.....

.....

“Özümdən sənə yol gəldim, İlahi”

“Özümdən sənə yol gəldim, İlahi”

“Müsahibə həftəsi” rubirkasının budəfəki qonağı – İqtisad elmləri doktoru, professor, şair Rəsmiyyə Sabirdir.

Xoş gördük, Rəsmiyyə xanım. İlk öncə sizi professor elmi adı almanız münasibətilə səmimi qəlbdən təbrik edirik.

Rəsmiyyə xanım, siz həm elm adamı, həm də bədii yaradıcılıqla məşğul olan tanınmış bir simasınız. Bu iki sahənin kəsişdiyi nöqtədə duran bir insan kimi özünüzü ən çox necə təqdim etmək, tanıtmaq istərdiniz?

Təşəkkür edirəm. Mənim üçün hər iki sahə – ədəbiyyat və iqtisadiyyat çox dəyərlidir. Bir neçə dəfə müsahibələrimdə demişəm. Mən şair doğulmuşam, iqtisadçı olmuşam. Baxmayaraq ki, uşaqlıq arzum hüquqşünas olmaq idi. İçimdə hər zaman başqalarını qorumaq, onlara kömək etmək hissi olub. Bu yardıcılığımda da özünü göstərir. İqtisadçı olmağa isə yuxarı siniflərdə oxuyarkən qərar verdim. Qərarımdan da razıyam. İxtisasımı sevirəm. Şairliyi isə Allahın lütfü hesab edirəm. Həyatda ən çətin anlarımda “İlahi söz” köməyimə çatır. İndi olduğum yerdən razıyam. Yaxşı nümunə olmağa çalışıram və deyilənlərə görə məqsədimə nail olmağı bacarıram. Elmi həyat tərzi edənlərdənəm və bununla da qürur duyuram. Mənə tez-tez irad bildirirlər ki, niyə başqa sahədə işləmirsiniz? Çünki yaxın insanlar mənim tez-tez başqa sahələrə iş dəvəti aldığımı bilirlər. Məlum olduğu kimi, elm sahəsində maaş azdır. Lakin mənim üçün elm və təhsil sahəsi əzizdir, doğmadır. Bu iki sahədə özümü rahat hiss edirəm. Tanınmış jurnalist Zahir Əmənov mənim haqqımdakı məqaləsinə belə bir başlıq seçmişdi: “Şairliyi və alimliyi bir-birindən uca olan Rəsmiyyə Sabir”. Bir insan üçün bundan gözəl nə ola bilər?…

Ədəbiyyat bəşəriyyət tarixinin təməlində dayanan böyük bir dəyərdir. Sizcə, onun insan ruhuna bu qədər dərindən təsir etməsinin əsas səbəbi nədir?

– Ədəbiyyat insanın hisslərini, kədərini, sevincini, yaşantılarını və həyat təcrübələrini fərqli bir dilləçatdırır. İnsanlar yaşantılarına başqalarının yazdığı əsərlərdə rastlayanda, onlar özlərinin tək olmadığını hiss edirlər. Bu insana həm təsəlli verir, həm də anlaşıldığını hiss etdirməkbaxımından güclü təsirə malikdir. Ədəbiyyat çox vaxt ifadə etməkdə çətinlik çəkdiyimiz duyğuları sözə çevirir. Ədəbiyyat həm düşüncəni, həm də gözəlliyibirləşdirir. Sözlər estetik gücə büründükdə, yaddaşımızda qalır, bizi təsirləndirir, ruhumuzu oxşayır. Ədəbiyyat güldürməyi də, ağlatmağı da, sevindirməyi də, kədərləndirməyi də bacaran bir qüvvədir. O, sərhəd tanımır. Uzaq bir materikdə yazılmış kiçik bir şeir və ya bir hekayə ruhumuza, daxili aləmimizə çox yaxın ola bilər. Ən əsası, ədəbiyyat səmimiyyətdir, olduğun kimi görünməkdir. Odur ki, ruhumuza bu qədər dərindən təsir edə bilir.

Ədəbi yaradıcılıqla insanın mənəvi yetkinliyi arasında necə bir bağ görürsünüz?

– Ədəbi yaradıcılıq insanın öz daxili dünyasını ifadə etməsi üçün bir vasitədir. İnsan düşündüklərini yazıya çevirdikcə özü ilə üzləşir. Bu da onu mənəvi cəhətdən yetkinləşdirir, özünü və dünyanı daha dərindən dərk etmsinə səbəb olur. Mən deyərdim ki, ədəbi yaradıcılıq yalnız estetik məqsəd daşımır, həm də insanın özünü tanıması üçün güclü bir vasitədir. Ədəbi yaradıcılıq fərqli həyatları, düşüncələri, mədəniyyətləri dərk etməyə və təqdim etməyə imkan verir. Ədəbi yaradıcılıq cəmiyyət üçün aynadır. O yol göstərəndir, qaranlığa işıq saçandır. İdeyalar əvvəlcə ədəbiyyatda yaranır, sonradan isə onların çoxu digər sahələrdə tətbiqini tapır. Ədəbiyyat çox zaman əxlaqi və fəlsəfi sualları gündəmə gətirir: “Niyə yaşayırıq?”,“Ömür bizə nə üçün verilib?”, “Həyatın mənası nədir” və s. Bu və buna bənzər suallar haqqında düşünmək və yazmaq insanı mənəvi cəhətdən dərinləşdirir və yetkinləşdirir. Ədəbi yaradıcılıq mənəvi yetkinliyin həm səbəbi, həm də nəticəsidir. Daxilən zəngin insan daha təsirli yazır. Bir sözlə, ədəbi yaradıcılıq insanı daha da zənginləşdirir.

Türkçülük və turançılıq ideyalarının təbliği ədəbiyyat sahəsində nə dərəcədə özünü göstərir?

– Son zamanlarda türkçülük və turançılıq ideyalarının təbliği ədəbiyyat sahəsində daha geniş şəkildə özünü biruzə verir. Türkdilli dövlətlər arasında ədəbi-mədəni əlaqələr güclənir. Bu da təbiidir. İllər öncə isə bu daha çətin idi. Oxucularınızla maraqlı bir faktı paylaşım. 2015-ci il parlament seçkilərində Milli Məclisə deputatlığa namizədliyimi irəli sürmüşdüm.Təbliğat-təşviqat kompaniyası zamanı rəqiblərim mənim türkçü olduğumu vurğulayaraq əleyhimə mübarizə aparırdılar. Şükürlər olsun ki, artıq Türk dünyasında istər ədəbi, istər siyasi, istərsə də iqtisadi əlaqələr günü-gündən daha da güclənir.

Dünya Gənc Türk Yazarlar Birliyinin yaranma prosesində sizin iştirakınız necə oldu? Bu təşəbbüs necə formalaşdı?

– Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) mənim həyatımda xüsusi bir yeri var. Bu Birlik 1998-ci ildə Qazaxıstanda Dünya Türk Gəncləri Birliyinin qurultayında yaransa da, lakin 1999-cu ildə Bakıda qeydiyyatdan keçib. Mən də təsisçilərdən biriyəm. Ədəbiyyatın bir neçə tanınmış siması bu təşkilatın təsisçisi olub. Lakin sonradan onların bəziləri təşkilatdan uzaqlaşdı. Biz isə Əkbər Qoşalı, Aygün Həsənoğlu və mən hər zaman bu təşkilatda olduq. Onun inkişaf etdirilməsi üçün səylə çalışdıq. İndi də Məsləhət Şurasının üzvüyəm. Gənclərə Markes demişkən “qanad verməyə çalışıram”.

Türk dünyası gənc yazarlarının inkişafında bu birliyin rolu barədə şəxsi müşahidə vətəəssüratlarınızı bizimlə bölüşə bilərsinizmi?

– DGTYB-nin fəaliyyəti həqiqətən də təqdirə layiqdir. Dünyanın dörd tərəfindəki gənc türkyazarların tanıtdırılması ilə bağlı bizim çoxsaylı fəaliyyətlərimiz olub. İstər Azərbaycanın gənc istedadlı yazarlarının Türk dünyasında, istərsə də digər türksoylu xalqların gənc ədiblərinin Azərbaycanda tanıtdırılması üçün onlarla kitablar, antologiyalar çap etdirmişik, şeir festivalları, forumlar, müsabiqələr keçirmişik. Ədəbi platformalarda Qarabağ həqiqətlərinin dünyada tanıtdırılmasına çalışmışıq. DGTYB artıq bütün Türk dünyasında tanınan, fəaliyyəti təqdir olunan bir qurumdur. Bir qeyri-hökumət təşkilatının bu qədər geniş fəaliyyəti həqiqətən inanılmazdır. Mən keçən il TÜRKSOY-da DGTYB-nin 25 illik yubileyində bir fikir demişdim. Ankarada dərc olunan bir qəzet o fikri manşetə çıxarmışdı. Fikir bundan ibarət idi ki, biz bu müqəddəs missiyanı üzərimizə götürəndə cibimizdə pulumuz yox idi, ancaq ürəyimizdə sevgimiz vardı. Və o sevgi bizi açdığımız cığırın yola çevrilməsinə gətirib çıxardı. DGTYB-nin fəaliyyəti haqqında bir neçə nümunə deyəcəyəm. İlk dəfə biz “Müasir Qazax ədəbiyyatı”, “Müasir Qırğız ədəbiyyatı” antalogiyalarını Azərbaycanda, “Çağdaş Azərbaycan ədəbiyyatı-I”, “Çağdaş Azərbaycan ədəbiyyatı-II”antologiyalarını Türkiyə türkcəsinə uyğunlaşdırıb qardaş Türkiyədə nəşr etdirdik. “Türkün səsi” antologiyalarının bir neçə sayını, neçə-neçə gənc türk yazarın fərdi qaydada şeir, nəsr əsərlərini çap etdirdik.   

Fəlsəfədə “fərqindəlik” deyilən bir anlayış var və bu, insanların daxili dünyasının göstəricisinə çevrilə bilər. Rəsmiyyə Sabir olaraq siz öz yaradıcılığınızda oxucularınıza hansı fərqindəlik prinsipini aşılayırsınız?

 Dekartın “Mən düşünürəm, deməli varam” fikri fərqindəliyin başlanğıcı hesab edilir. Şeirlərimdə insan ruhunun dərinliklərinə enməyə çalışıram. Mən öz yaradıcılığımda oxucularıma gözəllik, sevgi aşılayıram. Dünyanı gözəlliyin, sevginin xilas edəcəyini düşünənlərdənəm. Ən pis insanları da sevginin dəyişəcəyinə inananlardanam. Mən şeirlərimdə “bir qazinin əli ola bilirəm”. Mən şeirlərimdə “ocaqda közün dərdinə yanıram,varaqda sözünə dərdinə ağlayıram”. Fikrimcə, mənim yaradıcılığım sadəcə duyğulandırmır, düşündürür və fərqindəlik yaradır. Tanrı sevgisi, torpaq sevgisi, insanlıq sevgisi, milli-mənəvi dəyərlərə bağlılıq mənim misralarımda fərqindəlik kimi təzahür edir. 

Şeir sizin üçün nə zaman bir ehtiyac, bir ifadə vasitəsinə çevrildi?

– Uşaqlıq illərimdə. 2-ci sinifdə oxuyanda anam möhkəm xəstələnmişdi. Onu itirmək qorxusu məni elə sarsıtmışdı ki, bu qorxu şeirə çevrilmişdi. Sonradan davamı gəldi və bir də mən özümü poeziyadan ayrı hiss etmədiyimi anladım. Ən çətin vaxtlarımda poeziya köməyimə çatır. Elə itkilərim olub ki… O zaman özümü ancaq “İlahi söz”lə ovuda bilmişəm.

Bəzən həyat

üzərimə yeriyir.

O zaman

özümü sözlə ovuduram.

Taleyimin əzablarını

beləcə unuduram.

Poeziya ilə pedaqoji fəaliyyət bir-birinə necə təsir edir?

– Mənim 25 illik pedoqoji fəaliyyətim var. Şairlik isə Allahın lütfüdür. Hər zaman Allahıma minnətdar olmuşam ki, məni şair yaradıb. Bir şeirimdə deyirəm ki:

Mən səni milyondan birə çevirdim,

Sən məni ayırdın mindən, İlahi.

Bu misralarda şairliyimi nəzərdə tutmuşam. Bilirsiniz, poeziya da, müəllimlik də sevgiyə əsaslanır. Sevgi dolu insan pis ola bilməz. Mən hər zaman deyirəm ki, yaxşı şair pis insan ola bilməz. Təbii ki, hər şeyin əsasında isə insanlıq dayanır. 

Professor elmi adını qazanan bir şair kimi, ədəbiyyata yanaşmanızda hansı dəyişikliklər müşahidə etdiniz?

– Mən iqtisadiyyat sahəsində porofessor elmi adını almışam. Düzünü desəm, bu elmi adı almağım ədəbiyyata yanaşmama heç bir təsir göstərməyib. Mən məktəbin aşağı siniflərində oxuyanda belə dünyanın ən tanınmış yazarlarının əsərlərinin oxuyurdum. Bu da mənim ədəbi zövqümün formalaşmasına kömək edib. Bəlkə sizə də qəribə görünəcək 4-cü sinifdə oxuyan şagirdin Dostoyevskini, Voyniçi, Balzakı, Homeri oxuması. Hərdən özümə də qəribə görünür. Axı o yaşdakı uşaqlar adətən nağıllar oxuyurlar, həyətdə oynayırlar. Mən isə bütün yay tətilini doğulduğum Ərkivan qəsəbəsindəki kitabxananın kitablarını oxumaqla keçirərdim. Bir faktı da qeyd edim ki, 80-dən çox yaşı olan həmin kitabxana bu yaxınlarda başqa bir kitabxana ilə birləşdirildi və mən sanki uşaqlığımın bir hissəsini itirdim.

Sizcə, müasir Azərbaycan poeziyasında qadın şairlərin rolu nə dərəcədə əhəmiyyətlidir?

Ədəbiyyatı cinsə görə fərqləndirməyə qarşıyam. Yaxşı və pis, güclü və zəif poeziya var.Yaxud da söz öz ədəbi həllini tapa bilibmi? Nə fərqi var onu kim yazıb. Ümumiyyətlə, ədəbiyyatda cins bölgüsü nəyə lazımdır, mən anlamıram. Bəzən elmi-ədəbi tədqiqatlarda da biz bu cür bölgüyə rast gəlirik. Amma mən ədəbiyyatda cins bölgüsünü qəbul etmirəm. Azərbaycanın güclü qadın şairləri olub, bu gün də var, sabah da olacaqdır. Çünkü poeziya bizim ruhumuzdadır. Mən gənc vaxtı Türkiyədə bir şeir festivalında iştirak edirdim. Azərbaycanı o festivalda tanınmış tənqidçi Əsəd Cahangir və mən təmsil edirdik. Tokatda yerli televizyada bir neçə şairlə bərabər poeziya, şeir festivalı ilə bağlı fikirlərimi bölüşürdüm. Türkiyənin tanınmış yazarlarından olan Ömər Gazazoğlu dedi ki: “İlahi, Azərbaycan türklərinin uşağı da, gənci də, yaşlısı da şeir dilində danışır”. Mən yazarlarımızın Azərbaycan poeziyasındakı rolundan çox, dünyada tanıtdırılmasını istəyirəm. Çünki Azərbaycan ədəbiyyatında sözü, səsi olan şairlərimizi ədəbiyyat adamları da, xalq da az-çox tanıyır. Lakin Azərbaycan sərhədlərindən kənara çıxanda ən məşhur bildiyimiz yazarlarımızın tanınmadığını görürük. Bunun səbəbləri də çoxdur, lakin bu başqa bir diskussiyanın predmetidir.

Təhsil verdiyiniz gənclərdə yaradıcılıq potensialını necə aşkar edirsiniz və onları bu istiqamətdə necə dəstəkləyirsiniz?

– Mən uzun müddətdir ki, ali təhsil müəssisəsində dərs deyirəm. Bu illər ərzində çox tələbələrim olub. Onların içində yaradıcılıq qabiliyyətliləri də az olmayıb. Onu da qeyd edim ki, yaradıcılıq təkcə ədəbiyyat sahəsi üçün deyil, elmin digər sahələri üçün də keçərlidir. Albert Eynşteynin məşhur bir deyimi var: “Imagination is more important than knowledge”. Yəni, fantaziya bilikdən daha vacibdir. Bəzi insanların naturalarında kreativlik var. İnsanın içində yaradıcılıq potensialı olmazsa, kənar təsirlərlə sən onu inkişaf etdirə bilməzsən. Ancaq insanın içində yaradıcılıq potensialı varsa, onu həm özü inkişaf etdirə bilər, həm də dəstəkləyici mühit olmalıdır. Mən bir pedaqoq olaraq istedadlı tələbələrimə hər zaman dəstək olmuşam. Bir elm adamı olaraq da çox gözəl yetirmələrim var və onlarla qürur duyuram. Məsləhətlərimi verirəm, tədqiqatı necə aparmağın sirrlərini öyrədirəm. Ümumiyyətlə, heç vaxt paxıl olmamışam, biliyimi başqalarına öytətməyə çalışmışam. Mənə fizikanı öyrədən müəllimim (Allah Xeyrulla müəllimə rəhmət etsin) deyərdi ki, bilik verdikcə artır. 

Sizi bir şair kimi ən çox düşündürən və iç dünyanızda yer alan əsas mövzular hansılardır?

– Əslində şair başqalarına təsir etməyən ən kiçik hadisədən belə təsirlənə bilən şəxsdir. Bir dəfə səhər tezdən bir süpürgəçi qadının dodaqaltı deyinərək küçəni təmizlədiyini gördüm. Həmin anda “Süpürgəçi” şeiri yarandı. Ümumiyyətlə isə, mənim şeirlərimin bir neçə ana xətti var. Dünya, həyat, olumla-ölüm, sevgi, Vətən, Tanrı. Amma mən özümü daha çox ölüm şairi kimi qiymətləndirirəm. Bir filoloq Allah mövzusunda ən gözəl şeirləri mənim yazdığımı söyləmişdi. Fikrimcə, mən daha çox ölümdən yazan bir şairəm. Bəlkə də ömür adlı tamaşanın sonuncu səhnəsinin ölüm olduğu üçün…

Bir pedaqoq olaraq sizcə, müasir gənclərin ədəbiyyata marağını artırmaq üçün hansı üsullardan istifadə olunmalıdır?

– Ədəbiyyatı yaratmaqla yanaşı onun təbliğatı da olmalıdır. Biz cəmiyyətə nə ötürürüksə, o da bizə onu qaytarır. Son illərdə ziyalılarımız bayağı musiqidən şikayət edirlər. Günahkar kimdir? Çox zaman televiziya və radiolarda (bir-ikisi istisna olmaqla) bayağı musiqicəmiyyətə təqdim olunur, sosial şəbəkələrdə o musiqilər qarşımıza çıxır. Yeni nəsil onu eşidirsə, onu də dinləmək məcburiyyətində qalır. Belə olduğu təqdirdə hansı zövqün formalaşmasından söhbət gedə bilər? Ədəbiyyatda vəziyyət musiqidəki kimi acınacaqlı olmasa da, ürəkaçıcı da deyil. Bəzən efirlərdə “şair” adı ilə elə adamları ekspert, qonaq qismində çağırırlar ki, insan utanır. Keyfiyyətli əsərlər təbliğ olunmalıdır, cəmiyyətə istedadlı yazarlar təqdim edilməlidir. Xaricdə ölkəmizi təmsil etməyə göndərilənlərə xüsusi yanaşma olmalıdır. Bu mədəniyyətin bütün sahələri üçün keçərlidir. Təbliğat məsələsində müvafiq dövlət qurumlarının, habelə KİV-in üzərinə mühüm yük düşür. Ədəbiyyatda tanışlıq, qohumluq, yerlibazlıq kimi amillərə yer olmamalıdır, çünki ədəbiyyat istedad məsələsidir.  

Sizin üçün “şair məsuliyyəti” nə deməkdir və bu məsuliyyəti gündəlik yaradıcılığınızda necə daşıyırsınız?

– Mən şairlikdən əvvəl özümü bir vətəndaş hesab edirəm. Məni tanıyanlar bilir ki, gündəlik həyatımda sadə və vicdanlıyam. Ömrü insana verilmiş bir əmanət hesab edirəm və onu ləyaqətlə yaşamağa çalışıram. Həm bir insan, həm bir vətəndaş, həm də bir şair kimi. Bir şeirimdə deyirəm ki:

Ömrümün başından ayağınacan,

Özümdən sənə yol gəldim, İlahi.

Min bir sualına cavab gəzirdim,

Yalnız bir sirrini bildim, İlahi.

Şair kimi Vətənim qarşısında məsul olduğum məqamlar var. Azərbaycandan kənarda ölkəmizi layiqincə təmsil etməyə çalışıram. Dəfələrlə beynəlxalq müsabiqələrin qalibi olmuşam. 44 günlük haqq savaşımızda döyüş, mübarizə ruhlu şeirlər yazdım. Şuşa alınan günü “Vətən, gözün aydın” adlı şeirim dərc olundu. Torpaqlarımız işğalda olduğu zamanlarda mən “Bağışlama bizi, Vətən” deyə hayqırırdım. Şanlı Zəfərimizdən sonra bu qələbəni bizə yaşadan əsgərlərimizə həsr etdiyim “Azərbaycan əsgəri” şeirini yazdım. Nəşr edilmiş kitablarımda vətənpərvərlik ruhundakı şeirlərim ayrıca bölmə şəklində olur. Necə deyərlər, biz şairlər qələmimizlə mübarizə aparırıq.  

Ədəbi kimliyinizlə qadın kimliyiniz bir-birinə nə dərəcədə təsir edir və bu sintez yaradıcılığınızda necə təzahür tapır?

– Ədəbiyyatda cins bölgüsünə qarşıyam. Lakin şəxsiyyətimiz yaradıcılığımıza da yansıyır. Mənim yaradıcılığımda qadın mövzusu qırmızı xətt olaraq keçir. Bu yaxınlarda tanınmış tənqidçi Nərgiz Cabbarlı ədəbiyyatda qadın mövzusu ilə bağlı bir televiziya verilişində mənim yaradıcılığımdan da söz açdı və “Qadın” şeirimi oxudu. Qeyd edim ki, o şeiri sosial şəbəkələrdə paylaşdıqdan sonra çoxsaylı rəylər oldu. Maraqlı cəhət burasında idi ki, müxtəlif sahələrin insanları şeiri elə gözəl təfsir etmişdilər ki… Məsələn,  Sakit Malikov yazırdı ki: ““Səni tanıyıram, qadın”. Bu təkrar olunan sətir – ana misra – şeirin ritmini və strukturunu müəyyən edir. Bu cümlə həm bir tanışlıq etirafıdır, həm də dərin empatiyanın ifadəsidir. Şair qadını konkret bir obraz kimi deyil, simvolik və ümumiləşmiş bir varlıq kimi təqdim edir. Buradakı “tanımaq” sözü zahiri yox, daxili tanımanı, ruhən duymanı ifadə edir. “Üzündəki minillik kədər”. Bu misra ilə qadının tarix boyu yaşadığı əzablar – bütün bir bəşəriyyəti ağrıdan qadın dərdi – poetik şəkildə çatdırılır. Bu, tək bir qadının yox, bəşəri qadınlığın portretidir”.  Şeiri təhlil edən şəxs məni duya bilmişdi. Əslində mən o şeirdə özümü deyil, tarixən Azərbaycan qadınının yaşamış olduğu çətinlikləri dilə gətirmişəm. Gəlin, etiraf edək ki, bizim cəmiyyətimizdə qadın olmaq daha çətindir. Cinayət halları statistikasına nəzər saldıqda görürsən ki, cinayət törədənlərin əksəriyyəti kişilərdir, lakin o cinayətin qurbanları isə əsasən qadınlardır. Mənə görə Azərbaycan qadını dünyanın ən güclü, ən fədakar, ən vəfalı və ən gözəl qadınıdır.

Sonda belə bir sual vermək istərdim: bir qadın olaraq bu qədər yol gəlmək sizə nə öyrətdi və bu yolda arxadan gələn qadınlara nə demək istərdiniz?

– Sualınızın birinci hissəsi ilə bağlı demək istəyirəm ki, qadın olmaq mənə çox şey öyrətdi. İlk növbədə mənə güclü olmağı öyrətdi. Qadın olmaq əzmlə mübarizə aparmağı öyrətdi. Qadın olmaq mənə ilk növbədə ana olmağımı xatırlatmağı öyrətdi. Qadın olmaq bəzi hallarda nələrdənsə imtina etməyi öyrətdi. Sualınızın ikinci hissəsinə gəldikdə isə, qadınlarımıza sadəcə demək istəyirəm ki, həyatda inandıqlarınızdan imtina etməyin. Doğru bildiyiniz və inandığınız nəsnələr üçün mübarizədən də vaz keçməyin. Həyat gözəlliklərə sərf ediləcək qədər dəyərlidir, pisliklərə sərf olunacaq qədər uzun deyil. Bir mahnıda deyildiyi kimi: “Hər şey gözəldir həyatda, özün bir zərrə gözəllik yarada bilsən”… Ömrünüzü gözəlliklərə həsr edin. Gözəllik yaradaq, xanımlar, dünyanı gözəllik və sevgi xilas edəcək.

Dəyərli vaxtınızı bizimlə bölüşdüyünüz üçün təşəkkür edirik, Rəsmiyyə xanım. Sözünüz var olsun, sözünüzdən doğan sabahlar işıqlı olsun.

– Maraqlı suallar üçün mən təşəkkür edirəm!

Müsahibəni hazırladı: Aysel Nəsirzadə