.....

.....

İnsanın tək qalmağı fəlakətli ssenarilər formalaşdıra bilər

İnsanın tək qalmağı fəlakətli ssenarilər formalaşdıra bilər

Zərif Kölgələrdə Xəyalə Sevilin növbəti müsahibi Tural İsmayılovdur.

  1. Siyasət, yaradıcılıq, aparıcılıq- hər üçü ilə məşğul olursuz və hər üçünün mərkəzində insan durur. Sizin üçün insanları tanımaq asanlaşıbmı?
    – Təbii ki, bunların hər üçü bir-biri ilə əlaqəli sahələrdir, biri digərini tamamlayır. Nəzərə almaq lazımdır ki, mən Sosial elmlər məzunuyam və fəlsəfə ixtisası üzrə təhsil almışam. Mənim dünyagörüşüm fəlsəfənin içərisində formalaşıb. Fəlsəfənin də fərkəzində insan dayanır. Bunların hər üçü ilə məşğul olmaq təəssüflər olsun ki, insanları tanımağı asanlaşdırır. Niyə təəssüflər olsun ki dedim? Bəlkə insanları tanıya bilməməkdən hər birimiz uzun illər əziyyət çəkmişik. Mən hesab edirəm ki, nə qədər zərbələr alsaq da bəzən insanı tanımamaq ən yaxşısıdır. Çünki insanı tanıyanda onun ali keyfiyyətləri ilə yanaşı, cılız instinqləri ilə də üz-üzə qalırsan, bu isə sənin davarnışına, sosial mühitə münasibətinə birbaşa təsir göstərir. Bəli, insanları tanımaq asanlaşıb. Ancaq bu insana əlavə bir qorxu yaradıb. Çünki sən artıq yeni çevrələrdən qaçırsan, bu da da nəticədə səni tənhalaşdırır. Amma, eyni zamanda, həm siyasət, həm aparıcılıq, həm də yaradıcılıq birbaşa insanla əlaqəli olduğu üçün deyə bilərəm ki, insan yoxdusa, yaradıcılq da, siyasət də, media da olmaz.
  2. Xoşbəxt insanlar kimlərdi? Ümumiyyətlə, insanın kimi və yaxud nəyi olmalıdır ki, özünü xoşbəxt hesab edə bilsin?
    – Xoşbəxtliyin mütləq tərifi yoxdu. İfrat kapitalistlərin belə bir yanaşması mövcuddur ki, xoşbəxtlik sırf maddiyata bağlıdır.Təbii ki, mən bizim bəzi romantik ədəbiyyatçıların “xoşbəxtlik pulsuz da mümkündür” fikrini o qədər də aktual hesab etmirəm. Xoşbəxt insanlar olduğu anın zövqünü alan insanlardır. Özündən sonrakı dövrə maddi yox, mənəvi irs və iz qoymağa çalışan insanlardı. İnsan o zaman xoşbəxt olur ki, o azaddır, onun qarşısında heç bir mental önyarğılar yoxdu. Xoşbəxt insan o insandır ki, eqolarını tamamilə məhv edib. İnsan özünü tənqid etməyi də bacarmalıdı. Bəlkə də bu fikrim çoxluq tərəfindən dəstəklənməz, amma özünütənqid bacarıcı olan insanlar xoşbəxt insanlardır.
  3. Öz sərhədləri, seçimləri olan, bir növ çoxluqdan fərqlənən insanlar çətin insanlardı?
    – Mənə elə gəlir ki, tarixdəki ən dəyərli sənət əsərləri fərqlənən insanların ərsəyə gətirdikləridi. Tarixə yön verənlər, tarixi formalaşdıranlar adətən azlar olur. Çoxluq müəyyən sahələrdə o qədər də fərqliliyin yaranmasına səbəb olmur. Ancaq unutmamalıyıq ki, demokratiyanın da təməli çoxluğun fikridi. Bir çox hallarda fərqlənən insanlar olur ki, onlar ümumi formalaşmış dəyər sistemindən kənara çıxır, bu da ədəbi prosesin inkişafına xidmət edir.
  4. Mükəmməlçisiz, yoxsa insanları olduğu kimi qəbul edirsiz? Ümumiyyətlə, insanlar olduqları kimi qəbul olunmalıdırlar?
    – Mənə elə gəlir ki, mükəmməl insan yoxdu. Ən yaxşı tabloya da baxıb ona tənqidi gözlə yanaşanda onun mükəmməl olmadığı ortaya çıxır. Məsələn mənim bir qadında qəbul etdiyim mükəmməl bir xüsusiyyət digər kişidə neqativ hal kimi qiymətləndirilə bilər. O baxımdan mən özümü mükəmməlçi saymıram. Çünki ətraf mühitdə neqativləri yox, ən yaxşı şeyləri görməyə çalışıram və insanları olduqları kimi qəbul edirəm.
  5. Çəkişməsən, bərkiməzsən, deyirdilər. Ancaq indi insanlar asanlıqla aralarına məsafə qoya, uzaqlaşa bilirlər. Güzəşt, fədakarlıq hissi yoxa çıxıb?
    – İnsanların bir-biri ilə uzaqlaşmalarının səbəbi təkcə mübahisələr deyil. Təəssüflər olsun ki, informasiyanın gətirdiyi pozitiv çalarlarla yanaşı neqativ tərəfləri də var. Bu da real ünsiyyətin sıfırlanmasıdır. İnsanlar virtual danışığa üstünlük verirlər. Güzəşt və fədakarlıq hissləri təəssüflər olsun ki, az adamda qalıb. Güzəştin və fədakarlığın ən gözəl tərəfi də odu ki, biz tanımadığımız adamlara da güzəşt etməyi bacarmalıyıq. Niyə? Çünki ən gözəl dəyərlər doğmamız olmayanlara da fədakarlıq etməyi bacarmaqdır.
  6. Kişini daim nəzarətdə saxlayan, bir növ qısqanan, yoxsa sərbəst buraxan qadının sevgisini seçərdiz? Mənimsəmək, sahiblənmək sevginin çoxluğudu, ya xarakter məsələsi?
    – Qısqanclıqla bağlı hissin özü mənimsəmə hissinin ifratlığına qaçanda olur. Hər bir halda mən hesab edirəm ki, həm kişi, həm qadın sevdiyi insan tərəfindən qısqanılanda onun xoşuna gələr. Qarşındakının sənə dəyər verməsinin tam göstəricisi olmasa da, həm də göstəricilərindən biridir. Qadağa meyilə səsəb olur. Əlbəttə ki, söhbət duyğulardan gedir. Huquq sistemində qadağalar cəmiyyəti formalaşdırıbdı, mütləqdir, labüddür.Bəlkə də bir az aşırı səslənər, ancaq mən gözünü yumub sevə bilən qadının sevgisini seçərdim.
  7. Məsələn mən, bir şeirimdə demişəm ki, “Ömür boyu ilə başlayan bütün cümlələr yalandı”. Siz necə düşünürsüz, hisslər müvəqqətidi?
    – Bir çox hallarda bütün hisslər müvəqqətidir. Belə izah edə bilərəm ki, 70 yaşlı bir qoca gənclik illərindəki sevgisini unutmadığını danışır. Mənə elə gəlir ki, o xatirənin, zamanın nostalgiyasını yaşayır. Çünki, hər bir halda ən dərin duyğularla aşıq olduğun birini zamanla başqa hisslərlə görə bilirsən. Hissin davamlı olub-olmamağı hissin sahibi olandan çox qarşı tərəfin davranışlarından asılı olan bir haldı. Ona gorə də mən sənin fikrinə qatılıram. “Hisslər əbədidir” deyənlərin fikri isə mənə görə publikaya işləməkdir. Biz 10 il, 20 il əvvəli düşünüb xiffətini çəkəndə də bugünkü həyatın maraqsız anlarından uzaqlaşıb keçmişin zövqünü yaşayırıq. Bu baxımdan hisslərin müvəqqəti olmağı birmənalıdır.
  8. Əvvəl və indiylə müqayisədə biz sevgini səhv anlamışıq, yoxsa sevgi formatını dəyişib?
    – Sevgini məncə anlamağa çalışmaq doğru deyil. Mən bəzən söyləyirəm ki, ixtisasından, cəmiyyətdəki mövqeyindən asılı olmayaraq hamı ilə ən çox danışmağı sevdiyim üç mövzudan biri sevgidir. Hamının sevgi haqqında bir firi var. Məsələn bir qəssab fəlsəfə haqqında danışa bilməsə də sevgi haqqında danışmağa sözü var. Sadəcə rəqəmsal dünyada rəqəmsal sevgilərin də sayı artıb. Mən çox təəssüf hissi keçirirəm ki, şairanə sevgi adlandırdığımız sevgi artıq cılızlıyıb. Adi bir simpatiya duyğusunun sevgi kimi adlandırılması prosesi başlayıb. Mənə elə gəlir, yaradıcı adamlar sevgini səhv anlaya bilməzlər. Sadəcə rəqəmsal dünyanın bizə aşılamağa çalışdığı “sevgi dəyərləri” insanın rassional qərarlar aldığı sevgi imkanlarını yavaş-yavaş tükədir.
  9. Tək yaşaya bilmirsənsə, köləsən, deyirlər. Təklik azadlıqdı?
    – Tək qalan insan daha yaxşı qərarlar almaq qabiliyyətinə malikdir. Düzdü, elə çətin qərarlar olur ki, burda mütləq şəkildə başqalarının tövsiyələrinə ehtiyac var. Bu məqamlarda insanın tək qalmağı fəlakətli ssenarilər formalaşdıra bilər. Amma tək yaşaya bilməməyi köləlik adlandırmaq məncə yanlış yanaşmadır. Ən ünsiyyətcil bir insanın da mütləq elə bir anı olur ki, o tək qalmağa çalışır. O baxımdan da hesab edirəm ki, təklik azadlıq deyil.
  10. Sual vermək, yoxsa suallara cavab vermək? Hansı rahatdı?
    – Mənə elə gəlir ki, mən medianı sevdiyimə görə hər ikisi də doğmadı. Mən sual verdiyim layihələri də icra edirəm, mənə suallar da ünvanlanır. Həyatında sualları zəngin olan insanlar daha proqresiv insanlar olurlar. Suallar həmişə şühbələr yaradır. Suallarının olmağı sənin fərqliliklərinin olmağına səbəb olur. O baxımdan mən sual verməyi və sual cavablandırmağı sevirəm.