.....

.....

“Həmişə özümü inandırmışam ki, heç nə mənim qətiyyətimdən, inamımdan güclü deyil” – Cəvahir Tanrıverdinin Təranə Turanla müsahibəsi

“Həmişə özümü inandırmışam ki, heç nə mənim qətiyyətimdən, inamımdan güclü deyil” – Cəvahir Tanrıverdinin Təranə Turanla müsahibəsi

“Həmişə özümü inandırmışam ki, heç nə mənim qətiyyətimdən, inamımdan güclü deyil”

-Özünüzü təqdim edərkən ən birinci şair kimi, yoxsa alim olaraq təqdim etmək sizə daha xoş olur?

-Təqdim etdiyim yerə bağlıdır. Bir simpoziumda, konfransda çıxış edirəmsə, təbii ki, orada şairliyimin o qədər də mətləbə dəxli yoxdur. Belə tədbirlərdə elmi mühit bir ədəbiyyatşünas alim kimi düşüncəmə maraq göstərə bilər, ona görə alim kimi özümü təqdim edirəm. Ədəbi yığıncaqlarda hər iki cür təqdimetmə olub. Müsahibələrimdə isə öncə şair, sonra alim kimi təqdim etməyi daha məqsədəuyğun hesab etmişəm. Əslində, hər ikisi , şairlik də alimlik də şərəf duyduğum , məsuliyyətini bütün iliklərimə qədər hiss etdiyim, daim layiq olmaq üçün çabaladığım adlardır.

-Ədəbi yaradıcılığa necə və təxminən hansı yaşınızda gəldiniz?

-İlk şeirimi nə vaxt yazdığımı dəqiq xatırlamıram. Çünki kiçik yaşlarımdan cızma-qara edirdim. Amma ilk üzə çıxartdığım şeir 14 yaşında yazdığım ‘Dünya hələ sənə bələd deyiləm” adlı şeir olub. İlk bəndi belə idi:

Sən köhnə mənzilsən, mən təzə sakin,
Dünya hələ sənə bələd deyiləm.
Yaralı köksündə neçə qəzəb, kin,
Dünya hələ sənə bələd deyiləm.

O vaxt orta məktəb illərində hamının “Xatirə dəftəri” olardı. Mənim belə bir dəftərim yox idi. Əvəzində isə iki dəftərim vardı. Birinə şeirlərimi, digərinə isə müdriklərdən çox bəyəndiyim aforizmləri, dahilər haqqında maraqlı faktları, oxuduğum bədii kitablardan dəyərli düşüncələri yazırdım. Bu gün də o dəftərləri saxlayıram. Sinif yoldaşlarımın “Xatirə dəftəri”nə isə öz şeirlərimdən yazardım. Əlbəttə, bütün bunlar hələ ədəbi yaradıcılığa gəlmək demək deyildi. İlk dəfə şeirlərim 1990-cı ilin yanvarında Akif Səmədin təqdimatıyla təhsil aldığım və işlədiyim Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Gənc müəllim” qəzetində dərc edilib. Qəzeti hələ özüm oxumadan universitetin dəhlizində məni kim görürdüsə təbrik edir, şeirlərimi bəyəndiyini bildirirdi. Bu qədər təqdir görmək, özü də məhz nüfuzlu filoloq alimlərin, söz qədri bilənlərin tərifini eşitmək məni çox ruhlandırmışdı. Akif Səmədin təqdim sözü isə şeirlərimin yaratdığı təəsüratı daha da qüvvətləndirmişdi. O, yazırdı: “ Poeziya – işıqdır məncə, o işıqdan gördüm Təranənin şeirlərində.
Poeziya etirafdır məncə – səmimi, kövrək bir
Ürəyin etirafını gördüm Təranənin şeirlərində.
Poeziya insana, torpağa, yarpağa, daşa sevgidir
Məncə – o sevgidən gördüm Təranənin
Şeirlərində… “ Həmin təqdim sözündə dəyərli şairimiz Akif Səməd məni Aşıq Pərinin, Heyran xanımın, Xurşidbanu Natəvanın açdığı yolun layiqli davamçısı hesab etməklə, əslində çiyinlərimə ağır bir yük qoymuşdu. Bu etimada , inama layiq olmaq üçün daha çox inkişaf etmək lazım idi. Ötən zaman ərzində bu inamı nə qədər doğrultduğumu ilk növbədə əlahəzrət oxucu deyə bilər. Ancaq bu gün əsərlərimin 47 ölkədə, 35 dildə dərc edilməyi, kitablarımın Şərq və Qərb ölkələrində nəşri, rəğbətlə qarşılanması, dünya ədəbi mühitində tanınan onlarla nüfuzlu tənqidçinin, şairin şeirlərim haqqında məqalələr yazması, mənimlə müsahibələri, müxtəlif ölkələrdə 150-dən çox beynəlxalq ədəbi mükafat almağım da yaradıcılığım haqqında nəsə deyir. Akif Səməddən sonra şeirdə ustadım, Xalq şairi Hüseyn Arif, tanınmış şairlərimiz Nüsrət Kəsəmənli, Firuzə Məmmədli, Oqtay Rza, Cavad Cavadlı, elmdə ustadım, akademik Kamal Tallbzadə, professor Abbas Hacıyev, professor Vaqif Nəsir, Əziz Axundlu, profesor Əzizxan Tanrıverdi, professor Təyyar Salamoğlu və b. Poeziyamı yüksək dəyərləndirdilər, məni 90-cılar ədəbi nəslinin nümayəndəsi kimi daim təqdir etdilər.

-Yazmaq istədiyiniz, amma qələmdə və düşüncənizdə qalmış şeirləriniz varmı?

-Təbii ki, var. Hətta çoxdur. Amma ən çox yazmaq istədiyim bir şeirin yazılmamağı uzun illər içimdə ağrıya dönüb bir gün ürəyimi elə sancdı ki… Və həmin yazılmamış şeirə bir şeir yazdım. Anam üçün yazmaq istədiyim şeiri heç cür yaza bilməyincə bu çırpınış “Sənə yazmadığım şeir” kimi dilə gəldi. Cəfər Cabbarlının “Ana” şeirinin sanbalı əslində təkcə mənim yox, bütövlükdə poeziyamızın üzərində elə bir ağırlığa, çəkiyə malikdir ki, bu şeirdən sonra Ana şeiri yazmaq çətindir. Görünür, mən də həmin məsuliyyətlə anama şeir yaza bilmədim, daha doğrusu, yazdığım bütün şeirləri yarımçıq qoydum, vərəqləri cırıb atdım. Çünki Anam (Analar!) elə bir ucalıqdadır ki, ya gərək ona layiq şəkildə söz deyəsən ,ya da heç deməyəsən. Amma anama ithafla yazdığım “Sənə yazmadığım şeir” həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda çox bəyənildi, 15 dilə tərcümə edildi. Türkiyədə nəşr edilən “Sevgimdən tanıyacaqlar” adlı şeirlər kitabımın Yazıçılar Birliyinin Natəvan klubundakı təqdimatında dəyərli şairimiz Səlim Babullaoğlu çıxışında məhz həmin şeirimdən söz açmışdı: “Mən şeir kitablarını adətən ortadan açıram və oradakı şeir mənimçün şairin səviyyəsini müəyyənləşdirir. Təranə Turanın “Sevgimdən tanıyacaqlar” kitabını da bu qayda ilə açdım və anasına ithaf etdiyi şeiri oxudum. Mən də anama şeir yazmamışam. Düşünürəm ki, haçansa anama şeir yazsam məhz elə bu cür yazardım.”

-Həm ədəbi-bədii, həm də elmi mühitdə kifayət qədər tanınırsınız. Sizcə, hansı daha çox üstünlük təşkil edir?

-Mənimçün bu həyatda iki önəmli prinsip var : ədalət və məsuliyyət. Və bu günə qədər hansı işi görmüşəmsə, bu iki prinsipə sadiq qalaraq addım atmışam. Nə yazmışamsa, ədəbi, elmi varisliyin yazılmamış qanunlarını pozmadan, sələflərə və xələflərə əsla haqsızlıq etmədən, sözə sonsuz məsuliyyətlə yanaşaraq yazmışam. Dahi Füzuli deyirdi ki, “elmsiz şeir əsası yox divar olur”. Mən elə bilirəm ki, həmişə şairliyimə elmimin qatqısı olub. Amma hansının məni daha çox tanıtması haqqında qəti bir söz deyə bilmərəm. Əsas odur ki, daim elmi tədbirlərdə alim, ədəbi toplantılarda şair kimi dəyərləndirildiyimi hiss etmişəm.

-Bildiyimiz kimi hal – hazırda müasir Azərbaycan ədəbiyyatını, şeirini öz şeirlərinizlə dünyaya tanıdırsınız. Sizi tanıyan hər kəs Sizinlə qürur duyur. Mən də həmçinin.Bəs necə oldu ki, əsərləriniz dünya səviyyəsində işıqlandırıldı?

-Dəyər verdiyiniz üçün çox təşəkkür edirəm. Xidmətlərimə qiymət verən bütün sənətsevərlərə sonsuz minnətdaram. Mən də hər zaman mənsub olduğum millətlə, torpaqla, ölkəmlə, vətənimlə qürur duyuram. Müsahibələrimdə dəfələrlə söylədiyim kimi, mən dünya tədbirlərində, dünya mətbuatında Təranə Turan yox, Azərbaycanam. Çünki harada oluramsa, orada Təranə Turan Rəhimli adı ilə yanaşı Azərbaycanın adı çəkilir, möhtəşəm beynəlxalq festivallarda ölkəmi təmsil edərkən o böyük, əzəmətli salonlarda Azərbaycan bayrağı asılır. Ən mötəbər dünya ədəbi nəşrlərində ölkəmin adı adımla qoşa yazılır.. Beynəlxalq mükafatlar, təltiflər alanda adımın qarşısında “Azərbaycan” sözünü görmək mənimçün dünyaya dəyər və bununla böyük şərəf duyuram.
Dünya ədəbiyyatında necə tanınmağıma gəlincə… 1998-ci ildən başlayaraq Türkiyə ədəbi mühitində tanınmağa başladım. Hətta 2000-ci illərin başlanğıcında məni telefon zəngi ilə Türkiyə Cümhuriyyətinin ölkəmizdəki səfirliyinə çağıraraq Batı Trakya türkləri ilə bağlı yazılarıma, bu türklərin ədəbiyyatına dair yorulmaz tədqiqatçısı Fəyyaz,Sağlamın araşdırmaları haqqında elmi-nəzəri düşüncələrimə görə təşəkkür etmişdilər. O vaxt səfirliyin əməkdaşı Ümit Yardım Batı Trakya türklərinin taleyinə, ədəbiyyat və mədəniyyətinə həssas ziyalı münasibətimə görə xüsusi minnətdarlığını bildirmiş, özünün də bu sahədə çalışmaları ilə məni tanış etmişdi. Yadımdadır ki, Batı Trakya türkləri və Türkiyə ədəbiyyatı ilə bağlı bir qucaq hədiyyə kitabla səfirlikdən evə qayıtmışdım. Sonralar bu əlaqələr daha da inkişaf etdi,Türkiyədə Kıbrıs, Balkanlar, Avrasiya, İraq Türk Ədəbiyyatları Qurumunun üzvü və fəallarından olmağım sayəsində mənimçün ədəbi üfüqlər daha da genişləndi. Türkiyədə ən nüfuzlu türk şair və alimləri ilə yanaşı, bir çox Avropa ziyalısını, Yaxın Şərq aydınlarını tanıdım. 2016-cı ildə İtaliyada beynəlxaıq ədəbiyyat festivalına dəvət olunmağımın isə həyatıma xüsusi qatqısı oldu. Həmin festivalda bir çox ölkələrin tanınmış şairləri, bütün qitələrdən gəlmiş görkəmli mədəniyyət xadimləri ilə tanış oldum. Və əsərlərim o vaxtadək cəmi 5 dilə tərcümə edilmişdisə, festivaldan sonra sürətlə çox sayda dillərə tərcümə edildi və nəşr olundu.

-Dünya ədəbiyyatında ən çox nəzmə, yoxsa nəsrə üstünlük verilir?

-Dünya ədəbiyyatında ədəbi növləri və ya janrları yarışdırmaq kimi gərəksiz bir çaba yoxdur. Amma poeziya həmişə öz operativliyi , yayılma sürəti ilə seçilib, bu gün də belədir. Elə buna görə də beynəlxalq ədəbi müsabiqələrin, festivalların böyük əksəriyyəti poeziya ilə bağlı keçirilir. Görkəmli alman ədəbiyyatşünası və filosofu Yuliy Ayhenvald 1925 -ci ildə “Poeziya və nəsr” əsərində yazırdı: “Nəsrlə poeziyanın sırf bir-birinə nüfuz etməsi ədəbi faktının daha dərin kökləri ondadır ki, reallığın özünü nəsr və poeziyaya ayırmaq mümkün deyil. İkisindən biridir: ya dünyada hər şey nəsrdir, ya da dünyada hər şey şeirdir. Ən yaxşı sənətkarlar isə sonuncunu qəbul edirlər. Onlar üçün harada həyat varsa, orada poeziya var.” Əlbəttə, yaxşı nəsrin təməlində də poeziyanın mövcudluğunu görən Ayhenvaldın nəzəri qənaətlərinə sayqımı ifadə etməklə yanaşı, düşünürəm ki, bu iki ədəbi növün bir-birindən üstünlüyünü isbata çalışmaq Puşkinlə Tolstoyu və ya Şekspirlə Hüqonu müqayisə etmək kimi qüsurlu və eyni zamanda zərərli bir tendensiyadır. Müasir dünya ədəbiyyatında həm nəsr, həm də şeir sənət zirvəsinin eyni estetik qatında yer alır. Lakin ədəbiyyat biznesinə gəlincə, məsələ dəyişir. Ədəbiyyat biznesi daha çox nəsrin imkanlarına hesablanıb. Bu da təbiidir. Filmlərin, serialların, cizgi filmlərinin ssenariləri daha çox gəlir gətirir, nəinki opera librettoları, mahnı mətnləri və s. Bu aspektdən baxınca indi poeziyanın ötən son iki əsrdə – insanların mədəni istirahətinin teatr, balet və qəzetlərdən şeir oxumaqla məhdudlaşdığı zamanlarda olduğu kimi hədsiz dərəcədə populyarlığına nail olmaq imkansızdır.

-İlk dəfə bədii yaradıcılığa başlayanda sizə kim və ya kimlər dəstək oldu?

-İlk dəfə şeirlərimi ADPU-nun “Gənc müəllim” qəzetinin redaksiyasına aparmışam və dərhal da qəzetin redaktoru Əziz Axundlu və ədəbi işçisi Akif Səməd tərəfindən bəyənilib , çap edilib. Akif Səmədin yuxarıda qeyd etdiyim təqdim sözünü, bir il sonra Xalq şairimiz Hüseyn Arifin ustad məsləhətlərini, akademik Kamal Talıbzadənin qəzetdən şeirlərimi oxuyub istedadıma inamını ifadə etməsini, mənə öz kitablarını bağışlayanda avtoqraflarında misralarımı yazmasını, məni təqdir etməklə yazmağa ruhlandıran hər kəsin çabasını mənəvi dəstək kimi yüksək qiymətləndirirəm. İndi kiməsə tapşırılmağı, əsərlərinin mətbuata tanışlıqlarla yol tapmasını, müxtəlif üsullarla mükafat almağı, bir sözlə, başqasının qanadları altında uçmağı da “dəstək” kimi görənlər var. Ancaq hesab edirəm ki, əsil istedadın belə “dəstəyə” ehtiyacı yoxdur.

-Yaradıcılıq gecənizin keçirilməyi ilə bağlı planlarınız varmı? (Bunu çox istəyirəm.)

-Məncə, bu mənim planım olmamalıdır axı. Yaradıcı insan yazıb yaratdıqları ilə bağlı plan qura bilər. Yaradıcılıq gecəsi planı qurmaq isə… bu bir növ özünə yubiley tədbiri düzənləmək kimidir. Öz həyatımdan bəsit bir örnək vermək istəyirəm. Evdə hamı üçün ad günü keçirirəm, min bir həvəslə həmin günə hazırlıq görürəm, süfrə hazırlayıram, hədiyyə alıram. Və ən yaxşı şəkildə etmək üçün əmək verməkdən yorulmuram. Bunu özümçün etmək isə mənə çox süni və yersiz görünür. Yəqin elə buna görə də ad günümü təbrik edənlər hər il məni eyni ayda, məndən 3 gün əvvəl doğulan anam üçün keçirdiyim ad günlərində təbrik edirlər. Yaradıcılıq gecəsi də bunun kimi… özüm təşkil edə bilmərəm. Əgər buna gərək duyanlar olarsa, belə bir gecə keçiriləcək. Bunu çox istədiyiniz üçünsə Sizə çox təşəkkür edirəm.

-Siz hər zaman şeirlərinizlə Türk dünyasının (türk xalqlarının) həm sevincində, həm kədərində yanında olmusunuz. Bəs bunu yetərincə bacardığınızı düşünürsünüzmü?

-Türk dünyasının sevinci, zəfəri, hüznü, kədəri… türk dünyası ilə bağlı nə varsa, həmişə sonsuz həssasllqla yanaşmışam. Ən böyük arzusu Turan olan, uzun illərdir “Turan” təxəllüsü ilə şeirlər yazan bir şairdən başqa nə gözləmək olar ki?! Şeirlərimdə qürurla “Mən Türkəm” deyəndə də, “Mən bu cahana sığmayan bir millətin şairiyəm” nidasında Türkün böyüklüyü ilə öyünəndə də, “Türkün nağılı”nı ürək yanğısı ilə yazanda da, Batı Trakya şeirlər silsiləsi ilə ulu tarixinə güzgü tutanda da, zəlzələsindən qəlbim parça-parça bölünəndə də… bütün bunları ən dərin duyğular kimi yaşamışam. Türkçülük mövzusunda şeirlərim fərqli dillərdə dünya mətbuatında dərc ediləndə bu sevgini başqa xalqlara da aşıladığımı hiss etmişəm.Əsrin faciəsi hesab edilən Türkiyə zəlzələsinə həsr etdiyim şeirləri alban, ingilis, portuqal, fransız, ərəb dillərinə tərcümə edən şair dostlarım bu ağır kədəri qəlbən yaşadıqlarını bildirir, sonsuz hüznlərini ifadə edir, Türkiyə üçün dualarını dilə gətirirdilər. Lakin bütün bunlar yetərlidirmi? Əlbəttə, yox! Yol davam edir. Bu isə o deməkdir ki, Allah izn verərsə, daha böyük işlər qarşıdadır.

-Övladlarınızdan bədii yaradıcılıq istedadına malik xüsusiyyətləri özündə daşıyan varmı?

-Qızlarımın biri diplomatiya, digəri isə tibb sahəsini seçib. Hər ikisində rəssamlıq istedadı var. Amma böyük qızım Şəfiqə həm də yazı yazmaq qabiliyyəti ilə seçilir. İndilik bir neçə elmi məqaləsinə əsasən deyə bilərəm ki, ciddi əmək verərsə, öz sahəsində yaxşı alim ola bilər. Övladlarımın heç biri şeir yazmasa da, nəsrdən çox poeziyanı mütaliə etməyi sevirlər.

-“ Bu şairdən bol dünyada, Allah ürəyim sıxılır” şeirinizi açıqlaya bilərsinizmi?

-Bu misralar “ Nə qədər şair var, Allah” şeirimdəndir. Təbii ki, bu şeirdə dırnaqarası şairlərdən söz açmışam. Onların bolluğu çox vaxt əsil istedadların yerini o qədər daraldır ki, adamın ürəyi sıxılır, nəfəsi çatmır. “Dərdin pıçıltısı” adlı ilk şeirlər kitabımı təhlil edən görkəmli alimimiz, professor Əzizxan Tanrıverdi həmin şeirin Mikayıl Müşfiqin yazdığı “Duyğu yarpaqları” şeirindəki “Şairəm söyləyir yerindən duran, Adamın üzündə həya gərəkdir” məşhur misraları ilə səsləşdiyini yazırdı. “Nə qədər şair var , Allah” şeirini yazanda sözün ucuzlaşdığını, hamının özünü söz taxtında şah kimi hiss etdiyini , yaza bilməyənlərin zorla şair olmaq iddiasini acı bir təəssüflə dilə gətirmişdim.

Amma o şeirdəki həmin mənzərə bu gün də olduğu kimi qalır.

-Hal-hazırda özünüzü istədiyiniz, arzuladığınız məqamda görürsünüzmü?

-Həm hə, həm də yox. Arzuladığım çox şey gerçəkləşib. İnsan əmək verəndə mütləq bəhrəsini görür. Mən laborantllqdan dosentliyə, elmlər doktorluğuna qədərki yolu min bir məşəqqətlə qət etmişəm. İlk gəncliyimdən bu günədək heç vaxt yolum hamar olmayıb, amma içimdəki işığa inanaraq, Allahın ədalətinə sığınaraq yoluma yığılan daşın-kəsəyin üstündən keçmişəm. Həmişə özümü inandırmışam ki, heç nə mənim qətiyyətimdən, inamımdan güclü deyil. Böyük uğurlarım da olub, qəfil sarsıntılarım da… Amma heç bir zərbənin, heç bir sınağın qürurumu zədələməsinə, vucdanıma ləkə salmasına, daxili təmkinimi pozmasına izn vermımişəm. Yəni, bütün yaşadıqlarıma rəğmən özüm qala bilmişəm. Bir şeirimdə yazdığım kimi “ Hamı özü qala bilmir”. Buraya qədər dediklərim cavabımın “həm hə” qisminin açıqlaması idi. “Həm yox” qismini isə açıqlamağa gərək duymuram.

Bir-birindən maraqlı müsahibə sualları üçünsə çox təşəkkür edirəm.