Müasir həyatın sürətli tempi, artan stress, qeyri-sağlam qidalanma və hərəkətsizlik ürək sağlamlığımızı hər zamankindən daha çox təhdid edir. Statistikalara görə, ürək-damar xəstəlikləri Azərbaycanda və dünyada ölüm səbəbləri arasında ilk sıralarda yer alır. Məhz bu səbəbdən profilaktika, erkən diaqnoz və sağlam həyat tərzi məsələləri son dərəcə önəm kəsb edir.
“Müsahibə həftəsi” rubrikasının budəfəki qonağı kardioloq və terapevt Aytən xanımdır. Onunla həkimliyə gəliş hekayəsindən tutmuş, stressin ürəyə təsirinə, ozon terapiyasının faydalarından ürək xəstəliklərinin qarşısının alınmasına qədər bir çox mövzuda səmimi və maarifləndirici söhbət etdik.
– Aytən xanım, ilk olaraq sizi daha yaxından tanıyaq. Kardioloq və terapevt kimi yolunuz necə başladı? Bu sahəyə gəlməyinizdə sizi motivasiya edən əsas amil nə idi?
Əvvəlcədən təşəkkür edirəm bu maraqlı sual üçün. Mənim həkimliyə gəlişim sırf bir “peşə seçimi” deyildi, bu daha çox daxildən gələn bir çağırış idi. Uşaqlıqdan insanların ağrılarını hiss etdikcə onları sağaltmaq arzusu məni bura gətirdi. Özümə tez-tez “Bu insan niyə belə hiss edir? Ona necə kömək edə bilərəm?” deyə suallar verirdim.
Kardiologiya isə mənim üçün sadəcə ürəyi müalicə etmək deyil, həm də insanın ritmini, duyğularını anlamaqdır. Ürək bəzən bir insanın yaşamaq arzusunun özü olur. Mən bu sahəyə sadəcə dərman yazmaq üçün yox, pasiyentin həyatına toxunmaq üçün gəldim.
– Sizcə, müasir insanın ürək sağlamlığını ən çox təhdid edən faktor nədir?
Müasir dövrdə ürək sağlamlığını ən çox təhdid edən faktor stressdir. Düzgün qidalanmamaq və hərəkətsizlik də təhlükəlidir, lakin stress həm təzyiqi, həm ritmi, həm də damar sistemini ciddi şəkildə pozur.
– Azərbaycanda hipertoniya çox yayılıb. Bu barədə nə düşünürsünüz və qarşısını necə almaq olar?
Bəli, hipertoniya ölkəmizdə geniş yayılmış problemlərdəndir. Əsas səbəblər arasında genetik meyl, duzlu yeməklər, hərəkətsizlik, artıq çəki və stress yer alır. Qarşısını almaq üçün duz qəbulunu azaltmaq, fiziki aktivliyi artırmaq, çəkiyə nəzarət etmək və profilaktik müayinələr vacibdir.
– Stressin ürəyə təsiri haqqında nə deyə bilərsiniz? Günlük həyatda stressi necə idarə etməliyik?
Stress ürəyin ən böyük düşmənidir. Uzunmüddətli stress təzyiqi artırır, ürək döyüntülərini sürətləndirir və damar divarlarına mənfi təsir göstərir. Onu tamamilə aradan qaldırmaq mümkün olmasa da, idman, düzgün yuxu, nəfəs məşqləri, sevdiyiniz hobbilərlə məşğul olmaq kimi üsullarla idarə etmək mümkündür.
– Xəstələrinizin ən çox etdiyi səhv nədir?
Ən çox rast gəldiyim səhv – müalicəni yarımçıq saxlamaq və ya özbaşına dərman dozalarını dəyişməkdir. Özlərini yaxşı hiss etdiklərində dərman qəbulunu dayandırırlar, nəticədə xəstəlik daha da ağırlaşır. Eyni zamanda, profilaktik müayinəyə getməmək də ciddi bir səhvdir.
– Ürək xəstəliklərinin qarşısını almaq üçün gündəlik hansı vərdişləri tövsiyə edirsiniz?
• Düzgün və balanslı qidalanma
• Gündəlik fiziki aktivlik
• Kifayət qədər yuxu
• Stress idarəsi
• Duz və şəkər istifadəsini azaltmaq
• Vaxtaşırı həkim müayinəsi
– Qadınlarda ürək xəstəlikləri kişilərdən necə fərqlənir?
Qadınlarda çox vaxt simptomlar daha qeyri-spesifik olur. Məsələn, sinə ağrısı yerinə halsızlıq, ürəkbulanma, nəfəs darlığı, bel və çənədə ağrı kimi şikayətlər ön plana çıxır. Bu da bəzən diaqnozun gec qoyulmasına səbəb olur.
– Erkən diaqnozun əhəmiyyəti nədən ibarətdir?
Erkən diaqnoz həyat qurtarır. Xəstəlik ilkin mərhələdə aşkarlandıqda müalicə daha effektiv olur və infarkt, insult kimi ağır fəsadların qarşısı alınır. Təəssüf ki, insanlar çox zaman yalnız şikayət artdıqda həkimə müraciət edirlər.
– Pasiyentlərə ən çox verdiyiniz tövsiyə nədir?
“Özünüzü yaxşı hiss edirsinizsə belə, müalicəni davam etdirin.” Və hər zaman deyirəm: “Xəstəlik keçməyib, sadəcə gizlənib.”
– Qida və həyat tərzi dəyişikliyi ilə ürək sağlamlığını necə yaxşılaşdırmaq olar?
Rafinə olunmuş şəkərdən və duzdan uzaq durmaq, meyvə-tərəvəzlə zəngin qidalanmaq, trans yağlardan uzaq durmaq, hərəkətli həyat tərzi və stressi idarə etmək – bunlar həyat keyfiyyətini və ürək sağlamlığını ciddi şəkildə yaxşılaşdırır.
– Azərbaycanda ürək sağlamlığı ilə bağlı maarifləndirmə sizcə yetərlidirmi?
Maarifləndirmə var, amma kifayət qədər deyil. İnsanlar bəzən məlumatlıdır, amma onu tətbiq etmirlər. Maarifləndirmə məktəb yaşlarından başlanmalı və davamlı olmalıdır.
– Son illərdə geniş yayılan ozon terapiyasına münasibətiniz necədir? Bu üsul ürək üçün faydalıdırmı?
Ozon terapiyası klassik müalicəni əvəz etmir, ancaq tamamlayıcı rol oynaya bilər. Qan dövranını və toxuma oksigenlənməsini yaxşılaşdırmaq, immuniteti gücləndirmək baxımından faydalıdır. Ancaq yalnız həkim nəzarəti ilə və düzgün göstərişlə tətbiq olunmalıdır.
– Hansı hallarda ozon terapiyası tövsiyə olunmur?
Bu müalicə qan xəstəlikləri, epilepsiya, hamiləlik, qanaxmaya meyilli hallar, bəzi irsi metabolik pozğunluqlarzamanı tövsiyə olunmur. Mütləq əvvəlcədən həkim tərəfindən qiymətləndirilməlidir.
– Sonda oxucularımıza nə tövsiyə edərdiniz?
Sağlam qalmaq üçün kompleks yanaşmaya ehtiyac yoxdur. Sadə, lakin effektiv prinsiplər var: düzgün qidalanın, hərəkətli olun, yaxşı yatın və stressi minimuma endirin. Unutmayın, xəstəlikdən qorunmaq, onu müalicə etməkdən qat-qat asandır.
Aytən xanımın da vurğuladığı kimi, sağlam həyat üçün bəzən ən sadə addımlar ən böyük dəyişikliklərə səbəb ola bilər. Bu müsahibənin məqsədi oxuculara ürək sağlamlığına daha ciddi yanaşmaq, profilaktikanın və erkən diaqnozun əhəmiyyətini xatırlatmaqdır. Sağlamlığınızı qoruyun – çünki sağlam bir ürəklə həyat daha gözəldir.
Müsahibəni hazırladı: Aysel Nəsirzadə