.....

.....

Eluca Atalı: “Bizə yanan və yandıran gənclik lazımdır”

Eluca Atalı: “Bizə yanan və yandıran gənclik lazımdır”

Türkiyədə yayımlanan “Yeni lisan” dərgisinin yazarı Mücahit Hazarın Eluca Atalı ilə müsahibəsi.

Yazan zaman məni ideya idarə edir.

Eluca Atalı: “Bizə yanan və yandıran gənclik lazımdır”

– Öncəliklə bizə vaxt ayırıb, bizimlə müsahibə etməyi qəbul etdiyiniz üçün təşəkkür edirik. İlk olaraq sizi bir az tanıya bilərikmi? Necə biridir Eluca ATALI?
– Sizlə söhbət mənim də ürəyimcədir, həm gənc yaradıcılara, həm türk gəncliyinə ürək sözümü deyəcəm, həm də mənim kitablarımı oxumuş insanlarla üz-üzə olacam. Bütün bunları ümumiləşdirsək, yəni, məni duyan insanlarla bir aradayam. Bundan yaxşı nə ola bilər?
Eluca Atalı kimdir? Zənnimcə, bir yazara verilmiş ən insafsız sualdır bu. İnsan özünü nə qədər anladırsa anlatsın, tam mənası ilə özünü aşkar ortaya qoya bilmir. Eluca Mədinə kimi doğulmuş Azərbaycan türküdür, amma hamıdan fərqli olaraq özünü yaradaraq adamlıqdan İNSANLIĞA yol almış birisidir. Yəni, özünü dəyişmək, özünü yaratmağa cəhd edən adamdır. Bu səbəbdən də Asif Atanın Mütləqə İnam Ocağına Övlad olub, əqidə sahibidir.
1966-cı ildə Azərbaycan Respublikasının Neftçala rayonunun Xolqaraqaşlı kəndində doğulmuşam. Bakı Dövlət Universitetində təhsil alıb orda da elmi işimi davam etdirmişəm. On iki yaşımdan yaradıcılığa, özü də şeirlə başlamışam. İlk şerimi yazıb atama göstərdim, oxuyub dedi: “Şeir deyil, amma nəyəsə bənzəyir”. Düzü, nəyə bənzədiyini demədi, yəqin ki, o da ayırd edə bilmədi hansı janrda yazdığımı. Qeyd edim ki, atam da şeir yazırdı və dərc olunurdu. Bu minvalla 10 il şeir yazıb sonra nəsrə keçdim. Görünür şeirdə özümü təsdiqləyə bilmədiyimdən nəzmi atdım. Hal-hazırda ədəbi janrın hekayə, roman, esse, fəlsəfi-bədii miniatür, etüd, dram və s. növlərində yazıram. Hərdən çaşanda şeir də yazıram, amma şairlik iddiası beynimdən keçmir.
Son şeirimsə budur:
Yad dildə azadlıq nəğməsi
Çeçen mücahidi
azadlıq nəğməsi oxuyur
rus dilində!
Düşünürəm, görəsən, neçə kilometr qalıb
mücahidin azadlığa çatmasına?
Çaşma dostum,
bu bir riyazi məsəl deyil…
At əlindəki kilometr sayğacını!
Boş əlinlə dur bu yolun
başlanğıc nöqtəsində
Bax irəli, lap irəli,
sil eynəyindəki dumanı, tozu.
Yaxşı bax gedən mucahidin addımlarına.
Təyin et onun sürətini
öz içindəki haqqın
Mütləq ölçüsüylə!..
Yalnız onda hesablaya bilərsən
mücahidin mənzilinə çatacaq
O müqəddəs nöqtəni!..
…..
Mücahid yerində addımlayırdı
durduğu dairə içində…
Əslində bu şeirdən çox özgürlük istəyində olan bir insanın iç səsidir.

– Bizlər Türk dili və ədəbiyatına könül vermiş bir neçə gənc yoldaş olaraq, Yeni Dili adında, sadə, öz, təmizlənmiş türkcəni müdafiə edən bir jurnal çıxardırıq. Siz bir Azərbaycan türkü olaraq Türkiyə türkcəsindəki ərəb, fars sözlərinin çıxarılması işləri haqqında nə düşünürsünüz?
– Sizin bu təşəbbüsünüzü alqışlayıram, çünki bu ideyanız milli təfəkkürünüzdən irəli gəlir. Amma unutmayın ki, dünyada təmiz dil deyilən bir anlayış yoxdur, lakin, təmiz dil deyilən istək var. Niyə dünyada təmiz dil yoxdur? Çünki dünyada bir-birindən təcrid olunmuş, tam təcriddə yaşayan bir xalq yoxdur. İnsanlar mədəni, ictimai, siyasi baxımdan bir-biri ilə əlaqə qururlar, bu da dilə yad sözlərin girməsinə gətirib çıxarır. Amma dilə gələn yad sözü özümlükdən keçirib, ona yeni can vermək olar. Misal üçün, türk dilində işlənən “bilgisayar” sözünü çox bəyənirəm və eləcə də digər bu kimi sözlər var ki, türk qardaşlarımız bunu yad dildən alsalar da, ona türkcə uğurlu qarışıq ad tapa biliblər. Asif Ata deyir: “Dil-Ruhani hadisədir!” Bu baxımdan insan öz dilində nə danışırsa, danışığında istifadə etdiyi sözlər onun daşıdığı ruhu ifadə edir. Azərbaycan şairi Bəxtiyar Vahabzadənin “Fel olmaq istəyirəm” şeiri var. Bizim dilimizdə olan yalnız fellər gəlmə sözləri qəbul etməyib. Yəqin ki, bu felin hərəkətdə olmasından irəli gəlir, hərəkətdə olan yadlığı çətin qəbul edir!!! Tibb aləmində belə bir fikir var, yalnız ürək xərçəng xəstəliyinə tutulmur, bunu da onun daim işləməsi ilə izah edirlər. Mənsə bu keyfiyyəti dilimizdəki felə aid edirəm.
Türkiyə türkcəsində olduğu kimi Azərbaycan türkcəsində də ərəb-fars sözləri çoxdur, hətta bəzi dilçilər iddia edirlər ki, bizim dilimizdə olan sözlərin altımış faizi gəlmə sözlərdir. Sözlə çalışan bir şəxs kimi bu məni çox narahat edir. Amma yad sözləri birdən-birə ucdantutma dəyişməyin tərəfdarı deyiləm, həm də bu mümkünsüzdür. Azərbaycanda fəlsəfə üzrə alim Niyazi Mehdi doxsanıncı illərin əvvəllərində dilimizi yad sözlərdən təmizləmək cəhdi ilə yad sözlərin qarışığını tapıb məqalələrində həmin sözlərdən istifadə edirdi. Şəxsən mən onun heç bir məqaləsini axıra qədər oxuya bilməmişəm. Çünki başa-baş yeni sözlər işlətməklə yazılmış yazını oxumaq üçün mənə yeni sözlər lüğəti gərək olduğunu duyurdum. O isə əlimin altında olmurdu qəzet məqaləsini oxuyarkən və ya heç elə bir sözlük gerçəkdən hazır da deyil. Yeni Dil mübarizəsində nəzərə almaq lazımdır ki, yazar bir qrup oxucusunu da özündən qaçıra bilər. Bu səbəbdən də sözü işlədəndə diqqətli olmaq gərəkdir, yad sözü yenisi ilə əvəzləyəndə onu yazı içində elə vermək lazımdır ki, oxucu diksinməsin, onu tam mənası ilə həzm edə bilsin. Amma ümumi halda ərəb-fars, rus sözlərinin dilimizdən çıxmasını mən də istəyirəm. Ən çox da əsəblərimə toxunan yad dildə doğum günlərinin təbrikidir. Unutmayaq ki, türk dili dünyanın inkişaf etmiş dilləri sırasındadır. Bu səbəbdən də bu dildə nəinki təbrik, hətta söyüşün özü belə gözəl səslənir. Ön şəkilçisiz olan dillər inkişaf etmiş dillər hesab edilir, xoşbəxtlikdən inkişaf etmişik, dilimizdə şəkilçilər sonda gəlir!

– Çox təəssüf ki, Türkiyədə kitab oxuma səviyyəsi çox aşağıdır. Siz, “Azərbaycanda Kitapşünaslıq: formalaşması, inkişafı, müasir dövr və inkişaf prosesləri” adlı bir tezis hazırlamısınız. Bu, Azərbaycanda nə səviyyədədir? Azərbaycan xalqı daha çox hansı növ kitabları oxuyur?
– Sizin narahatçılığınızı anlayıram, amma bu problem tək Türkiyəninki deyil, bütün dünyada bu dəqiqə kitab oxuculuğunun səviyyəsi aşağı düşüb. Bildiyiniz kimi, mən Avropada yaşayıram, burda da siz qoyduğunuz sualla bağlı çox dartışmalar gedir. Oxuculuq səviyyəsinin aşağı enməsinə səbəb kütləvi informasiya vasitələrinin günbəgün artmasıdır. Və həm də bu artım içində görüntülü informasiya vasitələrinə üstünlük verilməsi kitabı arxa plana keçirib. Çünki kitab oxumağın özü də yaradıcı işdir, zəhmət tələb edir. Əgər sən hər hansı bir romanı oxuyursansa, bu o deməkdir ki, sən həmin romanın həm də rejissoru olursan, artisti olursan, onu oxuduqca film kimi öz aləmində canlandırırsan, personajların səsi, geyimi beynində qurulur. Əlbəttə, sənin dünyagörüşündən irəli gələn səviyyədə. Burda kitab oxuyana qədər insan ruhunun qazandıqları da üstünə gəlir. Amma bir romana çəkilmiş film insanın bir saat vaxtını alır, lakin orda sən yaradıcı kimi iştirak etmirsən. Həmin filmə baxanda, sən yalnız tamaşaçı olursan, kənar seyrçi.
Sizin verdiyiniz sual mənim sənətimlə daha çox bağlı olduğundan bu mövzu ətrafında hərtərəfli danışa bilərəm, amma müsahibədən kənara çıxmaq istəməzdəm. Təəssüf ki, Azərbaycanda da indi oxuculuq səviyyəsi çox aşağıdır. Hansı kitabların daha çox oxunduğu təsnifatına baxsaq, hekayə və şeirə üstünlük verildiyi görünür. Amma nəzərə alın ki, 10 milyondan artıq əhalisi olan bir cəmiyyətdə əgər kitab ən yaxşı halda 500 nüsxə ilə çap olunursa, onda bizim apardığımız kitab janrı təsnifatı gülünc olmazdımı?

– Əsərlərinizdə Asif Atanın İnsan dəyişməzsə, dünya dəyişməz fikrini əsas aldığınız görünür. Yaxşı İnsanın özünü inkişaf etdirməsində ona nə kimi şeylər mane olur?
…Nöqsanları mane olur. Heç kəs özünə “mən nöqsanlıyam” demək istəmir, nöqsanını görsə də, lakin ondakı özündən, öz nöqsanından keçə bilməməsi, bu etirafı etməyə mane olur. Asif Ata deyir: “İnsan dünyanın gözündən düşsə yaşaya bilər, amma öz gözündən düşsə yaşaya bilməz!” Əslində insanın nöqsanlarını etiraf edə bilməməsinin səbəbi məhz öz gözündən düşmək qorxusu ilə yaranır. Bəli, Atanın bu fikri ilə tam şərikəm demirəm, əslində bu fikrə mən ömrümü həsr etmişəm, bu fikir üzərində özümü kökləmişəm. Ata deyir: “İnsan nədirsə, dünya da odur.”, “Gözəl dünyanı gözəl insanlar yaradacaq.” Kim dünyanın düzəlməsini istəmir ki? Hamı istəyir, amma heç kəs özündən başlamaq istəmir, elə bil hamı belə ağır qəhrəmanlığı özündən kənardakından gözləyir.

– Eluca Atalı şeir yazmağa on iki yaşında başlamış və ədəbiyyata yeni fəlsəfi, estetik axınlar gətirmişdir. Sizcə, yaxşı bir şeir yazmaq üçün nə tələb olunur?
– İlk növbədə yazarın özü olmaq tələb olunur, heç kəsə bənzəməmək, təkrardan qaçmaq, kimisə təlqin etməkdən çəkinmək, hər mənada özü olmaq. Öz yolunu salmaq, tapdalanmamış bir yerdən yeni yol salmaq… Gördüyünüz kimi, bu tələblərə cavab verən azdır, yəni, əsl şair azdır. Bütün bu tələblərdən sonra bir kəlmə deyəcəm, əsl şair nə qədər istedadlı olsa da, onun öz üzərində çalışması mütləq mənada lazımdır. Olanla razılaşmamaq, olandan artığa can atmaq gərəkdir yaxşı sənətkar olmaq üçün. Hamının görmədiyini görmək, hamının deyə bilmədiyini demək və ya hamının görüb, bilib deyə bilmədiyini demək cəsarətini özündə tapmaqdır yazarlıq.

– Ədəbi janrın bir çox sahəsində sizin ədəbi əsərlərinizə rast gəlirik: hekayə, fəlsəfi-bədii miniatür, mənsur şeir və qəzet yazısı kimi növlərdə bir çox əsəriniz var. Bu əsərlər Azərbaycanda və xaricdə çap olunub, fərqli dillərə tərcümə edildi. Yaxşı, bütün bunları yazarkən nələrdən ilham alırsınız?
Əslində ilham sözünü mən yazardan çox şairə aid edirəm. Bilmirəm, mənim bu firkimlə razılaşacaqsınız, ya yox. Lakin mən qırx altı illik qələm təcrübəmdə bunu bariz şəkildə görmüşəm. Şeir yazarkən birdən-birə hala gəlib yazmaq olur, buna şairlər ilham deyirlər və bəzən də belə izah edirlər ki, “Özüm də bilmirəm bu şeri necə yazdım”. Guya hər hansı bir qüvvə şairə diqtə edir ki, şeir yazmalısan, yazmasan sənin gecəni-gündüzünü alt-üst edəcəm. Yeri gəlmişkən deyim, əslində bəzi şairlərin dünyası elə alt-üst olsa yaxşıdır, çünki istedadlarına arxayın olub, heç bir ideya olmadan, boş söz yığnağı ortaya qoyurlar. Əslində şairin içində hazırlıq olmasa, o bir məqamda oturub şeirini yaza bilməz. Qaldı, mənim “ilhama gəlməyim” məsələsinə, mən buna ilham demirəm, hala köklənmək kimi izah edirəm. Beynimə düşən hər hansı bir ideyanı və ya gördüyüm hadisəni yazı üçün hazırlayıram. Bu bəzən bir saat çəkir, bəzən bir il, elə zamanlar olub ki, daha çox zaman alıb bir ideyanın tam bədii biçimdə ortaya çıxması, yəni, bədii həllin tamlaşması. Bir nəsr əsərinin yazılması bir körpənin doğulması kimidir, onun tam yetişməsi və sağlam doğulması üçün beynin hamiləlik dövründə yaxşı qulluq görməsinə cəhd edirəm. Məhz bundan sonra o doğulur, amma zamanı mən təyin etmirəm, yazı halının tamlaşması onu doğur. Təsəvvür edin ki, bir ideya bir bədəndir, amma yazarın səriştəsi nəticəsində o bədənə uyğun libas biçmək olur.
Fikrimə aydınlıq gətirmək üçün bir misal çəkəcəm. Sizin də oxuduğunuz “Tiqranizm Xocalıda” kitabı. 2015-ci il noyabrın 15-də kitabı yazmağa başlayıb hardasa 2016-cı il 17 yanvarda yazı dövrünü bitirdim. Gözləmədən bəzən 15 səhifə yazdım, bəzən 3-4 səhifə. Norma qoya bilmirdim ki, bu gün nə qədər yazacam, sabah nə qədər. Bəzən gecə səhərə qədər oturub yazır, hava ağaranda çantamı götürüb işə gedirdim. Normalda isə həmişə can atıram gecəni yaxşı yatım ki, səhər işdə özümü rahat hiss edim. Amma yazı prosesində həyatımı ideya idarə edir, mən onun arxasıyca düşüb gedirəm, onu idarə etməyə çalışsam, yəqin ki, yazdığım eybəcər hala düşər.

– Sizcə, yazmaq bir qabiliyyət işi ola bilərmi? Bir yazarın, bir ədəbi əsər verməsi üçün hansı proseslərdən keçməsi lazımdır?
– Əlbəttə, yazmaq qabiliyyətdir! Səssiz adam müğənni ola bilərmi? Rəngi duymayandan rəssam ola bilərmi? Səhnəni idarə edə bilməyəndən, özünü yalnız özü kimi görən, cilddən-cildə girməyi bacarmayandan artist olarmı? Sözsüz ki, bütün bunlara yox cavabı verəcəksiniz. Eləcə də yazarda, ilk əvvəl sözün rəngini, şəklini, səsini, musiqisini, ətrini, təsir gücünü, yumşaq və bərkliyini hiss etməyəndən qələm sahibi olmaz. Bir yazarın işlətdiyi alət sözdür, onda sözlə xüsusi işləmək qabiliyyəti olmasa, siz özünüz sözün düşəcəyi halı təsəvvür edin. Sözsüz ki, onun qələmində sözlər ölü doğulacaq, sözlər yerində olmadığı üçün oxucuya təsirsiz qalacaq.
Əslində istedad yer altından çıxmış külçə qızıl kimidir. Səriştəli zərgər o qızılı cilalayıb istədiyi ziynət əşyasını hazırlayandır.
Keçək sualınızın ikinci hissəsinə, proseslər çoxdur və həm də bu proseslər bir-birini ardıcıllıqla izləməlidir, izləyir də. Əgər hər hansı bir prosesin üstündən keçsən və ya ona başdansovdu yanaşsan, əsərdəki boşluq onun yerini göstərir, həmin prosesdən yazarın ötüb keçməsi həmən gözə girir. Yazardan güclü müşahidə bacarığı tələb olunur, gördüyünü göz yaddaşına yığmaq, eşitdiyini beynin arxivində sistemləşdirmək ki, yeri gələndə ondan qədərincə istifadə edə bilsin. Bəzən eşitdiyim yeni ifadələri, söz birləşmələrini yaddaş dəftərimə qeyd edirəm, əgər onun mənasını tam anlamasam, sözü deyən adamdan onu hərtərəfli öyrənirəm. Nə zaman, harda işləndiyi barədə ətraflı məlumat yığıram. Uşaq vaxtı bu xasiyyətimə ətrafdakılar xirdaçılıq kimi baxırdılar, amma indi haqq qazandırırlar. Çünki sözlə işlədiyimi artıq ətrafdakılara sübut etmişəm.
Həm də yazar müşahidəçiliyində yaxşı və pisi ələkdən keçirərək yaddaşında saxlayır. Mən bu gün də yazanda beş yaşımdan bəri etdiyim müşahidələr dadıma çatır. “Gecikmiş oyuncaq” kitabımsa altı yaşımda yaşadıqlarımdır qırx ildən sonra kitab formasını aldı. Lomonosovun “Təbiətdə heç nə itmir, cisim yalnız bir şəkildən digər şəklə keçir” kimi fizikadakı nəzəri baxışını ədəbi yaradıcılığa tətbiq etsək, deyə bilərik ki, bir yazarın qazandıqlarından heç nə itmir, o müşahidə nəticəsində əldə etdiklərini öz dünyagörüşünün süzgəcindən keçirib yeni məhsul ala bilir.

– Türk ədəbiyyatında ən bəyəndiyiniz yazarlar, şairlər kimlərdir?
– “Millət şərqisi”nin yazarı Tofiq Fikrət, Orhan Kamal, Rəşad Nuri Güntəkin. Yerigəlmişkən, bu dəfəki Türkiyə səfərimdə İstanbul Kitab Fuarında Orhan Kamalın oğlu İşık Ögütçü bəylə yaxından tanış olmaq fürsəti buldum və o mənə atasının “Cəmilə” romanını hədiyyə etdi. Sevə-sevə oxudum sevgili yazarımın əsərini. Nazim Hikmət “Mən bir ceviz ağacı, Gülhanə parkında”, ikinci bir şair varmı Vətənində ceviz ağacı olmaq istəyən? Əziz Nesinin kitabları bu dəqiqə də yazı masamın üstündədir, son oxuduğum dramlarıdır. Bu yazarı daim canlı hiss edirəm!!!

– Türkiyədə kitab dərc etdirmək çətindirmi?
– Mən deyərdim Türkiyədə ən asan iş kitab çap etdirməkdir, amma çətin olan oxucu qazanmaqdır. Çünki Türkiyədə yazar çoxdur. Belə olanda yazardan yüksək sənətkarlıq tələb olunur, fərqli ideya ortaya qoymalısan həm də, bununla yanaşı həmin ideyanı tam yeni bir səpkidə həll etməlisən. Hər mənada yeni bir məhsul ortaya çıxaran yazar oxucu qazana bilər. Şəxsən mən kitablarımı öz övladım kimi sevirəm, onların hər birini öz içimdən çıxmış hesab edirəm. Bu səbəbdən də onların depositor fonda getməsinə dözə bilmərəm.

– Son olaraq yazar və şair olmaq istəyən gənc dostlara təklifləriniz nələrdir?
– Sizin bu sualınız Asif Atanın Azərbaycanda nəşr olunan “Ulduz” ədəbi dərgisində dərc olunmuş “Ən şirin şey” ilk hekayəmi oxuyandan sonra qarşıma qoyduğu tələbi yadıma saldı: “Elə yaz ki, poza bilməsinlər. Elə yaz ki, əbədi olsun”. Gənclərimiz yazdıqlarını zaman daxili olaylara hesablamasınlar, beş günlük, üç günlük əsərlər olmasın onların beyinlərinin məhsulu. Zamanı ötəcək əsərlər yaratsınlar. Yetmiş illik sovet dönəmində Azərbaycanda, ümum sovetlərdə siyasi lirika deyilən ədəbiyyat yarandı, Lenini, Stalini, kommunizmi mədh edən yüz minlərlə “ədəbi” nümunə yarandı. Nə qaldı onlardan? Kommunist yeli əsib bitən kimi, o əsərlərin də ölümü çatdı.
Yuxarıda da dediyim ki, əsl yazar tələblərinə yüksəlsinlər, özləri olmaqdan çəkinməsinlər. Bizə yanan və yandıran gənclik lazımdır, Turanın odunu, odu olacaq gənclik. Kül isə həmişə soyuq olur, bu səbəbdən də heç nəyə gərək olmur.