.....

.....

Türkçülüyü həyat özü müəyyənləşdirir

Türkçülüyü həyat özü müəyyənləşdirir

Sualları cavablandırdı: AMEA Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İsmayıl KAZIMOV

HƏLLİ MÜMKÜN VƏ MÜŞKÜL OLAN MƏSƏLƏLƏR

“Ön söz” əvəzi

Bu sualları mənə ünvanlayan Xəyalə Sevili son vaxtlar sosial şəbəkələrdən tanıdım. Verdiyi suallarla aktual həyat problemlərini qaldırır, o bir jurnalist kimi zamanın, həyatın çox həssas amillərinə toxunur və həmin toxunmalarla diqqəti çəkir, istedadını sübut edə bilir. Sözügedən suallarda günün ən vacib problemlərinə, ictimai mövqeyə, həyat təcrübəsinə cavab axtarılır. Elə başa düşürəm ki, bu qızın kredosu (əqidəsi), düz yoldadır, həyatı özünəxas düşüncə ilə başa düşür. Digər yazılarından xəbərim yoxdu, şeirlərində son dərəcə yığcamlıq, sevgi yollarında narahatlıq, nigarançılıq… Xəyalənin poetik təfəkküründə qayğılı və həyəcanlı bir ruh görmək olur. Bu səbəbdən də Xəyalə şeirlərilə də oxucu sevgisi qazana bilmişdir. Elə bilirəm ki, Xəyalə bol-bol bədii düşüncəyə, bədii təfəkkür imkanlarına malikdir. Bu sualların hər birində yeni düzənin, qurulacaq yeni sistemin bir çox mühüm cəhətlərini öyrənmək mümkündür. Və onu da qeyd edim ki, bu sualların cavabları da müəyyən mövqe, cavabdehlik, subyektivlik də nümayiş etdirə bilər.

***

nsanların həmişə keşmişə bir bağlılığı, təqdiri olub. Mənim uşaq vaxtımda böyüklərimiz keçmişi bəh-bəhlə danışırdılar, zamanın korlanmasından şikayət edirdilər. Mən bunu yetkin yaşımda öz yaşıdlarımdan da eşidirəm. Həqiqətənmi, zaman gündən-günə korlanır, yoxsa biz bu günümüzü yaşaya bilmirik.

-İnsan istəsə də, istəməsə də keçmişinə bağlıdır. Bağlılığı təqdir və müdafiə edirəm. İnsan öz kökündən qoparsa… Biz güman etsək ki, keçmiş arxada qalıb, nəyimizə lazımdır, onun vaxtı artıq ötüb keçib, bu ən azı düşüncə mədəniyyətimizin və ümumiyyətlə, yaddaş mədəniyyətimizin məşhur ənənələrini, dədə-baba istəklərini inkar etmək demək olardı. Heç bir ağıllı adamın başına belə bir fikir gələ bilməz- keçmişimizi unudaq, müəyyən dövrlərdə min illiklər olan təcrübəmizi-tariximizi bir kənara tullayaq… Keçmiş mənə nə verir?: Bircə könül verdi mənə keçmişim. Keçmiş mənin hisslərimdir, duyğularımdır. Keçmiş bizə yadigardır əcdadlarımızdan.
Mənim keçmişə münasibətim həmişə yazılarımda da özünü büruzə verib. Doğulduğum kənd-kəsəyin bir qarışı da qalmayıb ki, yazılarımda öz əksini tapmasın.
Keçmiş- ötən, keçən dövrlər. Keçmişdəki həyat, hadisələr. Bəzi insanlar hər zaman keçmişdən şikayət edər, keçmiş günləri xatırlar, onların geri qayıtmasını arzu edənlər də var. Bəziləri deyir ki, keçmiş zamanlarda edilən söhbətlərə qulaq asmaqdan doymaq olmurdu. Keçmişi unutmaq olmaz. Keçmişə bir nəzər yetirmək mənə görə vacibdir. M. Müşfiq yazırdı:
Keçmişin taleyi sönmüş bu gecə,
İşçilər aslana dönmüş bu gecə.
B.Vahabzadə yazır:
Keçmiş dünən olsa belə;
O uzaqdır, gəlməz ələ.
Zamanın korlanması. Belə bir sual meydana çıxır. Zaman korlanıb, ya insanlar? Məncə, insanlar korlanıb. Korlanmaq deyərkən, insanların da, lap zaman olsun, məcazi, metaforik anlamda xarab olması, pozulması, yaramaz vəziyyətə salınmasını başa düşmək olar. İndi giley-güzar lap çoxalmışdır. İndiki insanlar nədən bu hala düşdülər? Keçmişdə kişilər var idi, evlərə qonaqlar gələrdi. İndi qardaş qardaşın, bacı bacının evini, uşaqlarını tanımır. Bunu mən inkişafla əlaqələndirmək istəyirəm. Yeni dünya düzəni hələ çox şeylər edəcək. Biz buna hələ alışa bilmirik. Bu xüsusiyyət bizdə tədricən vərdişə çevriləcək.
Biz yaxın keçmişimizi öyrənməliyik, bu dövr haqqında düşünməliyik, lazımi nəticələr də çıxarmalıyıq. Bu gün gənclər baba və nənələrimizin, ata və analarımızın keçmişdə necə yaşadıqlarını, nə kimi məişət sürdüyünü, hecə düşündüyünü, hansı məqsədlər uğrunda çarpışdığını və s. bilməlidir.
Mənə elə gəlir ki, insanların korlanması ilə bağlı məsələni, tamamilə sualda düz əks etdirmisiniz, bu g ü n ü m ü z ü, y a ş a y a b i l m ə m ə y i m i z d ə d i r. Ağırlıqlara, əziyyətlərə, xəstəliklərə, necə deyərlər, dözə bilmirik. Yeniliklərə alışa, tab gətirə bilmirik. Bu məqamda zamanı günahlandırırıq, zamanın qulpundan beş əlli yapışırıq.

Qan bağının verdiyi doğmalıq, yoxsa r u h bağının doğmalığı?

-Fakt hər cür ötəri, subyektiv mülahizələrdən güclüdür,-deyirlər. İndiki insanları ümumi bir cəhət birləşdirir: əsrə bağlılıq, zəmanəyə həssaslıq. Qan bağı- qan qohumluğu mənasında- ruh bağı. Ruhən bağlı olmaq. Ruhca, mənən, mənəvi cəhətdən. Bu hissi doğuran meyillər çox mücərrəddir. Hansı doğmadır? Mən belə başa düşürəm ki, qan bağı bizim keçmiş tayfalardan, nəsillərdən irəli gələn məsələdir. Bu bağ! Qan qohumluğunu deyirsən, yəqin? Mənə elə gəlir ki, səhv etmirəmsə, hər şeyi yaradan həyat deyil, r u h d u r. Məsələn, görkəmli üslub nəzəriyyəçisi P.Valerinin düşüncəsinə görə, bədii əsəri yaradan müəllifin həyatı deyil, ruhudur. Sizin də şeirlərinizlə qismən tanışam, elə bilirəm ki, o nümunələr sizin həyatınızın yox, ruhunuzun məhsuludur. Əlbəttə, bu məqsəd yaradıcılıqda müəllif ruhunun formalaşdırdıqlarını bərpa edib öyrənməkdir.
Qan ədavəti qan qardaşı- birgə mübarizədə axıdılan qan nəticəsində bir-birinə yaxın olan adam haqqında Azadlıq- qan bahasına.
Mən, şəxsən, ruhun yaratdığı əsərləri, istər, istər bədii, istərsə də publisistik, istər elmi sevirəm. Rəna Abdullayeva adlı bir yazıçı var, bölgədə yaşayır-yaradır. Onun nəsr əsərləri ruhun yaratdığı ölməz əzərlərdir. Belə ruh doğmalığı adama xoş gəlir. Ruh bağının verdiyi doğmalıq qan bağının doğmalığından irəlidir.
Bu doğmalıqlar birləşməli, əlaqələnməlidir. Dostluq bağları…

Uşaqlardan oğlan uşaqlarının boynuna “sən kişisən” sözü öhdəlik kimi qoyulur, sən kişisən, ağlama, kişi döyülməz, kişi bu işləri görməz və s. Belə böyüyən uşaqların əksəriyyəti ruhsuz olur, duyğusuz olur, əksərən qolu güclü, ürəyi zəif olurlar. Ümumiyyətlə, bir alim olaraq, sizin fikriniz maraqlı olar, oğlan uşaqlarının tərbiyəsində nə əsas götürülməlidir?

– Qadın uşaq kimi mülayimdirsə, əlbəttə kişi sərtdir. Kişilər güclü xarakterə malikdirlər. İndi k u k l a ş a n gənclərimiz yetişir. Bu ifsadəyə görə oğlanlarda üzr istəyirəm. Bəzi oğlanlara baxanda bu neqativ halı hiss etmək olur. Çorabsız ayaqabılı oğlanlar. Cibində bir manatı olmayan oğlanlar. Sevdiyi qız onun üçün pul xərcləyir. Tələbə oğlanların, dərs dediyim universitetlərdə hələ əməlli-başlı bir mövzunu izah etdiyi son vaxlar görməmişəm. Əlbəttə, qız tələbələrlə müqayisədə. Doktotanturatya oğlanlar gəlmir, elm dalınca qaçmırlar və s.
Amma oğlan uşaqları da var, yazıb-yaradır, istedadın qarşısında adam baş əymək istəyir. Bədii əsərlərini deyirəm.
İndi oğlan uşaqlarının bir çoxu yanlış yoldadır. Onların psizi aləmi, hiss və duyğuları, əhvali-ruhiyyəsi sıxılır. Yadımdadır, doğulduğumuz kəndin, torpağın hər qarışı, hər cığırı, hər izi ruhumuza doşma olmuşdur. Fəlsəfə elmi də ruhun ikinci olduğunu bizə öyrətmişdi. Ruh qeyri-müəyyən aləmdir. “Ruhu şad olsun” ifadəsinə bax! Ruhu məndən inciməz! Ruh-insanın daxili halı, mənəviyyatı, həvəs, hiss, duyğusudur. Oğlan uşaqlarının bir çoxunda bu hissilər ölüb, sönüb. Onların heç ruhu yoxdur. Ruhdan düşür, bədbinləşir.

Ailə, fədakarlıq, övlad, iş…Bunlar xoşbəxtlik gətirməyəndə insan yarım olur. Tamanlanmaq üçün neyləmək lazımdı?
– İnsan dünyaya nə üçün gəlir. Onunçün gəlir ki, sevsin, sevilsin, səadət və xoşbəxrliyə qovuşsun. Gəlmir ki, taleyinə yaralar vurulsun, ürəkləri göynəsin, indiki kimi sosial bəlaların qurbanına çevrilsin, cəmiyyətdə pulun, vəzifənin, hakimiyyət hərisliyinin sürdüyü hökmün bəlalarını yaşasın… Xüsusən də qızlarımızın saf, təmiz hissləri, duyğu və düşüncələri daşlara çırpılsın. Yarım olsun. Bir ifadə eşitmişəm. “Ailə kitabı”. Bu kitab təkrarsız taleləri olan ailələrin kitabıdır. Bu baxımdan bəzi ailələrin bəxti, taleyi gətirmir. Talelələrini, xoşbəxtliyini özləri yazanlar! Gözlənilməz hadisələr ailə -övlad münasibətlərini məhv edir. Və sonra deyirlər ki, “Taleyin qisməti beləymiş, yəqin” Bəli, görünən odur ki, əzablı, ağrılı, həsrətli, hicranlı sevgi yolu keçən, öz idealı ugrunda bütün çətinliklərə sinə gərən, sarsılmayan, sınmayan talesiz adamlar çoxdur. Belə övladlar gərgin psixoloji anlar yaşayırlar.
Ailə təlim-tərbiyə prosesində payı olan vəzifəsini yerinə yetirir. İndi ailədə uşaqların intizam tərbiyəsinə çox diqqət yetirmək lazımdır. Pedaqoli baxımdan yanaşsaq, ailə evdə övladları üçün təlim şəraiti yaratmalı, maddi cəhətdən balalarını təmin etməli; ev tapşırığının icrasına yardım etməli, evdə tərbiyənin təşkili və ona rəhbərlik etməli, düzgün qidalanmaq, sağlamlığa nəzarət etmək, uşaqlarının sağlamlığının qorunmasına, gigiyenik normalarının gözlənilməsinə nəzarət etməlidir. Bəzi ailələrdə imkansızlıq ucbatından bu mühüm vəzifələr yerinə yetirilmir, valideyn övladı qarşısında xəcalət təri tökür.
Fədakarlıq etmək ! Ümumi bir iş və ya məslək uğrunda öz şəxsi mənafeyindən keçən, özünü qurban verməkdən çəkinməyən, qorxmayan adamlardır, fədakarlar. Fədəkarlıq öz şəxsi mənafeyini ümumi işə və ya başqalarının işinə fəda etmək, həsr etmək, səy göstərmək, bu uğurla fədakarcasına çalışmaqdır. İşdə, əməkdə, mübarizədə fədakarlıq. Mühüm bir örnək: Fədakar ordumuz Qarabağı 44 gün ərzində geri qaytardılar. Böyük bir missiyanı yerinə yetirdilər, Qarabağ uğrunda döyüşlərdə şəhid oldular, düşmən tapdağından torpaqlarımızı azad etdilər. Vətən uğrunda can verən fədakar oğul və qızlarımıza Allahdan rəhmət!

Övladlarımızın gələcəyi bizi narahat edən məsələlərdəndir. Təkrar olsa da, deməliyik ki, onlar nədənsə evlənmirlər. Bir-birinə qarşı sıxıntı keçirirlər. 35-40 yaş alıb başına gəncləri evlənmir, boşanmalar çoxalıb.Təəssüflər olsun, onları
evləndimək olmur. Yardımçı olanlar, deyəsən, azdırlar. Bir-birini bəyənmirlər. Oğlanlar qızlara, qızlar da oğlanlara qarşı biganədirlər.
Bunlar bəzən təəssüf ki, xoşbəxtlik gətirmir, o zaman insan yarım olur. Tamamlanmaqdan ötrü neyməmək bir bütöv əmələ gətirmək, kəsir və nöqsanları aradan qaldırmaq, çatışmayan məsələləri yoluna qoymaq lazım gəlir. Psixoloji məsləhətlər vermək əvəzinə, gəncləri pozan, narazı salan verilişlər telekanallarda baş alıb gedir. Gənc oğlan-taksi sürücüsü mənə deyir ki, əmi, mənə məsləhət ver, 45 yaşım var, evlənə bilmirəm. Yaxşı qız tapa bilmirəm. Yaxşı olmayan qızlar təmiz qızlarımıza da mane olur, ümumi fikir hamısına aid edilir.

Başqaları tərəfindən qoyulan qadağalar, bir də insanın özünün özünə qoyduğu qadağalar, insan özü özünü azadlıqdan məhrum edəndə nə qədər azad görünsə də, daxili bədbinliklə dolu olur. Sizin özünüzə qoyduğunuz qadağalar sizi azad edib, yoxsa bədbin?
-Yasaq və qadağalar dövrü! İnsanlar, ümumiyyətlə, hər zamana müvafiq qadağalar dövrünü də yaşayırlar. İndi yaşadığımız zamanda qoyulan yasaqlara baxış bucağı da dəyişmişdir. Qoyulan yasaqlardan bilə bilmirik ki, nə qazanırıq, nə qazanmırıq. Bəzi yasaqlar, oğlan və qızlarımızın uğursuz məhəbbətinin acısını yaşadır bizə. Alçalıb təhqir olunan övladlarımız da olur. Qoyulan qadağalar insanların, xüsusilə də gənclərin iradə nümayiş etdirməsinə mane olur. Sevgidən istifadə edib qızlarımızın alçaldılmasının şahidi olmuşuq. Hamilə qalan qızlarımız bir müddətdən sonra rədd edilib. Alçaq əməllərə əl atanlar var. Başqaları tərəfindən qoyulan yasaq-qadağa, keçmişdə olduğu kimi indi də hər bir xalqın adət-ənənəsi ilə bağlı olmuşdur. Yəni bu qadağalar adət-ənənələrdən irəli gəlmişdir. Dədə-baba qadağaları! Bu yasaqlar bir çox hallarda sosial münasibətləri pərdələmişdir. Sonrakı inkişafda həmin pərdələr atılmış, bu münasibətlər kəskinliyi ilə üzə çıxmışdır. Həmin qadağalar nəticəsində açıq mübarizəyə qoşulanlar da olub, yaxud da üz çevirib gedənlər də…
Valideynlər-ata, ana övladını nədənsə qadağan edir. Məncə, övlada qadağa qoyulsa da, o, yeni həyatın, yeni quruluşun, dövrün nəbzini, gərək duyub hiss etsin. Bu, əlbəttə, təbii, saf və səmimi keyfiyyətlərdəndir. İnsan tarixboyu, zaman gəlib ki, yasaqlara, məsələn, bərabərsizliyə, haqzızlığa, ədalətsizliyə dözə bilməmişdir. Etiraz səsini qaldırmış və susdurulmuşdur..
Yadıma düşür, vaxtilə valideynlərimin mənə, qardaş-bacılarıma qoyduğu qadağalar məngənəsində, tərəddüd içində çırpına-çırpına qalmışam. Bəli, düz deyirsən, insan özünü azadlıqdan məhrum edəndə, nə qədər azad görünsə də, daxili bədbinliklə üzləşir. Daxili bədbinlik müəyyən səbəblərdən olur. Hər kəs kimi mənim özüm üçün də qadağalar var. Qadağalar içində əsla bədbinləşməmişəm, özümü azad, sərbəst, müstəqil hiss etmişəm. Yəni, yaşımın bu zamanında həyatda hər şeyi pis görməmişəm, hər şeyə ümidsiz baxmamışam, gələcəyə inanmışam. Amma bəzi təsadüflər nəticəsində bədbin fikirlərə də gəlmişəm. Həyatdan, pis adamlardan küsmüşəm. Günahım olmadan məndən küsənlər də olub. Bunları təbii saymışam. Ümidimi heç nədən kəsməmişəm. Bəxtinə lənət oxuyanlardan fərqlənmişəm. Bir şeyi qeyd edim ki, indi, xüsusən də qızlarımıza qoyulan qadağalar onlarda düşkün əhvali-ruhiyyə yaradır, onları ümidsizlik halına gətirir, gələcəyə, taleyinə inamını məhv edir, itirir.
İndi sevgi azadlığı deyilən şeyə münasibət dəyişmişdir.
Mən daha çox şəxsi düşüncələrimdə azadam. Hisslərimi açıb tökən deyiləm.

Bəzən nəyisə arzulamağın belə geç olduğunu düşünürsən. Bu, yaş həddi, həyat tərzi və müxtəlif səbəblərdən irəli gəlir. Ümumiyyətlə, nəyisə başlamaq üçün nə zaman gecdir?

– İnsan arzularla yaşayır, yaradır. Arzular isə havadan asılı qalmır, yeni düzənin yaratdığı böyük imkanlara əsaslanır. Həyatboyu insanların arzuları gerçəkləşirmi? Təəssüf ki, bütün arzular həqiqətə çevrilmir. Hər yaşda insanın arzuları olar. Yaşın buna nə dəxli? Amma gecikmiş arzular da olur. Bu zaman insanın əli-qolu hər şeydən üzülür. 20 yaşında ailə qurmaq arzusunda olan oğlan, ya qız 35-40 yaşında bu işi görür, ya görmür, tərəddüd içində sıxılır. Gecikir. Hər şeyin vaxtı var,- deyirlər. Valideyn var ki, oğlunu evləndirmək istəmir. Onlar məsuliyyətini hiss etmir. İndi gülməli səslənsə də oğlan və qızlarımız “Ay gecikən məhəbbətim!” mahnısını oxuyurlar. Və yaxud da bu mahnıya qulaq asırlar.

Bəzən xoşbəxt olmaq üçün çox səbəblərimiz olur, amma xoşbəxt ola bilmirik. Ümumiyyətlə, xoşbəxtlik öyrənilməlidirmi, bunu bizə kimsə öyrətməlidir? Və yaxud da o çox səbəblərin az görünən tərəflərinin verdiyi natamamlıqlar, daxili boşluqlar göz ardı olmalıdır?

-Fars mənşəli “xoş” sözü ürəyəyatan, xoşlandıran, xoşagələn, bəyənilən, yaxşı, gözəl anlamındadır. Uşaqlıqda yaşlı adamların dilindən “xoş o adamın halına” ifadəsini eşitmişdim. Xoşbəxtlik haqqında inşa yazmaq tapşırılmışdı. O zaman belə ifadə yazmışdım: Bəxti, taleyi gətirən adamlar xoşbəxtdirlər. Sevinc, rifah içində yaşayan, bəxtəvər. Şair demişkən:
Mən sənin eşqinlə qanadlanıram;
Səninlə özümü xoşbəxt sanıram. (M.Rahim)
Xoşbəxt olmaq üçün istəyinə çatmalısan, arzuların yerinə yetməlidir, məsud olmalısan, ürəyində nisgil qalmamalıdır.

İşi və fəaliyyəti qayəsində insan ömrü, insan xoşbəxtliyi, taleyi, dünyanın bu günü, sabahından ötrü narahatlıq, öz səadətini, bəxtəvərliyini axtaranlar üçün bütün qüvvə və bacarığını səfərbər etmək, gecəsi gündüzündən seçilməyən bir ömrü xoşbəxt yaşamaq istəyir. Bu yaşamın məğzində duranların taleyinə biganə qalmaq nə dərəcədə düzgündür?

Xoşbəxtlik arzusu bütün insanların istəyidir. Hər kəs xoşbəxtliyi bir şeydə görür. Həyatından məmnun deyilsənsə, o zaman xoşbəxt deyilsən. Xalqın və ailənin xoşbəxtliyi və onun necə ifadəsi, təzahürü tarixboyu cəmiyyəti düşündürmüşdür. Xoşbəxtlik estetik anlayışdır. İnsan bu istəyə çatmaq üçün can atır. Yox, xoşbəxtliyi öyrənmək nə deməkdir? Gərək sən onu qazana biləsən.
Məncə, ölkəmizdə bir gün ayırıb onu “xoşbəxtlik günü” kimi qeyd etmək yerinə düşər.

Getmək, qalıb mübarizə aparmaq, yoxsa sadəcə fədakarlıq etmək, güzəştə getmək? Amma bəzən onunçün mübarizə aparmağa dəyməyən insanlar olur həyatımızda. Belə vəziyyətlərdə necə davranırsınız?

– İnsan taleyi mürəkkəb taledir. Onun enişindən çox yorucu yoxuşu var. O yoxuşda üzü yuxarı qalxan mənə elə gəlir ki, özünü unudur, necə deyərlər, bir-birinə bənzəməyən insan talelərinin “əsiri” olur, onların təsiri altında qalır. Həyatımızda bu ölçülərə əməl etmək xüsusi hazırlıq tələb edir. Həll olunan məsələlərdir. Fərdin özündən asılıdır.
Mübarizəni, bilməlisən ki, kiminlə aparırsan. Orada qalib gəlməsən, bil ki, uduzmusan. Məncə, insan öz istək və məqsədinə çatmaqdan ötrü mübarizə aparmalıdır, heç nədən qorxub çəkinməməlidir. O da var ki, mənasız adamlarla mübarizə aparmağa dəyməz.
Səhv edənlə razılaşırsan, onun səhvini bağışlayırsan, onun xeyrinə olaraq öz əvvəlki fikrindən əl çəkirsən. Səadətini öz doğmalarına güzəştə gedənləri tanıyıram. Məhəbbət yollarında güzəştə getməyənlər var. Məncə, güzəştə getmək olar, səhvini başa düşüb etiraf edənə.
Bir gənc dedi ki, mənim istedadımı boğurlar. İstedadımı nəyə sərf etdiyimi dərk edə bilmirəm. Mübarizə edə bilmirəm.
İndi həqiqət uğrunda mübarizə aparmaq mümkün deyil. Gözünün qabağında haqsızlıq baş alıb gedir. Layiq olmayanın biri başa keçirilir. Adama dərs deyir, məsləhət verir. İşlədiyim yerdə bir cavan oğlanı, işgüzar, savadlı oğlanı şantaj edib işdən çıxardılar. Məmur özbaşınalığı hökm sürür. Ana və balanın yazdığı kitabı şantaj elədilər. Nəyə görə? İrəli getməsinlər. İrəli gedəni istəmirlər və s.

Biri var həyatında olanları gizləmək, biri də var hiss etdiklərini. Həyatında olanları gizləyənlər ağıllı adlandırılır, hisslərini, düçüncələrini gizləyənlər, belə desək, hamıyla dil tapmaq istəməyənlər asosyal. Zaman ağrıların zamanıdı, bəs asosyaların qazançı nədir?

-“Düşündüklərini gizləyənlər biganə adamlardır (…) Kimsə yazmışdır ki, biganəlik, ürəyi döyünən, beyni düşünən adam üçün həyatda onun yaşanmaması, sürünməsi deməkdir. Bu, həm də sadəcə həyatın olan ləzzətindən bezmiş adamın səbirsizliklə ölümünü gözləməsidir. Canlı, düşünən, görən, hissetmə qabiliyyətinə malik olan insan üçün bundan acınacaqlı, dəhşətli hal ola bilərmi? Əlbəttə yox…
Sirri gizləyərlər, hissləri boğanlar. Diqqət yetirsək, zaman, ümumiyyətlə, insanlar daim narahat hisslər keçirirlər. İndi qayğılı, nigaran, təşvişli günlər ömrümüzü puç edir. Ümumi narahat və həyəcanlı dünya bir çox cəhətdən bir də ona görə fərqlənir ki, bəşərin haqq içində mübarizədə qalib gələcəyinə sarsılmaz inam vardır. İndi də insanlar nikbindir. Fəlsəfə, düşüncə nikbinliyi bəzi insanların ən mühüm ləyaqətidir. Biz həm də belə nikbinliyin son 30 ildəki ən güclü cəhətlərindən biri olduğunu görürük.
Nəyinsə uğrunda mübarizə ideyalarını nəzərdə tuturuqsa, bu ideyaların indiki halda parlaq ifadəsini görmək çətin deyildir. Apardığın mübarizədə (azadlıq, müstəqillik, demokratiya) qalib gəlmək də sıfır durumdadır, buna imkan da vermirlər. Kimlərdir, onu yaxşı bilirlər. Bu binar qarşılaşma güclü assosiasiya, yəni əlaqə yaradır.

Türk adət-ənənəsi deyəndə Kəbənin başına dolanmağa, dilək tutub ağaca kəndir bağlamağı və s. məqbul sayır, yeni ildə şam ağacı bəzəyənlərə hətta nifrət edənlər var, sizcə hansı yanaşma türkçülüyə layiq yanaşmadır?
-Hər xalqın spesifik adət-ənələri var. Bu dediklərin insanların mifik dünyagörüşünün nəticəsi olaraq meydana çıxmışdır. Bu zəncirvari sualın böyük əhəmiyyətini qeyd etməklə, mən heç də adət-ənənəmizin bu cür mifoloji tərəfləri arasında Çin səddi yaratmaq istəyənlərin fikri ilə şərik olmaq xəyalında deyiləm. Fikrimcə, sözün geniş mənasında, bunu siz deyən kimi məqbul saymaq çətindir.Yanaşmalar, şübhəsiz fərqlidir. Biz təkcə Kəbənin başına yox, müqəddəs dini ocaqların da başına dolanmışıq. Nə qazanmışıq, mən deyə bilmərəm. Yəqin ki, inam bizə ruh verib, yaşamışıq.

Yeni 2025-ci il gəlir. Biz- azərbaycanlıların bu bayramda etdiklərimiz davranış özümüzə məxsus deyil. Dərindən düşündükdə görürsən ki, şam ağacı bəzəsək də, bəzəməsək də fərqi yoxdur. Türkçülük bunlarla ölçülmür. Bu tarixi ideya adamın içində olmalıdır. Türkçülüyü həyat özü müəyyənləşdirir. Biz türkçülük haqqında həqiqətləri dərk etməliyik, mahiyyətini bilməliyik. Yalançı xarakter daşımamalıdır. TDT (Türk Dövlətlər Təşkilatı) bu ideyanın gercəkləşməsi üçün çox işlər görməkdədir.

23 dekabr 2024-cü il.