“Heç zaman “bu mümkün deyil”, “artıq bura qədərmiş” deməyin” – “TEKNOFEST-2024” ün qaliblərindən olan Məryəm Hacıyeva
Dünyanın ən böyük kosmos, aviasiya və texnologiya festivalı olan “TEKNOFEST-2024” bu ilin avqust ayında Türkiyənin Adana şəhərində keçirildi. “TEKNOFEST-2024”də komandalar 46 əsas, 117 alt yarışma kateqoriyası üzrə yarışacaqdılar. “Gələcək Sənsən” şüarı altında təşkil olunan festivalda iştirak edən və birincilik əldə edərək qayıdan komanda üzvlərindən biri ilə söhbət etmək fürsətimiz oldu. Əslən Ağcabədidən olan Hacıyeva Məryəm Aslan qızı 2007 – ci ildə Bakı şəhərində anadan olub. Hal – hazırda da paytaxtda yaşayır. Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının 11- ci sinif şagirdidir. Məryəmlə söhbətimizi sizlərə təqdim edirik.
–Məryəm, xoş gördük. İstərdim söhbətimizə elə hələ ki sonuncu olan uğurundan, “TEKNOFEST 2024” yarışmasından başlayaq. Yarışda hansı komadanın tərkibində iştirak edirdin? Komandanız neçə nəfərdən ibarət idi və necə oldu ki, məhz sən də bu yarışın iştirakçısı oldun?
-Yarışda “VerseTech” komandası olaraq iştirak etdik. Həm komandanın qurucularından biri, həm də layihə meneceriyəm. Komandamız 7 üzv və 2 mentordan ibarətdir. Üzvlərimizin ən böyüyü 18 yaşındadır. Layihə ərzində süni intellekt, oyunlaşdırma, araşdırma, frontend və backend kimi vəzifələri aramızda bölmüşük. Yaş və təcrübəyə görə mütəxəssis olmasaq da, iştirak etdiyimiz yarışlar və hazırladığımız layihələr sayəsində həm öyrənir, həm də başqalarına öyrədirik. Bizi fərqləndirən əsas amillərdən biri də məhz bu öyrənmə prosesi və əməkdaşlıqdır.
-Yarışda hansı layihə ilə iştirak edirdiniz?
-“Psixologiyada texnoloji tətbiqlər” kateqoriyası üzrə l yerə layiq görülən layihə “PsychoAİ” adlanır. Layihə 32 komanda içərisindən birincilik qazanıb. Ümumilikdə isə 788 min 161 komanda iştirak edib.
-Qalib olacağınıza inanırdınızmı?
-“TEKNOFEST 2024” bizim üçün çox həyəcanlı və gərgin günlərlə yadda qaldı, çünki yarış arenasına daxil olarkən digər illərdən fərqli olaraq ziyarətçi kimi deyil, məhz finalist olaraq daxil olmuşduq. Bu bizdə çox böyük məsuliyyət və həyəcan hissləri oyatmışdı. Rəqiblərimizin kifayət qədər güclü layihələri olmasına baxmayaraq, yenə də əzm və istəklə durmadan çalışdıq və qalibiyyət əldə etdik. Həddən ziyadə çətinliklər, geri addım atmağı düşündüyümüz məqamlar, masa ətrafında oturub saatlarla problemləri necə həll edəcəyimizi fikirləşdiyimiz anlar yaşadıq. Ancaq bunların heç biri içimizdəki uğur qazanma çoşqusuna, “vətənimizi ən yaxşı şəkildə təmsil etməliyik” fikrinə mane olmadı. Və məhz elə buna görə də “TEKNOFEST 2024”ün birinciləri kimi tarixin yaddaşına həkk olunduq.
-Qalibiyyət hissini sözlərlə necə ifadə edə bilərsən?
-Bu sualı əslində cavablandırmaq çox çətindir, çünki bu elə bir hissdir ki, sözlər yanında kifayətsiz qalır. Lakin qalib olarkən keçirdiyim hisslər məhz qürur, sevinc və özünəinam idi. Bundan əlavə olaraq ən çox qürur duyduğum an məhz Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşdüyümüz və onunla həmsöhbət olduğumuz dəqiqələr idi. Prezidentlə danışarkən Azərbaycanlı olduğumu biləndə, çox sevindi. Bütün Azərbaycan xalqına isə, onun salamlarını gətirdim. Bu mənim həyatımda yaşadığım ən gözəl təcrübə idi.
–Komandanızın qalib olduğunu ilk olaraq kiminlə bölüşdünüz və niyə məhz o?
-Qalibiyyətimizi həmin an mentorlarımız Günay İmanzadə və Şahin Xəlilov ilə bölüşdük. Onlar “TEKNOFEST 2022″nin birinciləri və Prezident mükafatçılarıdır. Günay İmanzadə isə bu il “Forbes 30 under 30” siyahısına daxil olan yeganə azərbaycanlıdır. Onların fərqi, bizə doğru yolu göstərməkdə deyil, o yolu bizimlə birgə addımlamaqdadır. Bizə “mümkünsüz” sözüylə mübarizə aparmağı, zəhmət çəkməyi və ən əsası uğur yolunda durmadan əzmlə yeriməyi məhz onlar öyrədib.
–Təbii ki, sizlərdən ruhlanan, öz üzərində işləyərək nailiyyətlər əldə etməyə həvəslənən həmyaşıdlarınız olacaq. Öz təcrübənə əsaslanaraq uğur qazanmaq üçün ən vacib şərtlərindən bir neçəsini onlar üçün qeyd etsən, düşünürəm çox gözəl olar.
-Mənə görə uğur əldə etmək çox çətindir, amma mümkünsüz deyil. Həyatda həqiqətən nələrisə bacarmaq istəyən insanlar, əzmli, zəhmətkeş olanlardır. Mən “burdan artıq çıxış yolu yoxdur” dediyim situasiyaların öhdəsindən gəlməyi çox yaxşı öyrəndim. Heç zaman “bu mümkün deyil”, “artıq bura qədərmiş” deməyin. Siz istəyirsinizə, deməli hələ də bir həll yolu var. Bir şeyi ürəkdən istəyib, onun uğrunda heç kəsi dinləmədən, “sən bacarmazsan”, “bu sənlik deyil” kimi sözlər istifadə edən insanlara qulaq asmadan əzmlə addımlayın. Unutmayın ki, min kilometr uzunluğunda olan yol sadəcə bir addımla başlayır.
–Əminəm ki, sənin nailiyyətin təkcə “TEKNOFEST -2024” yarışmasında olmayıb. Başqa hansı uğurların, qalibiyyətlərin var?
- Mən hələ çox kiçik yaşlarımdan, artıq məktəb tədbirlərində aparıcı, daha sonra dövlət rəsmilərinin də iştirak etdiyi bir sıra tədbirlərin də aparıcısı kimi fəaliyyət göstərirdim. Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yanında Uşaq Səfirlər Məclisinə üzv kimi seçildim. Və Azərbaycanın 15 uşaq səfirindən biri oldum. Bu addımım həyatımda çox böyük dəyişikliklərə səbəb oldu. Uşaq Səfir olduğum zamanlarda Azərbaycanın müxtəlif regionlarında, eləcə də beynəlxalq səviyyədə təlimlər, tədbirlər təşkil etdim. 20-ə yaxın rəsmi və şəxsi təlimim, dövlət səviyyəli tədbirlər keçirdim. Daha sonra orada tanış olduğum uşaqlarla komanda yaradaraq müxtəlif Hakatonlar, yarışlara qoşulduq. O cümlədən Robotex Azərbaycan mərhələsində 1-ci yer tutaraq Türkiyənin Antalya şəhərində yarımfinal mərhələdə iştirak etməyə vəsiqə qazandıq. Daha sonra yarımfinal mərhələsində də 1-ci yerin qalibi olduqdan sonra indi son mərhələ olan, Estoniyada keçiriləcək final turu üçün hazırlaşırıq və orada da 1-ci yerdə olmaq məqsədimiz var.
–Məryəm, sənin kimi yeniyetmələrimizi, gənclərimizi gördükcə sabahımıza daha böyük inamla baxa bilirik. Sənə gələcək işlərində daha çox uğurlar arzulayır, ölkəmizi daha böyük layihələrdə layiqincə təmsil edəcəyinə inanırıq. Suallarımızı cavablandırdığın üçün sağ ol.
-Diqqətinizə görə mən də sizə öz minnətdarlığımı bildirirəm. Sağ olun.
Söhbətləşdi : Məhsəti MUSA


