Söyləyirlər ki: ” Təbiət rəssamın ustadıdır, fırça isə onun dilidir”. Bu gün elə təbiət gözəlliyinə gözəllik qatan və rəssamların əsərlərində müəyyən mənaları daşıyan kəpənəklərdən söz açacağıq.
Bir çox rəssamların əsərlərində kəpənək rəsmlərinə rast gəlirik.
Van Qoqun əsərlərində təbiətin gözəlliyinin şahidi oluruq. Bu rəsmlərdə kəpənəklərin incəliyi təbiət qədər gözəl olduğunu sübut edir.
Surrealizm rəssamı- Salvador Dali keçmişdən gələcəyə keçid kimi, fantaziya və reallığın birləşdiyi rəsmlərində kəpənəklərdən istifadə edib.
Şərq sənəti: Çin və Yapon sənətində də kəpənək sevgi, azadlıq və xoşbəxtliyi bildirmişdir.
Avropa rəssamları isə kəpənəyə ölüm və həyat arasında əlaqə kimi baxmışlar.
” Zərif kölgələr” saytının bugünkü rəssam qonağı olan və gözəl rəsmləri ilə könülləri oxşayan Mehriban xanım Alışovanın da əsərləri içərisində “Kəpənək” rəsmlərini görüb elə rəssamın özünə bu rəsmlərin nəyi təmsil etdiyini öyrənmək istədik.
–Salam, əziz Mehriban xanım, Sizi ” Zərif kölgələr” saytında xoş gördük.
Sizin müxtəlif rəsmlərinizin gözəlliyinə şahid olmuşuq bu gün isə izləyicilərinizə
” Kəpənəklər” rəsmi haqqında fikirlərinizi çatdırmaq istədik.
-Salam Ülviyyə xanım, xoş gördük.
Bilirsiniz ki, mənim rəsmlərimdə daha çox abstrakt üslub üstünlük təşkil edir. Siz də rəssamlıqda kəpənəyin bir neçə simvolik mənasını açıqladınız.
Mənim üçün də kəpənəyin öz anlamı var. İlk olaraq söyləyim ki, kəpənək Allahın yaratdığı möcüzələrdən biridir. Kəpənəklərin üstündəki naxışlara baxanda mahir bir RƏSSAMIN əl işinə heyran qalırıq. Söyləyirik ki: ” Ya Rəbbim sənə şükürlər olsun! Allah özü kəpənəklərin üstünə bənzərsiz naxışlar vurur. Bu naxışlar tam qüsursuzdur. Kəpənəklərin qanadlarındakı naxışlar tam simmetriya ilə formalaşır. Rənglərin və naxışların harmoniyası yaradıcılar üçün ilham mənbəyidir.
Bəzən insanlar qeyri- adi hadisələrlə üzləşəndə- möcüzədir- söyləyirlər. Mən isə təbiətdəki hər şeyə; gülə, yarpağa, bitkiyə, daşa, dağa, heyvanlara, quşlara və quşların gözəlliyinə elə kəpənəklərə baxarkən, möcüzədir- deyib Allahıma Şükür edirəm. Kəpənəklərdə o gözəlliyi daha da qabarıq görürəm. Kəpənəklər mənim də ilham mənbəyimdir, kəpənəklərin rəsmini yaratmaqla o gözəlliyi insanlara çatdırmaq istəmişəm. Kəpənək rəsmini hər dəfə çəkərkən Allaha bu gözəllik üçün təşəkkür edirəm.
Biz rəssamıq daha dəqiq- simmetrik çəkmək üçün var gücümüzlə səy göstəririk, amma Allah kəpənəklər üzərində unikal bir sənət əsəri yaratmışdır.
Kəpənək rəsmlərini çəkdikdən sonra üstünü müxtəlif təbii qaşlarla, müxtəlif materiallardan hazırlanmış daş- qaşla bəzəyirəm.
Kəpənək mənim üçün gözəllikdir, Allahın yaratdığı bir möcüzədir və Allahın insanlara göstərmək istədiyi unikal sənət əsəridir.
Ülviyyə Əbülfəzqızı




