Zərif kölgələrdə Havar Şəfiyevanın növbəti müsahibi bəstəkar, müğənni Arif Mehmandostdur
Sənətin dili sərhəd tanımır. Elə buna görə də Tehranın gur küçələrində, min bir mədəniyyətin izini daşıyan məhəllələrində böyüyən bu sənət adamı, qəlbində Azərbaycan sevgisini illərlə daşıdı. Uşaqlıqdan eşitdiyi Azərbaycan mahnıları, gördüyü xalça naxışları, dinlədiyi dastanlar onda elə bir hiss oyatdı ki, zaman keçdikcə bu sevgi vətən həsrətinə çevrildi.
İllərlə uzaqdan seyr etdiyi, hər notunda, hər rəngində özünü tapdığı Azərbaycan, nəhayət ki, onun həyatı ilə birləşdi. Və o, sənətini, nəfəsini, bütün ruhunu gətirib doğma saydığı bu torpağa qatdı. Bu gün biz, Tehranda Azərbaycan sevgisi ilə yaşayan, amma taleyini buraya köçürərək bu sevgini daha da böyüdən həmin sənətkarla söhbətləşəcəyik. Onun hekayəsi təkcə bir insanın yol hekayəsi deyil, həm də mədəniyyətlərin qovuşması, həsrətin görüşə çevrilməsi hekayəsidir.
Arif Mehmandostla həm musiqi, həm həyat, həm də gələcək arzuları barədə söhbətləşdik.
Arif bəy, İrandan Azərbaycana gəlmək qərarınız necə formalaşdı? Bu köç sizin həyatınızda hansı dəyişikliklərə səbəb oldu?
– Əslimiz Qarabağdandır, babalarımız Ərdəbilə, oradan isə Tehrana köçüblər. Mən Tehranda doğulmuşam. Yoldaşım Cəlilabaddandır. İranda müəllim işləyirdim, lakin ikili vətəndaşlıq almaq mümkün olmadığından məni işdən azad etdilər. Bu vəziyyətdən sonra İrandan küsüb Bakıya qayıtdım və burada yaşayıb işləməyə qərar verdim.
Musiqi fəaliyyətinizə necə başladınız? İlk ifanız və səhnə təcrübəniz haqqında danışardınız?
– 12 yaşımdan musiqi təhsili almışam. Əvvəlcə konservatoriyada tar ifaçılığı üzrə oxudum, sonra vokal üzrə bakalavr təhsili aldım. İlk mahnılarımı fars dilində yazırdım. Lakin 2020-ci ildə – Vətən müharibəsi dövründə, qələbə günü olan 8 noyabrda, xalq şairi Nəriman Həsənzadənin “Azərbaycan” şeirinə musiqi bəstələdim. Həmin gündən sonra təxminən 40-45 mahnı yazmışam və daha fars dilində yazmaq istəmədim.
Təhsilinizi tamamilə fars dilində almısınız?
– Bəli, bütün təhsilim fars dilində olub. Azərbaycana gəldikdən sonra tariximizi daha dərindən öyrəndim və başa düşdüm ki, orada bizə çox haqsızlıqlar edilib. Ləhcəmizə, dilimizə hörmətsizlik göstərilib.
Sizcə, İran və Azərbaycan musiqisi arasında əsas fərqlər və oxşarlıqlar nələrdir?
– Oxşarlıqlar çoxdur, çünki muğam hər iki mədəniyyətdə önəmli yer tutur. Amma boğazlarda fərqlilik var. İranda istifadə olunan boğazlarla buradakılar fərqlidir.
Nəriman Həsənzadə kimi böyük bir ədibin köməkçisi olmaq sizin üçün nə ifadə edir?
– Bu mənim üçün böyük şərəfdir. Canlı bir tarixin yanında olmaq mənə həm ruh verir, həm də ilham. Ondan çox şey öyrənmişəm və öyrənməyə davam edirəm.
Sənətdə uğur üçün ən vacib amil sizcə nədir – istedad, zəhmət, yoxsa dəstək?
– Hamısı vacibdir. Əvvəlcə istedad olmalıdır, sonra zəhmət, səbir və əlbəttə ki, düzgün dəstək.
Bəs sizə dəstək göstərən varmı?
– Ən böyük dəstəyim Nəriman müəllimdir. Bu günə qədər əldə etdiklərimi onun sayəsində qazanmışam.
Tanışlığınız necə yaranıb?
– Qaynanam uzun illərdir ki, Nəriman müəllimə xidmət göstərir. İrandan gələndə eşitdim ki, ona köməkçi lazımdır. Mən də böyük məmnuniyyətlə bu işi öz üzərimə götürdüm.
Gələcək planlarınız nələrdir? Yeni layihələr üzərində çalışırsınız?
– Böyük layihələr maliyyə tələb edir, amma əsas hədəfim tarixdə iz buraxan əsərlər yaratmaqdır. Ən böyük arzum isə Azərbaycan vətəndaşlığı almaqdır. Təəssüf ki, ikili vətəndaşlıq mümkün olmadığından bu proses ləngiyir.
Musiqi ilə poeziyanı necə əlaqələndirirsiniz? Hansı daha əvvəl yaranır – söz, yoxsa musiqi?
– Mənim üçün söz önəmlidir. Hər zaman əvvəlcə söz yaranır, sonra musiqi gəlir.
İzləyicilərlə emosional bağ sizin üçün nə qədər vacibdir?
– Dinləyicinin qəlbinə toxunmaq mənim üçün əsas məsələdir. Əvvəllər daha çox vətənpərvər mahnılar yazırdım, indi isə sevgi mövzularına da müraciət edirəm.
Bu yaxınlarda bir verilişdə atanızı gənc yaşda itirdiyinizi eşitdik. Atasız böyümək sizdə hansı xüsusiyyətləri formalaşdırdı?
– Bəli, 20 yaşımda atamı itirdim. Biz bir-birimizə çox yaxın idik. Atamdan sonra ailənin yükü mənim çiyinlərimə düşdü. O çətinliklər olmasaydı, bu günün qədrini belə bilməzdim.
Ananızın 56 yaşında magistr təhsili alması həqiqətən ilhamverici bir hadisədir. Bu qərarın arxasında nə dayanırdı?
– Atamdan sonra anam xəstə düşdü. Həkimlər onun bir işlə məşğul olmasının faydalı olacağını dedi. Anam 15 yaşında ailə qurduğu üçün təhsil ala bilməmişdi. Biz dəstək olduq və o, əvvəlcə bakalavr təhsilini İranda aldı, hazırda isə Azərbaycanda hüquq üzrə magistr təhsili alır.
Təhsilsiz bir müğənni sizcə natamamdır, yoxsa yalnız gözəl səs kifayətdirmi?
– Təhsil vacibdir. Təhsil olmadan da uğur qazananlar var, lakin bu, uzunmüddətli olmur. Sosial şəbəkələrlə məşhurlaşmaq mümkün olsa da, sənətdə dərinlik və davamlılıq üçün mütləq təhsil lazımdır.
Arif bəy, səmimi cavablarınıza görə təşəkkür edirik. Uğurlarınızın davamını diləyirik!
– Mən təşəkkür edirəm. Bu müsahibə vasitəsilə fikirlərimi bölüşmək mənim üçün xoş oldu. Ümid edirəm, kimin üçünsə ruhlandırıcı olar.
Havar Şəfiyeva