özümü müqəddəs Söz üçün istedadlı hesab etmirəm, çünki ədəbiyyat üçün heç nə edə bilməmişəm. Qazancım dəyərli söz adamları, sizin kimi dostlar oldu. Ədəbiyyat sevdalısı olmuşam, qazancım yalnız budur. SÖZÜ çox sevirəm!
– Gündüz bəy, mən sizi tanıyanda sizə “Füzuli beytlərinin açarı” adını verdim. Bəs Füzuli özü hansı beytinin açılmasını istəyərdi və ya istəməzdi?…
Füzuli beytlərində elə mübhəm, elə sirli məqamlar var ki, bunlar elə indi də müasir insan düşüncəsinin açacağı beytlər, ləfzlər deyil. Bu dahi İnsan nə yazıbsa, kamil şəxslər üçün yazıb. Füzulinin xidməti yalnız Əlahəzrət Sözə xidmətdir. Füzuli böyük məktəb, qiymətli irsdir. Yəqin ki, bu məktəbi, bu irsi qoyub gedən Ustad özü də istəməzdi ki, kamil İnsan üçün qaranlıq, mübhəm məqamlar qalsın. Siz məni “Füzuli beytlərinin açarı” adlandıranda dedim: Füzuli beytlərində o qədər Gündüzlər azıb ki… Füzuli sahilsiz ümmandır. Bu ümmanda Gündüz kimi o qədər naşı qəvvaslar qərq olub ki… Arzu edərdim ki, gənclərimiz Füzulini mütləq oxusunlar. Çünki Füzuli yaradıcılığı kamil şəxsiyyət yetişdirən əsl akademiyadır!
– Bir şeiriniz var – “35 yaşımın astanasında”. Gündüz Sevindik yenidən 35 yaşının astanasında olsa nəyi dəyişərdi?
35 yaşımın astanasında olarkən heç nəyi dəyişə bilmədimsə, deməli yenidən həmin yaş dövrünü yaşasaydım yenə də heç nəyi dəyişə bilməzdim. Bu tale məsələsidir. Biz həyatımızı, taleyimizi redaktə etmək gücündə deyilik… Olmalıdırsa, olacaq. Olmayan şey isə heç vaxt olmayacaq.
– İndiyə qədər yazdıqlarınız önəmlidir, yoxsa yazacaqlarınız?
Mən bu gün yazdıqlarıma deyil, oxuduqlarıma, öyrəndiklərimə borcluyam. Bir də mənə doğru yol göstərən ustadlara daim minnətdaram. Yazdıqlarım isə nə qədər önəmlidir deyə bilmərəm, çünki bunun qərarını zaman və ədəbiyyat özü verir. Mən yazmaqdansa, oxumağa, öyrənməyə – təhlil etməyə, analizlər aparmağa üstünlük vermişəm həmişə. Bəlkə də bu səbəbdən yazdıqlarım say etibarı ilə azdır. Şeirdə məhsuldarlığı sevmirəm, açığı. Poeziya pambıq yığımı deyil ki, öhdəçilik götürüb bol məhsul təhvil verəsən. İki aya bir şeir yaz, amma ŞEİR yaz – prinsipi mənim üçün əsas olub daim. Gənc yazarlara da deyirəm həmişə, şeiri qələmlə yox, pozanla “yazın”. Yəni, poza-poza yazın, şeirdə artıq bir söz belə işlətməyin, sizi oxuyanları yormayın. Gücü oxumağa, mütaliyəyə verin. Yazmaq məqamında şeir özü gəlib sizi tapacaq… Bundan sonra yazacaqlarıma gəldikdə isə, bir onu deyə bilərəm ki, özümə qarşı çox tələbkaram, hatta çox amansızam. Bundan sonra nə yazacağam, bəlkə ümumiyyətlə yaza bilməyəcəyəm, qalır olduqca “çətin və narahat” Gündüzün halına…
–“Armudun ən yaxşısıydı, Sonrasını demək olmur…” Sonrasını demək çətin deyildi, amma nədənsə sonluğu üç nöqtəyə həvalə etdiniz…
Arzu xanım, inanın ki, bu şeirin qeyd elədiyiniz misralarına görə mənə, yalan olmasın, təxminən yüzə qədər qadın təşəkkür etdi. Açığı, onlar mənə sağ ol dedikcə, mən də bir o qədər pis oldum, əzildim. Anladım ki, şeirdə özünü tapan, özünü görən bu qadınlarımız hamısı eyni taleyi yaşayan qadınlardır. Şeirin sonluğunu üç nöqtəyə həvalə etməyə məcbur idim, nöqtələr hər şeyi deyirdi əslində:
O qız bir yaz yağışıydı,
Naxışların naxışıydı,
Armudun ən yaxşısıydı,
Sonrasını demək olmur…
– Təşəkkür edirəm, hörmətli müsahibim Gündüz Sevindik. Yeni şeirlərlə görüşmək diləyi ilə.
– Mən təşəkkür edirəm. Sizə də yaradıcılıq uğurları arzu edirəm!
Müsahibəni hazırladı Arzu Əyyarqızı