.....

.....

“Yazıçı yaxşı həyat müşahidəçisi olmalıdır”

“Yazıçı yaxşı həyat müşahidəçisi olmalıdır”

“Müsahibə həftəsi”nin budəfəki qonağı müasir Azərbaycan ədəbiyyatında psixoloji dərinliyi və insan təbiətinə bənzərsiz baxışı ilə seçilən yazıçı və ədəbiyyatşünas İlahə Səfərzadədir.

Xoş gördük, İlahə xanım. Öncəliklə Türkiyədə yenicə çapdan çıxmış kitabınız münasibətilə sizi təbrik edirəm. Bu nəşrin həm sizə, həm də Azərbaycan ədəbiyyatına uğurlar gətirməsini arzulayıram.

Yazı prosesiniz adətən necə başlayır? İdeya sizə qəfilmi gəlir, yoxsa yazılarınızı əvvəlcədən planlaşdırırsınız?
– Təbii ki, ideyalar qəfil gəlir, ancaq bu ideya məni dərhal yazmağa deyil, onunla bağlı düşünməyə vadar edir. Adətən əvvəldən planlaşdırdıqdan, mövzunun üzərində uzun müddət düşündükdən sonra yazmağa başlayıram. Ancaq ola bilər ki, yazarkən öncədən düşündüklərimi bir qədər dəyişə də bilərəm.


Əsərlərinizdə qadın obrazlarına xüsusi diqqət yetirdiyiniz hiss olunur. Bu obrazlar vasitəsilə oxucuya nəyi çatdırmaq istəyirsiniz?
– İnsan özü hansısa situasiyanın içində olanda əksəriyyət hallarda onu dərk edə bilmir. Bu yaxınlarda oxuduğum araşdırma məqaləsinə görə, dünyada bir çox psixiatr təsdiq edib ki, ona öz problemlərini danışmaq üçün gələn insanlar danışarkən hər hansı kənar şəxsin müdaxiləsi olmadan özlərini kənardan görə bilib daha doğru qərarlar vermiş və həyatlarında yaxşılığa doğru dəyişiklik etmişlər. Əsərlərdə də belədir. İnsan kənardan özünü görmə, yanlış qərarlarını sorğulama və həyatının geri qalanı üçün seçim etmə şansı əldə edir.

⁠“Gerçəyin izində” romanınızda vermək istədiyiniz əsas mesaj nədir?
– Həyatın iki üzü var: birincisi gördüyümüzdür, digəri dərk etdiyimiz. Bildiklərimizin həqiqiliyi onun əks etdirdiyi real obyektlərə nə dərəcə uyğun gəlməsi ilə müəyyən olunur. Bəzən yaşamaq, ya da daha doğru olanı yaşamaq üçün bu həqiqətə ehtiyacımız olur. Həqiqəti tapmaq və onu dərk etmək isə heç də asan deyil. Elə “Gerçəyin izində” də məhz həqiqəti axtarır.


Sizcə, psixoloji roman yazmaq üçün yazıçı hansı təcrübələrdən keçməlidir və ya hansı xüsusiyyətlərə malik olmalıdır?
– İxtisasca filoloq olsam da həmişə psixologiya elminə maraq duymuşam, bununla bağlı çoxlu araşdırmalar edib kitablar oxumuşam, təlimlərdə, seminarlarda iştirak etmişəm. Məncə, məni məhz psixoloji yazmağa sövq edən insan psixologiyasını araşdırmağa duyduğum bu həvəsdir. Ümumiyyətlə isə, yazıçı yaxşı həyat müşahidəçisi olmalıdır. İnsanların jestlərindən, mimiklərindən, bədən dilindən tutmuş dedikləri bütün sözlərə qədər beynimdə təhlil edirəm. Hətta bəzən elə olur ki, adamların çox olduğu yerlərdə bir skamyada oturub saatlarca onları seyr edə bilərəm. Bir də məncə, eyni zamanda yazıçının empatiya qabiliyyəti də güclü olmalıdır.

Əsərlərinizdə yaratdığınız qəhrəmanlardan hansıyla özünüzü daha çox identifikasiya edirsiniz və niyə məhz o obraz?
– İnsanın sonsuz sayda paralel zaman və məkanlarda yaşadığına inanıram. Məsələn, mən hal-hazırda sizə müsahibə verirəm. Ola bilsin ki, həm də 2006-cı ildəyəm və universitetə hazırlaşıram, ya da 2027-ci ildəyəm, çoxdandır əldə etmək istədiyim bir nailiyyətim üçün sevinirəm. Yəni, zamanın nisbi olduğuna inanıram və düşünürəm ki, əslində, indiki anda bütün zamanlarda mövcudam. Ancaq təəssüf ki, buna sadəcə inanıram, əgər inanmaqla bərabər dərk etməyi də bacarsaydım, onda, bəlkə də, zamanda geri dönüb nələrisə dəyişmə şansı da əldə edərdim. Özümü məhz bu səbəbdən “Gerçəyin izində” əsərindəki Səma obrazı ilə yaxın hiss edirəm. Yazarkən düşünürdüm ki, o hansısa alternativ dünyada yaşayan mənəm.

 ⁠ ⁠“Naməlum məktub” romanınızdakı hadisələr oxucular tərəfindən necə qarşılandı? Hansı reaksiyalar sizi daha çox təəccübləndirdi?
– Oxucular çox vaxt romanda yazdığım hadisələrin hamısının gerçək olduğuna inanırlar. Hətta mənə mesajlar yazırlar ki, “filankəsin həyatı niyə belə oldu, axı o, çox yaxşı insanıydı?!” Və mən o adama pis tale yazdığım üçün vicdan əzabı çəkməyə başlayıram. Bu məni təccübləndirir və gülümsədir.

Yazdıqlarınız daha çox hansı yaş qrupunu və ya auditoriyanı hədəfləyir?
– Mənə elə gəlir ki, yazdıqlarım konkret bir yaş qrupu üçün deyil. Özünə suallar verə bilən, oxumağı duyğu və düşüncə təcrübəsi kimi yaşayan hər kəs üçündür. Bəzən bu 17 yaşında bir yeniyetmə ola bilər, bəzən də 70 yaşında həyatın mənası üzərində düşünən oxucu.
 ⁠Oxucuların əsərlərinizə münasibəti sizin üçün nə qədər önəmlidir? Onların fikirləri yazı üslubunuza təsir edirmi?

– Təbii ki, oxucuların rəyləri mənim üçün önəmlidir. Ancaq yazdıqlarıma təsir etmir. Yazarkən başqa aləmlərdə oluram. Mən belə mənə müdaxilə edə bilməzkən, digərləri necə etsin?


Sizi yazıçı kimi formalaşdıran ən güclü təsir nə olub? Şəxsi həyat təcrübələriniz, oxuduğunuz kitablar, yoxsa cəmiyyətin özü?
– İnsan psixologiyasına duyduğum sonsuz maraq. Ən güclü təsir budur, məncə.


Ədəbiyyatın insan psixologiyasına müsbət təsir göstərdiyinə inanırsınızmı? Əgər inanırsınızsa, bu təsiri necə izah edərdiniz?
– Məncə, ədəbiyyat insan psixologiyasının tərbiyəçisidir. İnsanın şüuraltı qatlarını oyadır, dərk edilməmiş duyğularını adlandırır və oxucunu özü ilə söhbətə təşviq edir. Ədəbiyyat şəfa verir, sözlər vasitəsilə bir növ psixoloji katarsis yaşadır. Hətta onun insan psixologiyasına təsiri neyropsixoloji səviyyədə də təsdiqlənib.


Türkiyədə nəşr olunan “Kölgələr arasında” adlı romanınız haqqında ətraflı danışa bilərsinizmi? Bu əsərin xaricdə nəşr olunmasına necə qərar verdiniz və hansı nəşriyyatla əməkdaşlıq etdiniz? Ümumilikdə, Azərbaycan yazıçılarının əsərlərinin xarici ölkələrdə çap olunması sizcə nə dərəcədə əhəmiyyətlidir və bu, ədəbi mühitimizə hansı töhfələri verə bilər?
-“Kölgələr arasında” mənim Azərbaycanda “Naməlum məktub” adıyla nəşr olunmuş ikinci romanımdır. Sadəcə olaraq, orada nəşr olunarkən əsərin ilk versiyasında yazdığım proloq və epiloqu çıxartmaq istədim və mənə təklif olundu ki, bu dəyişiklikdən doğan səbəblərlə adına da dəyişiklik edək. Əsər Azərbaycan da yaxın zamanlarda ikinci dəfə nəşr olunacaq. Düşünürəm ki, o zaman hər iki adını qeyd edəcəyəm. Türkiyədə nəşr olunmağa gəldikdə isə, doğrusu, qərarı mən verməmişdim. “Liz yayınları” rəhbəri Ramazan Seydaoğlu özü mənimlə əlaqə saxlayıb əsərlərimi Türkiyədə nəşr etmək istədiyini bildirdi. Düşünürəm ki, xarici ölkələrdə çap olunan hər bir kitab Azərbaycan ədəbiyyatının səsi, özünüifadəsi, düşüncə formasıdır. Bu proses ədəbi mühitimizə qarşılıqlı ədəbi əlaqələrin qurulması baxımından əhəmiyyətlidir.


Təhlil etdiyiniz və haqqında məqalə hazırladığınız əsərləri özünüzmü seçirsiniz, yoxsa bu istiqamətdə təkliflər yazarlardan gəlir? Bu günə qədər təhlil etdiyiniz əsərlər arasında təsirindən uzun müddət çıxa bilmədiyiniz və ya təhlil etməkdə çətinlik çəkdiyiniz bir əsər olubmu?
– Özüm seçdiyim əsərlər də olur, yazarların təklifi ilə də. Təbii ki, təsirli və hansı aspektdən təhlil etməyə qərar verməkdə çətinlik çəkdiyim əsərlər olur. Sonuncu dəfə Şərif Ağayarın “Rəng mühəndisi” əsəri haqqında məqalə yazmışdım. Maraqlı, uğurlu, eyni zamanda təhlil edilməsi nisbətən çətin əsər idi, mənə görə. Oxuyub bitirdikdən sonra bir neçə həftə gözlədim təhlil etmək üçün.


Gələcək yaradıcılıq planlarınızda hansı janrlara yönəlmək niyyətindəsiniz? Məsələn, detektiv, fantastika, bioqrafik və ya başqa bir janr?
– Uzun müddətdir, tarixi roman yazmaq haqqında düşünürəm. Mövzu da fikirləşmişəm. Sadəcə bununla bağlı çoxlu araşdırma etmək lazımdır və hələlik daha çox elmi işlərimə fokuslandığım üçün ümid edirəm ki, bu əsəri yazacağım vaxt da gələcək.

Sizin fikrinizcə, Azərbaycanda yazıçı olmaqla Avropada yazıçı olmaq arasında hansı əsas fərqlər var? Bu fərqlər yaradıcılığa necə təsir edir?
– Mənə görə, Azərbaycanda yazıçı olmaqla Avropada yazıçı olmaq arasında fərqlər var və təbii ki, bu fərqlər yaradıcılığa da təsir edir. Hər şeydən öncə, Avropada yazıçı, adətən, azad fikir mühitində, güclü nəşriyyat bazasında və ədəbi institutlaşma şəraitində yaradır. Onun qarşısında duran əsas məsələ özünəməxsus üslub və estetika ilə fərqlənməkdir. Azərbaycanda isə yazıçının statusu çox zaman ictimai gözləntilərlə, milli missiya ilə, bəzən də maddi reallıqlarla sıx bağlı olur. Bu fərqlilik yazıçıların mövzu seçimindən tutmuş, dil və üslub axtarışlarına qədər hər birinə təsir göstərir.

Bu gün bir yazıçı kimi ən böyük arzunuz nədir? Oxucuya hansı əsas ideyanı və ya duyğunu çatdırmaq istəyirsiniz?
– Düşünürəm ki, yazıçı kimi ən böyük arzum insanın iç dünyasını anlamaq və onu özünə tanıtmaqdır. Bədii mətn oxucuya ideya verməkdən çox onun öz suallarını eşitməsinə şərait yaratmağı hədəfləyir. Yazıçı sual verir, zəmin yaradır, susqunluğu danışdırır. Oxucu isə öz həqiqətini özü tapmalıdır. Mənim üçün əsas ideya, insanın özüylə qarşılaşması və bu rastlaşmanın onun həyatı üçün müsbət yöndə dəyişikliyə səbəb olmasıdır.

Əziz İlahə xanım,səmimi söhbətiniz üçün təşəkkür edirəm, yaradıcılığınızda uğurlar arzulayıram

Müsahibəni hazırladı: Aysel Nəsirzadə