Zərif Kölgələrdə Xəyalə Sevilin növbəti müsahibi şair Aləmzər Əlizadədir
-Ömrün yetkin yaşında uşaq ədəbiyyatının möhtəşəm nümunələrini yaratmaq, uşaq şeirləri yazmaq ruhun uşaqlığıdı, yoxsa istedad? Ümumiyətlə, şeir texnikadı, yoxsa istedad?
-Şeirin yaranması mənə görə nə istedad, nə də texnikadı. Bu təbii prosesdi. Bir dəfə demişdim, yenə yadımda qalanı təkrarlamaq istəyirəm. Şeir yağış kimi yağır, külək kimi əsir, göy kimi guruldayır, şimşək kimi çaxır.
-Yazıçılar, şairlər, ümumiyyətlə, incəsənət adamları, adətən, melanxolik olurlar. Normal həyatda cəmiyyətə uyğunlaşıb özlərini ələ verməsələr də əksəriyyətində belə halla rastlaşmaq olur. Burdan belə qənaətə gəlmək olur ki, dərin, hər şeyin fərqində olan adamlar xoşbəxt ola bilmirlər?
-Xoşbəxtliyin yaradıcılığa dəxli yoxdur. Mən nə ifrat şad olanda, nə də ifrat kədərli olanda heç nə yaza bilmirəm. Xoşbəxtliyə səbəb ola biləcək nəyi isə axtarmağın yersiz olduğunu düşünürəm. Həyat özü göstərir. Biz ancaq ya əvvəli, ya sonranı nizamlamağa çalışırıq.
-“Pis insanlar yaxşıları tanıyırlar, yaxşı insanlar isə pisləri yox”. Bu fikirlə nə qədər razısız?
-Əksinə pis insanlar (bu söz şəxsi deyil) yaxşıları tanısalar, düzələrlər. Bilərlər ki, yaxşı nədir, pis nədir.
-Ailə dəyərlərinin, güzəştlərin, hörmətin azaldığı dövrə çatmışıq. Daha insanlar birlikdə yox, təklikdə xoşbəxt olmağı seçirlər və yaxud da buna məcbur olurlar. O qədər boşanmamış adamlar var ki, özlərini ailəli hesab etmirlər. Onda belə demək olarmı ki, boşanmamaq ailəli olmaq demək deyil?
-Ailə iki şəxsin (əlavələr də, yəni, ata, ana, bacı, qardaş, övlad da daxil olanda) birlikdəki həyatıdır. Milyonlarla insanlar və o qədər də fikir, ağıl, düşüncə var. Bu insanlar müxtəlif həyat tərzində, müxtəlif yöndə yaşayırlar. Hansı tərəfi dindirsən, o biri tərəfi günahlandırıb, özünü yaxşı elan edəcək. Xoşbəxt ailələr bir-birilərini anlayıb, dəyərləndirib, istək və güzəştlərlə davam etsələr, yaxşı olur. Yox, tərsinə düşüncələr davam etmir. Burada mən iki tərəfin ağıl çatışmazlığını, pis vərdişlərin olmasını, daş kimi xarakterin dəyişməməsini nəzərdə tuturam. Belə ki, “mən deyəndir”- deyib hər iki tərəfin uçuruma yuvarlanması pis haldır. Ailə lazım gələrsə, ipək kimi yumşaq, daş kimi sərt olmaq, düzgün analiz etməyi bacarmaqdır.
-“Azad olmayan insan əxlaqlı deyil”,- deyirlər. Əxlaqın meyarı azadlıqdımı?
-Mən belə düşünürəm ki, azad olmaq insanlara qismən lazımdı.Tam azad olmaq heyvanlara, quşlara, ağaclara, daşlara aiddir.Bəklə sualı tərsinə düşünək? Belə ki, azad olmayan insan əxlaqlı deyil kimi yox, əxlaqlıdır, deyək. Bu daha doğru olmazmı? Mən azadam deyib, bütün sərhədləri, sədləri pozmaq, istədiyi kimi yaşamaq, gəzmək, geyinmək nə dərəcədə doğrudu? Azadlığın bir çərçivəsi var. Biz o çərçivədən yalnız fikrimizdə, ürəyimizdə, şüurumuzda çıxa bilərik. Biz insanlar yaşadığımız müddətdə bizə lazım olan, bizə məqbul sayılan azadlıqda ömür sürürük. Nəyin yaxşı, nəyin pis olmasını həyat özü diktə edir. Biz isə özümüzdən çox az nəyi isə əlavə edirik. O əlavələr lazımdır, müxtəlif lazımlı kəşflərə,səddi-sərhəddi olmayan elmə və s. Azadlıq yaxşı ki, çərçivədə verilib.
-Bu yaxınlarda belə bir yazıya rast gəldim. “Evdən çıxmadan evin havasız olduğunu bilməzsən”. Bu sözü insanlara şamil etsək, düşünmək olarmı ki, insanlardan uzaqlaşanda onun yaxşı, ya pis olduğunu anlayırıq?
-İnsanların yaxşı və ya pis olmasını anlamaq üçün bəzən bir ömür az olur. Bu gün yaxşı və ya pis dediyimiz sabah əksinə dönə bilir. Əlbəttə, bu yaradıcılığa aid deyil. Hər hansı yazıçını, şairi, müğənnini, rəssamı, alimi onların əsərlərindən tanımaq olur. Onlar üçün qəti söz demək mümkündür. Ancaq ümumilikdə, yaxşı və pis insanlar hər kəsin fikrinə, düşüncəsinə görə hesablanır.
-İllər keçdikcə daha təcrübəli və yaxud da, daha kəskin desək, soyuqqanlı oluruq. Fərqindəlik insanı hardasa dəyişir. Siz necə dəyişmisiz, dəyişiminiz sizi qane edibmi?
-Söhbət məndən gedirsə, mən çox dəyişmişəm. Hərtərəfli dəyişmişəm, bu dəyişimi nəinki, hiss edirəm, görürəm, bilirəm. Mən soyuqqanlı yox, daha kövrək, daha həssas, daha qorxaq, bəzən də acımasız olmuşam. Qorxum özümdəndir ki, əzizlərim məni qoyub gedir, mən qalıram. Qorxuram ki, birdən mən ölə bilmərəm. Qurdla qiyamətə qalaram. Dəfələrlə ölməyi özümə xoşbəxtlik bilmişəm. Ancaq vaxt ötüb, bu fikri unudub yaşamağa davam etmişəm. Düzdü, belə düşüncələrimin dönüşü mənə asan başa gəlməyib. Amma həyatım davam edir- qane olsam da, olmasam da.
-Bağışlamaq böyüklükdürmü, yoxsa artıq bu kimi aforizmlərin zamanı keçib?
-Bağışlamaq baxır kimi, necə, nə şəraitdə olar. Mən özlüyümdə bildiyim, anladığım səhvlərimin bağışlanmasına cəhd etmişəm. Bəzən günahım olmasa da xətirlər xətrinə üzr istəmişəm, təki münasibətimiz pozulmasın. O ki qaldı bağışlanmasını gözləyənlərə, çox olub ki, özü dərk edib, mənə yanaşıb, dərhal bağışlamışam. Onlardan dünyasını dəyişənlər də var, yaşayanlar da. Bağışlamaq və bağışlanmaq gözəl hissdi. Qızım Xəyalə, sən həm ağıllı, həm də gözəl şairsən. İstedadlısan, duyumlusan, zərif və incə düşüncəlisən. Səni tanıyıram deyə bunları yazıram. Sağ ol, istedadın, ağlın, kamalın, maddi durumun daim yüksək olsun.